Tanınmış ədib Kəmalə
Ağayeva haqqında dəyərli nəşr
Müasir
Azərbaycan ədəbiyyatının tanınmış
simalarından olan Kəmalə Ağayevaya (1936-2019) həsr
edilmiş "Kəmalə: taleyi və sənəti"
kitabı AMEA Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq
şöbəsində tərtib olunub hazırlanan ənənəvi
"Taleyi və sənəti" seriyasından işıq
üzü görmüş 16-cı kitabdır.
Nəşrin
tərtibçisi Ədəbiyyatşünaslıq şöbəsinin
müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
Ramiz Qasımov, elmi redaktoru İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru, dosent, şairənin övladı Ələkbər
Qasımov, rəyçisi institutun baş direktoru, AMEA-nın
müxbir üzvü Əbülfəz Quliyev, elmi məsləhətçisi
icraçı direktor, filologiya üzrə fəlsəfə
doktoru, dosent Elxan Məmmədovdur.
Kitaba Kəmalə xanımın çoxşaxəli
yaradıcılığına həsr olunmuş elmi-tədqiqat
məqalələri daxil edilib. Məqalələrdə
ədibin zəngin və çoxcəhətli bədii
yaradıcılığının müxtəlif istiqamətləri
təhlil və tədqiq edilib, qiymətli elmi nəticələr
ortaya qoyulub. Bu mənada demək olar ki,
kitab tədqiqatçılar, alimlər, müəllimlər,
tələbələr və ümumən geniş oxucu
kütləsi üçün nəzərdə tutulmuş
mühüm və dəyərli mənbələrdən
biridir.
Kitabda hər
müəllifdən biri olmaqla on beş məqalə
çap edilib. Ön sözdə
rəyçi, AMEA-nın müxbir üzvü Ə.Quliyev
yazır: "Əvvəlki nəşrlərdə olduğu
kimi, bu kitab da dəyərli tədqiqat mövzularından ibarət
məqalələrdən və maraqlı tarixi foto-şəkillərdən
ərsəyə gəlmiş və Azərbaycanın görkəmli
şairə-dramaturqu, əməkdar incəsənət xadimi Kəmalə
xanımın həyatı, yaradıcılığı, tərcüməçilik
və publisistik, pedaqoji və ictimai fəaliyyəti
haqqında ətraflı məlumat qaynağıdır".
Kitabın
ilk səhifələrində şairə-dramaturq Kəmalə
xanımın həyatı, fəaliyyəti,
yaradıcılığı, mükafatları, səfərləri
və sair haqqında ətraflı və müfəssəl məlumat
verən "Elmi redaktordan" adlı oçerk təqdim
edilib. Görkəmli sənətkarın öz
qələmi və dəsti-xəttinə mənsub
"Nağıllarla başlayan səhnə sevgim" adlı
məqalədə Kəmalə xanımın dramaturji
yaradıcılığa və səhnə həyatına gəlişinə
dair maraqlı etiraf və fikirlər sərgilənir. Müəllifin xatirə-biblioqrafik məlumatlarından
aydın olur ki, Kəmalə xanım hələ
uşaqlıq çağlarından nağılları
çox sevərmiş və həyətlərində
bacı-qardaşları, yaxın qonşuları və
dostları ilə birlikdə o nağılların maraqlı
hissələrindən səhnəciklər
hazırlayarmışlar. Kiçik yaşlarından
böyük sevdaya çevrilmiş səhnə arzusu,
nağıl səhnəciklərindən başlayan uşaq
addımları Bakıda ali təhsilini başa vurub fransız
dili müəllimi kimi doğma şəhərinə
qayıdandan, Naxçıvan Teatrının baş rəssamı
Məmməd Qasımovla ailə həyatı qurandan sonra daha
da ciddiləşərək reallığa çevrilib. Həyat yoldaşı M.Qasımovun "... bu kitabdan
yaxşı bir pyes yazmaq olar" tövsiyəsilə ilk 8
Mart hədiyyəsi olaraq təqdim etdiyi Məhsəti Gəncəvinin
"Rübailər"i şairədə dərin təəssürat
oyatmış və ilk Azərbaycan şairəsi, ustad Məhsətinin
obrazını birinci dəfə səhnəyə gətirən
"Məhsəti" mənzum pyesini yazmağa sövq
etmişdi. 1964-cü ildə
Naxçıvan Dövlət Musiqili Dram Teatrının indiki
möhtəşəm binasının
açılışı münasibətilə
tamaşaçılara təqdim olunan məhz bu əsərlə
Kəmalə xanım Azərbaycan ədəbiyyatı və
milli teatr tariximizə mənzum pyeslərin ilk qadın müəllifi
kimi daxil olub.
