Qərbi Azərbaycana qayıdış
yolu: gələcəyin aydın üfüqləri
Tarixi torpaqlarımız olan İrəvan, Qərbi Azərbaycan
Ermənistana verilsə də, xalqımız və dövlətimiz
tərəfindən heç zaman unudulmayıb. Xüsusən
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin dönə-dönə vurğuladığı
kimi, "Biz hamımız yaxşı bilirik ki, bugünkü
Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında
yaradılıbdır". Prezident İlham Əliyevin
2006-cı il dekabrın 30-da "Uluxanlı məktəbinin
125 illiyi", 2021-ci il dekabrın 29-da "İrəvan Müəllimləri
Seminariyasının 140 illiyi", 2022-ci il iyulun 14-də
"İrəvan Azərbaycan Dövlət Dram
Teatrının 140 illiyi" münasibətilə verdiyi sərəncamlar
da bunu əyani surətdə təsdiq edir.
2020-ci ildə
müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə şanlı Azərbaycan ordusunun 44 günlük
savaşdakı parlaq qələbəsilə müqəddəs
torpaqlarımızın - Ağdamın, Füzulinin, Cəbrayılın,
Horadizin, Laçının, Qubadlının, Kəlbəcərin,
Zəngilanın, Şuşanın 30 illik işğaldan azad
edilməsi tarixi torpaqlarımızın özümüzə
qaytarılması yönündə yeni üfüqlər
açdı. Dövlətimizin başçısı 24
dekabr 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup
ziyalı ilə görüşündə bu məqamı
ön plana çıxararaq bildirdi: "...Qərbi Azərbaycan
bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər
təsdiqləyir, tarixi xəritələr təsdiqləyir,
bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər
Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim
bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər,
dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək
istəyiblər, ancaq buna nail ola bilməyiblər.
Çünki tarix var, sənədlər var, xəritələr
var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə
təsadüf edən xəritə bir daha onu göstərir
ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır,
şəhərlərin, kəndlərin adları Azərbaycan
mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan
ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki,
dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə
işlər başlamışdır...
Qərbi Azərbaycana Qayıdış
Konsepsiyasını da işləməliyik. Qarabağ
münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə
duran əsas məsələ budur. Əlbəttə
ki, Qarabağ münaqişəsi həll olunmayana qədər
bu haqda danışmaq bəlkə də tez idi. Ancaq məncə bu gün biz vaxt itirməməliyik.
Qayıdış Konsepsiyası
hazırlanmalıdır".
Bəli, bu istiqamətdə, əsasən elmi baxımdan
müəyyən işlər görülüb. Akademik Budaq Budaqov,
tanınmış tədqiqatcılar M.Seyidov, T. Əhmədov,
N.İbrahimov, H.Əhmədov, M.Mərdanov, Q.Qeybullayev, İ.Məmmədov,
Ə.Ələkbərli, Ş.Nasir, H.Mirzəyev, S.Əsədov,
S.Məmmədov, A.Paşayev, V.Arzumanlı, S.İslamoğlu,
İ.Bayramov, V.Həbiboğlu, A.Bayramov, N.Mustafa,
A.Ağbabalı, M.Ənsərli, Hüseyn Xəzər,
N.Əhmədli, T.Səmimi və bu sahədə tədqiqat
aparmış digər araşdırıcıların fəaliyyəti
diqqətəlayiqdir.
Bu sətirlərin müəllifinin də həmin sahədə
müəyyən fəaliyyəti vardır. Belə ki, 15 ilə qədər
zəhmətin bəhrəsi olan "İrəvan
ziyalıları" kitabı əvvəlcə Bakıda Azərbaycan
(1999), rus (2011) və ingilis (2011) dillərində nəşr
olunduqdan sonra Sankt-Peterburqda (rus dilində-2011), Moskvada (rus
dilində- 2013) və ABŞ-da (2016) ingilis dilində
işıq üzü görüb. "İrəvan
ziyalıları" Sankt-Peterburq nəşrinin ön
sözünü professor Boris Starkov, Moskva nəşrinin
ön sözünü isə Rudolf İvanov yazıb. ABŞ-da isə kitab dünya şöhrətli bu
iki rus aliminin ön sözləri ilə nəşr olunub, demək
olar ki, dünyanın insan nəfəsi duyulan bütün qitələrinə
yayılıb. Bu işi gələcəkdə
də davam etdirmək niyyətindəyik. Onu da xüsusi
vurğulamaq lazım gəlir ki, Rusiya və ABŞ-da nəşr
olunmuş bu kitablarda Ulu öndər Heydər Əliyevin
"1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan
ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə
deportasiyası haqqında" 18 dekbr 1997-ci il tarixli və
"Azərbaycanlıların soyqırımı
haqqında" 26 mart 1998-ci il tarxli Fərmanları öz əksini
tapmışdı. Prezident İlham Əliyevin
aşağıdakı sözləri isə dünyaya bir mesaj
kimi verilir: "İrəvan xanlığı, Zəngəzur
mahalı, digər bölgələr bizim tarixi
torpaqlarımızdır..."
