"Bu günün gəncliyi bir çox göstəricilərinə görə bizdən üstündür"

 

PROFESSOR NAZİM İMANOV: "HƏYATIN İNKİŞAF YOLU SADƏDƏN MÜRƏKKƏBƏ, TƏKRƏNGLİLİKDƏN RƏNGARƏNGLİYƏDİR"

 

SSRİ adlı soğrafi baxımdan yekə, amma əcaib quruluşa malik bir ölkədə desəydilər ki, illərlə bir "qardaş" adı altında yaşayan bizlər nə vaxtsa, məhvərindən çıxan bir ox olacağıq, buna heç kəs inanmazdı. Lap elə deyən də olsaydı, dərhal ağzından vurub oturdardılar yerində ki, ağlını başına yığ, hərzə-hərzə danışma. Amma fələyin elə qəribə oyunu oldu ki, oxu məhvərindən də çıxardı, çox uzaq yol gəlsə də, hədəfinə də çatdırdı. Bu haqda bir az sonra. Hələlik isə yaddaş tariximizi vərəqləyərək, 35 il əvvələ qayıtmaq istəyirəm, çünki bugünkü müsahibimi məhz həmin dövrdə geniş xalq kütləsi tanıdı. O vaxta qədər isə çevrəsində onu bir iqtisadçı, elmlər namizədi, elmi işçi və müəllim kimi tanıyırdılar. İlk baxışdan həyat öz axarında gedirdi, hamı öz işi, gücü ilə məşğul idi. Amma heç demə, 80-ci illərin sonuna doğru bir tufan dalğası yol gəlirmiş. Və həmin dalğa 1988-ci ildə Azadlıq meydanı adlı divara çırpılaraq şahə elə qalxdı ki, dünyaya səs saldı. Yaşından, mövqeyindən, tutduğu vəzifədən asılı olmayaraq, böyük bir kütlə haqq səsinin ardınca yola çıxdı və meydan adlı epoxasını yazdı. O zaman bu epoxanı yaşayanlar, şahidi olanlar milli dirçəliş astanasından daxil olub, haqq səsinin nə olduğunu anladı. Təbii ki, hər milli dirçəlişin başında ona yol göstərən liderləri olur. Bizdə də oldu. Tanıyıb-tanımadığımız ziyalılar xalqın yanında durdu, onu təkbaşına qoymadı. Bu günümüzün müsahibi kimi.

Mən də elə o vaxtlardan tanıdım onu. Bir iqtisadçıdan daha çox siyasi fəal kimi. Amma bu fəaliyyət bir yerdə dayanıb qalmadı. Böyüyərək ölkənin ictimai-siyasi həyatına qarışdı. Bu o zaman idi ki, Azərbaycan öz taleyinə sahib çıxmaq, müstəqilliyini elan etmək qərarına gəlmişdi. Və beləliklə, oxucularla görüşə gələn bugünkü müsahibimız Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru, AMİP-in sabiq sədr müavini, I çağırış Azərbaycan Milli Məclisinin deputatı, professor Nazim İmanovdur.

- Dünyamızın bu narahat vaxtında Nazim İmanovun əhvalını bilmək istərdim...

- Allaha şükür yaxşıyam. Hərçənd ki, dilimizdə "necəsən" sualının "yaxşıyam" cavabı yox kimidir. Biri "babat" deyir, biri "belə də". Biri "ortabab" cavabını verir, o biri "buna da şükür" deyir. Ümumən bu, mental bir məsələdir. Azərbaycanlılar adətən öz vəziyyətini olduğundan daha zəif təsvir edirlər.

- Keçək sizə...

