Şah Abbas və Azərbaycan türk dövlətçiliyi

 

 (Əvvəli ötən sayımızda)

 

Bu yaxınlarda tarix elmləri doktoru Mehman Süleymanovun "Səfəvilər" silsiləsindən 7-ci və 8-ci kitabları çapdan çıxıb. Kitabların hər ikisi Azərbaycan dövlətçilik tarixində xüsusi yeri olan I Şah Abbas Səfəvinin həyatı və fəaliyyətinin arasdırılmasına həsr edilib. Bu mövzu Azərbaycan tarixşünaslığında ilk dəfə geniş tədqiqatın obyektinə çevrilib. Müəllifin həmin tədqiqatı əsasında hazırlanmış məqaləsini oxuculara təqdim edirik.

Azərbaycan türkcəsinin Şah Abbasın ana dili olmasından əlavə, bu dil Səfəvi dövlətçiliyi tarixində həm də bir siyasi məzmun kəsb edirdi. Çünki Azərbaycan türkcəsi Səfəvi dövlətinin türk mənşəyinin müəyyənləşdirilməsinin mühüm elementlərindən biri idi. Azərbaycan türkcəsi səltənətin bütün həyatına sirayət etmişdi və bu dili öyrənmədən səltənət daxilində yüksək məqamlar tutmaq belə çətinləşmişdi. Hətta Şah Abbas tərəfindən yeni səltənət paytaxtı elan edilmiş İsfahanın özündə də türk dili geniş rəvac tapdı, dövlətin mənşəyindən irəli gələn türkləşmə İsfahan şəhərini kifayət qədər əhatə etdi. Bir tərəfdən İsfahanda türkdilli sakinlərdən ibarət olan yeni bir Abbasabad məhəlləsi meydana gəldi. Digər tərəfdən isə İsfahan sarayı daxilində də türkləşmə genişləndi. Hətta o dövrün şahidləri də qeyd edirdilər ki, İsfahan sarayında türk dili fars dilindən daha çox işlənirdi. Bu da türk dilinin səltənət həyatında oynadığı rol ilə bağlı idi.

Karmelit missionerləri da öz xatirələrində qeyd edirdilər ki, saray dili olmaqla türk dili İsfahanda fars dilindən daha geniş yayılıb. Mario Eskipano adlı başqa bir avropalı səyyah da yazırdı ki, ümumiyyətlə, səltənət daxilində fars dilinə nisbətən türk dilində daha çox danışırlar. O da əlavə edirdi ki, türk dili sarayın və saray mənsublarının danışıq dilidir.

Avropalı səyyah Adam Olearusun yazdığına görə isə, İsfahan sarayında fars dilini nadir hallarda eşitmək olardı. Azərbaycan türkcəsinin səltənət daxilində geniş yayılması heç şübhəsiz ki, türk tayfalarının Səfəvi dövlətinin həyatında oynadığı rol ilə bağlı idi. Qeyd edildiyi kimi, qoşunların və səltənət idarəçiliyinin məsuliyyətli sahələri qızılbaş əmirlərinin öhdəsində idi. Bəzi istisna hallar olmaqla qeyri-türk əmir və əyanların səltənətin və qoşunların idarəçiliyində xüsusi çəkisi yox idi. Şah Abbasın hakimiyyəti illərində də belə idi. Sözsüz ki, Şah Abbas sədaqətinə və təcrübəsinə inandığı əmir və əyanlara məsul vəzifələr tapşırırdı. Məsələn, milliyyətcə gürcü olan Allahverdi xan və sonra da onun oğlu İmamqulu xan uzun müddət Fars vilayəti kimi böyük bir vilayətə hakimlik etmişdilər. Bununla belə səltənətin ictimai-siyasi atmosferini məhz qızıl-baş mənsubları müəyyən edirdilər. İranlılara isə bir qayda olaraq qoşundan kənar vəzifələr, yazışmaların və mühasibat işlərinin aparılması kimi vəzifələr həvalə olunurdu. Qərb tədqiqatçısı R.Seyvori də yazırdı ki, taciklərə (tarixi İran ərazisində yaşayan əhali nəzərdə tutulur) "hesabdarlıq və divan əmiri kimi işlər tapşırılırdı. Qızılbaşların gözündə onlara şəxsi mühafizə işlərinin və döyüş meydanında qoşuna rəhbərliyin tapşırılması xəcalət hesab edilməli idi".