Dünya azərbaycanlıları üçün nəzərdə
tutulmuş, Bakıda (2016) və ABŞ-da (2016) nəşr
olunmuş "İrəvan xanlığı... gerçəkliyin
aydınlığı" kitabımızı da
görülən işlərin davamı kimi dəyərləndirmək
olar.
Sözügedən görüşdə diqqəti cəlb
edən məqamlardan biri də İrəvanın AXC tərəfindən
ermənilərə güzəşt edilməsinə Prezidentin
münasibətidir. Cənab İlham Əliyev bu məsələ ilə
bağlı belə bildirib: "...Tarixin müxtəlif
vaxtlarında bizim xalqımız öz doğma
torpaqlarından məhrum edilmişdir. XX əsr
bu baxımdan xalqımız üçün çox
böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan
Xalq Cümhuriyyəti özünün ilk qərarlarından
birində bizim tarixi şəhərimizi -İrəvanı Ermənistana
faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, xəyanət
idi və cinayət idi".
Cümhuriyyətin fəaliyyətini yüksək dəyərləndirən
Prezident yenidən bu məsələyə qayıdaraq qeyd edir
ki, "ancaq eyni zamanda, biz bu tariximizin qara səhifələrini
də unutmamalıyıq, ört-basdır etməməliyik".
İrəvanın ermənilərə güzəşt
edilməsi ilə tədqiqatçıların fikirləri, bu
hadisəyə baxışları müxtəlifdir, ziddiyyət
təşkil edir.
Həmin
fikirlərə münasibətini bildirən Prezident deyir:
"O vaxt bu qərarı müxtəlif səbəblərlə
izah etməyə çalışanlar da olub, bu gün də
var. Ancaq hesab edirəm ki, heç bir izahat qəbul edilən
deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər.
Əgər kimsə hesab edir ki, İrəvanı
orada yaşayan insanlardan xəbərsiz öz doğma
diyarından məhrum etməklə Ermənistan və ermənilər
kifayətlənəcək, böyük səhv edirdi və
sonrakı tarix bunu bir daha göstərdi".
İrəvanın güzəşt edilməsindən
sonra ermənilər digər ərazilərimizi işğal
etdilər.
Xüsusilə 1920-ci ildən sonra Cümhuriyyət
dövrünə yenidən qayıdan Prezident tamamilə
haqlı olaraq qeyd edir ki, görün iki il ərzində
xalqımızın başına nə qədər bəlalar
gətirildi: Əgər kimsə hesab edirdi ki, 1918-ci ildə
İrəvanı Ermənistana verməklə biz hansısa
daha böyük bəlalardan özümüzü
sığortalamış ola bilərdik, bax, Zəngəzurun
Ermənistana verilməsi bir daha onu göstərir ki, bu,
çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət
idi".
1918-20-ci illərdə İrəvan Gimnaziyası,
Seminariyası bağlandı. Nə qədər azərbaycanlı
genosid və deportasiyaya məruz qaldı. Sonralar
Azərbaycanın ictimai-siyasi, elmi, mədəni həyatında
böyük rol oynamış nə qədər adamların
ailələri bu acılıqları daddı.
Görkəmli dövlət və elm xadimi Əziz
Əliyevin ailəsi erməni daşnaklarının İrəvanda
törətdiyi fəlakətlərə görə əvvəlcə
Naxçıvanın Şərur rayonuna, sonra Şahtaxtı
kəndinə, bu kənd də ermənilərin hücumuna məruz
qalarkən İranın Ərəblər kəndinə
köçməli olur. Sankt-Peterburqda Hərbi-Tibb Akademiyasında təhsilini
yarımçıq qoyan Əziz Əliyev sonralar Bakıda təhsilini
davam etdirmiş, Tibb Universitetinin, Azərbaycan Dövlət
Universitetinin rektoru, Dağıstan Vilayət Partiya Komitəsinin
birinci katibi və digər vəzifələrdə
çalışmışdı.
