Güney Azərbaycanda ədəbi tənqid:
çağdaş mənzərəyə
bir baxış
Güney Azərbaycan ədəbiyyatının
çox önəmli
qolu olan ədəbi tənqidin gəlişməsi ədəbi
fikirdə özünü
göstərən elmi-nəzəri
problemləri öyrənmək,
həmin problemləri,
çatışmazlıqları həll etmək və tətbiq etməklə bağlıdır. Yaranan əsərlər
haqqında obyektiv fikirlərə söykənən
yazılar, qərəzsiz
dəyərləndirmə əsasında,
obyektiv yanaşma ilə qələmə alınan məqalələr,
polemika və diskussiyalar yönləndirici
funksiyası ilə böyük rol oynayır. Örnək olaraq Gəncəli
Səbahinin silsilə
ədəbi-tənqidi məqalələrinin
yer aldığı
"Şeirimiz zamanla
addımlayır" kitabını
göstərə bilərik.
Böyük aydın Cavad Heyət "Varlıq"
jurnalının ilk saylarından
başlayaraq dərgini,
həm də Azərbaycan ədəbi tənqidinin tribunasına çevirir və "Varlıq"ın ilk sayı
yayına başladığı
1979-cu ildə dünyadan
köçən qüdrətli
milli şair Bulud Qaraçorlu Səhəndin xatirəsinə
həsr edir. Bu, təsadüfi
deyildi, çünki B.Q.Səhənd "Oğuz
qəhrəmanlarının tərənnüm olunduğu
"Kitabi-Dədə Qorqud"
dastanına müraciət
etmiş, "Sazımın
sözü", "Dədəmin
kitabı" və
"Qardaş andı"
silsilə poemalarında
qəhrəmanlıq ruhunu
müasir ədəbi
müstəviyə gətirmiş
və sərhədsiz
düşüncələrini ifadə etmək üçün ən uyğun estetik forma, təhkiyə üsulu olaraq poema janrını
seçmişdi. Çünki
Səhəndin yaratdığı
Azərbaycan milli düşüncəsinin qədim
obrazlarının hər
biri Azərbaycan xalqının mənəviyyat
tarixi, inanclar dünyası ilə sıx bağlı olub xeyiri, xoş
gələcəyi, qələbəni,
əbədiyyəti ifadə
edir..."
"Varlıq" jurnalı
sonrakı saylarında
B.Q.Səhəndin çap
olunmamış əsərlərindən
örnəklər verməyə,
yazarı xalqa daha yaxından tanıtmağa başlayır. Bu tərz
tendensiya xarakteri alır və daha sonra görkəmli
aydınlarımız Həbib
Sahirin, Məhəmmədtağı
Zehtabinin, Həmid Nitqinin və başqalarının Güney
xalqını, bütün
cəmiyyəti sarsıdan
ölümü jurnalın
səhifələrində işıqlandırılır,
onlar haqqında dəyərli məqalələr
yayınlanır. Cavad Heyət
Məhəmmədhüseyn Şəhriyar irsi barədə yazdığı
ardıcıl, silsilə
məqalələri ilə
yanaşı, başqa
müəlliflərin yazılarını
da müntəzəm surətdə dərc edir.
"Varlıq" jurnalının
1988-ci il 69-cu sayı isə bütünlüklə sönməz
poeziya günəşi
Şəhriyara həsr
olunub. Həmin sayda dünyadan
köç edən şairin sənət dostlarının vida çıxışları, məqalə,
son söz və şerləri verilir.
C.Heyət "Varlıq"
jurnalının 1988-ci il
sentyabr özəl sayında "Şəhriyarın
əziz xatirəsinə
bir dəstə gül" silsiləsində
Cənubi və Şimali Azərbaycanın
görkəmli şairləri,
nasirləri, tanınmış
tədqiqatçı alimləri:
Doktor Həmid Nitqi "Şair Şəhriyar" və
"O, Şəhriyarın xatirəsidir", Q.Beqdeli
"Şair və təbiət", G.Səbahi
"Ustad Şəhriyar",
Ə.Sərhəngi "Şəhriyarın
matəmində", B.Elçin
"Şəhriyara son vida",
N.Əfşari "İki
güzgü", B.Azəroğlu
"Şəhriyarın dalınca",
M.İbrahimov, A.Zamanov,
C.Heyət "Ustad Məhəmmədhüseyn Şəhriyar",
İ.Hadi "Analar oxşaması", S.Sərdari
"Şəhriyar və
Azərbaycan", H.Məmmədzadə
"Heydərbaba yalqız
qaldı" və C.Məhəmmədəli Gülçinin
"Şəhriyara salam"
adlı məqalələrində
ustadın zəngin fikir aləmindən, könül çırpıntılarından
söhbət açır,
onun Azərbaycan dilinin saflaşması uğrunda apardığı
mübarizədən bəhs
edir. Güney Azərbaycanın ünlü şair və ədiblərindən
biri olan Bəhram Elçinin
"...Söz mülkünün
sonuncu mütləq sultanı son günə qədər hökmünü
sürdürdü" - qənaəti
Şəhriyarın Azərbaycan,
eləcə də Şərq ədəbiyyatında
fəth etdiyi zirvədən soraq verir.
