"Doydur həsrətimizi,
Qarabağ!"
HƏYAT ŞƏMİNİN POEZİYASI BARƏDƏ DÜŞÜNCƏLƏRİM
"
Çox sevdiyimiz, doğma, əziz Türkiyəmizdə
bir el qızımız, yurd aydınımız yaşayır. Tanınmış şair-publisist, tərcüməçi,
araşdırmaçı alim
Həyat Şəmi. O, türk
dünyasını sevən,
həm Azərbaycan, həm də türk ədəbiyyatına,
poeziyasına vaqif olan, qırılmaz tellərlə bağlanmış
soydaşımızdır. Bu
bağlılıqdan söz
düşəndə deyir
ki, millətimi, onun tarixini, zəngin ənənələrini,
milli-mənəvi dəyərlərini
çox sevirəm.
Füzuli rayonunun Gecəgözlü
kəndində ziyalı
ailəsində doğulub. Bakı
Dövlət Universitetinin
Tarix fakültəsini
fərqlənmə diplomu
ilə bitirib, AMEA-nın A.A.Bakıxanov adına Tarix
İnstitutunun aspiranturasına
daxil olub, elə həmin institutda elmi fəaliyyətə başlayıb.
Çoxsaylı elmi məqaləsi
Azərbaycan, Gürcüstan,
Rusiya, Makedoniya və Türkiyənin ayrı-ayrı dövri nəşrlərində, dərgilərində
dərc edilib. Tarix üzrə fəlsəfə
doktoru olan Həyat Şəminin
"Azərbaycanda dini-siyasi
hərəkatlar" (VIII-IX əsrlər) adlı monoqrafiyası işıq
üzü görüb.
O, 2016-cı ildə çəkilmiş
"23 il torpaq həsrətində" adlı
sənədli filmin ssenari müəllifidir.
90-cı illərdən üzü bəri yaranmış yeni Azərbaycanın yeni ədəbiyyatının
təmsilçilərindən biri, cənnət Qarabağımızın təmiz
dağ havasından ilham alan
Həyat Şəminin
şeirləri çağdaş
poeziyamızda bədii-estetik
məziyyətləri ilə
diqqəti çəkən
qələm nümunələridir.
Həyat
üçün dilimizin
gözəlliklərinə, poetikasına sədaqət
birinci dərəcəlidir.
O, "Adamlar" (Bakı,
2003), "Yazılmayan şiirler"
(Ankara, 2009), "Gecə gözlü
həyat" (Bakı,
2009), "Adını sən
qoy" (Bakı,
2017), habelə dörd
tərcümə kitabının
müəllifidir.
Xanım şairimiz tərcüməçilik
fəaliyyətinə görə
VI Bakı Kitab Bayramı Milli Kulturoloji mükafatına və 2013-cü ildə Dünya Gənc Türk Yazarlar Birliyinin "Türk dünyasına xidmət"
ödülünə layiq
görülüb. O, Mikayıl
Müşfiq Mükafatı
laureatıdır.
Şeirləri qardaş türk xalqlarının türkcəsində,
həmçinin, rus, Ukrayna, ingilis, italyan dillərində çap edilib.
Həyat Şəmi Birinci Qarabağ savaşındakı
uğursuzluğun, məğlubiyyət
acısının unudulmadığını,
daim qanayan yaratək sızladığını
da dilə gətirib, yağmalanmış
yurd yerlərimizin həsrəti qəlbini didib-parçalayıb. İşğal
dövrünü görmüş,
taleyində yaşamış
minlərlə insandan
biri kimi...
1993-cü
il avqustun
23-də Füzuli şəhəri
və ətraf kəndləri erməni silahlı qüvvələri
tərəfindən işğal
olunanda məktəbli
Həyat doğulduğu
Gecəgözlü kəndində
idi, yay tətilinə çıxmışdı.
Qanlı
savaşın sərhədyanı
kəndlərin sakinlərinin
başına od-alov yağdırmasına rəğmən,
tətili öz evlərində keçirmək
istəyirdi. Acımasız davam edən Qarabağ savaşını
öz gözləriylə
görmək, o tarixi günləri canlı yaşamaq varmış, sən demə qismətində. Deyir ki,
atəş səslərinin
necə yaxınlaşdığını
indiki kimi xatırlayır. Həyat ata-anası
ilə kənddən ən sonda çıxanlardan
idi. "Qrad"lar insanların başı üstündən
vızıltıyla gəlib
keçir, yaxın məsafələrə düşürdü.
