Cənub həsrətli şeirlər  

 

Vətən

 

Arada ayrılıq, iki yüz ildi,

Qardaşın-qardaşdan əli üzüldü.

Hicran göz yaşına dönüb süzüldü,

İradə, mətanət, dözümsən, Vətən!

 

 

Sərhəd məftilindən tikandı yaxan

Sinəmdə qıvrılıb Arazsan axan.

Bu taydan o taya həsrətlə baxan,

Vüsalın gözləyən gözümsən, Vətən!

 

 

Ömürtək əriyən yolumda şamsan,

Muraza can atan arzusan, kamsan,

Nağıllı gecəsən, qərib axşamsan,

Mən sənin, sən mənim özümsən, Vətən!

 

 

 

Araz

 

 

Arazım bir anadır,

O sahildə balası

Arazım bir anadır,

Bu sahildə balası.

 

 

Arazım bir anadır,

Dərdimizə qalası.

Arazım bir anadır,

Bölünübdür laylası.

 

 

Arazım bir anadır,

Dərdə dözür lal dayanır.

Arazım bir anadır,

Baxışında sual yanır.

 

 

 

Arazın üstə

 

 

Sahilinə çıxan kim,

Həsrəti ilə baxan kim,

Göy suyunda axan kim,

Gülüm, Arazın üstə.

 

 

Üzünə ələk salıb,

Durnalar lələk salıb,

Düyünü fələk salıb,

Elim, Arazın üstə.

 

 

Suyu alov dilimi,

Yandıracaq əlimi.

Axan alın tərimi,

Silim  Arazın üstə.

 

 

Ocaq mənimdir deyə

Külək alıb yedəyə.

Sovrulsun qoy göyə

Külüm Arazın üstə.

 

 

Mənəm həsrət xəstəsi,

Əlimdə gül dəstəsi.

Eşidim qardaş səsi,

Gəlim Arazın üstə.

 

 

 

Vüsal həsrətim ahı,

Sinəmdir nişangahı.

Aydın açıb sabahı,

Ölüm Arazın üstə.

 

 

 

Araz adi çay deyil

 

 

Araz adi çay deyil

Onun bizə qəsdi ?

Niyə günahlar yıxır,

Çoxu onun üstünə.

 

 

 

Hər bir çaya tay deyil,

Araz sovqat, pay deyil,

Araz adi çay deyil,

Axır millət qanından.

 

 

Sakit dayanıb keçmək

Olmaz onun yanından.

Sıyrılıb qılınc kimi,

Araz çıxar qınından.

 

 

Sədd, sərhəd arasından

Sakitləşir, gürlaşır.

Şahə qalxan dalğalar,

Gör necə məğrurlaşır.

 

 

Sovuşmağa can atır,

Axır Kürlə birləşir.

Onun sinəsi üstə

Azərbaycan yerləşir!

 

 

 

Varıymış

 

 

 

Müəllimim dostum

Fərman Kərimzadənin ruhuna

 

 

 

Cəbrayıla onunla birlikdə gedib hər sübh çağı, qürub vaxtı Xudafərin körpüsünə baxardıq. Belə qərara gəldik ki, onun məşhur" Qızıl ağacdan asılmış beşik" əsərinin adını dəyişib  "Xudafərin körpüsü" qoyaq. Çünki Xudafərin körpüsündən böyük el, tarixi şəxsiyyətlər keçib.

 

 

 

Qara bulud yağış olub selləndi,

Çopur daşlar dağ döşündən helləndi.

Çeşmələrin zümrüd gözü lilləndi,

Xan Arazın bulanmağı varıymış.

 

 

Çinar töküb həsrətdən yarpağın

Canıdır su, qanıdır su torpağın.

İki yerə bölünən bu torpağın,

Göz yaşıyla sulanmağı varıymış.

 

 

Bu qalanın mamır basıb hörpüsün,

Keçə bilmədim Xudafərin körpüsün.

İtirmişik beldə kəmər törpüsün,

Baba yurdun talanmağı varıymış.

 

 

Həsrətimin Araz olan qolunun,

Ləkələyən Bakı-Təbriz yolunun,

Ortalıqda bitən tikan kolunun,

Boynumuza dolanmağı varıymış.

 

 

 

Neynirəm

 

Tək bir oğlum Fərmanın ruhuna

 

 

 

Yazılmadı həsrətimin cinahı

Yıxın qardaş üstümə hər günahı.

Sinəm gördü min sitəmi, min ahı,

Qəm yükünü daşımağı neynirəm?

 

 

Turac uçur, qirqovular kirimir,

Bu məftillər, bu dirəklər çürümür.

Sinəm yanır, hicran dağı ərimir

Belə sitəm, belə dağı neynirəm.

 

 

Şam düzəldin gözlərimin yağından,

Heydər baba gül dərmədim bağından.

Üzmədim mən şamamanı tağından

Mən saralıb-solmuş tağı neynirəm.

 

 

Şərbətini savalanda içməsəm,

Toy paltarın əllərimlə biçməsəm.

Oğlum üçün Təbrizli qız seçmişəm,

Mən bu toyu, bu növrağı neynirəm.

 

 

 

Keçir kəndimizdən

Təbriz qatarı

 

 

Elə bilirdim kəndimizdən keçən

bütün qatarlar Təbrizə gedir

 

 

Kimin dərdi var, bizimtək görən,

Bizim kədərimiz, qəhrimiz var.

Bağı- bağatıyla yuxuma girən

Təbriztək bir qərib şəhərimiz var.

 

 

Elə bil ömrümün dünəni yoxdur,

Gün keçir, il keçir eh, ömür yarı.

Vaqonlar boş gedir, minəni yoxdur,

Keçir kəndimizdən Təbriz qatarı.

 

 

Təbrizə qatarda gedən var, susun

Vaqonu bələdçi yoxlaya bilmir.

Vaqon bələdçisi Vətən arzusun,

Daşıyan qatarı saxlaya bilmir.

 

 

Getdiyi yollardan duman, çən keçir,

O taydan boylanır, neçə dağ, dərə.

Keçir kəndimizin içindən keçir,

Nəfəs dərə-dərə, fit verə-verə.

 

 

Dünyanı dolanır,  dəmir yolları,

Uzatsaq Təbrizə çatar qolumuz.

Görəsən bağlıdır, bağlıdır niyə,

Bakıdan Təbrizə gedən yolumuz.

 

 

Gedənlər boylanır, pəncərələrdən

Gedənlər gecəni, gündüzü yatmır.

İlahi bilmirəm bəs niyə, nədən

Bu qatar sonuncu mənzilə çatmır?

 

Bəhram FƏRMANZADƏ

525-ci qəzet.- 2023.- 7 fevral.- S.15.