Rəsmi yazışmaların, saray tərəfindən verilən hökmlərin fars dilində yazılması ənənəsi isə Şah Abbasın hakimiyyəti illərində də davam etməkdə idi. Əslində, fars dilinin yazışma və ədəbiyyat dili kimi istifadə olunması həm Səfəvi dövlətindən əvvəlki dövrə, həm də Səfəvi dövləti ilə yanaşı qonşu dövlətlərə, o cümlədən, Osmanlı dövlətinə və özbək padşahlarına da xas idi. Yəni fars dilinin ədəbiyyat və yazışma dili kimi, habelə adi insanlar arasında işlənməsinin daha qədim bir ənənəsi var idi və bu ənənə Şah Abbasın dövründə də davam edirdi. Bununla belə, həm yazışmaların türk dilində aparılması, həm də türk dilində ədəbiyyat yaradılması Şah Abbasın hakimiyyəti illərində də davam etdirilirdi. Şah Abbas hakimiyyəti dövrünü Azərbaycan türk ədəbi dilinin inkişafının yeni bir dövrü kimi dəyərləndirmək mümkün idi. Yəni Azərbaycan türkcəsi Şah Abbasın hakimiyyəti illərində yalnız saray dili və qoşun dili olmaq çərçivəsini aşaraq, həm də böyük imkanlara malik yaradıcılıq dili kimi də özünü təsdiqləmişdi.

Qeyd edilməlidir ki, bəzi araşdırmalarda Şah Abbasın hakimiyyəti illərində səltənət həyatında türkçülüyün zəifləməsi və İran amilinin artması haqqında fikirlər söylənməkdədir. Hətta Şah Abbasın hakimiyyətə gəlməsi və onun tərəfindən səltənət paytaxtının İsfahana köçürülməsi də Səfəvi dövlətinin türk mənşəyinin iranlaşması kimi də qəbul edilir. Dövlət paytaxtının İsfahana köçürülməsi əslində hərbi-siyasi amillərlə bağlı idi. Amma Şah Abbas bu şəhəri yenidən qurdu, öz təfəkkürü və təxəyyülü ilə dünya memarlıq tarixinə parlaq bir inci əlavə etdi.

Elmi-tarixi ədəbiyyatda mövcud olan bir fikrə görə, Şah Abbas özündən gələcək nəsillərə əzəmətli bir xatirə, onun arzularının ifadəsi olan bir şəhər irs qoymaq üçün İsfahanı seçdi. Çünki bu şəhəri yenidən qurmaq və onu möhtəşəm bir tarixi abidəyə çevirmək üçün şəhərsalma imkanları böyük idi. Ona görə də Şah Abbas arzu və xəyallarını bu şəhərdə gerçəkləşdirdi və həqiqətdə də özündən sonra son dərəcə əzəmətli bir abidə qoyub getdi. Xarici müəlliflər də obrazlı şəkildə qeyd edirdilər ki, Şah Abbas tərəfindən yenidən qurulan "İsfahan cənnətin yarısıdır". İngilis tarixçisi R.Seyvorinin fikrinə görə isə, İsfahan Şah Abbasdan qalan xatirədir və şəhər görmək istəyən gərək İsfahana gəlsin (169).

R.Seyvori sonra yazırdı ki, bəşər tarixində də bir şəhərin tamamilə bir nəfər tərəfindən layihələndirilməsi halı nadir bir hadisədir. O, bir neçə nümunəyə toxunurdu. Lakin həmin nümunələr Şah Abbasdan çox-çox sonrakı dövrlərə aid idi. Onun fikrincə, İsfahan şəhəri Şah Abbasın hüdudsuz xəyalının və cəsarətinin əzəmətli layihəsi idi və onun gercəkləşdirilmiş bu xəyalına Nəqşicahan meydanından əlavə böyük xiyabanlar, qəsrlər, divanxanalar, məscidlər, mədrəsələr, bazarlar, hamamlar, qüllələr, bağlar və digər məkanlar daxil idi (171).

