"Aktrisa
Leyla Bədirbəylinin
portreti"
"Azərbaycan rəngkarlığının
kraliçası" Vəcihə
Səmədova 24 noyabr
1924-cü ildə Bakı
şəhərində anadan
olub. Azərbaycan Dövlət
Rəssamlıq Texnikumunda
təhsil alan
Vəcihə xanım
sonradan V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitunun
rəngkarlıq fakültəsində
- tanınmış rus
rəssamı Pavel Korinin sinfində təhsilini davam etdirib. 1951-ci ildə
"Üzeyir Hacıbəyov
tələbələri arasında"
adlı diplom işini müvəffəqiyyətlə
müdafiə edib.
Müəllimlərinin təkidi
ilə təhsilini daha üç il aspiranturada
davam etdirib. Sonradan oxuduğu institutda dərs demək təklifi alan Vəcihə
Səmədova vətənə
qayıtmağı üstün
tutaraq, müstəqil
yaradıcılığa başlayıb.
Vəcihə xanım Səmədova
həmkarı və həyat yoldaşı Lətif Feyzullayev ilə birgə yaradıcılıq ezamiyyətinə
çıxaraq bir çox mötəşəm
əsərlər yaradıblar.
Onlara misal olaraq "Kür qırağında", "Mahnı",
"İntizarda", "Toya
hazırlıq" tematik
tabloları, "Qoşqar
yaylağında", "Göy
göl", "Kəpəz",
"Kür sahillərində"
silsilə mənzərələri,
"Pambıqçı", "Şamama Həsənovanın
portreti", "Geoloq
Minirə Məmmədbəylinin
portreti", "İmtahan
qabağı" və
haqqında danışacağımız
"Aktrisa Leyla Bədirbəylinin portreti"
kimi əsərlərin
adını çəkmək
olar.
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Aytac
Əhmədovadır. Onunla Azərbaycanın
ilk peşəkar qadın
rəngkarlarından biri
Vəcihə Səmədovanın
"Aktrisa Leyla Bədirbəylinin portreti"
əsərindən danışmışıq.
- Aytac xanım, rəsmin yaranma tarixçəsi haqqında
nə bilirik?
- Qısa ömür sürməsinə baxmayaraq
Vəcihə xanım
Səmədova bir çox möhtəşəm
əsərlər yaradıb.
Onlardan biri də "Aktrisa Leyla Bədirbəylinin
portreti"dir. Bu əsər
rəssamın yaradıcılığının
yüksəliş dövrünə
- keçən əsrin
50-ci illərinə təsadüf
edir. Əsər 1954-cü ildə yaradılıb. Rəssam bu
əsərdə qadın
gözəlliyi, cazibəsi,
istedadı və təfəkkürü kimi
müxtəlif cəhətləri
əks etdirməyə
çalışıb. Vəcihə
xanım Səmədovanın
gümüşü-yasəməni tonların ən zərif nüanslarından
işlədiyi bu portret Azərbaycan portret rəngkarlığı
tarixində xüsusi yer tutur.
- Əsərin rəng
koloriti haqqında nə deyə bilərsiniz?
- Əsərdə soyuq
mavi və qara rəng üstünlük təşkil
edir. Bu rənglər izləyənləri rahatladır
və xoş təəssürat yaradır.
Baş qəhrəmanının plastik
silueti inamlı, dolğun yaxmalarla çəkilib, bu da ona əyanilik
və maddilik gətirir. Rəssam ciddi, son dərəcə
səlis rəng yaxıları ilə tam biçimdə qəhrəmanın
surətini yaradıb.
Portretin kompozisiyası, zərif rəng koloriti, ayrı-ayrı xırda detallar böyük ustalıqla işlənib.
- Bəs Vəcihə
Səmədova yaradıcılığına
dair xüsusiyyətlər
bu əsərdə özünü necə göstərir?
- Rəssamın yaradıcılığının
səciyyəvi cəhəti
forma və məzmun dolğunluğu, mövzuya
sərbəst yanaşma
ustalığı və
zəngin kolorit həllidir ki, biz "Aktrisa Leyla Bədirbəylinin
portreti" əsərində
bütün bunları
daha dəqiqliklə görə bilərik. Əsərə öndən verilmiş
işıq həlli obrazın üz cizgilərinin bədii ifadəliliyini daha da gücləndirir. Əsərin
fonunun sağ tərəfinə düşən
surətin kölgəsi
tabloya həzin "melodiya" verir.
- Rəsmin kompozisiya necədir?
- Yarım profildən masaya söykənmiş halda əllərini qoşalayaraq, başını
bir qədər əymiş vəziyyətdə
tamaşaçıya sarı
baxan aktrisanın bir qədər kədərli çöhrəsi
seyrçini həyəcanlandırır.
Arxa fonda
təsvir olunan güzgü obrazın gözəlliyini, zərifliyini
hərtərəfli izləməyə
imkan yaradır. Sənətkar portreti işləyərkən
təkcə zahiri oxşarlığa deyil, həm də onun fərdi xüsusiyyətini, mənəvi
aləmini əks etdirməyə çalışıb.
Obraza tamaşa edərkən kövrək, zərif qız obrazından dərin qüvvə və incə əzm hiss olunur. Bu, kompozisiyanın mərkəzindəki mavi və qara rənglərin
optik baxımdan əsərin daha yaxşı qavranılmasını
təmin edir.
- Əsər hazırda
harda saxlanılır?
- Əsər nümayiş
olunduğu zamandan etibarən Azərbaycan Dövlət İncəsənət
Muzeyində sərgilənir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Öncə onu qeyd edək ki, Vəcihə xanım Səmədova yaradıcılığında ən çox qadın portretlərinə
üstünluk verib. Sənətkar bu rəsmdə
istedadı, bacarığı
və gözəlliyi
ilə hamını heyran edən Leyla xanım Bədirbəylinin gözəlliyinə
işıq tutur.
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 8 fevral.- S.11.