Ən böyük hakim zamandır
Oçerk
Şəki rayonunun Kiçik Dəhnə kəndində
Şamil müəllimin köhnə ata-baba mülkündə
həmişəki sakitlik pozulmuşdu. Oğlanları,
qızları, gəlinləri, kürəkənləri, nəvələri
dağdan ağır babanı, mehriban, gülərüz Həyat
nənəni görməyə gəlmişdilər. Həyat nənə bir pürrəngi çay dəmlətdirib,
səhər süfrəsi açdırmışdı.
Hamı süfrə başında oturmuşdu.
Dünən gecəyə qədər uzanan söhbət
səhər süfrə arxasında davam edirdi. Həmişəki yerində
- baş tərəfdə əyləşən Şamil kişi öz adını qoyduğu nəvəsi
ilə söhbət edirdi.
Şamil
müəllim Şəkidəki yeniliklər, eşitdikləri,
bildikləri barədə həvəslə
danışırdı:
- Şəki
rayonunda az vaxtda son 15 ildəkindən
çox təmir-tikinti, abadlıq işləri
görülüb - deyəndə nəvəsi
marağını gizlədə bilmədi.
- Nə işlər
görülüb, baba - deyə soruşdu.
Şamil
müəllim söhbətinə bir anlıq ara
verdi, sonra diqqətini toplayıb sözünə davam etdi.
- Uzun illər
idi ki, Şəki bölgəsi elektrik enerjisi sarıdan
çətinlik çəkirdi. Qış
aylarında isə çətinliklər daha da artırdı.
İndi bu problemi birdəfəlik həll etmək
məqsədi ilə Prezidentimiz İlham Əliyevin sərəncamı
əsasında Şəkidə qazla işləyən elektrik
stansiyası tikilib. Deməli, bu bölgədə
həm təbii qaz, həm də elektrik enerjisi problemi birdəfəlik
həll edilir.
Milli arxitektura üslubunda tikinti işləri aparılarkən
kərpic tapılmırdı. İndi Şəkidə
ildə 15 milyon ədəd kərpic istehsal edən zavod
tikilib. Şəkinin dağlarında,
bağlarında yetişən bol-bol meyvələrdən
istifadə etməklə şirələr və mürəbbələr
istehsalı ilə məşğul olan iki yeni zavod inşa
edilib.
Son bir ildə 6 kənddə yeni məktəb binası
istifadəyə verilib. Bu məktəblərdən dördü
Heydər Əliyev Fondunun vəsaiti, Fondun rəhbəri
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə,
biri isə dövlət vəsaiti hesabına tikilib.
Böyük Dəhnə kəndində xeyirxahlığı
ilə tanınan iş adamı Cavanşir Feyziyev 634
şagirdin rahat təhsil alması üçün əlverişli
imkanları, geniş idman zalı, işıqlı sinif
otaqları olan bir məktəb tikdirib. Bu məktəb
elə gözəl, elə yaraşıqlıdır ki, mən
ömrüm boyu belə bir məktəbdə müəllim
işləməyi arzulamışam.
Şamil
müəllim söhbətinə ara verib
bir qurtum çay içdi. Fürsətdən istifadə edən
nəvəsi yenə sual verdi.
- Baba, bəs
kəndimizdə hansı yeniliklər var?
- Hə,
baba sənə qurban, kəndimiz lap cənnətə
dönür. Şəkidə müasir bir asfalt
zavodu istifadəyə verilib. Bizim kəndin qeyrətli
oğlanları iş adamı Elçin Cəlalovun rəhbərliyi
ilə vəsait toplayıb kəndimizə asfalt yol
saldılar. Kənd məktəbini əsaslı
təmir etdiriblər. Kənd qəbristanlığının
ətrafına daş hasar çəkiblər. Kənddə
yeni 800 nəfərlik
şadlıq sarayı istifadəyə verilib ki, belə
bir saray heç şəhərdə də yoxdur. İndi 30-35 kilometr məsafədən kəndə
içməli su kəməri çəkilib. O,
çox ağıllı və xeyirxah bir adamdır. Elçinin atası Baba Cəlalovu, babası Kamal
kişini də yaxşı tanıyırdım. Onlar nəsilliklə əməksevər, halal adamlar
olublar.