Akademik Mustafa bəy Topşubaşovun, dünya cərrahlıq
elmində xüsusi imzası olan bu dahi alimin qardaşı Rza
bəyi 1918-ci ildə ermənilər öldürüblər,
ailə əvvəlcə Naxçıvana, oradan isə
Bakıya köçüb.
Akademik Heydər Hüseynovun böyük qardaşı
Yusif 1918-ci ildə ermənilər tərəfindən qətlə
yetirilmişdi.
Ailə bundan sonra İrəvanı tərk edərək
əvvəlcə Batumiyə, sonra Stavropola, 1920-ci ildə isə
Bakıya köçür.
Bəstəkar
Səid Rüstəmovun ailəsi 1918-ci il
hadisələri zamanı Türkiyəyə
köçür, yenidən İrəvana qayıdır,
burada yaşayışın mümkün
olmadığını görüb Gəncəyə, sonra
Ağdaşa, 1921-ci ildə Bakıya gəlir.
Tanınmış ictimai-siyasi xadim Həsən Seyidov,
görkəmli kinorejissor Hüseyn Seyidzadə,
travmatoloq-professor Həqiqət Seyidovanın ailələri
1918-ci ildə İrəvanda iğtişaşların güclənməsi
nəticəsində Türkiyəyə, sonra Tiflisə, daha
sonra Bakıya köçmüşlər.
Şair Əhməd Cəmilin ailəsi İrəvandakı
yaranmış hadisələrlə bağlı əvvəlcə
Tiflisə, sonra Gəncəyə, xeyli sonra Bakıya gəlmişdi.
Professor Cəfər
Xəndanın, akademik Budaq Budaqovun, AMEA-nın müxbir
üzvü, BDU-nun keçmiş rektoru Yəhya Məmmədovun,
professor Mehdixan Erivanskinin və bir çox tanınmış
ziyalıların ailələri 1918-1920-ci illərdə ermənilərin
törətdiyi fəlakətlərlə bağlı İrəvanı
məcburi surətdə tərk etmişdilər.
Bəli, bu siyahını xeyli uzatmaq olar. Bu, XX əsrdə
azərbaycanlıların ilk böyük deportasiyası idi.
Zəngəzurun
1920-ci ildə Azərbaycandan ayrılıb Ermənistana verilməsi,
cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanı
Naxçıvandan və Türkiyədən coğrafi
nöqteyi-nəzərdən ayırmaq üçün
atılmış bir addım idi. XX əsrdə azərbaycanlıların
Qərbi Azərbaycandan deportasiyasının növbəti mərhələsinə
diqqət yetirən dövlət başçısı bu barədə
bildirir: "Bununla Qərbi azərbaycanlıların faciələri
bitmədi. Hamımız yaxşı bilirik ki,
1948-1953-cü illərdə xaqımız növbəti
deportasiyaya məruz qalmışdır. Bu,
sovet hökumətinin Qərbi azərbaycanlılara və
bütövlükdə Azərbaycan xalqına qarşı
törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi,
vicdansızlıq idi".
Prezident
özü bu barədə fikirlərini davam etdirərkən
son dərəcə dəqiqliklə qeyd edir ki, onda İkinci
Dünya müharibəsi cəmi üç il idi başa
çatmışdı, təkcə sovet Azərbaycanından
300 min insan, eyni zamanda, Sovet Ermənistanında
yaşamış on minlərlə azərbaycanlı həlak
olmuşdu: "Azərbaycan nefti olmasaydı, sovet dövləti
heç vaxt qələbə qazana bilməzdi. Bunu
hər kəs bilir. Bu rəqəmlər dəfələrlə
səsləndirilib. Benzinin, sürtkü
yağlarının və neftin təqribən 70, 80, 90 faizi Azərbaycandan
təchiz edilirdi. Bütün bunlara
baxmayaraq, xalqımıza qarşı növbəti cinayətin
törədilməsi, yenə də deyirəm, böyük
vicdansızlıqdır və saxta bəhanə adı
altında xalqımız növbəti deportasiyaya məruz
qalmışdır".
Deməli, Prezidentin qeyd etdiyi kimi, Azərbaycan
xalqının bu qədər xidməti, maddi sərvətinin
bu cür israfı ona qarşı törədilən növbəti
cinayətlə "mükafatlandırıldı".
1948-1953-cü
ilin deportasiyasına qədər Qərbi Azərbaycanda
rayonların birinci katibləri azərbaycanlılar idi: Zəngibasar, Krasnoselo, Basarkeçər,
Amasiya, Vedibasar, Mehri, Qarabağlar və sair. Əldə
olan faktlar təsdiq edir ki, 1948-50-ci illər deportasiyasına qədər
bütün sənədlər həmin rayonlarda əvvəlcə
Azərbaycan, sonra erməni dilində yazılırdı.
