Şekspir dünyası  

 

Uilyam Şekspir İngiltərədə milli şair kimi yaşamağa, yaradıcılığa başlayanda heç cür güman edə bilməzdi ki, bütöv dünya üçün məşhur bir dramaturqa çevriləcəkdir. O, qələmə aldığı əsərlərdə heç də öz ölkəsinin nisbətən dar hüdudlarında qalmayıb, həm də uzaq insan məskənlərində, özünə birbaşa tanış olmayan torpaqlarda çuğlayan ehtirasları və siyasətləri, fəaliyyət göstərdiyi doğma "Qlobus" teatrının səhnəsinə gətirməyə cəsarət etmişdi. Əsrlər, uzun zaman keçdikcə, o, özü həmin Yer kürəsində az qala möcüzə xarakteri daşıyan mənəvi hökmranlıq etməyə başladı.

Onun ölümündən sonrakı yüzilliklərdə Britaniya imperiyası nəhayətsiz şəkildə genişləndiyi kimi, bu fenomenlə birlikdə ingilis dili də olduqca çox yayıldı, Şimali Amerika qitəsində, Asiyanın Hindistan subkontinentində və Filippin ölkəsində dövlət dilinə çevrildi, başlıca ünsiyyət vasitəsi oldu. İngiltərənin, az sonra Böyük Britaniyanın bu ən böyük dramaturqunun əsərləri az qala dini ehkam xarakteri daşıyaraq, artıq özünə heç bir sərhəd tanımırdı. Bunun cavabı kimi tezliklə Şekspirə bütün dünyada qibtə ediləcək ehtiram bəslənməyə başlandı. Əlbəttə, ötən dörd əsr ərzində planetin ərazisində xalqların mənəviyyat sahəsindəki koordinatlar sistemində xeyli dəyişikliklər baş vermişdir. Lakin onlar Şekspir əsərlərinə olan münasibəti heç də zəiflədə bilməmiş. əksinə, onlara marağı daha da artırmışdır. Bəzi xalqlar Şekspiri sonradan kəşf etsələr də, onun yaratdıqlarını böyük sərvət xəzinəsi kimi qəbul etmiş, bu dahini özlərinə çox yaxın, əvəzolunmaz bir məsləhətçi timsalında görməyə başlamışlar.

Onun pyesləri 180-dən çox dilə tərcümə olundu, onlar transformasiyaya uğrayaraq, həm də yenidən yazıldı, modernləşdi, yeni rənglər və çalarlar qəbul etdi, hətta onlara parodiyalar da meydana gəldi. Onların hamısı da Şekspirə marağın azalmasına deyil, əksinə, artmasına səbəb oldu. Novator teatr rejissorları səhnədə pyeslərin əsas mahiyyətini qoruyub saxlamaqla yanaşı, onları yeni yanaşma tərzinə, bir qədər başqa cür səslənməyə məruz qoydular və belə münasibət heç də Şekspir mənəvi ideyalarına xələl gətirmədi, əksinə, onların yeni həldə və formada meydana çıxması həmin əsərlərin təzahur miqyasını bir qədər də genişləndirdi. Məşhur ingilis teatr xadimi Lourens Olivye və ya rus aktyoru İnnokenti Smoktunovski Şekspir obrazlarını müvafiq olaraq səhnədə və kinofilmdə yaratdıqda, onlara yeni canlılıq, bədii yüksəliş elementləri verməklə, əvvəllər mövcud olmuş dar baxışın hökmranlığından kənara çıxmağa cəhd etdilər, bununla təkcə pyeslərə məxsus fabulanın qiymətini yüksəltmədilər, həm də özlərinin nəhəng populyarlıqlarına nail oldular.

