İranın antiazərbaycan siyasəti və
Azərbaycan səfirliyində terror hadisəsi
İran
İslam Respublikasında artıq bir ilə yaxındır ki,
kütləvi iğtişaşlar, həbslər,
qarşıdurmalar davam etməkdədir. Əvvəlcə qadınların
öz haqlarını
müdafiə etmələri
üçün ayağa
qalxaraq keçirdikləri
az qala
bütün İranı
bürüyən nümayişlər
ilə başlanan hərəkat qısa müddətdə xarakterini
dəyişərək mövcud
rejimdən narazılığı
ifadə edən etiraz aksiyalarına çevrilmişdir. Artıq İrandakı
etiraz aksiyaları qadınların haqlarının
müdafiə edilməsi,
tanınması ilə
yanaşı, həm də ölkədəki dini-siyasi rejimin dəyişdirilməsinə qədər
genişləndirilmiş və
dönməz xarakter almışdır. Bu müddətdə İran
qadınlarının hərəkatı
sistemli şəkildə
inkişaf etmiş, qadınların arasından
tanınmış mübariz
simalar meydana çıxmışdır. İranın
azadlıq uğrunda mübarizə aparan qadınlarından birinin
Nobel Sülh mükafatına
namizəd kimi qeydə alınması ölkədəki qadın
hərəkatının dünya
birliyi tərəfindən
də dəstəkləndiyini
göstərməkdədir. Qeyd etmək lazımdır ki, XX əsr ərzində heç vaxt İranda baş vermiş inqilablarda: Məşrutə inqilabı,
Xiyabani hərəkatı
və Pişəvəri
hökumətinin qurulmasında
qadınlar bu qədər geniş şəkildə və fəal iştirak etməmişlər. XXI əsrdə İranda gedən ictimai-siyasi proseslərdə qadınların
aktiv olmaları, ardıcıl olaraq dönmədən mübarizə
aparmaları ilk növbədə
İran İslam Respublikasında islamçı
rejimin qadın haqlarını sərt şəkildə tapdalaması,
onlara qarşı qeyri-insani qadağalar qoyulması ilə əlaqədardır. İkincisi isə
İran qadınları
ümumiyyətlə artıq
mövcud üsul-idarənin
ölkədə yaşayan
xalqların bütün
hüquqlarını ayaqlayaraq
keçməkdə olduğunu
bəyan etməkdən
çəkinmirlər. Ona görə də İranda qadınların haqlarını müdafiə
etməklə başlayan
etiraz aksiyaları İranın iqtisadi-mənəvi
və ictimai-siyasi həyatı ilə əlaqədar olan bütün istiqamətləri
əhatə edən ümumölkə nümayişləri
səviyyəsinə yüksəlmişdir.
Artıq
İrandakı nümayişlərdə
və etiraz aksiyalarında qadınlarla
yanaşı, cəmiyyətin
bütün təbəqələri
yaxından iştirak edirlər. Bununla belə, XXI əsrdə
İran etiraz aksiyalarının qadınları
önə çıxarması
müasir epoxanın əhəmiyyətli hadisəsidir
və hesab edirik ki, axıra
qədər davam edəcək bu ictimai-siyasi hərəkatın
aparıcı simaları
arasında qadın liderləri də olacaqdır.
İran İslam Respublikasında baş verən hərəkatda bölgənin
bütün millətlərdən
olan vətəndaşları
iştirak edirlər. Bu o deməkdir ki, İranda yaşayan xalqların hamısı mövcud siyasi rejimdən narazıdırlar.
Bu həm də
o deməkdir ki, hazırkı hakimiyyətə
qarşı bütövlükdə
İran ayağa qalxmışdır. Geniş
mənada İranda yaşayan bütün xalqlar Xameneyi rejimindən cana
doymuş, boğaza yığılmışlar. Hərəkatın bu qədər geniş şəkil alması mübarizənin
dönməzliyini, qarşısının
alınmazlığını nümayiş etdirir.