- Sadə bir ailədə anadan olmuşam. Atam iqtisadçı idi, anam filologiya elmləri namizədi. Hər ikisi dərs deyirdi, öz yazı-pozusunda idi. Gözümüzü açandan dəftər-kitab əhatəsində böyümüşük. 20 saylı məktəbi bitirmişəm və onu da deyim ki, çox maraqlı bir sinfimiz olub. Afaq Bəşirqızı, Etibar Məmmədov, mərhum  Mehdi Hüseynovla bir sinifdə oxumuşuq. Məktəb dövrünü bir zövqlə xatırlayıram. Tələbəlik illərimdən daha çox razıyam. O zaman Xalq Təsərrüfatı İnstitutu adı ilə tanınan indiki İqtisad Universitetində Marks təqaüdü ilə oxuyurdum və oranı fərqlənmə diploma ilə bitirmişəm. Tələbə olduğum dövrdə cəmi beş il fəaliyyət göstərən bir ixtisas oldu - siyasi iqtisad. İndiki anlayışla -  iqtisadiyyat nəzəriyyəsi. Bizi həm iqtisadçı, həm də ali məktəblər üçün siyasi iqtisad müəllim kimi hazırlayırdılar. Bizə müəllimlərin də münasibəti fərqli idi. Bir növ "seçilmişlər" kimi idik və bununla öyünürdük də. Çox hazırlıqlı qrupumuz vardı, üstəlik, birincilik uğrunda ciddi rəqabət gedirdi tələbələr arasında. İndi o illər çox arxada qalıb, amma əlaqələrimiz, bir çoxları ilə dostluğumuz hələ də davam edir. Ümumiyyətlə, mən bu günə qədər yaşadıqlarımın hamısından çox razıyam, bir tək sovet quruluşundan savayı.

 - Həm də atanızın yolunu davam etdirdiniz...

- Əslində marağım fizikaya idi. Məktəbin yuxarı siniflərində oxuyanda bir gün atam soruşdu ki, niyə fizika? Dedim çünki  maraqlıdır. Dedi ki, iqtisadiyyat ondan da maraqlıdır. Və beləcə söhbətlərimiz başladı, get-gedə iqtisadiyyata maraq yarandı. Əlimə keçən kitabları oxuduqca gördüm ki, iqtisadiyyat əvvəli və sonu olmayan, nəhəng bir elm sahəsidir. Beləliklə də, iqtisadiyyatı öyrənməyə qərar verdim. Və hələ də öyrənməyə davam edirəm. Çox illər sonra başa düşdüm ki, əslində maraqlı olmayan elm yoxdur - astronomiya folklorşünaslıq qədər, dilçilik mikrobiologiya qədər, kimya idarəetmə sistemləri qədər maraqlıdır. Hə, bir də bunların hamısının iqtisadiyyatı var.

- Azərbaycan iqtisadiyyatına sizin nəzər nöqtənizlə baxaq...