Həyat
özü sübut edir ki, adamlar bir-birinə qayğı ilə
yanaşanda, çətinliyə düşənə əl
tutanda, heç kim büdrəyib
yıxılmır. Hərə öz qabiliyyətinə
görə çörəyini qazanıb, ailəsini
saxlayır. Bax, belə birliyin nəticəsidir
ki, son bir neçə ildə kəndimizdə 150-dən
çox ikimərtəbəli yaşayış evi tikilib.
Elə evlər var ki, o vaxt mənəm-mənəm
deyən bəyin belə malikanəsi olmayıb.
Bir azdan kəndi də, şəhəri də gəzib
özünüz bu yenilikləri görərsiniz.
Şamil müəllim də öz növbəsində
Bakıda və dünyanın başqa yerlərində baş
verənlər haqqında oğlanlarının və nəvələrinin
söhbətlərini maraqla dinləyirdi.
87
yaşlı Şamil Hacı Hümmət oğlu Qasımovun
5 övladı, 11 nəvəsi
və 11 nəticəsi var. Övladlarının və nəvələrinin
hamısı alitəhsillidir. O, uşaqların ali
təhsil almasını Ümummilli lider Heydər Əliyevin
respublikaya rəhbərlik etdiyi vaxtlarda bütün sahələrdə
olduğu kimi, təhsildə də haqq-ədalətin bərqərar
olması, kasıb və imkansız ailələrin
hüquqlarının qorunması, onların arzularının
qanunauyğun şəkildə həyata keçməsi ilə
əlaqələndirir.
Xalqın
böyük əksəriyyətinin istəyi, arzusu ilə
ikinci dəfə hakimiyyətə qayıdan Heydər
Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi
dövrdə isə Şamil müəllimin nəvələri
öz biliyi, qabiliyyəti ilə test imtahanlarından müvəffəqiyyətlə
keçərək ali məktəblərə
qəbul olunublar. Şamil müəllimin nəvəsi
Şamil isə ən yüksək balla Bakı Dövlət
Universitetinin hüquq fakültəsinə qəbul olunub və
orada əla qiymətlərlə oxuduğuna görə
Prezident təqaüdü alır.
Şamil
müəllimin bütün gördüyü, eşitdiyi, həyat
həqiqətlərinə əsaslanan söhbətinin dəyişməz mövzusu həmişə Heydər
Əliyev ideyaları, onun rəhbərlik istedadı, dövləti
idarəetmə qabiliyyəti, xarici və daxili siyasətin tənzimlənməsi,
ümumxalq mənafeyini daim uca tutması, vahid, müstəqil
Azərbaycanın iqtisadi və siyasi kursunun dəqiqləşdirilməsi
olub.
Şamil müəllimi tanıyanlar heç vaxt onunla bu
mövzuda mübahisəyə girişməyə cəsarət
etmirlər.
O, Heydər Əliyev haqqında çap edilən hər bir
kitabı, əsəri, məqaləni diqqətlə,
böyük həvəslə oxuyur, bilgiləri artdıqca,
Ümummilli liderimiz onun xəyalında daha da ilahiləşir,
səcdəgaha çevrilir.
Heydər
Əliyev haqqında həvəslə danışmağı
xoşlayan Şamil
müəllimin söhbəti təbii axarı ilə
yenə gəldi çıxdı bu mövzuya. Şamil
müəllimin ürəkdolusu, fərəhlə, iftixar hissi
ilə nəvə-nəticələrinə
danışırdı ki, Şəki öz görkəmini
xeyli dəyişib. Təmiz, səliqəli,
gözəl şəhərə çevrilib. Heydər Əliyevin adı verilmiş böyük
bir prospektdə abadlıq işləri gedir. Şəki şəhər İcra Hakimiyyətinin
qarşısındakı meydanda yenidənqurma işləri
görülüb və orada Heydər Əliyevin heykəli
ucaldılıb.
Şamil
müəllim bunlar haqqında danışa-danışa
üzünü nəvəsi Şamilə tutub dedi:
- Heykəli
ziyarətə getmək üçün sənin gəlməyini
gözləyirdim. İstəyirəm ki, ora səninlə
gedəm - deyib, Şamil müəllim ayağa qalxdı.
