Qılınc və qələm
bahadırı
BABUR - 540
Zəhirəddin Məhəmməd Babur türk tarixinin ən
nadir şəxsiyyətlərindən biridir. Onun cülus zamanı, yəni
taxta çıxdığı vaxt aldığı titul belədir:
əs-sultan ül-əzəm vəl-xaqan ül-mükərrəm,
yəni böyük sultan və ulu xaqan. Türk tarixində həm
hökmdar, həm də şair olan insanlar az
deyil. Onlara misal olaraq Azərbaycanda Şah İsmayıl Xətayini
və Cahan şah Həqiqini, Özbəkistanda Şeybani
xanı və Hüseyn Bayqaranı, Türkiyədə Sultan Səlimi
və Qanuni Sultan Süleymanı göstərə bilərik.
Baburun onlardan fərqli cəhətləri də var: o həm
hökmdar, həm də şairdir, üstəlik, istedadlı
nasir və mahir tərcüməçidir, geniş bilikli
tarixçi və coğrafiyaçıdır, ensiklopedik zəka
sahibidir, müxtəlif sahələrə dair dərin məzmunlu
risalələr müəllifidir.
Babur 14 fevral 1483-cü ildə Özbəkistanın
Əndican şəhərində doğulmuşdur. Onun atası, Fərqanənin
və ətraf vilayətlərin hakimi Ömər Şeyx Mirzə
şəcərə etibarilə Əmir Teymurun
üçüncü oğlu Miranşahın nəticəsi,
anası Qutlu(ğ) Nigar xanım isə Çingiz xanın on
dördüncü nəsildən törəməsi idi. Dövlət idarəçiliyini öyrənməsi
üçün atası Baburu hələ on yaşında ikən
Əndicana vali təyin etmişdir. Çox
keçmədən Ömər Şeyx Mirzə bir qəza nəticəsində
həlak olmuş, Babur 1494-cü ildə 12 yaşında Fərqanə
taxtına çıxmışdır. Bu vaxt Səmərqənd
hakimi olan əmisi Sultan Əhməd ilə Daşkənd hakimi
olan dayısı Məhəmməd Fərqanəyə qoşun
çəkmişlər. Onlar
"torpağı başsız qoymamaq" bəhanəsi ilə
buraları işğal etmək istəmişlər. Baburun atasının sərkərdələri buna
qarşı çıxaraq "Onsuz da buraya kimisə
başçı təyin edəcəksiniz, deyilmi? Hazır belə bir başçı var. Birinizin
qardaşı oğlu, digərinizin bacısı oğlu Babur
var". Beləliklə, Babur
hücumları dəf edə bilmiş, taxt-tacını
qorumuşdur.
Bundan bir
neçə il sonra Şeybani xan Orta
Asiyada siyasət səhnəsinə
çıxmışdır. O, Çingiz xan nəslindən
olmaqla bərabər Əmir Teymura da qohumluğu
çatırdı. Üstəlik, Baburun
böyük bacısı Xanzadə bəyim və bir
xalası onun arvadı idi. Şeybani xan
Əmir Teymurun varisləri, o cümlədən, Baburla hakimiyyət
uğrunda çarpışmağa başlamışdır.
Babur 1497-ci, 1501-ci və 1503-cü illərdə
onunla vuruşmuş, lakin hər dəfə məğlubiyyətə
uğramışdır. Şeybani xan Səmərqənddən
sonra teymurilərin önəmli şəhərləri olan
Buxaranı və Heratı da ələ keçirmişdir.
Babur onun önündən qaçaraq məcburən
Pamir dağları istiqamətində geri çəkilmiş,
Hindiquş dağlarını keçərək Kabilə
daxil olmuş və burada özünü şah elan
etmişdir.
Şeybani xan teymurilərlə olduğu kimi səfəvilərlə
də savaş halında idi. 1510-cu ildə baş
verən Mərv döyüşündə o, Şah
İsmayıla məğlub olmuş və
öldürülmüşdür. Babur səfəvilərin
hərbi dəstəyi ilə 1512-13-cü illərdə
Buxaranı və Səmərqəndi yenidən öz
torpaqlarına qatmışdır. Lakin 1514-cü ildə
səfəvilərlə osmanlılar çaldıran meydan
müharibəsində üz-üzə gəlmiş, Şah
İsmayıl Sultan
Səlimə məğlub olmuşdur. Bundan sonra səfəvilərdən heç bir
kömək ala bilməyən Babur özbəklərin
amansız hücumları qarşısında geri çəkilmək
məcburiyyətində qalmışdır. İlk baxışda Babur acınacaqlı vəziyyətə
düşsə də bu, yeni və qüdrətli bir
imperiyanın meydana gəlməsinin başlanğıcı
idi.