Bu onu göstərir
ki, İran vətəndaşı olan
heç bir xalq mövcud rejimdə yaşamaq istəmir. Ona görə də
hazırda ölkədə
siyasi rejimə və onun təmsilçilərinə
qarşı ayağa qalxan xalqla İranın
radikal islamçı
rəhbərliyi üz-üzə,
qarşı-qarşıyadır. Hadisələr göstərir
ki, bütün sərt cəzalara, edam hökmlərinin icra olunmasına baxmayaraq, xalq çətinliklə olsa da mübarizəni davam etdirməkdən geri çəkilmək niyyətində deyildir. Eyni zamanda, mövcud radikal islamçı rejim də çıxış
yolunu xalqa daha çox divan tutmaqda görməkdən
başqa bir vasitə haqqında düşünmür. Dünya inqilablarının
çoxəsrlik təcrübəsi
göstərir ki, vəziyyətin bu şəkli hərəkatın
miqyasının genişlənməsindən
və rejimin iflasa uğramasından, hakimiyyətin məğlub
olmasından başqa heç bir nəticə verə bilməz. Hadisələrin indiki gedişatı
sadəcə vaxtın
uzadılmasından başqa
bir şey deyildir. Əslində isə vaxt nə qədər uzanırsa-uzansın, mövcud
hakimiyyət artıq xalqın etimadını itirmişdir. Xalq heç
vaxt Xameneyi-Rəisi rejiminə etimad göstərməyəcəkdir.
Hazırda İran İslam Respublikasında baş verən qanlı hadisələr birmənalı
şəkildə Azərbaycan
məsələsi ilə
əlaqədardır. İran hakimiyyəti
həm Azərbaycan Respublikasına və həm də İranın yarısından
çoxunu təşkil
edən Azərbaycan əhalisinə münasibətdə
açıq şəkildə
antiazərbaycan mövqeyi
nümayiş etdirir.
Azərbaycanın dövlət
müstəqilliyi qazanması,
müstəqil dövlətimizin
sürətlə inkişaf
etməsi, xüsusən,
Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə Qarabağda tarixi Zəfərin qazanılması İranı
çox narahat edir və xoflandırır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qonşuluq və dostluq münasibətlərinin qorunub
saxlanılması və
inkişaf etdirilməsi
üçün atdığı
bütün addımlara
baxmayaraq, İran rejimi açıq və ya örtülü
vasitələrlə dayanmadan
ölkəmizə qarşı
düşmənçilik siyasətini
davam etdirir. Müsəlman ölkəsi
olan İranın I və II Qarabağ müharibəsində xristian
Ermənistanını müdafiə
etməsi, Azərbaycana
düşmən olan Ermənistanı silahlandırması,
müharibədən sonrakı
dövrdə bütövlükdə
dünya birliyinin qəbul etdiyi Zəngəzur dəhlizinin
açılmasına qarşı
çıxması, Qafan
rayonunda özünün
konsulluğunu təsis
etməsi bu radikal rejimin ölkəmizə və xalqımıza bəslədiyi
mənfi münasibəti
aşkar şəkildə
nümayiş etdirir. Ermənistan Respublikası və Paşinyan rejimi ilə geniş əlaqələr qurmaqla İran sanki Azərbaycana qarşı meydan oxumaqda olduğunu nəzərə
çarpdırır. Bütün bunlar dövlətlərarası
əlaqələrə və
qonşuluq münasibətlərinə,
həm də İslam həmrəyliyinə
zidd olan addımlardır. Və haqlı
olaraq bu hadisələr həm Azərbaycan xalqının
və həm də dünya azərbaycanlılarının böyük
narazılığına səbəb
olur. İran İslam Respublikası
Azərbaycan Respublikasına
qarşı həyata
keçirdiyi siyasi-diplomatik
hadisələrə görə
məsuliyyət daşıyır.