Farsdilli müəlliflər isə qeyd edirdilər ki, İsfahanın memarlıq incisi olan Nəqşi-cahan meydanı (Şah meydanı) səlcuqlar dövrünün memarlıq nümunəsindən ilham alınaraq yaradılmışdı (www.ibna.ir/fa/longint/264022). Yəni İsfahan qədim fars mədəniyyətinin formalaşdığı məkanlara daha yaxın olsa da, bu şəhərin yenidən qurulmasında məhz səlcuq türk memarlıq ənənələri əsas götürülmüşdü. Məhz bu ənənələrin əsas götürülməsi İsfahan kimi bir yüksək memarlıq əsərinin yaradılmaşına baza olmuşdu. Bu məqam özü də türklüyə bağlılığın daha bir əyani nümunəsidir. Çünki Şah Abbasın təkidi və təşəbbüsü ilə Azərbaycan hüdudlarından xeyli kənarda olan İsfahanın yenidən qurulmasında türk memarlıq ənənəsindən geniş şəkildə istifadə olunmuşdu.

Bir sıra tədqiqatçılar tərəfindən qızılbaş əmirlərinin vəzifələrdən kənarlaşdırılması, onların zərərsizləşdirilməsi Şah Abbasın qızılbaş çevrəsindən uzaqlaşaraq iranlaşması kimi də təqdim olunur. Məlumdur ki, Şah Abbas mərkəzi hakimiyyətin gücləndirilməsi və səltənət daxilində siyasi parçalanmaların aradan qaldırılması üçün çox ciddi və səmərəli fəaliyyət göstərmişdir. O, belə məsələlərin həllində təmkinini qoruyub saxlamağa çalışsa da, dövlətin parça-lanmasına cəhd edənlərə, səltənət idarəçiliyində şah hakimiyyətini kölgə altına almaq istəyənlərə və şah iradəsinə sədaqət göstərməyənlərə qarşı son dərəcə qətiyyətli idi. Şah Abbas hətta mərkəzi hakimiyyətə qarşı mövqe tutmuş yaxınlarını belə cəzalandırmaqdan çəkinmirdi.

Şah Abbas doğrudan da bəzi qızılbaş tayfalarının səltənət idarəçiliyindəki rolunu azaltdı, həmin tayfaların nümayəndələrinin rəhbər vəzifələrə çəkilməsini dayandırdı. Aparılan araşdırmalardan məlumdur ki, Şah Abbas hakimiyyətə gələndə nüfuzlu qızılbaş əmirləri və əyanları arasında daha böyük hakimiyyət səlahiyyətlərinin əldə edilməsi üçün kəskin daxili mübarizə gedirdi. Bu mübarizə hələ Şah Abbasın atası Şah Məhəmməd Xudabəndənin hakimiyyəti illərində başlamışdı və Şah Abbas da bu mübarizənin Səfəvi dövlətçiliyinə vurduğu dağıdıcı zərbə ilə qarşılaşmalı olmuşdu. Gənc yaşlarında olmasına baxmayaraq, Şah Abbas əzmkarlıq və qətiyyət nümayiş etdirdi, bu daxili çəkişmələrə və parçalanmalara qarşı amansız mübarizə apardı və Səfəvi dövlətçiliyinin möhkəmləndirilməsi üçün qətiyyətli addımlar atdı. Nəticədə, bəzi qızılbaş tayfaları və onların təmsilçiləri səltənət idarəçiliyində öz əvvəlki mövqelərini itirdilər, digər qızılbaş tayfalarından mərkəzi hakimiyyətə daha sədaqətli olan əmir və əyanlar irəli çəkildilər. Şah Abbas qızılbaş  tayfalarının müəyyən nüfuz qazanmış rəhbərlərinin, nümayəndələrinin mərkəzi hakimiyyətə qarşı çıxmaq cəhdlərinə son qoydu, onları bu hakimiyyət ətrafında birləşdirə bildi. Yəni Şah Abbas qızılbaş tayfaları arasında özünü göstərməkdə olan iddialılığa, müxalifətçiliyə son qoydu, onların istəklərini və fəaliyyətlərini mərkəzi hakimiyyətin maraqları çərçivəsinə gətirdi. Amma Şah Abbas heç də qızılbaş tayfalarından, səltənət həyatında onların daha fəal iştirakından imtina etmədi, səltənət idarəçiliyinin əsas vəzifələri, səltənət daxilindəki vilayətlərin əksəriyyətinin hakimləri qızılbaş türkləri olaraq qalmaqda idi. Qızılbaş tayfalarının rəhbərləri səltənət həyatında söz sahibi olaraq qalmaqda idilər və onlar divan məclislərinin də əsas üzvlərini təşkil edirdilər.