Kitabda ilk
peşəkar məqalə olaraq görkəmli elm xadimi,
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin olduqca
sanballı, əhatəli və dərin məzmunlu "Zəriflik
və müdriklik nümunəsi" başlıqlı
yazısı yer alıb. Həmişəki kimi akademik İ.Həbibbəylinin
proqram xarakterli, dərin məzmunlu və çoxsaylı ciddi
elmi mətləbləri əks etdirən qiymətli məqaləsində Kəmalə
xanımın həyatı, yaradıcılığı və
ümumən sənəti və taleyi haqda əhəmiyyətli
fikirlər yer alıb. İsa müəllim şairə-dramaturq
haqqında ümumiləşdirici fikirlər ifadə edərək
onu XX əsr Azərbaycan ədəbiyyatının çox
sevilən və görkəmli sənətkarlarından biri
kimi xarakterizə edib: "XX əsrin ikinci yarısında və
müstəqillik dövründə Azərbaycan şeiri və
dramaturgiyasının inkişafına Kəmalə Ağayeva
mühüm ədəbi töhfələr vermişdir". Beləliklə, məqalədə alim hərtərəfli
vacib məsələlərdən çıxış edərək
XX və XXI əsr ədəbiyyatımızın "zəriflik
və müdriklik nümunəsi" haqda öz fikirlərini
bildirib.
Kitabda
habelə şair-dramaturq, teatrşünas Adil Babayevin "Məhsəti",
filologiya elmləri doktoru Fərman Xəlilovun "İsmət"
pyesinin ilk tamaşası" adlı resenziyaları, filologiya
elmləri doktoru professor Sədaqət Həsənovanın
"Kəmalənin ədəbi dili və üslubu",
filologiya üzrə fəlsəfə doktorları və
dosentlərdən Ramiz Qasımovun "Ədəbi
yaddaşın kamala yetən Kəmaləsi", Elxan
Yurdoğlunun "Kəmalə şeirlərində
Naxçıvan obrazı", Aytən Cəfərovanın
"Kəmalə yaradıcılığında qadın
mövzusu", Arifə Zeynalovanın "Kəmalə
şeirlərinin sənətkarlıq xüsusiyyətləri",
Aygün Orucovanın "Kəmalə dramaturgiyasının
ideya və məzmun xüsusiyyətləri", Nəzakət
İsmayılovanın "Kəmalənin uşaq pyeslərinin
ideya-bədii məziyyətləri", Nuray Əliyevanın
"Kəmalə və ədəbi dilimiz", Zülfiyyə
İsmayılın "Kəmalə
yaradıcılığının dil-üslub xüsusiyyətləri",
dissertant Günel Əsgərovanın "Şairə-dramaturq
Kəmalənin tərcüməçilik fəaliyyəti"
məqaləsi verilib. Həmçinin sənətşünaslıq
üzrə fəlsəfə doktorları və dosentlərdən
Günay Məmmədovanın "Kəmalə
poeziyasının musiqidə tərənnümü" və
dosent Ələkbər Qasımovun "Şairə-dramaturq Kəmalənin
pyesləri teatr səhnələrində" adlı məqalələri
yer alıb.
Məqalələrdə
Kəmalə xanımın həyatı,
yaradıcılığı, yaradıcılığının
ümimi xüsusiyyətləri, ideya-bədii, estetik
xüsusiyyətləri, sənətkarlığı, obrazlar
aləmi, dil və üslubu, tərcüməçilik fəaliyyəti
poeziyasının mahnılarda və musiqidəki təcəssümü,
həmçinin, müxtəlif səhnələrdə
qoyulmuş tamaşaları elmi cəhətdən tədqiq, təhlil
və şərh olunub. "Ədəbi yaddaşın kamala
yetən Kəmaləsi" adlı məqaləsində hərtərəfli,
əhatəli məlumatlar əks etdirən dosent R.Qasımov
böyük sənətkarın ailə mühitinin onun
istedadının ortaya çıxmasındakı rolundan,
atası Ağa Ağayevin şairliyi, "Şərq qapısı"
qəzetində "Cəngavər" imzası ilə satirik
şeirlərlə çıxış etməsi və
müxbirlik fəaliyyətindən, şairənin zəngin
lirikası və aktual məsələlərindən, vətəndaşlıq
lirikamızın inkişafı və zənginləşməsindəki
xidmətlərindən, dramaturgiyasından, pyeslərinin ideya-mövzu
xüsusiyyətləri və ədəbiyyatımızdakı
rolundan, uşaq pyesləri və uşaqların əxlaqi-mənəvi
tərbiyəsindəki əhəmiyyətindən və sair
haqda bəhs edərək geniş təhlillər aparıb.