- Dur,
maşını hazırla, gedək şəhərə.
Nəvəsi sevinə-sevinə həyətə
çıxdı.
Onların maraqlı söhbəti yolboyu da davam etdi,
maşın şəhər İcra Hakimiyyətinin
qarşısındakı böyük meydanda dayandı.
Şamil müəllim maşından düşüb bir
anlıq durdu.
İcra Hakimiyyətinin
qarşısındakı meydan tanınmaz olmuşdu.
Sağ tərəfdə Azərbaycanın Dövlət
gerbinin və bayrağının təsviri olan böyük
bir lövhə vurulmuş, Dövlət himninin mətni
yazılmışdı. Lövhənin baş tərəfində
Azərbaycanın xəritəsi çəkilmişdi. Orada iri hərflərlə Ümummilli liderimiz Heydər
Əliyevin "Müstəqillik heç şübhəsiz
ki, hər bir xalqın tarix səhnəsində əldə
etdiyi ən böyük uğurdur!" sözləri həkk
olunmuşdu.
Memarlıq baxımından yüksək zövqlə tərtib
edilmiş bu meydanın əsas yaraşığı Heydər
Əliyevin tünd şabalıdı rəngli mərmərdən
ucaldılmış heykəli idi. Pyedestalın çevrəsi
qiymətli mərmərdən nəfis şəkildə
işlənmiş, yaşıl çəmənlikdə
gül-çiçək və dekorativ bəzək
ağacları əkilmiş, sanki heykəlin ətrafına zərif
bir xalı salınmışdı. Buradakı
ideal təmizlik, səliqə-səhman heykəlin əzəmətini
daha da artırırdı. Bütün
bunlar müasir Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət
Heydər Əliyevə olan ümumxalq məhəbbətini əks
etdirirdi.
Şamil müəllim abidəni də, meydanı da
çox bəyəndi. Heykələ lap yaxınlaşdı, ehtiramla baş əyib
fatihə verdi. Sonra isə yanındakı
nəvəsinə tərəf dönüb:
- Gülləri
ver, oğul - dedi.
Nəvəsi
Şamil öz həyətlərindən topladığı tər
qızılgüllərin yarısını babasına verdi. Babasının sual dolu nəzərlərini
görüb tez dilləndi:
- Baba,
Olimpiya kompleksinin yaxınlığında təzə bir park
salınıb deyirlər, orada Heydər Əliyevin Muzeyi açılıb,
muzeyin qabağında da Heydər Əliyevin gözəl bir
abidəsi də qoyulub. Bu güllərin
yarısını həmin abidə üçün
saxladım. Oraya da gedərik.
- Düz
deyirsən, gəlmişkən oranı da ziyarət eləyərik
- dedi və Şamil müəllim nəvəsindən
aldığı gülləri heykəlin önünə
qoydu. Sakit, səssiz dayanıb xəyala
daldı.
Azərbaycanın son yarım əsrlik tarixi onun gözləri
önündən keçdi. Heydər Əliyevlə
bağlı şəxsən özünün mətbuatda
oxuduğu, televizorda gördüyü, tanışlarından
eşitdiyi hadisələri xatırladı. O,
üzünü nəvəsinə tutub təmkinlə sözə
başladı:
- Əziz
balam, sən daha uşaq deyilsən, oxuduğun, öyrəndiyin
dərslərindən əlavə, ölkəmizin xilaskarı
haqqında bir çox həqiqətləri də dəqiqliklə bilməlisən.
...1969-cu il idi. İş üçün
Bakıya getmişdim. Şəhərdə
böyük bir canlanma var idi. Məni maraq
bürüdü, yaşlı bir kişidən nələr
baş verdiyini soruşdum. "Bacı
oğlu, yerin yiyəsi gəlib, dövlət planı, əmək
intizamı möhkəmlənib, qayda-qanunu pozanlar fələyin
güdazına gedir. Mərkəzi Komitənin təzə birinci
katibi dövlət və el malını yeyənləri bir-bir
üdamlayır", - deyə o adam cavab verdi.