Həyat
söyləyir ki,
"heyif, o yurdumuzdan,
evimizdən, çox heyif! Torpaq da doğma insanlar kimiymiş, sevirsən, itirmək istəmirsən. İtirəndə də üzülürsən.
Bəlkə də, bizdən çox o torpaqlar üzülübmüş
bu həsrətə, ölüb-dirilibmiş"...
"Atam" şeiri həssas şair qəlbinin nisgil, iztirab dolu pıçıltılarıdır:
Bəyaz
gecəli şəhərdən
Gecə gözlü kəndə döndü.
Ağ-qara ömürlə birgə...
Ağac
əkdi,
Düşmən çəpəri çəkdi.
Oğul-qız böyütdü,
saç ağartdı.
Əllərinin qabarıyla öpdü
torpağı,
ev qurdu...
Bu şeirdə qarşılaşdığımız
ağrılar bir deyil, iki deyil. Müəllifin fikrincə, ağrılarından
doğulmuş şeirlərindəki
prototiplər elə onun ruhunu əzən,
incidən ağrılarıdır.
Torpaq itkisinin ağrısı! Həm də
saysız-hesabsız şəhidlər
verdik, ağrıdıq.
Bütün bu ağrıların inikası
var bu şeirlərdə:
Adını tutduğu dünya
atdı onu...
Qaldırdığı evi,
saldığı yurdu
bölgə qarışıq
satdılar...
Böldülər insanları:
ölməlisi, qalmalısı...
Ölməlilər qaldı,
qalmalılar öldü...
Və ya:
Lap bir az ondan da əvvəl...
Atan-anan
vardı,
Erməni-urus vardı,
Evinizi erməni ustası tikmişdi,
Elə onlar da yıxdılar.
Şairin "Şuşada vurulan vertolyot" şeirini də həyəcansız
oxumaq olmur. Erməni
quldurların Şuşa səmasında
nişan aldığı
vertolyotun yanıb külə dönməsi faciəsini üzüntülü
qarşılayan şair
bu kədərli hadisə nəticəsində
neçə-neçə insanın
taleyinin yarımçıq
qaldığını dilə
gətirir. Dağlıq
Qarabağ münaqişəsinin
artıq pik həddinə yüksəldiyini,
xalqımızın əsəblərinin
tarıma çəkildiyini,
düşmənə qarşı
nifrət, qəzəb
hissinin coşub-daşdığını
diqqətə çatdırır:
Şuşanın dağlarına,
Şuşanın dumanına,
qırmızı koftasına,
yaşıl tumanına,
azad olmaq gümanına
vurulmuşdu,
Şuşaya vurulmuşdu,
Şuşada vurulan vertolyot...
Mən də o gün vuruldum
ürəyimdən...
Birinci Qarabağ müharibəsinin
insan talelərinə tuşlanan zərbələri,
isti ev-eşiyini itirib, susuz çöllərdə
salınmış çadırlara
sığınan, məşəqqətli
qaçqınlıq, köçkünlük
ömrü yaşayan
soydaşlarımızın keçirdiyi cəhənnəm
əzabından da dəhşətli günlər,
xüsusən qadınların
və uşaqların
çarəsiz durumu Həyat Şəminin Qarabağ şeirlərinin
canını təşkil
edir. "Gecə kirpikli qadın" şeirində olduğu kimi:
Bir bulud doldurmağa,
bir sevgi yağdırmağa
vaxtı yox idi.
Gecəsi-gündüzü yox qadının.
Evsiz-eşiksiz qalmışdı,
torpaqsız qalmışdı,
Qarabağsız qalmışdı
qarabağlı qadın...
Şairin
döyüşkən poeziyası
artıq işğaldan
cana doymuş
Vətən oğullarını
otuz ildən bəri davam edən tarixi ədalətsizliyi silah gücünə aradan qaldırmağa, düşmənə
öz yerini göstərməyə, torpaq
naminə tökülən
qanların qisasını
almağa çağırır,
həyat verdiyi şeirə iç dünyasından gələn
nöqtəni vurur:
Əsgəran - gəl, - deyir,
- gəl, əsgərim,
gəl,
Məni
dardan qurtar, Allah kərim, gəl,
Düşmənin nəfəsi bizə
ölüm, gəl!
