629-cu tələbə
AĞA
ZEYNALABDİN (ZEYNAL) AĞA MƏHƏMMƏDSADIQ (SADIQ)
OĞLU TAĞIYEV
Bizim birlikdə hazırladığımız "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı)" çoxcildliyi ağır və gərgin əmək sayəsində ortaya çıxır. Keçmiş Sovetlər Birliyinin əksər mərkəzi şəhərlərindəki arxivlərdən topladığımız çoxsaylı sənədlər əsasında qələmə alınan bu cildlərin yeddincisi artıq oxucularımıza təqdim olunub, səkkizincisi üzərində iş gedir. 10 cild olacağını düşündüyümüz bu külliyyatda çar və Cümhuriyyət dönəmlərində Rusiya və Avropanın ali məktəblərində təhsil almış 700 nəfərdən artıq soydaşımızın hər biri haqqında ayrıca tərcümeyi-hal tipli oçerk-məqalə veriləcək (bu gün 640-cı tələbə yazılmaqdadır). Bunu özəlliklə diqqətə çatdırmaq istəyirik ki, hər bir oçerk-məqalə yalnız sənədlərə əsaslanır və yazının sonunda istinad olunmuş mənbələr mütləq göstərilir. Eyni zamanda, hər bir yazıda verilən nadir fotoşəkillər, hətta ən məşhur şəxslər haqqında belə, indiyədək bilinməyən xeyli yeni və maraqlı faktları bəzəyir. Haqqında yazılmış şəxslərin əksəriyyətinin adı ilə nəinki araşdırıcı mütəxəssislər, hətta onların qohumları da ilk dəfə tanış olurlar. İnanırıq ki, bu əsər Azərbaycan ziyalılığının tarixini öyrənmək istəyənlər üçün etibarlı mənbə olacaq.
Yazılarımızın hansı səviyyədə olduğunu göstərmək üçün onlardan yalnız birini - Azərbaycanın böyük oğlu, mərhum Hacı Zeynalabdin Tağıyevin nəvəsi Ağa Zeynalabdin (Zeynal) Tağıyev haqqında məqaləni sevimli "525-ci qəzet"in dəyərli oxucularına təqdim edirik.
Atası - Hacı Zeynalabdin Tağıyevin oğlu Ağa Məhəmmədsadıq (Sadıq) (1868-1943), anası - şahzadə Xanbaba xan qızı Qacarın qızı Mələksima xanım (1875, Şuşa-?) olan Ağa Zeynalabdinin doğum tarixi və yeri doğum şəhadətnaməsində 24 iyul (yeni stillə: 5 avqust) 1893-cü ildə Bakı şəhəri göstərilib. Ancaq kamal attestatında isə Qocor qəsəbəsində doğulduğu yazılıb və biz buna inanırıq. Görünən budur ki, ailəsi Qocor yaylağında dincəlirmiş və körpə də elə orada dünyaya gəlib.
Əlimizdə Ağa Zeynalabdin Tağıyevin Sankt-Peterburq arxivində üzə çıxardığımız iki tələbə şəxsi işi var. Təhsili ilə bağlı məlumatı onlardakı sənədlərdən götürmüşük.
Ağa Zeynalabdin 1906-cı ilin fevralından 8 iyun 1910-cu ilədək Bakı edadi (real) məktəbində oxuyaraq əsas bölmənin tam kursunu bitirib və 1284 saylı attestat alıb. O, bu məktəbdə 1 sentyabr 1910-cu ildən 7 iyun 1911-ci ilədək təhsil alaraq əlavə sinfi də bitirib. 1394 saylı şəhadətnaməsində 13 fəndən qiymətləri belədir: yeddi "5", qalanları "4" (halbuki attestatındakı 13 qiymətdən yalnız biri "4", qalanların hamısı "5"dir). Beləliklə, o, tam orta təhsilini başa vurub. Bu məktəbdəki sinif yoldaşları içərisində Müseyib bəy Axicanov, Hüseyn bəy Axundov, Səfvət bəy Məlik-Zərdabi, Şirəli bəy Bayraməlibəyov, Cümşüd Səfərov, Ömər bəy Terequlov və başqaları da vardı.
