Cavidləşmiş ömrün 85-ci ili

 

Ömrünün 85-ci zirvəsinə qədəm qoyan Həmid Cəfərovu ilk dəfə ötən əsrin səksəninci illərində, Bakıda daxili işlər orqanları əməkdaşları üçün Ali Komsomol Məktəbində təşkil olunmuş kursda tanımışam.  Həmin kursda  bir sıra mühazirəçilərlə yanaşı Daxili İşlər Nazirliyinin Siyasi Şöbəsinin rəisi, daxili xidmət polkovniki Həmid Cəfərovun da çıxışlarını dinləmişəm. Etiraf edim ki, o zaman gələcək rəisim olacaq Həmid Cəfərovun "partiya şablonundan" kənara çıxmayan mühazirəsi və mühazirənin rus dilində olması əməliyyat-istintaq işlərinə həvəsi olan gənc zabit kimi məni də özünə cəlb edə bilməmişdi. Həmin Cəfərov  soyuq təbiətli part-nomenklatura mənsubu kimi hafizəmdə qalmışdı.

İkinci dəfə qovuşduğumuz müstəqilliyimizin ilk illərində Daxili İşlər Nazirliyinin mərkəzi aparatında birgə xidmət illərində  isə Həmid Cəfərov haqqında düşüncələrimdə yanıldığımı anladım. Milli məfkurəli, ədəbiyyat və mədəniyyətimizə,  mətbuatımıza son dərəcə bağlı, jurnalistlərin qayğıkeşi olan Həmid Cəfərovu öyrənmək, "kəşf etmək" mənə nəsib oldu.  Onun milli-mənəvi dəyərlərə köklənmiş ömrünün bir neçə ili gözlərim önündə davam etdi. Qüdrətli ədibimiz Hüseyn Cavidə olan  möhtəşəm bir sevgi bu ömrü daha da zinətləndirirdi...  1938-ci il fevral ayının 8-də Azərbaycanın qədim diyarı, zəngin tarixə malik Naxçıvan Muxtar Respublikasında - Qaraxanbəyli kəndində el ağsaqqalı, vilayətdə böyük nüfuz sahibi olan, xeyirxah insan kimi tanınan Qara Nəcəfqulu oğlu Cəfərovun ailəsində dünyaya gələn Həmid Cəfərov hələ gənclik illərindən yaşıdlarından fərqlənib. Naxçıvan Dəmir Yolu 23 saylı yeddiillik rus dili məktəbini əla qiymətlərlə bitirdikdən sonra isə təhsilini Bakı şəhərinin Artyom rayonunda - indiki Pirallahı  rayonundakı M.Qorki adına 186 saylı orta məktəbdə davam etdirib. 1958-ci ildə həmin məktəbi əla və yaxşı qiymətlərlə bitirərək ordu sıralarına çağırılıb. Ukrayna Respublikasının Simferopol şəhərində sərhəd qoşunlarında hərbi xidmətdə olub.

Həmid Cəfərov ordudan tərxis olunduqdan sonra Bakının Artyom rayonunun neft mədənlərində çilingər kimi əmək fəaliyyətinə başlayb. Rayonun ictimai-siyasi tədbirlərində fəal iştirak edən Həmid Cəfərov işgüzarlığı, bacarığı və yüksək təşkilatçılıq qabiliyyəti ilə qısa müddətdə kollektivin dərin hörmətini qazanıb və Artyom rayon komsomol komitəsində təlimatçı vəzifəsinə irəli çəkilib.

1960-cı ildə rayon rəhbərliyi Həmid Cəfərova daha böyük etimad göstərib.  O,  XXII partiya qurultayı adına Neft Daşları Neft-Qaz Çıxarma İdarəsinin komsomol komitəsinin katibi seçilib. Burada, o dünya şöhrətli neftçilər - əmək qəhrəmanları Bəxtiyar Məmmədov, Bəhmən Hacıyev, Xoşbəxt Yusifzadə, Akif Cəfərov kimi şəxslərlə birgə çalışıb, neftçi gənclərin siyasi dünyagörüşünün artırılması, onların sosial şəraitinin yaxşılaşması üçün bilik və bacarığını əsirgəməyib.