Şekspirin əsərləri incəsənətə yeni qanad verməyə başladı. Onların əsasında çox sayda operalar, baletlər, rəsm əsərləri və kinofilmlər yarandı. Tarixdə heç bir dramaturq onun nail olduğu bədii yüksəkliyə qalxa bilmədi, onunla dünyanı dolaşmaqda da müqayisəyə girməyi də onlar özünə qəbahət hesab edərdi. Axı belə müqayisə uca zirvəli dağ yanındakı təpəni göz önünə gətirməklə, əslində müəllifin istəklərinin tam əksi şəklində özünü göstərərdi. Axı heç kəs, ən dahi istedad sahibləri də onun kimi insan könüllərinin dərinliklərinə belə nüfuz edə və onlara həm də bu qaydada böyük məharətlə təsir göstərə bilməmişdi.

Mübaliğəsiz demək lazımdır ki, qədim yunan mifologiyasından və Bibliyadan sonra Şekspirin pyesləri daha çox müraciət olunan və sitat gətirilən bir mənbəyə çevrilmişdir. Hətta Dante, Servantes, Höte, Viktor Hüqo və Tolstoy da bu məsələdə onun arxasınca sıraya düzülməklə kifayətlənməyə məcbur olurlar. Şekspirin bütöv kəlmələri zərb-məsəl kimi işlənir. Onun personajları qeyri-adi mənəvi dünyaya (həm müsbət, həm də mənfi mənada) malik olmaqla yanaşı, onların yüksək məna notlarından xəbər verən bəlağətli dili özünün doğma vətənində səslənmə orbitindən çıxıb, bütün dünyaya yayılmışdır, ağlasığmayan geniş ərazilər kəşf etmişdir. Əksər xalqlar xeyli müddətdən sonra Şekspirin çox saydakı əsərləri ilə kitablar, teatr səhnəsi və kinofilmlər vasitəsilə tanış olmuşlar, milyonlarla insan onlarla təmasa girməklə, sevinc hissləri, düşüncə zənginliyi qazanmışlar. Əgər milli klassika nümunləri, əsasən, dar çərçivədə fəaliyyət göstərən elmi işçilərin tədqiqat obyekti kimi qalırsa, nədənsə oxucu kütləsi onlarla əvvəllər, məktəb illərində mükəmməl və ya hətta səthi şəkildə tanış olduğundan, sonralar onlara təkrarən böyük maraq göstərmədikləri halda, Şekspirin əsərləri isə oxucuları hansısa dərəcələrə bölməyi tanımır, ona marağı məhdudlaşdıran heç bir maneəyə məhəl qoymur, adamların könlünü hədəf seçməklə, ən kütləvi mənəvi qidaya çevrilir. Çox sayda adi adamlar, kütlə deyil, hətta az qala bütöv xalqlar onların sehrli təsiri ilə asanlıqla bu əsərlərin pərəstişkarlarına çevrilirlər. Şekspirin qələmindən çıxanların hər birini orijinalda, öz yazdığı kimi oxumaq isə istənilən oxucuya böyük həzz və sevinc hissləri bəxş edir.

Belə populyarlıq şəraitində Şekspir ədəbi kabusu ölkələri dolaşmaqda davam etdi, zamanlar və zövqlər dəyişsə də, o, köhnəlmədi, çox təkrar olunduğundan heç də adiləşmədi, bayağılaşmadı, yayılmasında müxtəlif vasitələrdən istifadə edilməsi də adamların ruhunu bezdirmədi. Bir çox ölkələrdə buğda çörəyi qida növü kimi min illərdən sonra da əvəzedilməz sayıldığı kimi, "Hamlet", "Kral Lir", "Romeo və Culyetta" dəfələrlə oxunsa da, onlara səhnədə və ya ekranda baxılsa da, öz əvvəlki heyrətamiz təsirini nəinki itirdi, onu saxlamaqla yanaşı, bəzən hətta artırdı. Şekspirin qəhrəmanları ibrət götürmək antologiyasına çevrildi, adamların xarakteri onların fonunda daha dərin öyrənilməyə başlandı. Ziqmund Freyd Hamlet obrazını qədim yunan dramaturqu Sofoklun pyesinin qəhrəmanı çar Edipə bənzədərək, onun "Edip sindromu"nun daşıyıcısı olduğunu güman edirdisə, bir çox personajlar da Hamlet kimi daha geniş tədqiqat obyektinə çevrilsəydi, burada müəllifin peyğəmbərliyinə də heyrət etmək olardı.