Ali texniki məktəbə qəbul olunmaq üçün Tağıyev latın dilindən də imtahan verməli olub. Buna görə 27 may 1911-ci ildə Bakı 2-ci kişi gimnaziyasında latın dilindən 8-ci sinif həcmində imtahan verib və "5" alıb. Bu haqda 673 saylı şəhadətnaməsi var.
"Ağa Zeynalabdin Sadıxov Tağıyev" Bakıdan - Tağıyevin evindən Sankt-Peterburq İmperator I Pyotr Politexnik İnstitutunun rektoruna 14 iyun 1911-ci ildə göndərdiyi ərizəsində iqtisad bölməsinin tələbələri sırasına qəbul olunmasını xahiş edib və tələb edilən sənədləri ərizəsinə qoşub.
Hacı Zeynalabdin Tağıyevin adını daşıyan bir şəxsin İnstituta qəbul edilmədiyini düşünmək çox çətindir, ancaq burası da var ki, təhsil haqqında sənədlərindəki qiymətləri də yüksəkdi, buna görə də istənilən ali məktəb belə savadlı bir məzunu böyük həvəslə özünə tələbə götürərdi. Təbii ki, Sankt-Peterburq Politexnik İnstitutu da qapılarını gənc Tağıyevin üzünə geniş açdı. Təhsil haqqı problemi olmadığına, oxumasına babası ciddi nəzarət etdiyinə və özü də ixtisasına həvəs göstərdiyinə görə təhsilində fasilə yaranmadan sonadək əla qiymətlərlə oxuyub.
Petroqrad şəhərində Liteyni prospekt 31 ünvanında yaşayan Tağıyev 24 avqust 1915-ci ildə Petroqrad İmperator Universitetinin rektorundan hüquq fakültəsinə sərbəst dinləyici götürülməsini xahiş edib və Universitet İdarə Heyətinin 8 oktyabr tarixli qərarı ilə 19 oktyabrdan sərbəst dinləyici olub.
Petroqrad Politexnik İnstitutu iqtisad bölməsinin dekanı A.Qusakovun 21 sentyabr 1915-ci ildə imzaladığı 22400 saylı şəhadətnamədə Tağıyevin iqtisad bölməsinin kursunu bitirdiyi və ona bu haqda müvəqqəti şəhadətnamə veriləcəyi təsdiqlənib. 23 sentyabrda isə İnstitutun Tağıyevə ali məktəbə təqdim etmək üçün verdiyi 22646 saylı şəhadətnamədə qeyd olunub ki, o, 1 sentyabr 1911-ci ildən indiyədək adıkeçən İnstitutun iqtisad bölməsinin tələbəsidir və İnstitutda oxuduğu müddətdə onda heç bir pis hərəkət görünməyib. Siyasi etibarlılıq haqqında bu məzmunlu şəhadətnamə adətən, ali məktəb kursunu başa vurduqdan sonra dövlət imtahan(lar)ına buraxılmaq üçün ixtisas üzrə Dövlət İmtahan Komissiyasına təqdim olunurdu.
Politexnik İnstitutun 2 oktyabr 1915-ci ildə verdiyi, diplomu əvəz edən 1175 saylı müvəqqəti şəhadətnamədə Tağıyevin iqtisad bölməsini 30 sentyabr 1915-ci ildə iqtisad elmləri namizədi dərəcəsi almaq hüququ ilə bitirdiyi, bu dərəcənin dissertasiya təqdim edilincə təsdiqlənəcəyi qeyd olunub.