Deportasiyadan sonra Azərbaycan dili ikinci yerə
keçirildi və bu rayonlarda birinci katiblər ermənilərlə
əvəz edildi.
Məsələn, Zəngibasar rayonunda 1946-47-ci illərdə
Hüseyn Məmmədov, 1947-50-ci illərdə isə Qəşəm
Şahbazov sonuncu azərbaycanlı birinci katiblər idi.
1948-53-cü illərin deportasiyası Qərbi Azərbaycanda
yaşayan azərbaycanlılara sözün əsl mənasında
ağır zərbə vurdu. İrəvan,
Göyçə, Zəngəzur, Dərələyəz, Zəngibasar,
Ağbaba, Vedibasar, Çəmənli ərazilərindən
azərbaycanlıların sayı xeyli azaldı.
İrəvan Pedaqoji İnstitutunda fəaliyyət
göstərən dörd Azərbaycan fakültəsinin,
1882-ci ildən fəaliyyət göstərən İrəvan
Azərbaycan Dram Teatrının bağlanması da bu dövrdə
azərbaycanlılara olan böyük zərbələrdən
idi.
1948-53-cü
illərin Qərbi Azərbaycandan deportasiyasından sonra təkcə
Zəngibasar rayonunun Göykümbət, Ağcaqışlaq,
Hacı Elyas, Cəfərabad, Ağhəmzəli, Qarahəmzəli,
Cəbəçəli, Çobankərə və digər kəndlərindən
azərbaycanlıların səs-sorağı tam kəsildi.
Cənab
Prezidentin Qərbi Azərbaycandan olan növbəti deportasiya
barədə fikirləri də olduqca təsirlidir: "Nəhayət,
1980-ci illərin sonlarında sovet hökuməti
xalqımıza qarşı növbəti cinayəti törətdi...
Heydər Əliyev 1987-ci ilin noyabrında
bütün vəzifələrdən
uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri
baş qaldırdılar. Sovet hökuməti onlara dəstək
oldu... Azərbaycanlılar tarixi diyarı olan Qərbi
Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı
bilirik, xatırlayırıq və azərbaycanlıların
yaşadıqları o məntəqələrin sayını
da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar
yaşayırdılar. Mən o vaxtkı
Ermənistanı, Ermənistan Respublikasını nəzərdə
tuturam. 90-a yaxın kənddə azərbaycanlılar
əksəriyyət təşkil edirdilər və
bütövlükdə 300-dən çox şəhər və
kənddə azərbaycanlılar yaşamışlar.
Onların hamısı 3 il ərzində
Ermənistandan zorla çıxarıldı, qovuldu, bir
çoxları öldürüldü, onlara işgəncə
verildi. Bütün bu cinayətlər sovet
hökumətinin gözünün önündə baş
vermişdi".
Azərbaycan
Prezidenti öz çıxışında İrəvanla əlaqədar
çox vacib və ağrılı məqama diqqət
ayıraraq bildirib: "Haradadır İrəvanın tarixi mərkəzi?
Əgər deyirsiniz ki, guya bu, dünyanın ən
qədim şəhəridir. Haradadır
bunun tarixi mərkəzi?"
Cənab
İlham Əliyevin qeyd etdiyi kimi, Cənubi Qafqazın əksər
şəhərlərində tarixi mərkəzlər var və
bununla bağlı Azərbaycanın bir sıra şəhərlərinin
adını çəkmək olar: "Bəs, necə ola bilər ki, İrəvanda tarixi mərkəz
yoxdur? Qoy bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan
xalqının tarixi irsi idi, hansı ki, onlar
dağıdıblar. Şəhərsalma
adı altında bütün tarixi binalarımız, o cümlədən,
İrəvan qalası, Sərdar sarayı
dağıdılıb. Yəni,
bütün bunlar göstərilməlidir".
Bu fikirlərdən
sonra Prezident tarixə ekskurs edərək deyir: "Bu ərazidə
heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan
bizim torpağımızdır. Mən bunu
dəfələrlə deyəndə, mənə irad tuturlar
ki, mənim ərazi iddiam var. Mən bunu tarixi həqiqət
kimi deyirəm".
Göründüyü ki, cənab Prezident bu tarixi
görüşdəki çıxışında azərbaycanlıların
Qərbi Azərbaycandan deportasiyasının 100 illik tarixini təkzibolunmaz
faktlarla, bütün incəliklərilə açıb
göstərir.