Mərkəzi hakimiyyətə qarşı itaətsizlik hallarının aradan qaldırılması üçün Şah Abbas tərəfindən bir sıra məsuliyyətli vəzifələrə iranlıların (farsların) təyinat almasına da rast gəlmək mümkündür. Belə təyinatlar zamanı Şah Abbasın əhəmiyyət verdiyi məqam, sözsüz, həmin adamın etnik mənsubiyyəti yox, idarəçilik təcrübəsi və şah hakimiyyətinə sədaqəti idi. Səltənət daxilində Şah Abbasın etibarını və etimadını qazanaraq çox məsul vəzifələrə təyin edilənlər yalnız farslardan ibarət deyildi. Belələrinin arasında gürcülər də çox idi. Məsələn, gürcü Allahverdi xan uzun müddət Şah Abbasın vəziri olmaqla onun ən etibarlı silahdaşlarından biri idi. Allahverdi xan eyni zamanda uzun müddət Fars vilayəti kimi böyük bir vilayətin hakimi olmuşdu. Onun vəfatından sonra isə bu vəzifə oğlu İmamqulu xana həvalə edildi. Allahverdi xanın digər oğlu olan Davud xan bir müddət Qarabağ bəylərbəyi vəzifəsini icra etmişdi. Ümumiyyətlə, Şah Abbasın hakimiyyəti illərində gürcü əsilli əmir və əyanlar Səfəvi dövlətinin həyatında əhəmiyyətli rola malik idilər. Bu amilə görə Səfəvi dövlətinin Şah Abbas hakimiyyəti illərində gürcüləşməsi kimi iddia etmək doğru olmazdı.

Bir daha qeyd edilməlidir ki, Səfəvi dövlətinin idarəçilik sistemində İran (fars) əsilli əmir və əyanların mövcudluğunu inkar etmək mümkün deyildir və onların sədaqətli xidməti də Şah Abbas tərəfindən layiqincə qiymətləndirilirdi. Amma onların səltənət idarəçiliyindəki yeri heç də türk amilindən üstün deyildi. Şah Abbasın hakimiyyəti illərində də səltənət daxilində türk hegemonluğu qalmaqda idi. Belə ki, səltənətin daxili və xarici siyasətinə təsir edə biləcək vəzifələr vəkil, vəzir-etimadüddövlə, qorçubaşı vəzifələri idi ki, onlara da qızılbaş əmirləri təyin edilmişdilər. Fars əyanlarının təyin edildiyi vəzifələr isə daha çox məmur-xidmət vəzifələri idi və bu vəzifə sahiblərinin Şah Abbasın iradəsinə təsir göstərmə imkanı demək olar ki, yox idi.

Səfəvi tarixində fars etnik tərkibinə aid olan əyanların səltənət vəziri vəzifəsinə sahib olması halları da vardır. Elə Şah Abbasın hakimiyyətə gəlməsi ərəfəsində, Şah Məhəmməd Xudabəndənin hakimiyyəti illərində Mirzə Salman adlı qeyri-türk əmir vəzir vəzifəsinə təyin edilmişdi. Lakin qızılbaş əmirləri türk tayfalarından olmayan birisinin vəzir təyin edilməsinə və onun da səltənət işlərinə müdaxilə etməsinə razı olmadılar. Səltənətin nüfuzlu qızılbaş əmirləri Mirzə Salmana qarşı açır müxalifətə və düşmənçiliyə başladılar. İsgəndər bəy Münşinin yazdığına görə, bu qızılbaş əmirləri öz narazılıqlarını Şah Məhəmməd Xudabəndəyə belə çatdırdılar: "Mirzə Salman tacikdir (onun fars olması nəzərdə tutulur) və hesab işləri və divan müamilələrindən başqa işlər ona aid deyil və ondan heç nə də təvəqqə olunmur. Nə gərəkdir ki, o, ləşkər və qoşun sahibi olub səltənət işlərinə dəxalətdə bulunsun, fitnə-fəsada səbəb olsun? Bir halda ki, indi qızılbaşlar məsələnin üstündən pərdəni götürüb onunla belə bir pis məqamdadırlar, yaxşısı budur ki, o, vəzarət mənsəbindən və başqa işlərindən uzaqlaşdırılsın".