- Məni qane edən və etməyən tərəflər var təbii ki. Bizim sırf iqtisadi nəticəmiz odur ki, Azərbaycan dövlət olaraq iqtisadi cəhədən heç kəsdən asılı deyil. Bilirsiz, iqtisadi suverenliyin də ölçüsü var. Misal üçün onu xarici borcun ümumi daxili məhsula və ixraca nisbətilə ölçürlər. Bizim xarici borcumuz çox azdı, beynəlxalq rezervlərimiz böyükdür. İmkanımız var ki, aldığımız Qarabağı öz gücümüzlə bərpa edək. Böyük infrastruktur layihələri əsasən bitirmişik. Bircə nümunə çəkim. Sovet vaxtı indiki Hüseyn Cavid prospektində yaşayırdıq və ilin yarısını evə vedrə ilə su daşıyardıq. Hələ onu da tapmaq lazım idi. İki-üç gündən bir qısa müddətə su gəlirdi - qapqara.  Qab-qacağa yığıb gözləyərdilər ki, su çöksün və üç-dörd dəfə qaynadılandan sonra istifadə edərdilər. Bəlkə cavanlar deyəcək ki, bu, bir nağıldır. Əslində onları qınamalı da deyil, kranı açan kimi dumduru su gəlir, əksəriyyətin isə gecə-gündüz isti suyu da var. Qəribə qurulub yaddaş, zaman keçdikcə pisi silib yaxşını saxlayır. Ona görə də insanlar köhnə dövranı intizarla xatırlayır. O zamanın yeganə üstünlüyü onda idi ki, gənc idik, qanımız qaynayırdı, həyat hələ qarşıda idi. İndisə biz  iqtisadi cəhətdən qat-qat daha mükəmməl və mütərəqqi quruluşda yaşayırıq. Keçək qane etməyən tərəfə. Neft və qaz bizim üçün nə qədər önəmli olsa da, iqtisadiyyatımız bu resurslardan hədsiz dərəcədə asılıdır. Qeyri-neft sektorunun inkişafı ölkəmiz üçün sözsüz prioritetdir. Burda yeni heç nə yoxdur, çünki bunu hökumət də, iqtisadçılar da yaxşı bilir, dövlət də bu sahədə ciddi işlər görməyə çalışır. Gedəcəyimiz yol hələ uzundur. Əlbəttə, narazı olduğum bəzi məsələlər də var ki, bunlardan danışıb oxucuların qanıını qaraltmaq istəmirəm. Lakin ayyarıma ölkənin beşdən birini azad edən, Qarabağı işğaldan qurtaran, indi də onu öz gücünə, kənardan heç bir kömək almadan ən yüksək səviyyədə yenidən tikib-quran bir millətin öhdəsindən gələ bilməyəcəyi çətinlik yoxdur. Əminəm ki, sabahımız bu günümüzdən daha yaxşı olacaq.

- İqtisadi gücə əsaslanaraq Azərbaycanın beynəlxalq aləmdə siyasi sözündən danışaq...

- Azərbaycanın bugünkü beynəlxalq nüfuzu 10-20 il əvvəlki ilə müqayisədə şübhəsiz ki, daha yüksəkdir. İqtisadi təminat baxımından siyasi nüfuzumuz neft və qaz sayəsindədir. "Neft diplomatiyası" elə-belədən deyilmir ki. Ukrayna hadisələrlə bağlı Avropanın bizim neftə,  xüsusən qaza ehtiyacı artmaqdadır. Yaxın 4-5 il ərzində Azərbaycan qaz ixracını iki dəfə artırmağı planlaşdırır. Və bu gün tək özünün deyil, başqa ölkələrin də qazını ixrac etmək yolundadır. Bunlar çox ciddi, böyük məsələlərdir. İndi bütün dünya gözəl bilir ki, Azərbaycan iqtisadi cəhətdən özünəyetər ölkədir və bu, dövlətimizə hörmət gətirir. Qarabağın bərpasına xaricdən aldığımız yeganə iqtisadi dəstək ikicə məktəbdir. Bir az da ərazilərin minadan təmizlənməsi üçün kömək almışıq, vəssalam. Yəni biz hətta belə belə nəhəng yenidənqurmada köməksiz keçinə bilirik. Hərçənd ki, xarici investisiyalara böyük ehtiyacımız var. Unutmaq lazım deyil ki, xarici investisiyalar sadəcə pul deyil. Bundan ziyadə, bilikdir, ekspertizadır, mütəxəssislərdir, qabaqcıl texnologiyalardır və innovasiyalardır. İnnovativ məhsul və xidmət istehsalının və xidmət istehsalının, ixracının genişləndirilməsi, sahibkarlarımızın buna təşviq edilməsi yaxın onilliyin bəlkə də, ən vacib iqtisadi hədəfi olmalıdır.

- Hamı bir ağızdan deyir ki, bizdə yerin altı da-üstü də sərvətdir. Amma kasıb da var, işsiz də...