Tağıyev 1916-cı il martın ilk günlərində Politexnik İnstitutun tələbə işləri üzrə katibinə ərizə yazaraq sənədlərini Petroqrad Universiteti Dövlət Hüquq İmtahan Komissiyasına göndərməyi xahiş edib. Sənədlər 8 mart 1916-cı ildə istənilən ünvana çatıb.
Petroqrad Universitetinin rektorundan sərbəst dinləyicilər sırasından çıxarılmasını və sənədlərinin ona qaytarılmasını 27 may 1916-cı ildə xahiş edən Ağa Zeynalabdin həmin sənədləri ertəsi gün alıb. Deməli, o, Hüquq fakültəsinin də kursunu bitirib və dövlət imtahanlarını vermək ərəfəsindədir.
Petroqrad Tədris Dairəsinin idarəçisi 8 noyabr 1916-cı ildə Petroqrad Universitetinin rektoruna 33731 saylı məktubla müraciət edərək bildirib ki, universitetinizdə hüquq elmləri kursunu 1916-cı ildə bitirmiş Tağıyev vəkil köməkçisi götürülməsi üçün Bakı Dairə Məhkəməsinə ərizə verib. Həmin Məhkəmə sədrinin bu 27 oktyabr tarixli sorğusuna əsasən, xahiş edirəm ki, Tağıyevin Universitetdə oxuduğu müddətdə hər hansı bir cəza alıb-almaması, eləcə də tələbə hərəkatında iştirak edib-etməməsi haqqında mənə bilgi verəsiniz (Doğrudur, şəxsi işində rektorun cavab məktubu yoxdur, ancaq cavabın müsbət olduğu şübhə doğurmur, çünki Tağıyevin az sonra hüquq sahəsində çalışdığını görürük).
Tələbə şəxsi işində Tağıyevin xarici pasportu da saxlanılır. 1914-cü ildə verilmiş həmin sənəddə Ağa Zeynalabdinin Revel (indiki Tallinn) limanından 28 iyun 1914-cü ildə yola düşməsi, 11 iyulda Helsinqforsda (indiki Helsinkidə) olması, 4 sentyabrda Odessa limanına gəlməsi qeyd edilib.
lll
Vəkil köməkçisi işləyən Tağıyev hələ 1917-ci ilin noyabrında "Rusiyada müsəlmanlıq" partiyasından Bakı Şəhər Dumasına deputat seçilmişdi. Dumada onun partiyadaşları Sultanməcid Qənizadə, Bəşir bəy Aşurbəyov, Miryaqub Mirmehdizadə, iqtisad elmləri namizədi Mahmud Quluyev, Heybətqulu Məhəmmədbəyov, həkim Kərim bəy Sultanov, bank işçisi Hacıağa Babayev, Əliheydər Yusifov, Nuru Əmiraslanov, Kərbəlayı Hüseyn Hacıyev və Hacı Hüseyn Tağıyev idilər.
Duma üzvü Tağıyev 1918-ci ilin 1 dekabrında Bakı Duması müsəlman səsverənlərinin ("qlasnı"larının) iclasında 10 qara şara qarşı 27 ağ şarla Bakının müsəlman əhalisinin nümayəndəsi kimi Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanına (Parlamentinə) üzv seçilib. Onun adını Məclisi-Məbusan siyahılarında "İttihad" fraksiyasında oxuyuruq (Sonralar bu siyahıda onun yerini Həmdulla əfəndi Əfəndizadə tutub).
Tağıyev 28 yanvar 1919-cu ildə "Azərbaycan Məclisi-Məbusan rəisi həzrətlərinə" bu məzmunda ərizə yazıb:
"Xüsusi işlərimdən ötrü İngiltərə məmləkətinə səfər etmək məcburiyyətində olduğum içün Parlamandan istid'a (xahiş) edirəm ki, bana bir ay müddətində məzuniyyət versin".