Qeyd edib ki, yaradıcılığa lirika ilə başlayan və bu qəbildən
"Hilal olaydım" adlı
şeirilə ilk dəfə mətbuata gələn Kəmalə
xanımın poeziyası əsasən, lirik şeirlərdən
ibarətdir. Yaradıcılığında
canlı insan obrazları yaradan və insan talelərindən bəhs
edən zərif ruhlu şairə həm də ədəbiyyatımızda
vətəndaşlıq lirikasını zənginləşdirən
sənətkarlardan olub, "Hilal olaydım" lirik
şeirində ölkəsi üçün
arzuladığı əbədi səadət və xoşbəxtlik
duyğularını yaratdığı Hilal - Ay obrazı ilə
simvollaşdırıb.
Kəmalə xanım həm də bir sıra poemalar
müəllifidir. Ulu öndər Heydər Əliyevə həsr olunan
"Nurun yayılıbdır bütün dünyaya",
Naxçıvan şəhərində özünün
doğulub boya-başa çatdığı, həmçinin,
ədəbiyyatımıza Hüseyn Cavid kimi bir dühanı
bəxş etmiş məhəllədən bəhs edən
"Əlixan məhəlləsi", habelə
"Danışır dünya", "Zərəfşanda
bir axşam", "Lermontovla görüş", "Könül
verdiyim ellər", "Solan qönçələr" və
başqa poemalarını ərsəyə gətirib.
XX əsr
dramaturgiyamızı inkişaf etdirən Kəmalə
xanım "Məhsəti" əsərindən sonra
"İsmət", "Apardı sellər Saranı",
"Mənim tanrım gözəllikdir, sevgidir", "O,
bizim dağların oğludur", "Unudulan sözlər"
kimi dramların, habelə nağıl motivləri əsasında
ərsəyə gəlmiş "Göyçək
Fatma", "Tıqtıq xanım", "Məlikməmməd",
eləcə də "Sirli sözlər" adlı uşaq
pyeslərinin müəllifidir.
Kitabdakı digər məqalələrdə şairə-dramaturqun
uşaqlar üçün yazdığı əsərlərinin,
habelə əfsanə və nağıllarımızın
motivləri əsasında yaratdığı pyeslərin ədəbiyyatımızdakı
əhəmiyyətli rolundan bəhs edilir. Şairənin
zəngin, həmçinin zərif, obrazlı bir
yaradıcılıq dilinə sahib olduğu, üslubi məharəti,
poetik ustalığı barədə təhlillər
aparılır, oxunaqlı, şirin, həm də zəngin
obrazlı bir dilə, üsluba malik olduğu qeyd edilir.
Məqalələrdə qeyd olunur ki, onun incə ruhlu
poeziyası görkəmli və tanınmış bəstəkarlarımızın
diqqətini cəlb edib və şeirləri əsasında
30-dan artıq gözəl mahnı yaranıb.
Kəmalə xanım həm də bədii tərcüməçiliklə
də məşğul olmuş, bir sıra xalqların ədəbiyyatından,
o cümlədən, tanınmış fransız, türk,
ukrain, türkmən və rus şairlərinin
yaradıcılığından qiymətli tərcümələr
etmişdi.
Kitabın
sonunda müəllifin zəngin və mənalı
ömründən - tələbəlik və ailə həyatından, ictimai fəaliyyətindən,
görkəmli simalarla görüşlərindən, əlamətdar
və tarixi tədbirlərdə iştirakından, xarici səfərlərindən
xatirələrə dönmüş maraqlı fotolar təqdim
edilib, məşhur şairlərimizin Kəmalə xanıma ithaf
etdikləri şeirlərdən nümunələr verilib.
Kitab
görkəmli sənətkarın əziz övladı,
rejissor-sənətşünas, dosent Ələkbər
Qasımovun anasının əziz xatirəsinə bəslədiyi
ehtiram və məhəbbətlə ərsəyə gəlib,
bilavasitə onun maddi dəstəyilə, nəfis tərtibatda
Naxçıvanın "Əcəmi" Nəşriyyat-Poliqrafiya
Birliyində nəşr olunub.
Ramiz
QASIMOV,
AMEA
Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2023.- 7 fevral.- S.12.