Babur 1518-ci ildə Əfqanıstanı və
Hindistanın Sind bölgəsini ələ
keçirmişdir. Bir neçə il davam edən
aramsız savaşlardan sonra Pişəvəri və Pəncabı
zəbt etmişdir. 21 aprel 1526-cı ildə isə Hindistan
uğrunda həlledici savaşa girişmiş, Panipat döyüşündə
Dehli sultanı İbrahim Ludinin 100 min nəfərlik ordusunu 15
minlik qoşunu ilə məğlub edərək rəqibini
öldürmüş, Dehlini, Aqranı və başqa şəhərləri
tutmuş, özünü Hindistanın hakimi elan etmişdir. Babur 15 fevral 1527-ci ildə Rana Saqanın
başçılıq etdiyi hind ordusu ilə vuruşmuş,
müsəlman olmayan düşməni yendiyi üçün
Qazi titulunu almışdır. Beləliklə,
Benqaliyaya qədər bütün Şimali Hindistanda
özünün imperiyasını qurmuş, paytaxt olaraq
Aqranı seçmişdir.
Babur 26 dekabr 1530-cu ildə Aqrada ömrünün ən
parlaq çağında 47 yaşında vəfat etmişdir. Qızı Gülbədən
bəyim atasından sonra taxta keçən böyük
qardaşı Hümayuna həsr etdiyi "Hümayunnamə"
adlı kitabında Baburun həyatının son günlərini
bütün təfsilatı ilə qələmə
almışdır. Onun yazdığına
görə, sevimli oğlu və vəliəhdi şahzadə
Hümayunun çox ağır şəkildə xəstələnməsi
Baburu dərindən sarsıtmışdır. O,
xüsusi bir ayinə əməl edərək oğlunun
yatağı başına üç dəfə
dolanmış, Hümayunun xəstəliyini öz üzərinə
götürdüyünü bildirmiş, bunu gerçəkləşdirməyi
sidq-ürəklə Allahdan niyaz etmişdir. Tezliklə
Hümayunun vəziyyəti yaxşılaşmış və
o, tamamilə sağalmışdır. Əvəzində
Baburun səhhəti getdikcə pisləşmişdir. Bu
dünyadan köçəcəyini anlayan Babur
övladlarını (oğulları Hümayun, Kamran, Əskər
və Hindal mirzələri, qızları Gülrəng,
Gülçöhrə və Gülbədən bəyimləri),
bəylərini və sərkərdələrini yanına
çağırmışdır. Hamının
hüzurunda Hümayunu padşah təyin etmiş, elə həmin
gün əbədiyyətə qovuşmuşdur. Aqrada dəfn olunmuş, vəsiyyətinə
uyğun olaraq qəbri 1539-cu ildə Kabilə
köçürülmüşdür. 1646-cı
ildə nəvələrindən Cahan şah (Tac Mahalı
tikdirən) onun Baği-Babur adlı bağda yerləşən
qəbri üzərində gözəl bir türbə
ucaltmışdır. 1842-ci ildə baş
verən zəlzələdə zərər görən
türbədə bərpa işləri
aparılmışdır.
Baburun
qurduğu dövlət və baburilər xanədanı 332 il öz varlığını davam etdirə
bilmişdir. Qərb ölkələrində
Baburun möhtəşəm dövlətini bilərəkdən
Böyük moğol imperiyası adlandırırlar. Anasının monqollarla qohumluğuna görə onun
türk mənşəyinin üstündən sükutla
keçirlər. Halbuki Babur
çağatayca, yəni türkcə yazmışdır.
O, poeziyada Əlişir Nəvayidən sonra ikinci ən uca zirvə,
nəsr sahəsində isə birinci, fəth olunmamış
zirvə sayılır. Babur bütün
qanı, canı, dili və xarakteri ilə türkdür, həmişə
də bununla fəxr etmişdir.