Mən
bilirdim ki, Azərbaycan KP MK-nın yeni rəhbəri
Heydər Əliyev Bakıda, eləcə də respublikanın
digər yerlərində qayda-qanun yaradır. Müəssisələrə,
bazarlara, mağazalara, zavod və fabriklərə insanların iş yerlərinə
qəfil reydlər keçirilir. Hətta şəxsən
Heydər Əlyev yol milisinin özünü necə
apardığını yoxlayırdı.
Heydər Əliyevin həyata keçirdiyi tədbirlərin
xoş sorağı tezliklə rayonlara da gəlib
çatdı.
O dövrdə kənd camaatı minbir zəhmətlə
yetişdirdiyi meyvə-tərəvəzi satmaq
üçün şəhərə aparanda
addımbaşı milis işçilərinə xərac
ödəyirdilər. Heydər Əliyev
bunların qarşısını qətiyyətlə
aldı. Rayonların rəhbərləri
artıq istədikləri kimi at oynada bilmirdilər.
Xalqın güzəranı, dolanışığı
da getdikcə yaxşılaşırdı. İri sənaye və kənd
təsərrüfatı obyektləri inşa edilir, Azərbaycanda
ümumittifaq əhəmiyyətli fabrik və zavodlar qurulur,
yollar çəkilir, mənzil tikintisinə xüsusi diqqət
yetirilir, yeni-yeni iş yerləri açılırdı. Azərbaycanın
istehsal etdiyi neft və kimya sənayesi məhsulları,
maşınqayırma avadanlıqları, məişət
kondisionerləri və onlarca adda sənaye və kənd təsərrüfatı
məhsulları xarici ölkələrə ixrac edilməyə
başlamışdır.
Üzümçülük, pambıqçılıq,
tütünçülük, taxılçılıq,
heyvandarlıq sürətlə inkişaf etdirilirdi. Hər sahədə
"Şan-şöhrət əməyə görə
olmalıdır!" prinsipi hökm sürürdü. İnsanlar halal zəhmətlə yüksəlirdi.
Əməksevərlik əsas meyar olmuşdu.
İstedadlı, səriştəli,
yaxşı işləyən hər kəs yaxşı da
yaşayırdı.
Şəhər
və kəndlərimizin görkəmi durmadan dəyişilirdi. Müasir tipli məktəblər, uşaq
bağçaları, mədəniyyət evləri, klublar,
ictimai təyinatlı obyektlər, fərdi yaşayış
evləri sürətlə tikilirdi. Qısa
müddətdə Azərbaycan bütün SSRİ-də
nümunəvi respublikaya çevrildi.
Ölkədə mənəvi inkişafa xüsusi fikir
verilirdi. Görkəmli elm və mədəniyyət xadimlərinin
yubileyləri keçirilir, yeni-yeni parlaq sənət əsərləri
meydana çıxırdı. Nəsiminin 600 illik
yubileyi, Nizaminin anadan olmasının 840 illiyi, Beynəlxalq
Xalça Simpoziumu, Azərbaycan şair və
yazıçılarının, bəstəkarlarının
Moskvada İttifaqlar Evinin sütunlu salonunda, Böyük Teatrda
keçirilən təntənəli yubiley mərasimləri
doğma respublikamızı bütün Sovet İttifaqında
və dünyada
tanıdırdı. Xarici ölkələrdə və müttəfiq
respublikalarda təşkil olunan ədəbiyyat və incəsənət
ongünlüklərində Azərbaycanın
qazandığı nailiyyətlər təbliğ edilirdi. Bütün bunlar ilk növbədə Heydər
Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi idi.
Azərbaycanın yüksəlişi, eyni zamanda, Heydər
Əliyevin yüksəlişi idi. Əvvəl Sovet İKP MK Siyasi Bürosu
üzvlüyünə namizəd seçilən Azərbaycan
rəhbəri çox keçmədən Siyasi Büronun
üzvü oldu və Moskvaya çox məsul bir işə -
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə
dəvət edildi. O, artıq dünyadakı iki super dövlətdən
biri olan, planetin üçdə birinə hökm edən Sovet
İttifaqının barmaqla sayılan rəhbərlərindən
biri idi.
Heydər Əliyev Moskvada elmdən, maarifdən,
səhiyyədən, su və dəmiryolu nəqliyyatından
tutmuş energetikayadək 11 sahənin rəhbəri idi. Gecə-gündüz, şənbə-bazar istirahət
bilmədən işləyirdi.