Ərizənin üstündə sədr Həsən bəy Ağayevin "istid'a rədd olur" qeydi var; başqa sözlə, xahiş yerə salınıb. Görünür, buna səbəb Tağıyevin bir deputat kimi işinə laqeydliyi və Məclisdə nüfuz qazana bilməməsi olub.
5 fevral 1919-cu ildə Əliağa Həsənzadə və Ağa Zeynalabdin Tağıyevin Parlament üzvlüyündən çıxmaları rəsmən bəlli olub. 11 martda Azərbaycan Cümhuriyyəti daxiliyyə nazirliyinin əvəzi Ağabəyzadə Məclis sədrinə 1724 saylı məktubla müraciət edərək onların yerinə başqa şəxslərin seçilməli olduğunu bildirib. 30 martda Bakı Şəhər Dumasında yeni seçkilər keçirilib, Əsədulla Əhmədov və Əsəd bəy Əmirov Məclisi-Məbusana yeni üzvlər seçiliblər.
lll
Cümhuriyyət devrilib sovet hakimiyyəti qurulduğu zaman Tağıyev müxtəlif vəzifələrdə çalışıb. Onun 1938-ci ilədək əmək fəaliyyəti haqqında geniş və dəqiq məlumatlar azdır. Onları da başlıca olaraq istintaq sənədlərindən öyrənirik.
Xatırladırıq ki, Azərbaycan Ticarət Odasının eksperti "Tağıyev Zeynal Sadıxoviç" 18 oktyabr 1937-ci ildə 27 nəfərlə birgə həbs edilib.
25 oktyabr 1937-ci il tarixli istintaq protokolunda bu başlıca faktlar qeyd olunub: Tağıyev 1893-cü ildə Bakıda doğulub; Azərbaycan Ticarət Odasının tekstil üzrə eksperti və Azərbaycan Pedaqoji İnstitutunun ingilis dili müəllimidir; 1917-ci ilədək oxuyub; inqilabdan sonra Lenin adına fabrikin (keçmiş Tağıyev fabrikinin) idarəçisi işləyib; ailə tərkibi: yoldaşı Züleyxa xanım (32 yaş), atası Sadıq (74 yaş), anası Mələksima (63 yaş), qızı Leyla (3 yaş yarım) (hamısı Bakıda Suraxanski küçəsi 117-də yaşayır; indi bu küçə iki yerə bölünərək Çingiz Mustafayev və Dilarə Əliyevanın adlarını daşıyır); ali təhsillidir, Politexnik İnstitutu və Universiteti bitirib; partiyasızdır; 1930-cu ildə Baş Dövlət Siyasi İdarəsi (BDSİ) orqanları onu Azərbaycan Milli Mərkəzi (AMM) işi üstündə həbs edib.
O, həmin gün müstəntiq Voronkinin sualına cavabında bildirib ki, 1930-cu ildə AMM işi üzrə məsuliyyətə cəlb edilərək Azərb. SSR Cinayət Məcəlləsinin 64, 65 və 66-cı maddələri üzrə ittiham edilmiş, 5 aprel 1930-cu ildən 4 mart 1932-ci ilədək həbsdə yatmışam, bundan sonra Zaqafqaziya BDSİ məni həbsdən buraxıb.
1937-ci ildəki həbsinə səbəb (bəhanə) bu olub ki, dustaq Çingiz İldırım ifadəsində deyib ki, Zeynal Tağıyev 1929-cu ildən əksinqilabi Azəbaycan Milli Mərkəzində fəal iştirak edib.
1939-cu ilin oktyabrında bu 11 nəfərin istintaq materialları ayrıca bir istintaq-məhbus işində birləşdirilib (ad-soyadlar sənəddəki kimi verilir): 1) Şahbazov Əliəsgər Abbas oğlu, 2) Tağıyev Zeynal Sadıxoviç, 3) Vəzirov Cəmil İsmayılı oğlu, 4) Qulubəyov Əli bəy Cəfər oğlu, 5) Aslanov Teymur Zaxaroviç (Zəkəriyyə oğlu), 6) Rəhimzadə Rəhim Əli Abdulla, 7) Xanlarov İsmayıl Bəyləroviç, 8) Hacıyev Zeynal Əkbəroviç, 9) Hüseynov Şahid Süleymanoviç, 10) Qədimbəyov Qədim Məmməd oğlu, 11) Məmmədov İsgəndər İsrafil oğlu.