İngilislər 1858-ci ildə baburilər səltənətinə
son qoymuş, Hindistanı rəsmən İngiltərənin
müstəmləkəsi, 1877-ci ildə isə Viktoriyanı
Hindistanın kraliçəsi elan etmişlər. Babur irsinə
sahib çıxan dövlətlər arasında Hindistan,
Pakistan, İran, özbəkistan, Qazaxıstan, Türkmənistan
və Qırğızıstan kimi ölkələr
vardır. Böyük siyasi xadim Cəvahirləl Nehru
ünlü şair və hökmdar Baburun fəaliyyətinə
yüksək qiymət verərək yazmışdır:
"Baburun Hindistana gəlməsi ilə böyük tərəqqi
yarandı, yeni stimullar həyata, incəsənətə və
memarlığa nəfəs verdi, mədəniyyətin
digər sahələri isə qarşılıqlı təmasa
keçdi. Babur valehedici şəxsiyyət idi,
İntibah dövrünün tipik hökmdarı, cəsur,
bacarıqlı insan idi, o, incəsənəti, ədəbiyyatı
sevirdi, həyatdan zövq almağı
xoşlayırdı".
Bu fikri elə
həmin dövrlərdə Orta Asiyada və Hindistanda qələmə
alınmış "Tarixi-Rəşidi",
"Hümayunnamə", "Tarixi-Hümayun şah",
"Əkbərnamə", "Təbəqəti-Əkbəri",
"Tarixi-Fəriştə", "Cahangirnamə" kimi
tarixi qaynaqlarda göstərilən faktlar da təsdiq edir.
Babur çağatay ədəbiyyatının ən
böyük nümayəndələrindən biridir. O, "Kabil divanı" və
"Hind divanı" adlı iki divan müəllifidir. Babur
divan ədəbiyyatının müxtəlif janrlarında 119
qəzəl, 18 məsnəvi, 210 rübai, 50 müəmma, 19
qitə, 15 tuyuğ, 18 tamamlanmamış qəzəl, 3 nəzm,
16 müsərra beyt, 5 müfrəd və 4 mənsur əsər
qələmə almışdır. Bundan əlavə, onun
farsca yazılmış 2 qəzəli, 12 rübaisi, 8 qitəsi,
17 mətləsi və 1 mənsur əsəri də
mövcuddur. Biz 2011-ci ildə Baburun "Seçilmiş əsərləri"ni tərtib və nəşr etmiş, orada
şairin 500 civarında lirik əsərini bir arada vermişik.
Babur poeziyasının əsas mövzusu məhəbbətdir. Onun qəzəlləri
şux və oynaqdır, rübailəri dərin ictimai-fəlsəfi
məna daşıyır, tuyuğları, məsnəviləri,
qitələri, mətlələri və digər
janrlardakı şeirləri bir-birindən gözəldir.
Şairin "Seçilmiş əsərləri"nə
yazdığımız ön sözdə bu barədə
geniş məlumat verilmiş, onların poetik xüsusiyyətləri
yetərincə təhlil edilmişdir. Burada yalnız bir
qəzəlini vermək istərdik:
Xəttin
ara üzarın - səbzə içində
lalə,
Ol çeşmi-pürxumarın - lalədəki qəzalə.
Bütün
pərilər, ey can,
gərdində zarü heyran,
Guya ərər nümayan ay dövrəsində halə.
Mehrü
vəfanı əğyar çox gördü səndən,
ey yar,
Cövrü cəfanı bisyar qıldın mana həvalə.
Hicrində,
ey pəriru, gözümdən uçdu uyğu,
Hər
gecə dana doğru işimdir ahü nalə.
Üzümə
baxsan, ey yar,
görərsən yüz qüssə var,
Eşqində Babur yazar bu növ yüz risalə.
Böyük erudisiyaya və ensiklopedik zəkaya sahib olan
Zəhirəddin Məhəmməd Baburun
yaradıcılığında elmi əsərlər
mühüm yer tutur. Bunlardan "Əruz risaləsi"
(1523-25) şeir vəznlərinə, yəni ədəbiyyat nəzəriyyəsinə
həsr olunmuşdur. Bu əsər əruz
haqqında türkcə və farsca yazılmış risalələrdən
fərqlidir. Müəllif əsas diqqətini
türk əruzuna yönəltmiş, bizə xas olan şeir
şəkillərindən tuyuğ, qoşuğ, tarxani, öləng
və digər janrları ətraflı təhlil etmişdir.