Məhəmmədhüseyn Şəhriyarın
əsərlərini İranda
və Güney Azərbaycanda ardıcıl
olaraq sevə-sevə tədqiq edən ədəbiyyatşünas alimlərdən
həyatda olanları
- Böyük Nik Əndiş Nobər, Nüsrətulla Fəthi Atəşbəyli, Lütfulla
Zahidi, Əhməd Kaviyanpur, Cəmşid Əlizadə, Əbülfəz
Əli Məhəmmədi,
Hümmət Şahbazi,
Məhəmməd Rəhmanifər,
Məhəmməd Rasipur,
Ələkbər Radpur,
Məryəm Müşərrəf
və başqaları
bu gün də öz tədqiqatlarını davam
etdirir və ədəbi tənqidin gəlişməsinə öz
töhfələrini verirlər.
Qeyd edək
ki, XX əsr Güney Azərbaycan ədəbiyyatında poema
janrının öyrənilməsi
və tədqiqi məsələləri də
daha çox ustad Şəhriyar və onun sənət
möcüzəsi - "Heydərbabaya
salam" poeması ilə bağlıdır. İran
və Güney Azərbaycan şeirinin və ədəbi tənqidin ünlü simaları İrəc Mirzə, Məlik üş-şüara Bahar,
Əbdüləli Karəng,
Mehdi Rövşənzəmir,
Əli Zəhri, Nüsrətulla Fəthi Atəşbəyli, Seyid Məhəmmədhüseyn Mübəyyin,
Yəhya Şeyda, Böyük Nik Əndiş və b. şairin həyatı, poeziyası və "Heydərbabaya salam" poeması haqqında fikirlər söyləmiş,
araşdırmalar aparmışlar.
Ana dilinin, doğma türkcənin gəlişməsi,
unudulmaması qayğısını
çəkən, ana
dili uğrunda ardıcıl mübarizə
aparan Həmid Nitqi (1920-1999) də çağdaş şəhriyarşünaslıq
elminə töhfə
olan və "uzun zamanlar bizim
kimliyimizi göstərən
ən kiçik qərnəni silmək, aradan aparmaq və mümkün deyilsə, təbir-təfsir
yolu ilə ən zəif rəvayətə dayanaraq
gün kimi aydın dəlilləri heçə saymaq və unutdurmaq istəyən" farslara türk mədəniyyətini
tanıtmaq məqsədi
ilə məhz fars dilində "Honər-e Şəhriyar (Şəhriyarın sənəti)"
adlı silsilə məqalələrini yazıb...
O, dönə-dönə vurğulayıb
ki, "türk şair və ədibləri, fars həmkarları ilə birgə əsrlərlə
özlərini klassik farscanın tərəqqisinə
və təkmilləşməsinə
elə geniş həsr etmişdilər ki, az qala
öz dil və kültürlərini
unutmuşdular. Yalnız xalq
şeiri bütün bu fəlakətlərə
üstün gələ
bilirdi. Yenidən
öz kimliyinə dönüb və mədəni irsinə dəyər verməyə
başlayan türk aydınları da az deyildi.
Onlardan biri də Məhəmmədhüseyn
Şəhriyar idi.
Əsrin
ən böyük şairlərindən biri,
ənənəvi fars
şeirinin ustadı M.Şəhriyar öz ədəbi istiqamətini
dəyişərək doğma
Azərbaycan türkcəsində
"Heydərbabaya salam"
kimi çox qiymətli bir əsər yaratdı".
Şair
və tədqiqatçı
Hümmət Şahbazı
Səhənd poeziyasında,
həm də "İkinci ərməğan"ında
"Başqa birisinin varlığını dərk
etmək, ya da duyğusal epiklik" məsələlərini
işıqlandırır, şairin
fəlsəfi düşüncələrini
açıqlayır...
Gəncəli Səbahi isə öz məqaləsində
Səhənd yaradıcılığında
prioritet mövzunun məhz milli vətənpərvərlik, ana
dili, ata ocağına, doğma yurda sahib çıxmaq olduğunu önə çəkir və şairin parlaq istedadı, güclü milli ruhu sayəsində
"Azərbaycan ədəbiyyatına
ən qiymətli və ölməz əsərlər verə bildi"yindən qürurla
söz açır.