Gör nələr görmüşük
30 il, nələr,
Salam, əsgər!
Qarabağ - bağrımın qara
ləkəsi,
Vətənin ən gözəl,
dadlı tikəsi...
Doydur həsrətlini, doydur hər kəsi,
Qoy Vətən desin ki, sənsən xilaskar,
Salam, əsgər!
Söz adamı qədəm basacağımız günü
həsrətlə gözlədiyimiz
Qarabağa xitabən bir qədər öncə yazdığı
eyniadlı şeirində
qəlbən, ruhən
sevdiyi bu füsunkar yurd yerimizi "yarı məndə yarı səndə qalan" sevgili varlığa, "gözümüzdən axan,
bizsiz darıxan çeşmə"yə, ən
başlıcası isə"
2783 şəhid ürəyi
ilə açılan
Turan yolu"na bənzədir:
Nəfəsimsən,
Aç
nəfəsliyimi,
Dururmu Topxanam?..
Evimizə gəlmişəm əlimdə
çıraq,
Söz ver ayrılmayacağımıza,
Qarabağ!
Müəllifin güclü məntiqə,
zəkaya söykənən
nəzm nümunələri şüurlara,
duyğulara yönəlmiş
təsir gücünə
malikdir. Onun Qarabağ sevdasına
bələnmiş şeirlərində
çatdırmaq istədiyi
fikirləri, istedadından
qaynaqlanan düşüncələri
hədəfə dəyir,
oxucuda kövrək duyğularla yanaşı,
qürur hissi yaradır. Şəhid
baş leytenant Teymur Məcidzadənin əziz xatirəsinə ithaf etdiyi şeirində
oxuyuruq:
Səkkiz
aylıq ikən
qucaqda çıxdığın
kənd
gözlədi gəlişini...
Elə getmisən ki, o kəndin qucağından,
İndi
adın yazılan mərmilərin
səsi çıxır
hər atəş ocağından.
Həyat Şəminin yaradıcılığı, ərsəyə gətirdiyi poeziya nümunələri ədəbi tənqidin diqqətindən kənarda qalmayıb. Çağdaş ədəbi tənqidimizin tanınmış simaları Vaqif Yusifli, Əsəd Cahangir, Məti Osmanoğlu, o cümlədən, ünlü söz ustaları Sabir Rüstəmxanlı, Şahin Fazil, Vaqif Bəhmənli və başqaları ədəbi dərgilərdə şairin daha çox realist və postmodernist şeirlərlə rövnəqlənən poeziyasının, o cümlədən, Qarabağ şeirlərinin bədii-estetik dəyərini, sənətkarlıq xüsusiyyətlərini təhlil edən yazılarla çıxış ediblər. M.Osmanoğlu "kişi kimi yaşayan" bir qadının poeziyasını fərqləndirən keyfiyyətlərdən, müharibə dəhşətlərini təkcə yazılarında deyil, öz həyatında hiss edən söz adamının dərdlərimizin şəklini məharətlə çəkən şeirlərindən söz açıb.
Azadlıq sevgisindən güc alan azman oğullarımızın düşməni yandırıb-yaxmaq, xain yağının xoş günlərimizə uzanmış əl-qolunu kəsib atmaq istəyi, nəhayət, gerçəkləşdi. Ali Baş Komandanımızın uzaqgörənliyi və qətiyyəti, Müzəffər Ordumuzun rəşadəti sayəsində doğma torpaqlarımız işğaldan azad olundu. Şükürlər olsun! Biz itirilən torpaqlarımızı haqlı savaşımızla geri aldıq. "Haqq nazilər, üzülməz", - deyiblər ata-babalarımız. İllər boyu susan dünya artıq buna şahiddir.
Qələm dostum,
istedadlı şair-publisist Həyat Şəmi
44 günlük Vətən
savaşının böyük Zəfərimizlə
başa çatdığı günlərdə
sanki itkin düşmüş bir
insanın "sağdır, yaşayır" xəbərini
alırmış kimi, sevincli
hisslər keçirdiyini dilə gətirir.
Həyatın həyat eşqi və
şövqlə, cilalanıb, arınıb-durulmuş bir dillə yazdığı Qələbə
şeirləri onun
yaradıcılığının ən gözəl
nümunələridir.
Zemfira
MƏHƏRRƏMLİ
Yazıçı-publisist
525-ci qəzet.- 2023.- 3 fevral.- S.12.