Məlumdur ki, ermənilər əvvəlki əməlləri ilə kifayətlənməyib, Qarabağın bir hissəsini və Şərqi Zəngəzuru da işğal etdilər. 30 ilə qədər bu torpaqlar işğal altında qaldı. Bütün dünya susurdu. Nə BMT-nin dörd qətnaməsi yerinə yetirildi, nə də Minsk qrupu bu müddətdə nəsə edə bildi.
2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu işğal altında qalmış torpaqlarımızı azad etməyə başlayanda dünya "oyanıb", bu müharibəyə reaksiya verməyə başladı. Azadlıq müharibəsinə - Vətən müharibəsinə, Azərbaycana qarşı bəzi ölkələrin kampaniyaları baş qaldırdı. Müharibənin gedişində öyrədilmiş, hazırlanmış xarici "jurnalistlər" müzəffər Ali Baş Komandanla "kinli", "qərəzli" suallarla müsahibə aparanda Prezidentimiz "Bura gəlməmişdən əvvəl gedin güzgüyə baxın," - deyərək bu "əl oyuncağı" olan jurnalistlərə özünün dolğun, tutarlı, təkzibolunmaz tarixi faktlara söykənən cavablarıyla dərs verdi. Prezidentin Azərbaycan, rus və ingilis dillərində verdiyi bir sıra müsahibələrində AXC-nin İrəvanın ermənilərə güzəşt etməsi, indiki Ermənistanın Azərbaycanın tarixi torpaqları olması da vurğulanırdı.
2022-ci ilin sentyabr toqquşmalarında qalib Azərbaycan ordusu bəzi mühüm strateji yüksəklikləri götürdü. Prezidentin qeyd etdiyi kimi: "Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, - mən siyasi sahəni nəzərdə tuturam, - qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar".
Sual oluna bilər: 44 günlük Vətən müharibəsindən sonra ağır məğlubiyyətə uğrayan Ermənistanın revanş məqsədilə müharibə aparmağa gücü varmı? Əlbəttə ki, yox. Kəlbəcər, Laçın, Ağdamın döyüşsüz təhvil verilməsi də bunun bariz sübutu idi. İndi hansı güclə onlar revanş fikrinə düşür? Bəlkə xarici havadarlarının köməyinə ümid bəsləyir? Azərbaycan Prezidenti bu məsələyə də toxunaraq sərrast fikirlər söyləyir: "Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil".
Vətən müharibəsi başlayandan sonra bir sıra Avropa dövlətləri canfəşanlıq etməyə başlamışdılar - Ermənistanı müdafiə etmək, müharibəni dayandırmaq məqsədilə. Xüsusilə erməni lobbisinin əlində oyuncaq olan Fransada sentyabr toqquşmasından sonra bu məsələ daha da gücləndi. Oktyabrın 2-də ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum etdilər. Həmin ayın 12-də Fransanın prezidenti Makron France-2 televiziya kanalına verdiyi müsahibədə Ermənistanın qadın və kişilərini tək qoymayacağını bildirdi. Noyabr ayının 15-də Fransa senatı Azərbaycanla bağlı çox qərəzli qərar qəbul etdi. Noyabrın 28-də Fransa Milli Assambleyası yenə də Azərbaycana qarşı kəskin qərar qəbul etdi. Fransa deputatlarının Azərbaycana qarşı "səlib yürüşü" təşkil etmək təklifi və sair. Bunlar yalnız sənədlər - kağızlar üzərində qaldı. Bu yerdə dahi ədib Hüqonun 190 il əvvəl dediyi sözlər yada düşür: "Paris əhli bir sürü qanmaz və axmaqdan ibarətdir". Paris əhli də olmasa, Fransanın Senat və Milli Assambleyasının üzvləri, deyəsən, bir nəfərdən başqa, tamamilə Hüqonun dediyi insanlardır.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qərbi Azərbaycanla bağlı həqiqətlər dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar, diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir.
Dövlətimizin
başçısı həmin görüşdəki
çıxışı ilə bu istiqamətdə fəaliyyətin
əsaslı proqramını verərək, ictimaiyyəti
düzgün yönləndirdi. İnanırıq ki, cənab
Prezidentin rəhbərliyi ilə bu sahədə də tezliklə
mühüm uğurlar əldə olunacaq və biz Qərbi
Azərbaycana, o əzəli tarixi torpaqlarımıza da
qayıdacağıq!
Əsgər
ZEYNALOV
Filologiya
elmləri doktoru, professor
525-ci qəzet.- 2023.- 3 fevral.- S.8-9.