Quzeyli yazıçı Kamal Abdullanın dünyanın müxtəlif dillərinə tərcümə olunmuş iki məşhur əsəri - "Yarımçıq əlyazma" və "Sehrbazlar dərəsi" haqqında Araz (Abbasəli) Əhmədoğlunun qələmə aldığı iki elmi əsər - "Şah əsərin Şah əsəri" və "İç-içə sirlər dünyası" monoqrafiyalarında (2017-ci ildə "Mütərcim" nəşriyyatında ayırca iki kitab kimi işıq üzü görüb- E.F.) obyektiv tənqidçi baxışı sərgilənir. "Dədə Qorqud eposunda Basat boyunu əski ingilis eposu Beovulf ilə ölümcüllüq və ölümsüzlüq anlamlarını araşdırmaqla müqayisəsi" mövzusunda magistr işini müdafiə etdikdən sonra, Bakıya gələrək Azərbaycan Dillər Universitetinin İngilis ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olunan, günümüzədək bir neçə şeir və nəsr kitabı yayınlanan A.Əhmədoğlu "Yarımçıq əlyazma" romanı haqqında yazdığı "Şah əsərin şah əsəri" monoqrafiyasının "Bildiri"sində bu məqamlara açıqlıq gətirib. "Bildiri"də Kamal Abdulla və onun əsərləri ilə tanışlığından söhbət açan A.Əhmədoğlu qeyd edir ki, bu kitab K.Abdullanın birbaşa Dədə Qorqud nəfəsinin gücündən, bu yöndə aldığım doğru tövsiyə və məsləhətlərdən qaynaqlanaraq yaranıb. O, "Yarımçıq əlyazma"nı dünya ədəbiyyatının inciləri - L.Tolstoyun "Hərb və sülh"ü, C.E.Steynbekin "Qəzəb salxımları", C.Oruelin "1984"ü, M.Servantesin "Don Kixot"u, Q.Q.Markesin "Yüz ilin tənhalığı", Y.Kamalın "İncə Məmməd"i ilə müqayisə edir və özünəxas sonuca varır: "Onlardan hər hansınısa oxuyub qurtaranlar öz-özlərinə deyirlər: "Buracan bundan gözəl kitab oxumamışdım..." Araz bəy sonrakı bölümlərdə də peşəkar tənqidçi münasibəti, özünəxas elmi yanaşma aydın göstərir. Belə ki, oxucu "Xülasə", "Qaçış ilə yorumlama", "Süjet", "Obraz", "Romanın önsözlər bölümü", "Romanın Dədə Qorqud kitabı ilə ilgili qolu", "Romanın Şah İsmayıl qolu", "Ana Qonu", "Baxış açısı", "Simgə", "Duyğu və yumor", "Fantaziya", "Quruluş", "Üslub", "Dəyər meyarı" bölümlərinin köməyi ilə "Yarımçıq əlyazma" romanının mahiyyəti haqqında geniş bilgilər əldə edir, daha doğrusu, əsər oxucu üçün yenidən açılır...
"Sehrbazlar dərəsi"ni incələdiyi "İç-içə sirlər dünyası"nın "Ön söz"ündə də Araz bəyin: "Bu roman "Hərri Patır" və "O üzüyün ərbabı" kimi yalnız fantaziya dünyası deyil. Bu əsər öz oriyentalist orijinallığını qoruyaraq gerçəklik (realizm) biçimində yazılmış olsa da, fantaziya, mistisizm, fəlsəfə, tarix, romantika və etikanı bir yerdə ədəbiyyat qanadı ilə göylərə qaldırır", - qənaəti diqqət çəkir. Araz bəyin kitabdakı fəlsəfi fikirləri, qənaətindən oxucu bu sonuca varır: "Kamal Abdullanın yaratdığı "Sehrbazlar dərəsi" çağdaş dünya ədəbiyyatı çapından qat-qat öndə gedən bir romandır..." Amma bu qənaətə inanmaq üçün gərək oxucu tənqidçinin təqdim etdiyi "Qaçış ilə yorumlama", "Süjet", "Obraz", "Cəlladbaşı Məmmədqulu", "Cəzirəli Əl Zatineyi ağ dərviş", "Dərviş Hüsnükərəm", "Xacə İbrahim Ağa", "Xeyirabad əmiri", "Karvanbaşı", "Karvanbaşının həyat yoldaşı", "Karvanbaşının oğlu", "Qoca qul", "Nökər Nəzərəli", "Pərnisə", "Mirzə Sədrəddin", "Seyid Sarı Əsrari", "Sarvan Qarsuvarlı", "Sarvan Qədirqulu", "Səyyah Sehrbaz", "Şah", "Şahverən", "Şeyx Mənuçöhr ibn Sadiq", "Tacir Zəbulla", "Vəzir Məşdəli", "Ana qonu", "Baxış açısı", "Simgə", "Duyğu və yumor", "Fantaziya", "Quruluş", "Üslub", "Folklor köklü deyimlər", "Dəyər meyarı" bölmələrini düşünə-düşünə oxusun ki, yeni bir yanaşmanın sərgilədiyi yeni bir dünya ilə tanış olsun və bu dünyaya qədəm qoysun.
(Ardı var)
Esmira
FUAD
525-ci qəzet.- 2023.- 7 noyabr.- S.13.