Həmid Cəfərov 1962-ci ildə ali təhsil almaq üçün sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə təqdim edib, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanıb, fakültənin partiya təşkilatının büro üzvü seçilib, ictimai işlərdə fəallıq göstərib, respublikanın tanınmış alimlərindən dərs alıb. 

1964-cü ildə Həmid Cəfərova yenidən böyük etimad göstərilib. O, Bakı şəhər komsomol komitəsində təlimatçı vəzifəsinə təyin edilib, daha sonra Oktyabr rayon (indiki Yasamal) komsomol komitəsinin şöbə müdiri, ikinci katibi vəzifəsində çalışıb. Burada da özünün yüksək təşkilatçılıq bacarığı ilə fərqləndiyindən o, rayon partiya komitəsinin aparatına  gətirilib az sonra  Bakı Ali Partiya Məktəbinə oxumağa göndərilib.

Həmid Cəfərov Ali Partiya Məktəbini bitirdikdən sonra Azərbaycan KP MK-nın göndərişi ilə 1971-ci ildə Oktyabr rayon Partiya Komitəsində əmək fəaliyyətini davam etdirib. O, burada əvvəlcə təlimatçı, sonra isə   Bakı şəhər Oktyabr rayon XDS İcraiyyə Komitəsinin katibi vəzifəsinə irəli çəkilərək bütün bilik bacarığını rayonun iqtisadi, sosial problemlərinin həllinə yönəldib.

1969-cu ildə Azərbaycanın siyasi rəhbərliyindəki dəyişiklikdən - Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra savadlı, yüksək mənəviyyata malik, prinsipial, işgüzar, savadlı kadrlar irəli çəkilərkən Həmid Cəfərovda da bu cəhətlər olduğundan ona böyük ümidlər bəslənilib.  O, 1976-cı ildə Naxçıvan Vilayət Partiya Komitəsinə işləməyə göndərilib. 1976-1978-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsində təbliğat təşviqat, partiya işi şöbələrinin müdiri vəzifələrində çalışıb. 1978-ci ildə Moskvada Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasında təhsilini artırıb, dərin elmi bilik, əməli təşkilati ideoloji təcrübəsi əldə edib yenidən Azərbaycana qayıdıb.

Azərbaycana qayıtdıqdan sonra respublika rəhbəri   Heydər Əliyev onu qəbul edib. Ulu öndər Həmid Cəfərovun şəxsi keyfiyyətlərini, keçmiş fəaliyyətini yüksək qiymətləndirərək onu yenidən Naxçıvana göndərib.

Həmid Cəfərov 1980-ci ildə 10-cu çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı, Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büro plenum üzvü olub.  Naxçıvan Vilayət Partiya Komitəsinin ideoloji üzrə katibi seçilərək, bu vəzifədə qısa müddət ərzində partiya fəallarının sadə insanların dərin rəğbətini qazanıb.

1982-ci ildə respublika rəhbəri Heydər Əliyev Naxçıvana gələrkən Həmid Cəfərovun xidmətlərindən razılıq edib ona dahi Azərbaycan şairi dramaturqu Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilməsi tapşırığını verib.

Ümummilli liderimiz Heydər Əliyevin xeyir-duasından, dəyərli göstərişlərindən sonra  Həmid Cəfərov onun rəhbərlik etdiyi nümayəndə heyəti bu tarixi missiyanı məsuliyyətlə, uğurla yerinə yetirib.   Belə ki, Cavid əfəndinin nəşi Bakıya gətirilib, dahi şair doğma vətəni Naxçıvanda torpağa tapşırılıb. Beləliklə, Həmid Cəfərov  məsləkdaşları ilə birlikdə Cavidin cənazəsini  uzaq Sibirdən gətirərək   bütün varlığını, duyğu düşüncələrini Cavid dünyasına təslim edərək,  öz ömründə Cavid ömrü yaşayıb bu gün yaşamaqdadır.

Həmid Cəfərovun 1976-1983-cü illərdə Naxçıvandakı fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, prinsipial mövqeyinə, uğurlu ictimai-siyasi fəaliyyətinə, yüksək təşkilatçılıq bacarığına, muxtar respublikanın iqtisadi sosial inkişafındakı xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni, Naxçıvan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib.