Babur burada əruzun 21 bəhri və 272 vəzni haqqında
geniş məlumatla yanaşı türkcə və farsca
nümunələr də vermiş, Əlişir Nəvayinin məşhur
"Mizan ül-övzan" risaləsinə də münasibət
bildirmiş, köçürmə zamanı diqqətsizlik
üzündən katibin yol verdiyi yanlışları göstərmişdir.
Şairin digər bir risaləsi "Mübəyyəni-zəkat"dır
(1521). Şair burada islamın hənəfilik təriqəti
ilə əlaqədar bəzi məsələlər (zəkat,
xüms, əşar, xərac və s.) haqqında məsnəvi
tərzində söz açmışdır. "Kitab nəzminin səbəbi" qismindən
anlaşıldığına görə, Babur bu əsəri
övladları Hümayuna və Kamrana öyüd-nəsihət
vermək məqsədilə qələmə
almışdır. Şairin "Etiqadiyyə"
risaləsi də dini mövzudadır. Babur
bu əsərində dinin əsaslarını və fiqhi bir
ilahiyyatçı alim səviyyəsində bildiyini
nümayiş etdirmişdir.
Mənbələrdən öyrənirik ki, Babur
"Musiqi elmi" və "Hərb işi" adlı daha
iki risalə yazmışdır, lakin bunlar bizə gəlib
çatmamışdır. Onun musiqini dərindən
bildiyi, bəzi alətlərdə çaldığı, əsərlər
bəstələdiyi məlumdur. Baburun hərb
sahəsində isə görkəmli sərkərdə,
bacarıqlı strateq və taktik olduğu onun iştirak etdiyi
saysız-hesabsız savaşlardan anlaşılır. Gənc yaşlarında Şeybani xanla girişdiyi
müharibələri çıxmaq şərtilə qalan
savaşlarda qalib gəlmişdir.
Babur eyni zamanda türk ədəbiyyatında ilk tərcüməçilərdən
biridir. O,
dövrünün ən məşhur din və təsəvvüf
adamlarından biri olan Xoca Übeydullah Əhrarın
"Risaleyi-validiyyə"sini ("Ana haqqında risalə")
fars dilindən türkcəyə tərcümə
etmişdir.
Mütəfəkkir şair 1504-cü ildə "xətti-baburi"
adlı xüsusi bir əlifba icad etmiş, türk dilinin
fonetikasını daha dolğun əks etdirən həmin əlifba
ilə Qurani-kərim yazdırmışdır.
Baburun ən
önəmli əsəri çağatayca yazdığı
"Baburnamə" (digər adları: "Vəqaye" və
"Baburun xatirələri") əsəridir. Türk-islam ədəbiyyatı
tarixində memuar janrında yazılmış ilk əsər
olan "Baburnamə"də müəllif 1494-1529-cu illər
arasında Orta Asiyada, Əfqanıstanda və Hindistanda baş
verən bütün hadisələri, öz həyatını
təsvir etmiş, o dövrün siyasət, elm və ədəbiyyat
xadimləri haqqında məlumat vermişdir. Kitabın "Fərqanə",
"Kabil" və "Hindistan" adlanan bölmələrində
regionun flora və faunası, coğrafiyası, etnoqrafik özəllikləri
barədə geniş bilgi var.
"Baburnamə"
beş yerdə qırılır. Bunun nə ilə bağlı olduğu dəqiq
bilinmir, həmin hissələrin itdiyi və ya bilərəkdən
ixtisar olunduğu təxmin edilir. Bəzi
fikirlərə görə, Babur həmin hissələri
özü əsərdən çıxarmışdır.
Belə düşünmək mümkün
deyil, çünki Babur hər şey haqqında obyektiv və
səmimi məlumat vermiş, özünə və ətrafındakı
insanlara tənqidi yanaşmışdır. Onun gələcək nəsillərdən gizlədəcək
heç nəyi olmamışdır.
Hələ
müəllifin öz sağlığında böyük əks-səda
doğuran "Baburnamə" ingilis, fransız, alman, holland,
ispan, türk, rus, yapon, fars, urdu və
başqa dillərə çevrilmisdir. Əsəri
ana dilimizə bu sətirlərin müəllifi və
tanınmış alim Prof. Dr. Füzuli Bayat 2011-ci ildə bir-birindən
xəbərsiz şəkildə tərcümə etmişlər.