Qeyri-türk elementlərinin səltənət həyatındakı yerinə belə münasibət əslində, Şah Abbasın hakimiyyəti dövründə də qalmışdı. Görünür, elə ona görə idi ki, Şah Abbas tərəfindən səltənət idarəçiliyində xüsusi çəkisi olan vəzifələrə əsasən qızılbaş əmirləri və əyanları təyin olundular. Burada yalnız səltənət sipəhsaları Qərçəqay xanı istisna etmək olar ki, o da fars deyildi. Şah Abbasın hakimiyyətinin əvvəlində iki nəfər farsdilli əyan vəzir vəzifələrinə təyin olunmuşdu - biri Mirzə Məhəmməd Kirmani, digəri isə Mirzə Lütfulla Şirazi. Amma şah fərmanı ilə bir ildən sonra Mirzə Məhəmməd Kirmaninin boynu vuruldu, Mirzə Lütfulla isə iki ildən sonra vəzifədən azad edildi.

Səltənətin daxili və xarici siyasətinin və həyatının müəyyənləşməsi də türk amilinin əlində idi. Qızılbaş tayfalarının səltənət həyatındakı rolu heç də İran elementinin təsirindən zəif deyildi. Hətta qoşunlar tərkibində aparılan islahatlardan sonra da onun əsasını türk qüvvələri təşkil edirdi. Səltənət daxilində fars toplumunun daha çox məskunlaşdığı Fars vilayətinə, İsfahan və onun ətrafına hakim vəzifəsini də əsasən türklər və gürcülər icra edirdilər. Yəni yerli idarəçiliyin təşkilində də türk elementi (bəzi istisnalarla) üstünlük təşkil edirdi.

Şah Abbasın qoşunlarda apardığı islahatlar da qızılbaş türklərinin və tayfalarının rolunun səltənətin hərbi həyatındakı rolunun azaldılamsına deyil, sadəcə qoşunlar üzərində vahid idarəçiliyin möhkəmləndirilməsi tələblər ilə bağlı idi. Əslində, zaman və dövr bu islahatların aparılmasını zəruri edirdi və Səfəvi dövləti üçün əsas hərbi təhlükə mənbəyi olan Osmanlı dövlətinin qoşun təcrübəsi də bunu göstərirdi. Tayfa qoşun birləşmələri öz dövründə müəyyən lazımi xüsusiyyətlərə malik idi. Lakin Şah Abbasın səltənətin əvvəlki hüdudlarının bərpa edilməsi kimi bir vəzifəni öz qarşısına qoyması güclü qoşunların yaradılmasını tələb edirdi, o da belə qoşunları yaratmağa müvəffəq oldu. Qoşunların toplanmasının tayfa əlaməti bu qoşunlara ikili rəhbərliyi saxlamaqda idi. Yəni belə qoşun dəstələri ilk növbədə tayfa rəhbərlərinə tabe idilər, onlar tərəfindən təchiz və idarə edilirdilər. Şah Abbas isə yeni qoşun dəstələri yaradanda onları birbaşa mərkəzə tabe etdirdi və onları tayfa rəhbərlərinin tabeçiliyinə vermədi. O cümlədən, qorçular dəstəsi, qullar dəstəsi, tüfəngçilər dəstəsi. Bu dəstələr tayfa əlamətinə görə təşkil edilmədi və əslində, bu heç mümkün də deyildi. Bu dəstələr seçilmiş insanlar vasitəsilə təşkil edilirdi və onların tərkibində müxtəlif qızılbaş tayfalarının da nümayəndələri ola bilərdi. Bir sözlə, Şah Abbasın hakimiyyəti illərində qızılbaş tayfa rəhbərlərinin tabeliyində olmayan yeni qoşun dəstələri yaradıldı. Bunu bir çox tədqiqatçılar az qala qızılbaş tayfalarından yaradılmış qoşun dəstələrinin ləğv edilməsi, qızılbaş əmirlərinin qoşun həyatındakı rolunun məhdudlaşdırılması kimi qəbul edirlər. Bunun heç bir əsası yoxdur. Çünki mərkəzi tabeçilikdə olan qoşun dəstələrinin yaradılmasına baxmayaraq, atlı dəstələri Səfəvi dövlətinin və ondan sonra Azərbaycan türkləri tərəfindən formalaşdırılan Əfşar və Qacar dövlətlərinin dövründə də qoşunlarının əsasını təşkil etməkdə idi. Şah Abbasın hakimiyyəti illərində atlı qoşunlarının say üstünlüyünə malik olmasını heç cür inkar etmək mümkün deyildir. Atlı dəstələri isə əsasən qızılbaş tayfalarından toplanırdı. Hətta qorçular, tüfəngçilər dəstələrinin rəhbərliyində də qızılbaş türkləri aparıcı rola malik idilər. Ona görə də Şah Abbasın apardığı qoşun islahatlarının qızılbaş türklərinin qoşun həyatındakı rolunun azaldılması və bununla guya dövlətin türk mahiyyətinin dəyişməsi iddiası məntiqdən çox uzaqdır.