Gündə
bir neçə dəfə müşavirələr, iclaslar
keçirir, nazirləri, mütəxəssisləri qəbul
edir, ucsuz-bucaqsız Sovet İttifaqının müxtəlif
bölgələrinə və xarici ölkələrə
işgüzar səfərlər edirdi.
Heydər
Əliyevin iş üslubu barədə Moskvada, Kremldə
müxtəlif əfsanələr dolaşırdı. Məsələn,
o, bir dəfə axşam köməkçisinə təcili
olaraq bir neçə naziri yanına çağırmağı
tapşırır. Məlum olur ki, rəsmi iş vaxtı
başa çatan kimi nazirlər ya balıq ovuna, ya da bağ
evinə istirahətə gedirlər. Problem olan
yerdə istirahət haqqında fikirləşmək Heydər
Əliyev təbiətinə yad idi və o, öz tabeliyindəki
adamlardan da bunu tələb edirdi. Heydər
Əliyevin tələbkarlığı barədə söhbətlər
Nazirlər Sovetinin sədri Nikolay Tixonova da gedib
çatmışdı. O, müavininin
işgüzarlığını yüksək qiymətləndirərək
zarafatla demişdi: "Heydər Əliyevlə heç mən
özüm ayaqlaşa bilmirəm, nəinki nazirlər ola".
Heydər Əliyev bir dəfə Sovet memarlarının
qurultayında çıxış edərkən
hamını heyrətə salmışdı. Memarlığın ən
incə nüansları
barədə əsl mütəxəssis kimi söz
açan Siyasi Büro üzvü bu spesifik sahənin problemlərini
və perspektivlərini o qədər dərindən təhlil etmişdi ki, hamı onun
ixtisasca memar olduğunu düşünmüşdü.
Tibb
işçilərinin ümumittifaq müşavirəsində
Heydər Əliyevin
çıxışını dinləyənlər
onun ixtisasca həkim olduğunu sanmışdılar. Çünki Heydər Əliyev heç bir
kağıza, qeydə baxmadan öz
çıxışlarında tibbə aid onlarca termin və dərman
adı işlətmiş, SSRİ-də və xarici ölkələrdə
təbabətın ən son nailiyyətlərindən bəhs
etmişdi.
Sovet dəmiryol nəqliyyatı rəhbərlərinin
iştirak etdiyi müşavirədə də Heydər
Əliyev bu sahəyə dərindən bələd
olduğunu göstərmişdi. Ən maraqlı hadisə
isə Moskva yaxınlığında Birləşmiş
Nüvə Tədqiqatları Mərkəzində baş
vermişdi. SSRİ Elmlər Akademiyasının uzun illər
Prezidenti olmuş 3 dəfə Sosialist Əməyi Qəhrəmanı,
4 dəfə SSRİ Dövlət Mükafatı və Lenin
Mükafatı Laureatı, dünyanın bir neçə Elmlər
Akademiyasının fəxri üzvü olan Aleksandrov Anatoli
Petroviçlə birlikdə Mərkəzə gələn
Heydər Əliyev rəyasət heyətində oturub
çıxışları dinləmişdi. Çıxış
edən bir natiq-tanınmış alim, Siyasi Büronun hörmətli
üzvünə - Heydər Əliyevə müraciətlə
"Bağışlayın, bizim sahə çox spesifik
olduğu üçün, onun problemlərini sadə şəkildə
izah etmək mümkün deyil. Ona görə
də mən zalda əyləşən çoxsaylı alimlərə
məlum olan terminlər işlətmək məcburiyyətindəyəm"
deyərək üzr istəyir. Heydər
Əliyev isə mənalı-mənalı gülümsəyərək,
"eybi yoxdur, siz necə lazım bilirsinizsə, elə də
danışın. Mən sizi anlamağa
çalışaram" deyə cavab verib. Ən axırda
yığıncağa yekun vuran Heydər Əliev Sovet Nüvə
Qalxanını yaradan adlı-sanlı atomçu alimlər
qarşısında elə dərin məzmunlu və parlaq
çıxış etmişdi ki, akademiklər onun
çıxışına mat qalmışdılar. Hətta
Aleksandrov hamının fikrini ifadə edərək "Təəssüf
ki, biz sizin elmi əsərlərinizlə tanış
deyilik, ancaq sizin ən azı fizika-riyaziyyat elmləri doktoru
olduğunuza şübhə etmirik" demişdi.