- Yerin altı-üstü nə qədər vacib olsa da, müasir dünyada əsas sərvət onlar deyil. Əsas sərvət insanlardır, onların biliyi, bacarığı, intellekti, kəşfləri, mədəniyəti - sərvət budur. Biz burada da "varlıyıq", çünki azərbaycanlılar istedadlı və olduqca zəhmətkeşdirlər. Əlbəttə, tənbəllərimiz də yox deyil, amma ümumən az millət var ki, azərbaycanlılar qədər zəhmətkeş ola. Düşünün ki, bir  taksi sürücüsü ailəsinə çörək aparmaq naminə 24 saat işləməyə, maşında yatmağa belə hazırdır. Belə zəhmətkeşlik hər millətdə ola bilməz.

- Yerində olan məmurlardan danışaq...

- Məmurların "yerində olması" o anlama gəlir ki, hər bir  məmur öz işinin öhdəsindən yüksək səviyyədə gəlir. Dünyanın heç bir nöqtəsində belə olmur axı... Yaxşı, yəni peşəkar, işini bilən və görən, əli-ayağı düz məmur təbəqəsi yetişdirmək uzun və çətin prosesdir, onillərlə vaxt istəyir. Pisi deyəndə, yaxşını da görmək lazımdır. Məmurlar bizim nailiyyətlərimizdən biridir və təəssüf ki, bundan danışan yoxdur. Deyilən odur ki, məmurlar çapır, talayır, biri həbs olunan kimi uzun siyahıdan ibarət varidatı çıxır ortaya və biz də oxuyub "xoşhal" oluruq ki, nə yaxşı bizim belə imkanlılarımız var. Belə hallar təəssüf ki, hələ çoxdur. Amma yaxşı, yüksək səviyyəli məmurlarımız da var və xoşbəxtlikdən onların da sayı artmaqdadır. Bir diplomat məmurun hazırlanmasına 20-30 il vaxt lazımdır və indi bizim dünyanın ən yüksək standartları səviyyəsində olan diplomatlarımız var. Mən onlarla iqtisadiyyatla məşğul olan savadlı, qabiliyyətli  məmur tanıyıram. Onlar ölkəmiz üçün, bizim üçün çalışırlar və kim nə deyir-desin, onlar da bizim sərvətimizdir.

- Təhsil sahəsinə yaxşı bələdsiz, kifayət qədər də təcrübəniz var. Müstəqillik dövründə ödənişli təhsil adlı bir sistem yarandı...

- 80-ci illərin sonlarında mən də daxil olmaqla bir çox adamlar inqilabi romantizmə "yoluxmuşdu". Məsələn, mən düşünürdüm ki, özəlləşmə əksər məsələlərin, o cümlədən, təhsil problemlərinin dərhal həlli deməkdir. Təsəvvürüm belə idi ki, birisi pul qazanmaq üçün universitet açacaq. Bu zaman düşünəcək ki, tələbələrə nə qədər axşı təhsil, təlim versəm və savadlı müəllim cəlb etsəm, universitetə bir o qədər çox tələbə axını olacaq, təbii ki, qazanc da çox olacaq. Özəl təhsil yaranandan bir müddət sonra əksəriyyət kimi mən də anladım ki, fikirlərimdə çox yanılırmışam. Çünki bizim bir sıra özəl təhsil müəssisələri diplom satan "mağazalar"a çevrildi. Bir çox hallarda  dövlət təhsil müəssisələri eyni ixtisas üzrə  özəl universitetlərə nisbətən daha yüksək hazırlıqlı mütəxəssis yetişdirdi. Və məlum oldu ki, özəl mülkiyyət, özəl təhsil nə qədər vacib olsa da, bütün dərdlərin dərmanı deyil. Təhsilin tənzimlənməsi elə qurulmalıdır ki, mühit dəyişə bilsin. Təhsil çox ətalətli və islaha "çətin gələn" bir sahədir. İndiki düşüncəmə görə, bu sahəni irəli aparmağın yolu öncül "təhsil adaları" aparmaqdan keçir. Amma bu məsələdə mən  azərbaycanlıların yenə də mental üstünlüyünü xüsusi vurğulamaq istəyirəm. Azərbaycanlı öz təhsil səviyyəsindən asılı olmayaraq, çalışır ki, övladına mütləq yaxşı təhsil versin. Ən kasıbı belə, borc-xərc hesabına uşağını oxutdurmağa çalışır, özü də üstünlüyü xarici universitetlərə verir. Bir pis tərəfi odur ki, vətəndaşın öz ölkəsindəki təhsilə etibarı aşağıdır. Amma yaxşı tərəfi odur ki, insanlar övladlarına yaxşı təhsil vermək üçün hər şeyə razıdır. Bu da gələcək üçün olduqca vacib amildir.