İranın öz ölkəsinin vətəndaşları olan
Cənubi Azərbaycan
xalqına qarşı
törətdiyi cinayətlər
də bağışlanılmaz
hadisələrdir. Belə ki,
xüsusən XX əsr
boyu İranda Azərbaycan xalqına
divan tutulmuş, onların
haqları və hüquqları əllərindən
alınmışdır. Son yüz ildən artıq bir dövrdə Cənubi Azərbaycanlıların milli
azadlıq hərəkatı
fars rejimi
tərəfindən dəfələrlə
güllə-baran edilmiş,
azərbaycanlılar bu
ölkədən didərgin
salınmışlar. İndi dünyanın
müxtəlif ölkələrində
didərgin, mühacir
və qaçqın həyatı yaşayan güneyli azərbaycanlılar
İranın siyasi rejiminin əzablarına düçar olmuşlar.
İranda Azərbaycan dilinə
qarşı yönəldilmiş
sərt qadağalar, bu ölkədə Azərbaycan dilində heç bir məktəbin olmaması insanlığa sığan
hadisə deyildir.
Urmiya gölünün ekoloji fəlakətə uğradılması
əslində İranın
bu bölgəsində
yaşayan azərbaycanlıların
iqtisadi böhrana salınmasına yönəldilmiş
hadisədir. Hazırda Xoy
şəhərində dağıntılara
səbəb olmuş zəlzələdən sonra
yerli əhaliyə maddi yardım göstərilməsinə maneələr
yaradılması İran
rejiminin antiazərbaycan
mövqeyinin təzahürüdür.
İranın Xorasan şəhərində
XIII əsr Azərbaycan
şairi, anadilli ədəbiyyatımızın banisi İzzəddin Həsənoğlunun məzar
daşlarının dağıdılması
İran İslam Respublikasında antiazərbaycan
siyasətinin hansı
həddə gətirib
çatdığını əyani olaraq göstərir.
Azərbaycan səfirliyinin binasına
silahlı hücum və səfirliyin mühafizə xidmətinin
rəisi, baş leytenant Orxan Əsgərovun faciəli şəkildə qətlə
yetirilməsi də İran İslam Respublikasının antiazərbaycan
siyasətinin nəticəsidir.
İran rejiminin bu qanlı
terror hadisəsinə qəsdən
məişət donu geyindirməsi, yaxud qatil Yasin Hüseynzadənin
dəlixanaya salınması,
cinayəti ört-basdır
edilməsi İran rejiminin bu hadisədə
əli olduğunu bir daha təsdiq
edir.
Bütün Azərbaycan vətəndaşları, o cümlədən, elmi ictimaiyyətimiz törədilən cinayəti terror hadisəsi hesab edir, bu hücumu şiddətlə qınayır. Həmin qanlı hadisəyə görə İran İslam Respublikasının rəsmi hakimiyyəti məsuliyyət daşıyır. Hadisənin sifarişçiləri və icraçıları ən ağır cəzaya məhkum edilməlidirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iranlı həmkarı qarşısında qoyduğu tələblər - qanlı terror aktının hərtərəfli araşdırılması, istintaqın obyektiv şəkildə aparılması, cinayətkarların layiqli cəzalarını alması tam yerinə yetirilməlidir.
Son günlərdə Azərbaycanda İranın casus şəbəkəsinin üzvlərinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması terrorçu qrupların tərksilah edilməsi sahəsində atılmış mühüm addımdır. İnanırıq ki, bu istiqamətdə pozucu fəaliyyət göstərənlər ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən bundan sonra da ifşa ediləcək və casus şəbəkəsinin bütün üzvləri cinayət məsuliyyətinə cəlb olunacaqlar. Xalqımız qəti şəkildə əmindir ki, müstəqil Azərbaycan Respublikası xalqımızın və dövlətimizin mənafelərini qətiyyətlə qoruyacaq və daha da möhkəmləndirəcəkdir.
İran İslam
Respublikasının tutduğu antiazərbaycan
mövqeyi isə onu daha dərin uçurumlara
doğru aparacaqdır.
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin
deputatı, akademik,
525-ci qəzet.- 2023.- 8 fevral.- S.5.