İngilis dilində ədəbiyyat dərsi
Esse
XIX əsrdə Höte
ilk dəfə "Weltliteratur"
anlayışından istifadə
etdi. Ardınca bir çox
tənqidçi və
ədəbiyyatşünas üçün bu ifadə tez-tez müzakirəyə səbəb
oldu, tərif verməyə və çevrəsini genişləndirməyə
çalışdılar. Məsələn, 1946-cı ildə
yazdığı "Mimesis: Qərb Ədəbiyyatında
realizmin təmsili"
əsərinin ardınca
Erix Oerbax dünya ədəbiyyatının
yol açacağı
standartlaşmaya qarşı
böyük bir narahatlıq və tərəddüd hiss etmişdi,
bu anlayışı bu və ya
digər mümkünsüz
göndərmələrdən xilas etməyə çalışmışdır. Amerikalı ədəbiyyatşünas Devid
Damroş dünya ədəbiyyatını ana
dilindən başqa dillərə (daha çox ingiliscəyə)
tərcümə kimi,
"yayılma və oxunma praktikası" olaraq dəyərləndirmişdi.
İtaliyalı tənqidçi və
ədəbiyyatşünas Franso Moretti isə dünya ədəbiyyatını kapitalist
dünya sisteminə və kapitalist istehlak əlaqələrinə
bənzədərək mərkəz-çəpər
əlaqələri və
kütləvi, mədəni
və fərdi bərabərsizliklər kimi
təqdim etmişdir.
İngiltərənin postkolonyal
araşdırmalara üstünlük
verən Varvik Araşdırma Cəmiyyətinin
yazarları (Şare Dekard, Nikolas Lavrense, Neil
Lazarus, Grem Makdonald, Upamanyo Pablo Muxerje, Benita Parri və Stefan Şapiro) isə dünya ədəbiyyatını
neoliberal müzakirələrin əsaslı müdafiəsi
olaraq görür, bu anlayışın son dərəcədə elitist olduğunu
deyirdilər. Bu mövqedə Benita Parri
"çəpər modernizm"
anlayışını müzakirə
edirdi. Parriyə görə, çəpər
tək quruluşlu deyildir. Əksinə, bir-birindən fərqli
bir çox xalqları və politik, mədəni, kütləvi və fərdi dinamikləri eyni anda təşkil
edən özülə
sahibdir. Xalqların imperialist mərkəzlərlə çoxyönlü,
çəngəlvari münasibətləri
çəpəri, daha
doğrusu çəpərləri
ifadə edir. Məhz buna görədir ki, dünya ədəbiyyatı çəpərləri
daha çox müzakirə olunmalıdır.
Qeyd etdiyim bütün xüsusiyyətlərinə
görə dünya ədəbiyyatının çağdaş
standartlara uyğunlaşdığını
aydın görə bilirik. Dünya ədəbiyyatı istər nəzəri, istərsə də praktik bir dəbə
çevrilərkən bəzi
tənqidçilər bu
anlayışı Qərb
mədəniyyətinin bir
hissəsi kimi vurğulayır, bəziləri
də ədəbiyyatın
bəşəri bəsitliyə
çevrilməsinə görə
narahatdır. David Damroş,
Emili Apter kimi ədəbiyyatşünaslar
ingiliscənin asan oxunan, elastik, standartlaşmaya meyilli bir dil olduğu
üçün dünya
ədəbiyyatını populist bir sənətə çevirəcəyini deyirlər.
Bənzər fikri Aamir R.
Muftinin "İngiliscəni
unut!" adlı kitabında da görmək mümkündür.
Mufti ingilis dilinin
bəşəri dilə
çevrildiyini və
bu səbəblə çağdaş ədəbiyyatın
Anglo-mərkəz yönlü
olduğunu yazır.
Dünya
ədəbiyyatı haqqında
ən sərt düşüncələr ötən
əsrin ikinci yarısından başladı.
Belə ki, tənqidçilər dünya ədəbiyyatının
Avropa dünyagörüşünə
və ya Qərb təfəkkürünə
yaxın olduğunu, ondan qaynaqlandığını
deyərkən bu anlayışı Qərb
iqtidarından və imperializmindən ayrı təsəvvür etmək
mümkünsüz kimi
göründü.
Bəs
"Dünya ədəbiyyatı"nı biz necə başa düşməliyik?
Tək Qərbi örnək götürən ədəbiyyatdan
deyil, ümumən dünya ədəbiyyatından
bəhs etməyə çalışacağam. Qısaca bunu deyə bilərik ki, dünya ədəbiyyatını
bir tək ədəbi quruluşla, ya da ədəbi
dəyərlə məhdudlaşdırmaq
olduqca çətindir.
Təşkilati, ədəbi, iqtisadi
bir çox faktor bir araya
gələrək həm
akademiyadakı müzakirələri,
həm də qlobal yayım sektorundakı nəşr siyasətini və nəbzini təyin edərkən çoxyönlü
bir cədvəl ilə qarşılaşırıq.
Dünya ədəbiyyatı
bir anlayış olmasıyla bərabər çox laylı bir çərçivə
olaraq qəbul edilərkən bir tərəfdən də ifadəli
və duyğulu bir tor qurur. Bu
qurulan torda isə mənim sualım dünya ədəbiyyatının dünyasından
nə anladığımızla
bağlıdır. Dünya deyərkən
tam olaraq nəyi, kimin dünyasını nəzərdə tuturuq, nəyi qəbul edib, nəyi tərk edirik? Bu suala dünya
ədəbiyyatını yenidən
düşünərək hamılıqla belə cavab verə bilərik. Bizə təqdim olunan,
yuxarıda göstərilən,
dəyişməz dünyanı
rədd etməklə.