Heydər Əliyevin musiqi, rəssamlıq, teatr, ədəbiyyat
kimi sahələrə dərindən bələd olması
hamı tərəfindən bilinən faktdır. Onun Qara Qarayevin, Mirzə
İbrahimovun, Süleyman Rüstəmin, Səməd
Vurğunun və başqa sənətkarların yubileylərindəki
çıxışları ziyalıların indi də
yaddaşındadır. Sovet hakimiyyəti dövründə
repressiya qurbanlarından biri, böyük ziyalı,
sürgündə - uzaq Sibirdə dünyasını dəyişən
Hüseyn Cavidə bəraət verilməsi və onun qəbrinin
tapılaraq çıxarılıb, Azərbaycana gətirilib, doğma vətən
torpağında dəfn edilməsi, məzarı üstə
böyük, əzəmətli məqbərə
ucaldılması, adına Bakı şəhərində,
Naxçıvanda küçə və park salınması,
həmin küçədəki parkda möhtəşəm
abidə ucaldılması Ulu öndər Heydər Əliyevin ən
böyük vətənpərvər olmasının təzahürüdür.
Fenomenal yaddaşı, dərin təfəkkürü və
sonsuz təxəyyülü, mükəmməl təhlil
qabiliyyəti və parlaq nitq mədəniyyəti onu
hamıdan fərqləndirirdi.
...Nəvəsi
Şamil müəllimi diqqətlə dinləyirdi və sual
dolu nəzərlərlə babasına baxıb dedi:
- Baba, deyəsən,
xəyallar səni uzaqlara aparıb, bəs Heydər Əliyev adına
muzeyə getməyək?
- Düz
deyirsən oğul, gedək.
Şamil müəllim bir daha Heydər Əliyevin heykəli
önündə baş əyərək, nəvəsi ilə
birlikdə yaxınlıqda saxladığı maşına
doğru getdi.
Bir azdan onlar Olimpiya Kompleksinin yanında yeni
salınmış parkda Heydər Əliyev muzeyinin
qarşısında qoyulmuş büstün önündə
idilər. Şamil müəllimlə birgə
nəvəsi də büstün önünə
gül-çiçək qoydu. Hər
ikisi ehtiramla baş əyib, sakit durdular. Sonra
muzeyə tamaşa etməyə getdilər. Muzeyin işçiləri onları hörmətlə
qarşılayaraq, Heydər Əliyevin həyat və fəaliyyətini
əks etdirən eksponatlar, fotoşəkillər haqqında ətraflı
məlumatlar verdilər. Sonra Şamil
babasından icazə alıb, gənc idmançıların məşqlərini
izləmək üçün Olimpiya Kompleksinə getdi.
Şamil müəllim isə
yaxınlıqdakı oturacaqda əyləşib, yenə xəyallara
daldı. Heydər Əliyevin siyasətə
və Azərbaycanın rəhbərliyinə təkrar
qayıdışını xatırladı. Bir-birinin ardınca baş verən dövlət
çevrilişlərinə cəhdləri, vətəndaş
qarşıdurmalarını, xarici və daxili düşmənlərin
necə həvəslə meydan sulamalarını yadına
saldı. O vaxt Azərbaycanın parçalanması,
dövlət müstəqilliyini itirməsi qaçılmaz
idi. Bunu dahi insan Heydər Əliyev ancaq
özünəməxsus təmkin və siyasi uzaqgörənliklə
həll edə bilərdi və belə də oldu. Daxili və xarici düşmənlərin fitnə-fəsadlarını
bir-bir puça çıxardı, planlarını pozdu,
müstəqilliyimizi, gənc dövlətimizi bir çox bəlalardan
qorudu.