Həyatda heç zaman "yox" sözü eşitməmiş, ehtiyacın nə olduğunu duymamış, bir sözü iki edilməmiş, heç zaman bərkə-boşa düşməmiş Tağıyev iki il sürən istintaqda işgəncələrə dözməyərək tam "sındırılıb", ona qarşı irəli sürülmüş az qala bütün ittihamlarda özünü müqəssir sayıb. Bunu bəlkə də ona bağışlamaq olardı, ancaq xeyli sayda insanın ocağını qaraltması isə onun tərcümeyi-halında əbədi silinməz ləkə olaraq qalacaq, belə ki, o, tam yalan ifadələrlə başqalarını da guya əksinqilabi təşkilata cəlb etdiyini, yaxud onlarla birgə sovet hakimiyyətinə qarşı mübarizə apardığını iki il boyunca söyləyib. Qısaca olaraq bunu deyə bilərik ki, XDİK müstəntiqləri Tağıyevdən istənilən adama qarşı ifadə ala biliblər. Həmin ifadələr nəticəsində yüzdən artıq günahsız insan gedərgəlməzə göndərilib...
26 yanvar 1938-ci ildəki dindirmə protokolundan da göründüyü kimi, Tağıyevdən Azərbaycan SSR-in məsul rəhbər işçiləri olan Qəzənfər Musabəyov, Həmid Sultanov, Ruhulla Axundov, Sultanməcid Əfəndiyev, Əliheydər Qarayev, Qambay Vəzirov, Hüseynbala Ağaverdiyev, Dadaş Bünyadzadə, Yusif Qasımov, Müzəffər Nərimanov və başqalarına qarşı istifadə ediblər...
15 dəqiqəlik məhkəmə 28 dekabr 1939-cu ildə ona güllələmə kəsib. Qaynaqların, demək olar ki, hamısı bu tarixi onun ölüm günü kimi götürür, ancaq ömür-gün yoldaşı bildirib ki, o, 16 sentyabr 1940-cı ildə güllələnib; deməli, XDİK orqanlarına "xidməti" nəzərə alınaraq bu hökmün icrası xeyli gecikdirilibmiş...
lll
Tağıyevin həyat yoldaşı - Fətulla bəy Rüstəmbəylinin (1867-1946) böyük qızı Züleyxa xanım 1989-cu ilin martında yazıçı Fətulla Fəcriyə bunları söyləyib:
"Mən Ağa Sadıq Hacı Zeynalabdin oğlu Tağıyev'in gəliniyəm. Qayınanam Mələksima xanım Mirzə Fətəli Axundovun nəvəsiydi - Nisa xanımın qızı. Ərim Zeynal iqtisadçı idi. Peterburq Toxuculuq İnstitutunu (doğrusu: Politexnik İnstitutunu) bitirmişdi. Babasının (Hacı Zeynalabdin Tağıyev nəzərdə tutulur) göndərişi ilə Londonun toxuculuq müəssisələrində xeyli təcrübə keçmiş, toxuculuq sənətinin sirlərini öyrənib gəlmişdi. Sonra Hacının Zığ yolundakı toxuculuq fabrikində əvvəlcə direktor müavini (direktor ingilis idi), sovet dövründə isə on ildən artıq direktor vəzifəsində çalışmışdı. 1933-cü ildə (doğrusu: 1930-cu ildə) həbs edilib 2 il saxlanılmış, 1937-ci ildə ikinci dəfə tutulmuş, amma tez də azad olunmuşdu. 1939-cu ildə üçüncü kərə Moskvada həbsə alınıb Bakıya gətirilən (AR DTX Arxivində saxlanılan istintaq işindəki sənədlər 1937-1939-cu illəri əhatə etdiyindən Tağıyevin bu müddətdə iki dəfə həbs olunması inandırıcı görünmür) Zeynal o gedən getdi. Gecdən-gec eşitdik ki, onu 1940-cı il sentyabrın 16-da güllələyiblər.
