Təxəyyülün aydın
güzgüsündəki həyat
ORXAN
CUVARLININ HEKAYƏLƏRİ HAQQINDA QEYDLƏR
Gənc yazıçı Orxan Cuvarlının "Qardaşımın
atası" hekayəsini
oxudum. Günlərim mütaliəsiz keçməsə
də, bu, Orxandan oxuduğum ikinci hekayədir. Təəccüb edirəm:
niyə belə az? Özüm də
cavab verirəm ki, yazarlar çoxdur
axı, əsərlər
çoxdur, zaman çatmır, yəqin.
Yenə özüm-özümə
etiraz edir və xəyalən belə bir daxili
dialoq qururam: "Axı Orxan kimi yazarlar çox
deyil. Belə müəllifləri oxumalıyıq, Aygün,
hər yazıya vaxt ayırmaq düzgün deyil.
- Oxumasam, necə bilərəm, necə kəşf edərəm yeni imzaları?
- Hə, yaxşı, sən deyən olsun. Əsas odur ki, nəhayət,
Orxanın hekayəsi səni yenə nəsə yazmağa vadar edir...
- Məmnuniyyətlə yazıram!
İlk növbədə bunu qeyd edim ki,
obrazlarının psixoloji
durumunu, sətiraltı
deməzdim, təsviraltı
tərzdə ifadə
etməkdə ustadır
Orxan:
"- Durumun bu kadar vahim olduğunu düşünmemiştim...
Həkimin ikinci zərbəsi də gecikmədi. Eldar masadakı
bir stəkan suyu başına çəkdi. Yanğısı keçmədi. Həkim siyirmədən
çıxardığı qovluğu vərəqləyib
kağıza nəsə
yazırdı. Vərəqlərin narın sərinliyi aram-aram Eldarın xəfədən pörtmüş
sifətinə vurdu.
Eldar handan-hana boğazında düyünlənən
iki kəlmədən
zorla xilas oldu:
- Peki, ne yapabiliriz?"
"Vərəqlərin narın
sərinliyi"ni siz də hiss etdinizmi? Mən də.
Başqa
nümunələrə baxaq:
"İyirmi-iyirmi beş
metrlik dəhliz indi ona ucsuz-bucaqsız
görünürdü".
"Yadındadır, nənəsi anasının
xəstəliyini ilk eşidəndə
qulağını çəkib
divarı üç dəfə taqqıldatdı. Eldar heç
vaxt bu üç
taqqıltının illər
uzunu beynini cırmaqlayacağına inanmazdı.
Bu üç taqqıltı uzun illər heç ağlına gəlməyən
yerlərdə, gözləmədiyi
məqamlarda qəfil güllə kimi beyninə tuşlanır, ürəyini səksəkədə
saxlayırdı. Suya düşən
damlalar kimi həlqələr yaradıb
beyninə yayılan bu üç taqqıltı hafizəsinin
ən qorxunc silahı idi".
Burada hekayəni
yenidən "yazmaq"
fikrim yoxdur. Bu kiçik nümunələr
də artıq sizi hekayəni tam oxumağa həvəsləndirə
bilər.
Orxanın sözə münasibəti
kor-kobud deyil. Hiss olunur
ki, hər sözü "üfürə-üfürə"
istifadə edir.
Mənzərə - peyzaj və bədii portret yaratma gənc yazıçıda çox
keyfiyyətli alınır:
"İndi solğun,
boyası qopuq-qopuq olan bu qapının
o üzü Eldar üçün təkcə
ensiz həyətdən,
üç göz evdən ibarət deyildi. Bu qapının o üzündə
iyirmi iki ilin acı təəssüfü,
xatirələri, şirinli-acılı
günləri, məhrəm,
nabələd qonaqlar,
yaxın, uzaq qohumlar, anasının yeməklərinin ətri,
yay axşamlarında
samovar qoxusu, pürrəngi
çayın içinə
yayılan isti ləzzəti, cırcırama
səsi, isti təndir çörəyilə
qarpız-pendirin tamı,
təmiz süfrə arxasında ailəvi naharlar, şam yeməkləri, atasının
ucuz tütün iyi gələn köynəkləri, anasının
əlvan, rəngbərəng
şalları, ad günlərində,
bayramlarda hər üç otağa yayılan "Krasnaya Moskva" ətrinin tünd qoxusu, evin daimi sakininə
çevrilən qonur pişik, "VEF" markalı
qırıq radio, babasından
qalma, kökdən düşmüş piano, qonşu
həyətlərdən süzülüb
gələn tərxun,
nanə rahiyəsi, valideynlərinin tozlu albomları, tələbəlik
şəkilləri, həyətin
bir küncündəki
əlüzyuyan, yanındakı
qırıq güzgü,
sabun qabı, bəyaz məhrəba, üzüm tənəkləri,
su çəlləkləri,
zivədəki paltarlardan
gələn təmiz camaşır qoxusu, anasının şirniyyat,
çörək bişirdiyi
qırmızı soba, "Krım 218" markalı ağ-qara televizor, ipək kilim, rəngli bayram süfrələri, Rusiyadan
pay gələn şokolad
qutuları, taxt, dəmir çarpayılar,
kitab-dəftərlərini yığdığı
dolablar, solğun, vərəqləri saralmış
kitablarla dolu rəf, qaz plitəsi,
anasının cehizlik
qab-qacaqları, yayın
qızmar, bürkülü
gündüzləri, xəfif
mehli axşamları, qışın sərt ayazı, payızın durmadan dəmir damı döyəcləyən
yağışları, navalçanın
altına düzülən
vedrələr, ağacların
gövdəsini, evin çöl divarlarını,
barını boyayandan
sonra boşalan əhəng qabları və daha nələr,
nələr dayanmışdı".