Onun dahiyanə şəkildə
düşündüyü və həyata keçirdiyi atəşkəs
və neft strategiyası tezliklə öz səmərəsini
verməyə başladı. Siyasi sabitlik təmin
edildikdən sonra ölkəyə xarici investisiya axını
başladı. Dahi rəhbər Azərbaycanın
daxili və xarici siyasət kursunu dəqiq şəkildə
müəyyənləşdirdi. O, dünyanın
böyük və nüfuzlu dövlətlərinə səfərlər
etdi. Beynəlxalq təşkilatların rəhbərlərini
tədbirlərə dəvət etdi və bir çox tədbirlərdə
özü şəxsən iştirak edərək erməni
faşizminin iç üzünü açdı, onları
Birləşmiş Millətlər Təşkilatının
tribunasında da ifşa etdi. Azərbaycanın təcavüzə
məruz qaldığını və qarşılaşdığı
haqsızlığa cavab olaraq yürütdüyü
sülhsevər, tolerant siyasəti ən yüksək
tribunalardan bütün dünyaya bəyan etdi. Şamil
müəllim 1976-cı ildə Şəkidə Heydər
Əliyevlə birinci görüşünü və ondan
sonra Ulu öndərin rayona səfərləri zamanı onunla
səmimi görüşlərini və söhbətlərini
xatırladı. Hər dəfə bu
böyük şəxsiyyətin Azərbaycanın tarixi,
keçmişi və gələcəyi haqqında necə dəqiq
məlumatlar verdiyini yaddaşında vərəqlədi və
indi onların necə reallaşdığını
gözü önünə gətirdi.
Şamil müəllimin əqidəsinə görə
Heydər Əliyev Azərbaycanın səmasında parlayan bir
günəşdir. O, öz ömrünü xalqına həsr edən bir
dahi kimi də əbədi olaraq tarixdə qalacaqdır. İndi bu həyat həqiqətlərini
çoxları dərk ediblər. Lakin dahilər
çox vaxt sağikən öz həqiqi qiymətlərini
ala bilmirlər. Xudbin və xəbis adamlar,
idrakı sönük və cılız siyasətçilər,
xarici təxribatçıların nökərləri öz məkrli
məqsədləri naminə hətta günəşə də
ləkə yaxmaqdan çəkinmirdilər. Bu mənada Heydər Əliyev də vaxtilə
haqsız tənqidlərə, cəfəng böhtanlara məruz
qalıb. Onun dühasının
böyüklüyünün tam başa düşülməsi
üçün hələ zamana ehtiyac var deyə Şamil
müəllim düşünürdü. Atalar
yaxşı deyiblər: "Uzaqdan baxdıqda uca dağın
zirvəsi daha əzəmətli və daha yaxşı
görünür". Ən ədalətli, ən
böyük hakim isə zamandır.
Bunları
düşündükcə ömrünün 70 ilini xalq maarifinin
inkişafına həsr etmiş Şamil müəllimin
yanaqlarından göz yaşları süzülürdü. Bu, sevinc yaşları idi.
Bir azdan nəvəsi Şamil də qayıtdı. Gözlərini
babasının islaq yanaqlarına zillədi. Şamil
müəllim nəvəsinin başını
sığallayaraq dedi:
- Sən
gələnə qədər mən burda oturub Ulu öndərin
fəaliyyəti, xeyirxah əməlləri haqqında bir çox faktları
xatırladım. İndi ona həsr edilən
şeirlərdən ən çox xoşuma gələn birini
deyim, sən də dinlə.
Böyüklük
alında yazılan yazı,
Cəfakeş doğulur böyük olan kəs.
Bu
ağlı-qaralı dünyanın nazı,
Böyüklük
olmasa, çəkilə bilməz!
Təlxək
atmacası yer elər ona,
Nadan gülüşündən sınar
böyüklük.
Gah
peşman olar doğulduğuna,
Gah da öz-özünü qınar böyüklük.
Ona əli
çatmaz yalanın, şərin,
Diksinməz,
səksənməz yağı səsindən,
Səbrinə
güc verər, düşünər dərin,
Enməz öz böyüklük mərtəbəsindən.
Dəyər
topuğuna paxılın daşı,
Bilər,
üzə vurmaz, böyükdür axı!
Sonra da kədərlə
çatılar qaşı,
Kəsər
qabağını böyük olmağı!
Böyüklük
ilahi nurdur, işıqdır...
Neyləyə bilər ki, qaranlıq ona?
Böyüyün
hər yerdə alnı açıqdır,
Yoxdur
ehtiyacı bəzəyə, dona.