"Baburnamə" bugünə qədər
30-dan çox dilə tərcümə olunmuşdur.
1992-ci ildə Özbəkistanın Əndican şəhərində
Beynəlxalq Babur Fondu və Babur
yaradıcılığını öyrənmək üzrə
beynəlxalq elmi ekspedisiya təsis edilmişdir. Toplanan minlərlə
kitab və sənəd "Babur və dünya
sivilizasiyasında onun yeri" adlı xatirə muzeyində
qorunur. Baburun Bakıda tərcümə və
nəşr olunan kitabları da həmin muzeydə
nümayiş etdirilir.
Ötən dövr ərzində fondun səyi ilə
Babur və baburilər haqqında 50-dən artıq kitab nəşr
edilmişdir.
"Baburnamə"nin yeni nəşri (tənqidi mətni, məalı
və rusca tərcüməsi), "Gülbədən", "Əndicandan Dəqqəyə
qədər", "Əndicandan Bağdada qədər",
"Mərkəzi Asiya və Hindistan tarixində baburilər
dövrü", "Əkbər - baburilərin ən böyüyü",
"Əndican şahzadəsi", "Babur və baburilər
biblioqrafiyası" və başqa kitablar bunlardan bəziləridir.
Fondun
gördüyü ən böyük işlərdən biri
"Zəhirəddin Məhəmməd Babur
ensiklopediyası"nı nəşr etməkdir.
Burada Babur və baburilər haqqında hər
bir mənbə, eləcə də onların müəllifləri
barəsində məlumatlar verilmişdir. Ensiklopediyanın
artıq iki nəşri işıq üzü
görmüşdür.
Fondun ən
diqqətəlayiq işlərindən biri də
baburşünaslıq sahəsində əlahiddə xidmətləri
olan şəxslərin təşviq və təltif edilməsi
üçün "Beynəlxalq Babur mükafatı"nın təsis olunmasıdır. İndiyədək
bütün dünyada otuzdan artıq adam,
o cümlədən bəndəniz bu nüfuzlu mükafata
layiq görülmüşdür.
Əndicanda
Baburun adını daşıyan universitet, yüz hektarlıq
xatirə parkı və bu parkda onun simvolik məzarı var.
Qırğızıstanın Oş şəhərində
yerləşən Süleyman dağındakı Baburun evi pir
kimi ziyarət olunur. İnanca görə, evdəki
mehraba istiqamətlənmiş diz izləri Babura məxsusdur.
Babur fondunun Özbəkistanda və dünyada
apardığı bütün işlərə görkəmli
ictimai-siyasi xadim, tanınmış baburşünas alim,
böyük vətənpərvər və ziyalı Zakircan Məşrəbov
rəhbərlik edir. Onun fədakar əməyi Özbəkistan
Prezidenti Ş.Mirziyoyev tərəfindən "Fədakaranə
xidmətləri üçün" ordeni ilə qiymətləndirilmişdir.
Hər il
fevralın 14-də Özbəkistanın bütün
yaşayış məntəqəsində, ali və otra təhsil
müəssisələrində, mədəni-maarif
ocaqlarında Zəhirəddin Məhəmməd Baburun anadan
olmasının ildönümləri (bunların yuvarlaq rəqəm
olub-olmaması önəmli deyil) təntənəli şəkildə
qeyd edilir, müxtəlif forumlar, konfrans və simpoziumlar,
yığıncaqlar, festival və şənliklər
keçirilir, türk dünyasının bu böyük
qılınc və qələm bahadırının xatirəsi
yad olunur. Azərbaycan alimləri də bu tədbirlərdə
mütəmadi olaraq istirak edirlər.
Bu il Zəhirəddin Məhəmməd Baburun
anadan olmasının 540-cı ildönümü tamam olur. Bu münasibətlə qardaş özbək
xalqını, bütün türk dünyasını və
babursevərləri ürəkdən təbrik edirik.
Ramiz
ƏSKƏR
Bakı
Dövlət Universiteti Türkologiya kafedrasının
müdiri, Özbəkistanın "Dostluq" ordeni sahibi,
Beynəlxalq Babur mükafatı laureatı, Beynəlxalq
"Turan" Elmlər Akademiyasının həqiqi
üzvü, Nəvayi şəhərinin fəxri vətəndaşı
525-ci qəzet.-
2023.- 7 fevral.- S.14;15.