Vaxtilə dahi Nizami öz kiçik bir şeirində İran şahı Ənuşirəvanı şəhərləri, kəndləri viran qoymaqla bayquşlara xidmət etməkdə ittiham etdiyi kimi (bu, tarixi həqiqətə heç də uyğun deyildir, sadəcə tiran hökmdarların metaforası rolunu oynayır, tarixi şəxsiyyət kimi isə VI əsrdə yaşamış Ənuşirəvan İranda ədalətli şah hesab olunurdu və buna görə də kişi cinsindən olan farslarda Ənuşiravan adı hətta müasir dövrümüzdə də geniş yayılmşdır), Şekspir də Makbet obrazında vətənpərvər bir qəhrəmanın taxt-tac eşqinə ən eybəcər əclafa, qatilə çevrilməsini təsvir edir. Onların hər ikisi bu antiqəhrəmanlar vasitəsilə XX əsrdə meydana gələcək monstr Hitleri uzaqgörənliklə görmüşdülər. Nizaminin yaratdığı obraz hakimiyyətini qoruyub saxlamaq üçün hətta vətənini xaraba qoymağa hazırdır. Makbet isə ən böyük titula yiyələndikdən sonra taxt-tac eşqinə düşməklə, qanuni kralı qətlə yetirir, bir sıra adamların da ölümünə səbəb olur. Hitler isə özünü ultra vətənpərvər kimi qələmə vermək üçün irqçiliyin bayraqdarına çevrilir, başladığı müharibələrin alovlarında Avropanı xarabazara çevirir, on milyonlarla insanın məhvinə səbəb olur, Holokostu işə salmaqla yəhudi xalqının kökünü kəsməyə cəhd edir. Hitlerin şəxsində yeni, daha eybəcər və həqiqi bəşər cəlladı sifətində Ənuşirəvan və Makbet meydana gəlir. Dahilər öz qələmləri ilə bu ədəbi portretləri yaratmışdılar, çox əsrlər keçdikdən sonra bu iyrənc varlıqlar, Almaniyadakı real dəhşətli eybəcərlik fenomeni kimi canlı insana çevrilməklə, yırtıcı ehtirası hesabına həyatda özündən əvvəlki prototiplərinin vəhşiliklərini daha geniş miqyasda həyata keçirməyə müvəffəq olmuşdu.

Görünür, böyük yaradıcı insanların zəka teleskopu öz sinfindən olan fiziki cihazlardan daha uzağı və dəqiq görməyi bacarırmış.

Şekspir özündən əvvəl Şərqdə yaşamış və həkim kimi ən yüksək şöhrət qazanmış və müvafiq ada layiq görülmüş İbn Sinadan fərqli olaraq, insan somatikası və onun patoloji cəhətləri ilə məşğul olmurdu, o, öz nəhayətsiz təxəyyülü ilə insan könlünə ustalıqla nüfuz etdiyinə, oradakı sağlam toxumaları sevdiyi kimi, xəstə hüceyrələrin bolluğuna kədərini izhar etməkdə, xatırladığımız sələfi kimi əsl könül Loğmanı adlanmağa layiqdir. Ona görə də Şekspir hamıya yaxındır, həyatda rast gəldiklərindən düzgün baş çıxarmaqda adamlara kömək edir, onlarda öz xarakterindəki qüsurlara qarşı immunitet yaranmasına əvəzsiz köməklik göstərir. Ona görə də Şekspirə müraciət edənlər, onu özünün ən yaxın adamı sayır və hətta bəzən ona müqəddəslik mantiyası geyindirməkdən, müqəddəslərin başını əhatə edən işıqlı halə kimi onun sadə, ötəri insan portretini dövrələməkdən də çəkinmirlər.

Şekspir öz yaradıcılığı ilə qlobal hadisəyə çevrilsə də, İngiltərənin şir və lalə çiçəyi kimi olan simvollarına bənzəməklə, məşhurluğu ilə yanaşı, hətta sənətinə görə adi bir yazıçı olsa da, ölkə tarixinin maraqlı hissələrindən biri hesab olunmağa başlandı.