- Oturduğunuz bu divarların arxasında yetişən sabahın  alimləri...

- Çətinliklə də olsa, o alimlər yetişir.

- Qəribə səsləndi... Çətinliklə...

- Çətinliklə ona görə ki, cəmiyyətin alimə verdiyi qiymət təkcə hörmətlə ölçülmür. Bu var. Dəfələrlə müşahidə etmişəm ki, ictimai mövqeyindən, maddi rifahından  asılı olmayaraq, əksər insanlarımız əsl alimlərə çox böyük hörmətlə yanaşır. Amma bu, bəs eləmir. Alimə həm də maddi dəyər verilməlidir. Bax, burda problemimiz çox ciddidir. Bu gün alimin aldığı əmək haqqı çox utancvericidir. Ona görə də istedadlı gənclər elmə çətinliklə gəlirlər. "Bu divarların arxasında" dediniz. Biz İqtisadiyyat İnstitutuyuq,  İqtisadçılara da bu gün bütün sahələrdə ehtiyac var və hamı da savadlı kadr üçün yüksək məvacibi əsirgəmir. Odur ki, bu divarlar arxasında yetişənlər bir çoxu ən nəhayətdə ailəsinin naminə ona edilən təklifi qəbul etmək məcburiyyətindədir və buna görə onu qınamaq olmaz. Amma xoşbəxtlikdən elmin fanatı olanlar da var. Başqa institutlardan fərqli olaraq bizdə orta yaş səviyyəsi aşağıdır. Otuza yaxın gənc əməkdaşımız var və onları tək-tək axtarıb yığmışıq. Dözüb qalsalar, çoxunun elmdə böyük gələcəyi var. Amma əgər həmin gənclərdən biri göz yaşı içində gəlib deyirsə ki, mən getmək istəmirəm, lakin ailəmi dolandırmaq üçün maddi durumum yetərli deyil və digər yerdən təklif almışam, mənim  ona qal deməyə dilim çönmür. Nə yaxşı ki, institutda sabahına inamımız olan olan gənclər hələ də var.  

- Qayıdaq 1988-ci ilə. Başlanğıcda hamı ilə birlikdə idiz, sonra isə AMİP adlı partiyaya qatıldız...

- Bayaq qeyd etdik ki, cəmiyyət bir sahədir və yalnız ekstremal hadisələr zamanı, millətin taleyi həll olunanda, tam birləşə bilir. 1988 o cür bir il idi. Öz normal halında isə cəmiyyət müxtəlif qruplara, təşkilatlara bölünür. Bu, "parçalanma"deyil, ictimai həyatın tamamilə normal axarıdır.

- Və siz də yeni yaranan AMİP-ə qoşulduz...

- Mən onsuz da hansısa bir siyasi fəaliyyətlə məşğul olacaqdım. Bunun səbəblərini qoyuram kənara. O zaman bir neçə təşkilatlardan təkliflər də almışdım. Əlbəttə ki, Etibar bəylə bir yerdə olmaq mənə daha rahat idi, çünki uşaqlıqdan bir-birimizi tanıyırdıq.

- Azərbaycan Milli İstiqlal Partiyası nə istəyirdi?

- Adında yazılanı. Əsas hədəf - Azərbaycanın formal və real müstəqilliyinə nail olmaq idi. Müstəqillik dövründə xalqa daha yüksək rifah, daha azad və firavan həyat vəd edirdi. Lakin vədinə əməl edə bilib-bilməyəcəyini yoxlamaq üçün hakimiyyətə gəlmək lazım idi, bu da ki alınmadı.