Maraqlıdır ki, Şah Abbasın hakimiyyəti haqqında əzəmətli abidə olan "Tarixi-aləmarayi-Abbasi" əsərini də İsgəndər bəy Münşi türk təqvim tarixi üzərində qurmuşdu. Müəllif Şah Abbasın tarixinin məhz türk tarixi üzərinə aparılmasını daha məqsədəuyğun sayırdı və bununla bağlı o, öz mövqeyini belə ifadə edirdi: "Müəllif öz-özünə belə fikirləşdi: Ərəblərdə ilin başlanğıcı hicri tarixlə Məhərrəm ayının birindən başlayır və əcəm əhli bu tarixi başa düşməz. Türklər (ətrak) və əcəm əhli üçün ilin başlanğıcı Novruzun başlanmasıdır. Novruzun başlanması isə aləmi bəzəyən baharın əvvəlidir. Yeni Novruzun gəlməsindən ötrü gərəkdir ki, dörd fəsil bitmiş olsun və yeni il başlansın. Məhərrəm ayı isə türk ilinin (əvvəlində yox), içərisindədir. İstedad sahiblərinin yazdıqları tarixlər isə türk ilinin (başlanğıcı ilə) uyğun gəlmir, yəni o tarixlərin bəzisi sabiq hicri tarixi ilə düz gəlir, bəzisi isə yox. Yəni ya azdır, ya da çox. Bu həqir zərrə borcludur ki, "Aləmara" kitabı anlaşılmazlıqdan və müşkülatdan uzaq olsun və hamı tərəfindən başa düşülsün. Biz həmin ixtilafın olmamasından ötrü, hamı tərəfindən daha aydın anlaşılan türk ilini əsas götürdük ki, həm hadisələr əhatəli, həm də cahandarlıq yolunun yolçuları üçün aydın olsun".

Şah Abbasın hakimiyyəti illərinin ən başlıca nəticəsi, heç şübhəsiz ki, Azərbaycan Səfəvi dövlətinin qüdrətinin artması idi. Bu nəticə Şah Abbasın şəxsi qabiliyyəti və fədakarlığı nəticəsində əldə edilmiş-di. Onun üçündür ki, Azərbaycan türklüyünün yetişdirdiyi Şah Abbas bacarıqlı dövlət xadimi, istedadlı sərkərdə və əzəmətli hökmdar kimi tarixdə özünə əbədilik qazana bildi.

 

Mehman SÜLEYMANOV

Tarix elmləri doktoru

525-ci qəzet.- 2023.- 3 fevral.- S.10;11.