Şekspirə marağın böyük olduğunu demək, onun haqqında bayağı söz deməyə bərabərdir. Ona görə də qazandığı həmin böyüklük, heç bir güzəşt işarəsi belə nəzərə alınmadan mahiyyəcə izah edilməli və arqumentlərlə təsdiq olunmalıdır. Bu isə dahi dramaturqun və şairin doğma dilinə ona qədər məlum olmayan və dilə qeyri-adi gözəllik verən bol sözlərlə, bu rəssamın yeni yaymalar vasitəsilə fərqlənməsilə, yaşadığı dövrün təsvirində, ingilis teatrının inkişafında onun nəhayətsiz, ölçüyəsığmaz fəaliyyətinə diqqət vermək, nəzər yetirmək, ona əbədi şöhrət çələngi bəxş etmiş əsərlərini yenidən gözdən keçirmək istəyini meydana gətirir.

Yer kürəsi dəfələrlə tədqiqatlara məruz qalsa da, hələ də onun öyrənilməmiş əraziləri, nöqtələri qeyri-məlumluğunu davam etdirir. Şekspir yaradıcılığı da belədir, onu araşdırdıqca, təhlil etdikcə indiyədək gözə çarpmayan cəhətlər, öyrənilməmiş hissələr qalmaqda davam edir. Əlbəttə, Şekspir haqqında danışmaq, fikir yürütmək də adi və ya sadə bir iş deyildir. Onun dünyası mürəkkəb olduğu kimi, öyrənilməsi də xüsusi diqqət və ustalıq, arxeoloqun qazıntı apardığı vaxtdakı istifadə etdiyi ehtiyatlılığı tələb edir.

Xristofor Kolumb Hindistana İspaniya üçün əlavə dəniz yolu açmaq istəyirdi, kraliça İzabellanın himayəsi ilə Amerikanı kəşf etdi və axıradək açdığı torpaqların Hindistan olduğunu güman etdi. Lakin bu, heç də onun dünyanı bütövləşdirmək sahəsindəki xidmətlərinin böyüklüyünü azada bilmədiyi kimi, bu nümunədən istifadə edərək, Şekspirlə daha yaxından tanış olmaq həvəsi də heç də qəbahət sayılmamalı, əksinə, yalnız dəstəklənməli, təqdir edilməlidir.

Böyük səyyah 1492-ci ildə Yeni Dünyanı özü də hiss etmədən kəşf etdikdən sonra, həqiqətən də, insanın məskunlaşmasının məlum olduğu Yer üzünün sahəsi xeyli böyüdü və yeni ərazilər hesabına sivilizasiyalanmış kainat bütövləşdi. Ondan bir əsr sonra Şekspir adalar ölkəsində könülün, ağılın və əslində, bütünlükdə insan təbiətinin mənsub olduğu öz virtual dünyasının paralellərini və en dairələrini yaratdı. Beş əsr sonra Kolumb, açdığı yeni torpaqlara daxil olan qitədə yeganə fövqəldövlətin mövcudluğu ilə, yəqin ki, fəxr edərdi, onun kəşfinin necə böyük inkişafa gətirib çıxartdığına təəccüblənərdi. Şekspir də öz pyesləri ilə teatrları, kinoekranları dolaşdığına, milyonlarla kitablara köçdüyünə, bütün mədəni dünyada köünülləri fəth etdiyinə görə mənəvi bir fövqəl dünya dövlətini yaratdığının möcüzəsinə özü də inanmazdı. Bu müqayisə göstərir ki, Şekspir öz sələfindən də xeyli irəli getmişdir, axı Mərkəzi və Cənubi Amerika ölkələrindəki xalqlar, Kolumbun kəşfinin onların qədim tarixini, bütöv siviliziasiyalarını məhvə aparıb çıxartdığına görə, dahi səyyaha heç də birmənalı münasibət bəsləmirlər.

 

 (Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 4 fevral.- S.22.