Böyük
fikir, böyük ürəkdir,
Haqq
özü səs verir onun səsinə,
Dünya,
Vaqif Aslan, baş əyəcəkdir
Daim
böyüklüyün təntənəsinə!
Nə gözəl şeirdi baba, müəllifi kimdi bu
şeirin?
Şamil müəllim özünəməxsus təmkinlə
cavab verdi.
- Bu
şeiri həmyerlimiz, gözəl şair Vaqif Aslan Ulu öndərə
həsr edib. Oğlum, həmişə bu
günü görməyi arzulayırdım. Oradakı heykəli, bu büstü gördüm,
muzeyi gəzdim, ürəyim dağa döndü. Bilirəm ki, Azərbaycanın paytaxtı Bakı
şəhərində, başqa şəhərlərdə və
rayon mərkəzlərində də belə heykəllər,
büstlər ucaldılıb. Deməli,
Heydər Əliyevin böyüklüyü, qədir-qiyməti
başa düşülür. Onun dahiliyini
inkar etmək istəyən bir ovuc səviyyəsizlər də
gec-tez bunu başa düşəcək. İndi
bircə arzum qalıb. Allah yaxın gələcəkdə
də o arzuma çatmağa imkan versin.
- O hansı arzudur baba?
- Qarabağın azad olunması!
Öz varlığım qədər inanıram ki, Azərbaycan xalqı möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin siyasi kursunu ardıcıllıqla davam etdirəcək, onun vəsiyyətlərinə dəqiq əməl edəcək və Qarabağ arzumuz da tezliklə gerçəkləşəcəkdir!
- İnşallah, baba! O günü də görəcəyik!
MÜƏLLİFDƏN:
Mən bu sənədli oçerki 2005-ci ilin dekabr ayında yazmışdım və həmin yazı "Şəki" qəzetinin 2006-ci ilin mart ayında çap edilib. 2023-cü ildə Ulu öndərin 100 illiyi münasibətilə bu sənədli oçerki yenidən çapa hazırladım. Bu münasibətlə dərin hörmət bəslədiyim mərhum Şamil müəllimin o vaxt tələbə olan nəvəsi Şamili axtarıb tapdım. Biz onunla çox səmimi söhbət etdik. Şamil dedi ki, 9 noyabr 2020-ci ildə 44 günlük müharibənin qələbə xəbəri yayılan kimi babamın məzarını ziyarət etdim və qələbə sevincini babamın ruhuna çatdırdım. Bir neçə gün sonra babamı yuxumda gördüm. O, öz evimizdə həmişəki yerində oturmuşdu. Üzü gülər idi. Biz onu nadir hallarda gülən görərdik. Mən onun gülüşündən, baxışlarından fikrini oxuyurdum. Sanki o, mənə demək istəyirdi ki, "Sənin o vaxt qətiyyətlə inşallah, baba, o günü də görəcəyik deməyin məndə gənc nəslə olan inamı artırmışdı. Elə belə də olmalı idi. İndi məlumdur ki, cəsur, müzəffər Ali Baş Komandanımız İlham Əliyev Heydər Əliyevin kursunu qətiyyətlə davam etdirir və bu yol xalqımızı işıqlı gələcəyə aparacaq".
Mən gənc Şamillə birlikdə Şəkidə bir neçə il qabaq istifadəyə verilən, yeni, daha əzəmətli və daha layiqli Heydər Əliyev Mərkəzini də ziyarət etdik və mərkəzin önündəki abidənin qarşısında Şamil müəlim və Heydər Əliyevin əqidə dostluğu haqqında danışdıq.
Şamil müəllim Ulu öndərin fanatı idi. İndi onun nəvəsi
Şamil milyonlarla azərbaycanlılar kimi, həm Ümummilli
liderimizin vəsiyyətlərini layiqincə yerinə yetirməyi
və cəsur Ali Baş Komandanımız, möhtərəm
cənab Prezidentimiz İlham Əliyevin tapşırıq və
sərəncamlarını icra etməyi özlərinə vətəndaşlıq
borcu hesab edirlər. Eşq olsun XXI əsrin zəkalı
Azərbaycan gənclərinə!
Şəki
Çingiz ƏVVƏLOĞLU
525-ci qəzet.-
2023.- 8 fevral.- S.14-15.