Hekayənin ən uzun cümləsi
də olsa, dəyərinə və sanbalına, müəllifin
üslubi imkanlarını
aydın göstərdiyinə
görə onu burada ixtisarla verməyə əlim gəlmədi, doğrusu.
Orxanın obraz yaratma bacarığı
da sevindiricidir. Onun obrazyaratma
üsulu elədir ki, sanki bütün
obrazlar hekayənin əsas qəhrəmanıdırlar.
Məsələn, bu hekayədə
ata da, ana
da, Malik də, Eldar da, hətta atalarının ikinci dəfə evləndiyi qadın - analıq da dolğun təəssürat yaradır,
oxucu üçün
aydın obraz olaraq təqdim edilir. Elə götürək haqqında üç - dörd cümlədə söz açılan analıq obrazını.
"-Bir tikə
çörək ye, yol
yorğunusan.
- İştaham yoxdur,
- Eldar gözünü
masanın cırıq
örtüyünə dikmişdi".
"Cırıq örtük"
ögey ananın bu ailədəki, bu evdəki davranış və münasibətlərini göstərən
tutarlı bədii detaldır. Daha bu dialoqa da
gərək qalmır
ki:
"- Həyasız bilirsən
nə deyir?
- Kim?
- Ögey anamız.
- Adını çəkmə
o ləçərin. O hardan
bizim anamız oldu?
- Di yaxşı, boşla. Deyir ki, Malik
gözünü o ağ "Niva"ya dikib. Gözləyir ki, atası
gözünü yumsun,
o dəqiqə behlənəcək.
- Hər sözə bənd olma. Hardadır indi? - Eldar sınayıcı nəzərlərlə
həyəti süzüb
analığını xəbər
aldı.
- Ata xəstə düşəndən
qardaşıgilə köçüb.
- Bağda ərik var idi..."
Eyni üsul ilə Malikin də, atanın da xarakter və mahiyyətini obraz olaraq müəyyənləşdirmək olar. Hekayənin başlığı bir az istiqaməti azdırsa da, məlum olur ki, əsas qəhrəman qardaşının atası deyil, elə "atasının böyük oğlu", yəni Eldardır. Kiçik bir hekayədə ailəsini sevən, zəhmətkeş, öz dəyişməz prinsipləri, xarakteri olan gənc kimi təqdim olunan Eldar, ilk növbədə atasının yox, anasının övladı kimi, yəni anasını hər kəsdən çox sevən övlad olaraq tanınır. Anasının ölümündən sonra atasının tez bir zamanda başqa qadını evə gətirməsi Eldarı atasından ömürlük ayıran dalğa oldu. Son nəfəsdə belə atasını danışdırmayan Eldar can üstdə olan atası ilə görüşmək istəmir. Amma:
"Otaqdan çıxmaq istədi, nəsə fikirləşib ayaq saxladı, taxtın yanına qayıtdı. Köynəyinin döş cibindəki siqaret qutusunu, alışqanı atasının yanındakı dolabın üstünə qoydu
Eldar barmaqlarının ucunda həyətə çıxdı. Üzüm tənəklərinin arasından göy üzü aydın görünürdü. Sürməyi səma buludsuzdu, Ay bədirlənmişdi. Mıxçadan asılan pencəyi ehmalca Malikin üstünə örtdü".
Necə də səliqəli təsvir edilib. Orxanın "Şlaqbaum" hekayəsi də belə sadə dillə, psixoloji təsvirlərlə, maraqlı bədii detallarla işlənib, məsuliyyətlə və yazıçı ehtiyatı ilə yazılıb.
Baxmayaraq ki, Azərbaycandan kənarda daha çox yaşayır, hekayələrində maraqlı ifadə və frazeologizmlərdən istifadə etməsi onu yazıçı kimi sevdirən, üstün edən cəhətlərindən biri olacaq.
"Məşğulat", "mıxça", "mübhəm sükut", "əllərini çataqlayıb", "ürəyini sıxıb-sıxcalayan", "üçgöz ev","mağmın görkəm", "təndirəsər", "naqolay səkilər", "qazdan ayıq idi" kimi onlarla söz və ifadə onun hekayələrinin dilində kolorit yaradan mühüm elementlərdir.
Yazıçılarımızın, bəlkə də, ən əsas vəzifəsi bu gün artan yad təsirlərdən dilimizi qorumaqdır. Bu təsirlər, xarici hücumlar tarixin hər dönəmində qara bulud kimi Azərbaycan türkcəsinin başı üzərində fırlanıb.
Bizim nəsil bu dili indiki halı ilə sənətkarlardan təhvil alıb. İndi isə səngərdə gənc yazarlardır. Bu vəzifənin fərqində olan gənc yazıçılardan biridir Orxan Cuvarlı.
Buna görə gənc
yazıçıya təşəkkür edir
və yeni uğurlar
diləyirəm!
Aygün
YAŞAR
525-ci qəzet.- 2023.- 8 fevral.- S.9.