Ümumiyyətlə, dünyadakı bütün siyasi təşkilatlar xalqa eyni şey vəd edir - daha azad və varlı həyat. Ona görə bəzən deyirlər ki, əgər hamı eyni məqsəd güdürsə, onda çoxpartiyalılıq nəyə lazımdır? İş ondadır ki, daha azad və varlı həyata aparan yolları partiyalar müxtəlif cür, bəzənsə diametral əks istiqamətlərdə görür. Sxematik desəm, bəziləri inkişafın yolunu dövlətin iqtisadiyyata, ictimai həyata daha fəal müdaxiləsində, digərləri isə, əksinə, bu müdaxilənin az olmasında görür. Birincilərə solçular, ikincilərə sağçılar deyirlər. AMİP o zaman sağçı partiya idi.

- Bəs indi?

- Doğrusu, indisini bilmirəm. Mən partiyadan və ümumiyyətlə siyasi fəaliyyətdən 2003-cü ildə ayrılmışam. Ta Vətən müharibəsinə qədər heç mətbuatda da görünməmişəm. Baxmayaraq ki, aramızdakı səmimi ünsiyyətə, xətir-hörmətə görə mətbuatdakı, televiziyalardakı dostlar dəvətlərini, sağ olsunlar, heç vaxt kəm etməyiblər. 17 il susandan sonra indi təzədən o partiya haqqında danışmağım düzgün olmaz.

- 1995-2000-ci illərdə millət vəkili olduz. Həmin dövrdə bir şey edə bildiniz?

- Əlbəttə. Əlimlə 12 qanun layihəsi yazdım. O zaman müxalifətçi olmağıma baxmayaraq, onların ikisi, az qala olduğu kimi qəbul edildi. Sayını bilmədiyim qədər qanunların mətninə sayını bilmədiyim qədər təkliflər verdim və onların da böyük hissəsi qəbul edildi. Bilirsiz, insan bilirsə ki, ölkəni idarə edən qanunların mətnində onun qələmindən çıxan bir cümlə var, bu, qürur gətirən bir haldır. Milli Məclisdə olduğum o beş illə həqiqi mənada qürur duyuram və düşünürəm ki, kifayət qədər ciddi işlər görə bildik. Millət vəkilinin işi həyət-bacaya asfalt çəkdirib, camaata pul paylamaq deyil ki. Onun vəzifəsi seçiciləri və xalqı naminə, cəmiyyətə lazım olan, insanlara fayda gətirən qanunların qəbul edilməsinə nail olmaqdır.

- Həm siyasi, həm elmi fəaliyyətiniz Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edib. Hansısa bir şəraitdə yəqin ki, üz-üzə gəlmisiz...

- Bir neçə dəfə. Heydər Əliyev Azərbaycanın bu günə qədər malik olduğu ən nəhəng siyasətçidir. Müasir Azərbaycan məhz onun əsəridir. Bir də onun bir şah əsəri var, o da İlham Əliyevdir. Mən Prezidentimizi çoxdan tanıyıram, eyni vaxtda deputat olmuşuq. Təkamülünü izləmək imkanım olub. Məsuliyyətlə deyə bilərəm ki, bu gün o, 20 il əvvəlki İlham Əliyev deyil. Yetişmiş, püxtələşmiş, dünyanın bir çox siyasətçilərinin bacarmadığının öhdəsindən gələn, qurucu bir dövlət başçısı və maraqlı bir insandır. Siyasətdə çox şeylər nəticə ilə ölçülür. II Qarabağ savaşının gedişində və sonrasında açdığı bəzi mətləblər onun əvvəlki fəaliyyətinə də işıq salır. O, xüsusi vurğuladı ki, bütün prezidentliyi dövründə Qarabağın işğaldan azad olunmasına hazırlaşıb, bütün fəaliyyətini bu yöndə qurub və qəbul etdiyi bütün qərarlara bu bucaq altında baxıb. Açığı, illərlə içimdə bir nigarançılıq var idi ki, ermənilərin Qarabağdakı həyasızlıqlarına, bizi aşağılamaqlarına dövlət səviyyəsində niyə reaksiya verilmir. Prezidentin müharibə dövründəki çıxışlarından anladım ki, o da bunun həyəcanını yaşayırmış və onu həm də bir vətəndaş kimi kəşf etdim. Qısası budur ki, mən Prezidentimizlə fəxr edirəm.