Zeynaldan mənə bircə qız yadigar qalmışdı: Leyla! Musiqiçi idi. Ü.Hacıbəyov adına Konservatoriyada dərs deyirdi. Bir neçə ildir ki, vəfat eləyib. Leylanın vaxtsız ölümü mənə Zeynaldan sonra çox böyük mənəvi zərbə oldu. Leyladan da 2 oğul yadigar qalıb: Adil və Fərhad. İndi mənim bu dünyada ən böyük təsəllim və toxtaqlığım bu uşaqlardır. Onlarsız mən ölərdim. Adili təzə evləndirmişik. Mənimlə bir yerdə olurlar. Fərhad isə atasının - dayım Adil Mehmandarovun oğlu Sabirin yanında yaşayır.
Zeynalın həbsindən sonra gəlib ev əşyalarımızı yazdılar, cehizimlə birgə nəyimiz vardısa müsadirə elədilər. Gərək ki, royalımız indi də Asəf Zeynallı adına musiqi məktəbindədir.
...O vaxtlar kiçik əmim Şahbaz bəy bizi tez-tez kinoya, teatra aparardı. Zeynal da məni indiki "Azərbaycan" kinoteatrında görübmüş. 1921-ci ildə anamla Aliyə bacımın ad günündə - dekabrın 2-də (bu, çox dəqiq yadımdadır) Zeynal ilə Mansur Mirzə Qacar (Mələksima xanımın ögey qardaşı) bizə gəldilər - daha doğrusu, əmim Şahbaz bəyin yanına. İndiki kitab pasajı ilə üzbəüz binada - Ağa Musa Nağıyevin mülkündə yaşayırdıq onda. Axı atam sovet hökuməti gələnəcən "Musa Nağıyev" firmasını idarə edirdi. Hətta yay vaxtlarında, 1916 və 1917-ci illər dəqiq yadımdadır, atam bizi sahibkarın Kislovodskdakı villalarına istirahətə də göndərərdi. Bacım Adilə (Ada) Kislovodskda doğulmuşdu.
Zeynal ilə Mansur Mirzə getdilər. Bu dəfə də Mələksima xanım tək özü gəldi anamın yanına. Sonra nişan gətirdilər. Hacının (Hacı Zeynalabdin Tağıyev nəzərdə tutulur) adından da mənə bir brilyant üzük bağışladılar.
Məni "Fantaziya" hamamının (bu hamam indi İ.Səfərli və Ç.Mustafayev küçələrinin tinində yerləşir) yanındakı binaya, qayınatamın evinə gəlin apardılar".
lll
Ağa Zeynalabdin Tağıyev insan taleyini heçə sayan kommunist rejimində deyil, demokratik bir cəmiyyətdə yaşasaydı, çox güman ki, cəmiyyətin ən faydalı bir üzvünə, ad-sanlı, şanlı bir mütəxəssis, bəlkə də bacarıqlı bir dövlət adamına çevrilə, millət atası sayılan babası Hacı Zeynalabdinin müqəddəs adını ləyaqətlə yaşadan dəyərli bir nəvə ola bilərdi. Təəssüf ki, milyonlarla insanın qanını içməkdən doymayan Allahsız kommunist rejimi buna imkan vermədi...
Misir MƏRDANOV,
Ədalət TAHİRZADƏ
525-ci qəzet.- 2023.- 4 fevral.- S.18;19