Ancaq bir formada mövcud
olan və bir formada danışan
ziddiyyətli aləmlərə
söykənmək yaradıcı
güc və ədəbiyyat tələb
etmirmi? Başqa cür desək,
daim bir təxəyyül gücüylə
ictimai, mədəni və fərdi çərçivədə oxucunu
və dünyanı formalaşdırma gücünə
sahibdir ədəbiyyat.
Elə bu səbəbdən alternativ coğrafiyalar və məkanlar, özünə və başqasına görə
kəsişmə sahələri,
etik birləşmə
forması yaratmaq üçün ən mənalı və əlverişli sahədir.
Qayatri Sipivak kapitalist mübadilə sisteminin fərqləri, xüsusən
qlobal rəqəmsal şəbəkə, digərini
başa düşən
vahid bir təsəvvür ortaya qoyur və yer
üzündəki bütün
canlılar arasında
yalnız bir növ olduğumuzu xatırladır. İnsanın digəri üçün
məsuliyyət daşıdığını
vurğulayaraq, dünyada
əsas hüququ olmadığını və
məcburiyyətə meyl
etdiyini deyir. Beləliklə, kollektiv bir təsəvvür ilə (bir az
utopik görünsə
də )
mücərrədlikdən kənara çıxaraq yerüstü və konkret varlıq formaları təklif edir. Məsələn, Cənubi afrikalı
Dangorun 1997-ci ildən
bəhs edən "Qafqaz lənəti" romanı.
Roman yeddinci əsr ərəb əfsanəsi "Leyli və Məcnun"un sonradan Nizami və Füzuli tərəfindən yazılmış hekayəsi vasitəsiylə şərh edilməsinə əsaslanır. Məcnun (Romanda Məcnun ərəb, müsəlman hind və holland hibrid qəhrəmanı Ömər/Oskar kimi göstərilmişdir) bir söyüd ağacına çevrilir.
Kafkanın "Çevrilmə"sinə açıq bir göndərmə ilə başlayan roman bəzən bu çevrilişi təsdiqləyir, bəzən də lənət kimi əks etdirir. Cənubi Afrika ərazisində geriyə nəfəs alan, karbon-dioksidi alan və oksigen verən insan ağacı Məcnun illərlə gələcək ədaləti gözləyir. Söyüd ağacına diqqət yetirdikdə indiyə qədər ortaya çıxmayan müstəmləkəçiliyə edilən işarələri, detalları tapa bilirik. XIX əsrdə "ağlar"ın rahatlığı üçün müstəmləkəçilik siyasəti ilə birlikdə Avstraliyadan Cənubi Afrikaya söyüd ağacı gətirildi və bir çardaq əvəzi əkildi. Bu şəkildə müstəmləkəçi və irqçi siyasətlərdə öz payına sahib olan söyüd ağacının iradəsiz hekayəsi qəfildən qarşımıza çıxır.
Bəşəri düşüncədə insan təkcə öz irqinin deyil, həm heyvanların, həm də təbiətin yaşadığı ağrılara şahidlik edir. Və o bu ağrının haqqını mütləq verməlidir. Məncə, işin ən həyəcanlı qismi burada gizlidir. Eyni zamanda, bu hekayəyə başqa bir dünya əlavə olunar. Roman xarakterlərindən Ömər/Oskarın qardaşı Malik Cənubi Afrikadakı irqi mübarizəyə və basqın rejimə inad həyatda qalmağa çalışarkən Yaşar Kamalın "İncə Memed" kitabını əlindən yerə qoymaz, onun hekayələrindən özünə təsəlli tapardı.
1930-cu illərin Türkiyəsi, Çukurovasıyla Cənubi Afrikanın Kap Tovnu ədalət mübarizəsində kəsişərək bir mənada ağlımızı qarışdıra bilər. Bu anlaşılmazlıqdan yola çıxaraq özümüzə bu sualları verə bilərik: Türkcə ədəbiyyatı dünya ədəbiyyatı olaraq necə oxuya bilərik? Cənubi Afrika ədəbiyyatını dünya ədəbiyyatı kimi necə oxuyaq? Burada mərkəz-çəpər əlaqəsində davam edən gərginliyə tuş gəlməyən təhkiyədən danışa bilərikmi? Bütün bunları necə təhlil edək?
"Qafqaz lənəti"
romanı tərcümə əsər deyil.
Dangor bir çox əsəri kimi bu romanı
da ingiliscə yazıb. Ancaq bunu qeyd etməkdə bir fayda var. Biz bu romanı dünya ədəbiyyatı dərsində
ingiliscə oxusaq, mətnin sadəcə bu dillə məhdudlaşmadığını
görürük. Dangor romanda
yerli afrikancaya və ərəb dilinə sıx şəkildə yer verir. Bu dillərdəki
ifadələr ingilis dilinə tərcümə
olunmadan duyğu kimi oxucuya çatdırılır.
Bu vəziyyət bizi
"Dünya ədəbiyyatının
dili və ya dilləri ola bilərmi?
Ola bilərsə, necə olar?" suallarına cavab axtarmağa yönəldir.
Anqlomərkəzli iqtidarın yaratdığı
ədalətsiz və
qeyri-bərabər coğrafi
inkişafı, bəşəri
resurslardan istifadəni
sıxışdıran, hətta
buna imkan verməyən yüksək
səviyyəli təhlilə
və yeni dünyalar yaratma təcrübəsinə ehtiyacımız
var. Dangor bunu bizə xatırladan yazıçıdır. Əxlaqi bir
problem və məsuliyyət
olan dünya ədəbiyyatını məhz
bu səbəbdən oxuyub, öyrənib, yolunu müəyyənləşdirməliyik.
Rəvan Cavid
525-ci qəzet.- 2023.- 4 fevral.- S.19.