- Heydər Əliyev və müxalifət...

- Normal halda heç bir hakimiyyət müxalifəti xoşlamır, müxalifət də hakimiyyəti. Amma dövlət başçısı adi siyasətçi deyil. O, daha uzağı görməyi bacarmalıdır. Mənim müşahidələrimə görə, Heydər Əliyev müxalifətə müəyyən dərəcədə qayğı ilə yanaşırdı, onun "kökünü kəsməyə" çalışmırdı. Bunu büruzə verməsə də, müxalifəti dinləyirdi. Özümə aid bir misal çəkim. 90-cı illərin ortalarında Azərbaycanda özəlləşmə proqramı müzakirə olunurdu. Mən siyasətlə məşğul olmaqla yanaşı, həm də elmlər doktoru və BSİPİ-nin elmi işlər üzrə prorektoru idim. Bir gün dedilər ki, dövlət başçısı özəlləşmə proqramını Milli Məclisə göndərməzdən əvvəl Prezident Aparatında onun müzakirəsini keçirəcək və sən də dəvətlisən. Gəlib arxada bir yer tapıb oturdum. Çıxışlar başladı. Səslənən bəzi fikirlərdən narazı qaldığım üçün qonşumdan bir kağız alıb yazdım ki, xahiş edirəm mənə söz verəsiniz. Altından da adımı yazdım. Kağız əldən ələ ötürülərək Heydər Əliyevə çatan kimi, heç gözləmədiyim halda, məni dərhal, yəni danışan sözünü bitirən kimi çıxışa dəvət elədi. Narazılıqlarımı sərt bir şəkildə səsləndirməyə başladım. Çıxışın ortasında zaldan mənə irad bldirən oldu, mən də ona cavab verdim. Sonra bir irad da gəldi, onu da cavablandırdım. Və sanki mənimlə iştirakçılar arasında bir diskussiya yarandı. Heydər Əliyev əlini üzünə dayaq verib necə oturmuşdusa, həmin vəziyyətdə, sakit-sakit əvvəlcə irad bildirənlərə, onlara cavab verəndə isə çevrilib mənə baxdı. Sona qədər hamını dinlədi. Heydər Əliyevin səbirlə dinləmək məharəti var idi. Və üstəlik, hər çıxışın içindəki "toxumu tapıb sonra onu cücərtməyi bacarırdı". Ölkənin, xalqın maraqlarına tuş gələn fikri müxalifətçi söyləmiş olsa belə, Heydər Əliyev onu diqqətə alırdı.

- Bəzən bu günün gənclərindən narazılıq edirlər...