1983-cü ildə respublika rəhbərliyi Həmid Cəfərovun milli-mənəvi saflığını, yüksək təşkilatçılığını nəzərə alaraq onu  Azərbaycan SSR Daxili İşlər Nazirliyində yeni yaradılmış Siyasi Şöbənin rəisi vəzifəsinə təyin edib. Həmid Cəfərov nazirliyin kollegiya üzvü seçilib polkovnik rütbəsində səkkiz il bu vəzifədə çalışıb.

Həmid Cəfərov 1990-cı ildə DİN-in Şəxsi Heyətin Sosial Hüquqi Müdafiəsi Mətbuatla İş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Bu idarə daxili işlər orqanları əməkdaşlarının dövlət, ictimai orqan təşkilatlarla, kütləvi informasiya vasitələri ilə  sosial hüquqi, infomasiya münasibətlərini tənzimləyib. Həmid  Cəfərov bu vəzifədə çalışdığı illərdə özünü fəal ictimai xadim, vətənpərvər, milli mənəviyyatımızı mədəniyyətimizi yaşadan ziyalı kimi tanıdıb. Həmid Cəfərovun təşkilatçılığı sayəsində görkəmli sənət adamları ilə təşkil olunan görüşlər daxili işlər orqanları əməkdaşlarının mənəvi keyfiyyətlərinin formalaşmasında xüsusi rol oynayıb. Həmid Cəfərovun  DİN-in Şəxsi Heyətin Sosial Hüquqi Müdafiəsi Mətbuatla İş İdarəsinə rəhbərlik etdiyi illərdə ilk dəfə onlarla polis əməkdaşına "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adının verilməsi üçün müvafiq işlər görülüb. "Azərbaycanın ilk Milli Qəhrəmanları", "Azərbaycan polisinin Milli Qəhrəmanları" kitablarının böyük tirajla nəşr olunmasına da Həmid Cəfərov qayğısını əsirgəməyib.

Həmid Cəfərov 1-ci Qarabağ müharibəsi zamanı mənfur qonşularımızın təcavüzünə məruz qalmış rayonlarımızda daxili işlər orqanları əməkdaşlarının qəhrəmancasına döyüşərək şəhid olduğu, yaralandığı bir dövrdə onların ailələrinə  mənəvi maddi cəhətdən yardım olunması, işini yüksək vətənpərvərliklə təşkil edib, yüzlərlə şəhid ailəsinə, yaralı polis işçilərinə mənəvi dayaq olub. Yaralılarımızın müalicə olunması işində yaxından iştirak edib.

Vətənpərvər, xeyirxah işləri ilə qəlblərdə taxt qurmuş polkovnik özünün Cavidləşmiş ömrü ilə Hüseyn Cavid irsinin öyrənilməsinə 40 ildən artıq bir zaman kəsiyində dəyərli töhfələr verib. O, bu gün müxtəlif tədbirlərdə belə bir şərəfli missiyasını böyük həvəslə davam etdirir.

Həmid Cəfərov zəngin təcrübəsi, yüksək peşəkarlığı ilə öhdəsinə düşən dövləti vəzifələri həvalə olunan çoxşaxəli işləri həmişə layiqincə yerinə yetirib. O, 60 ildən artıq bir zaman kəsiyində qəlbində tükənməz Heydər Əliyev sevgisi ilə xalqına, dövlətinə ləyaqətlə xidmət edib.  Alicənablığı, səmimiyyəti, təvazökarlığı ilə  daim ehtirama layiq görülüb.

Həmid müəllim bu gün ömrünün 85 illik zirvəsindən keçdiyi yollara nəzər salır, bir daha özlüyündə yaşanmış illərin hesabatını verir. Bu hesabatda Həmid müəllimin fəxr edə, qürur duya biləcəyi hadisələr çoxdur. Saysız-hesabsız nailiyyətlərə imza atan dəyərli ziyalımızı 85 illik yubileyi münasibəti ilə təbrik edirik!

 

 

 

Hikmət XUDİYEV (CƏMİLZADƏ)

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik

525-ci qəzet.- 2023.- 7 fevral.- S.11.