Gənc dostuma yubiley təbriki
İttifaq Mirzəbəyli - 70
O,
TƏKCƏ JURNALİST YOX, HƏM DƏ MÜKƏMMƏL
MUSİQİ XİRİDARIDIR
Bəli,
bu gənc dostum məndən 23 yaş cavandır. Amma 40 ilə yaxındır ki, gənclik illəri, tələbəliyi
bir yerdə keçmiş insanlar kimi dostluq edirik. Evimin əziz
qonağıdır. Bütün tədbirlərimin
iştirakçısı, aparıcısı və ya natiqlərdən biridir. Onun son 160 ildə ulu babam
Abbasqulu Ağa Bakıxanov haqqında yazılmış məqalələri
tapıb-toplayıb tərtib
etdiyi "Qüdsi əbədiyyəti", atam
- görkəmli tarzən,
Xalq artisti, Əməkdar incəsənət
xadimi Əhməd Bakıxanov haqqında yazdığı "Ustad
ömründən anlar"
kitablarını ömrümün
ən dəyərli hədiyyələrindən hesab
edirəm.
O, bir dost kimi mənim
75, 80, 85 və 90 illik
yubileylərimin təşkilatçılarından
biri olub. Sözlərinə ondan çox
mahnı yazmışam.
Hamısı ifa olunub və lentə alınıb. Dəfələrlə birgə səfərlərdə
olmuşuq. İstənilən məsələ barədə
dostcasına məsləhətləşmişik.
Amma gəncdir. Hələ indi-indi - fevralın
10-da 70 yaşı tamam
olacaq. Təbrik edirəm!
...Söhbət Əməkdar
jurnalist, "Xalq qəzeti"nin siyasət şöbəsinin
müdiri, son otuz-qırx
ildə siyasi publisistika meydanında yorulmadan külüng çalan, eyni zamanda, Azərbaycan mədəniyyətinə, xüsusən,
musiqi xadimlərimizin yaradıcılığına dair
yüzlərlə dəyərli
məqalənin müəllifi
olan İttifaq Mirzəbəylidən gedir.
O, ötən əsrin
70-ci illərinin ortalarında
- rayondan Bakıya gəldiyi dövrdə Bayıldakı Neftçıxarma
idarəsində çalışırdı.
Ancaq həmin günlərdə
də paytaxtdakı əksər mədəniyyət
tədbirlərində iştirak
edirdi.
O, Dövlət Radiosunda çalışdığı illərdə Azərbaycan
musiqi mədəniyyətinin
əksər tanınmış
simalarını efirə
çağırmış, yadda qalan, heç
zaman unudulmayacaq verilişlər hazırlamışdı.
Mən onun verilişlərində bəstəkarlar
Süleyman Ələsgərov,
Ramiz Mustafayev, Nəriman Məmmədov, kaman ustası Habil Əliyev, aboy ustası Kamil Cəlilov, xanəndə və müğənnilər Lütviyar
İmanov, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Mirzə Babayev, Canəli Əkbərov, Gülağa
Məmmədov, Sabir Mirzəyev, Süleyman Abdullayev, Tükəzban İsmayılova, Rəsmiyyə
Sadıqova kimi sənətkarların həm
söhbətini, həm
də səsini, ifasını eşitmişdim.
Yuxarıda qeyd etdiyim kimi,
o, son 29 ildə rəsmi
dövlət qəzetinin
siyasət şöbəsində
çalışıb. Həmin sahədəki
uğurlarını dəqiq
bilmədiyimə görə
bu təbrik yazımda təkcə mədəniyyət, musiqi
sahəsindəki uğurlarını
yada sala bildim. Ancaq onun siyasi publisistikadakı xidmətləri
barədə mən bilməsəm də, dövlətimiz yaxşı
bilib və qiymətləndirib. İttifaq
Mirzəbəyli Azərbaycanın
müstəqillik dövründə
Əməkdar jurnalist
fəxri adına
ilk layiq görülənlərdən
və Jurnalistlər şəhərciyində ilk mənzil
verilənlərdən biridir.
70 yaşın mübarək, yorulmaz qələm, sözə, sənətə, musiqiyə sevgilərlə dolu ürək sahibi olan İttifaq Mirzəbəyli! Bu sətirləri mənim yubileylərimdə yazdıqlarına cavab kimi qəbul etmə. Mən sənin qədər yaza bilmərəm. Ancaq bu yubileyinə sevincim sənin öz sevincindən çox ola bilər. Bir daha təbrik edirəm!
Hörmətlə,
Tofiq BAKIXANOV
Xalq artisti,
professor, "Şöhrət" və
"Şərəf" ordenli bəstəkar,
Prezidentin fərdi təqaüdçüsü
525-ci qəzet.- 2023.- 3 fevral.- S.11.