- Həmişə belə olub. Antik dövrdən bəri deyirlər ki, bəs bizim dövrümüz yaxşı idi, əşi, o vaxt böyük-kiçik var idi, xətir-hörmət var idi, yoxsa indikilər?.. Hər nəsil özünü yeni nəsillə müqayisədə daha mükəmməl görür. Lakin düzü budur ki, bu günün gəncliyi bir çox göstəricilərinə görə bizdən üstündür. Əvvəla, o, tam azaddır. İkincisi, daha savadlıdır. Biz öz savadımızı öyürük, lakin fərqində deyilik ki, indiki gənclərin biliyə, savada gözü daha açıqdır. Bizim vaxtımızda iqtisadçı bir çıxışında Marksdan bir-iki sitat gətirib səhifəsini də desəydi, deyərdilər "pah atonnan, kişi savadlıdır da!" Amma indiki gənc iqtisadçılar üçün Marks, dəyərli olsa da, dünyadakı iqtisadçılardan yalnızca biridir. Bizim nəslin dünyanı görmək imkanı yox idi. Bu günün gənci nəinki gəzir, gedib dünyanın istənilən nöqtəsində təhsil alır, işləyir və yaşaya da bilir. Hətta orada qalmağının da müsbət tərəfi var. Ölkəmizin yeni bir diasporu yaranmaqdadır. Həmin gənc günlərin birində elə bir vəzifəyə sahib olacaq ki, Azərbaycan üçün onun edə biləcəyini biz burdan edə bilməyəcəyik. Yetər ki, milli kimliyini unutmasın. Bir iş pisdir ki, hamısı qara geyinir (gülür). Mən gəncləri küçələrimizdə daha rəngbərəng görmək istərdim. Həyatın inkişaf yolu sadədən mürəkkəbə, təkrənglilikdən rəngarəngliyədir.

- Bir az da ordan-burdan danışaq...

- İnsanın həyatda qazandığı ilə itirdiyinin yüngülü-ağırı olmur. Hərəsinin öz çəkisi var. Ailəmdən, övladımdan son dərəcə razıyam. Vətənpərvərdirlər, savadlı-biliklidirlər. Burda da oxuyublar, xaricdə də təhsil alıblar. Diplomlarını alan kimi vətənə qayıdıblar, "Azərbaycanı istəyirəm" deyiblər. Çox uğurla da çalışırlar. Gəlinlərim mənə qızdan da artıqdır, nəvələrim də bir ayrı dünyadır. Geriyə boylananda heyifsiləndiyim çox şey var. Yazmaq istəyib yazmadıqlarım var, boşuna itirdiyim vaxt olub. Bəzən mənasız ünsiyyətə vaxt sətf etmişəm.

...Bir də insan, ömrünün bir vədəsində anlayır ki, o da hamıdan biridir, heç kimdən nə artıqdır, nə əskik. Mən o nöqtəyə otuzlarımın axırında çatmışam, kaş bir az da tez çataydım. Ömrümün nə çağında yaşamaq istəyərdim? İndisində! Gəncliyim nə qədər ləzzətli və uğurlu keçsə də, sovet quruluşunda yaşamaq istəməzdim. Torpaqlarımızın işğal altında olduğu dövrü də istəməzdim. Elə ömrümün indiki çağında olmaq istərdim.

- Çox maraqlı, yumor hissini gizlətməyən bir müsahiblə həmsöhbət oldum. Onu da eşitmişəm ki, dost məclisində yaxşı tamadalığınız da var...

- "Yaxşı" deməzdim, amma hərdən məcbur edirlər. Bayaqdan söhbət edə-edə gələn zəngləri özünüz eşidirdiz. Dost zəngləridir hamısı, müsahibəni bitirən kimi əlaqə saxlayacam. Sonuncu zəng şair Ramiz Rövşəndən idi. "Yumor" dediyinizi yəqin ki, ixtisar edəcəksiniz. Danışıqdakı yumoru yazıya çevirmək asan deyil ki!

- Mətbuata da sözünüz var yəqin ki..

- Söz deyəndə ki, xahişim var - qələbə coşqusunu sönməyə qoymayın. Bütün müharibələr bitəndən sonra əgər məğlubiyyət varsa, onun ağrı-acısı korşalır. Əgər qələbə çalmısansa, onun coşqusu da azalır. Bizim qələbə coşqumuz hələ də mənim içimdədir və heç azalmayıb. Bunun hər bir azərbaycanlıda olmasını istəyirəm. Bu hissi insanlarda qoruyub saxlamaq ciddi şəkildə mətbuatdan və sizlərdən asılıdır. Çalışaq bu coşqunu sönməyə qoymayaq!

 

Tamilla M-zadə

525-ci qəzet.- 2023.- 4 fevral.- S.14-15.