Görkəmli nəvaişünas alim
ŞÖHRƏT SİRACƏDDİNOVUN "ƏMİR ƏLİŞİR" KİTABI
Şöhrət Siracəddinov (Şuhrat Samariddinoviç Sirojiddinov) 23 iyul 1961-ci ildə Özbəkistanın Səmərqənd vilayətində anadan olub.
Şöhrət Siracəddinov Azərbaycan
Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
və Nijni-Novqorod Dövlət Dilçilik Universitetinin fəxri doktoru, Oksford İslam Araşdırmaları
Mərkəzinin fəxri
üzvü (Böyük
Britaniya), Mərkəzi
Asiya Araşdırmaları
Beynəlxalq Assosiasiyasının
(Koreya) həmsədri,
Avrasiya Türk Tədqiqatları İnstitutunun
elmi məsləhətçisi
(Koreya), eyni zamanda, Özbəkistan-Amerika
Dostluq Cəmiyyətinin
sədridir.
Özbəkistan nəvaişünaslıq elmi
məktəbinin görkəmli
nümayəndəsi Şöhrət
Siracəddinov Əlişir
Nəvainin həyat və yaradıcılığına
həsr olunan monoqrafiyaların müəllifidir.
Şöhrət Siracəddinov Özbəkistan
Respublikasının Ədəbiyyat
üzrə 1-ci dərəcəli
Dövlət mükafatı
və Çingiz Aytmatov adına
Beynəlxalq mükafat
laureatı, Özbəkistanda
fəaliyyət göstərən
gənclər birliyinin
baş tərbiyəçisidir.
Professor hazırda Əlişir Nəvai adına
Daşkənd Dövlət
Özbək Dili və Ədəbiyyatı
Universitetinin rektorudur.
lll
Şöhrət Siracəddinovun Əlişir
Nəvaiyə həsr
etdiyi növbəti kitabı "Əmir Əlişir: həyatı
və yaradıcılığı"
adlanır. Əslində bu tədqiqat
əsərinə - ƏMİR
ƏLİŞİRİN KİMLİYİ olaraq
rəng versək, heç də yanılmarıq.
Professor Şöhrət Siracəddinovun (Shuxrat Sirojiddinov) ağır əməyi - göz nuru ilə başa
gələn əsəri
qarşımızdadır. Məhz
göz nuru ilə! Dahi mütəfəkkirin doğumundan ta vəfatınacan olan bütün faktlar, həyatında baş verən hadisələr əlyazmalar, arxiv sənədləri, mənbələr
əsasında saralmış
vərəqlər arasından
bircə-bircə seçilmiş
və söz heyrətilə ilmə-ilmə
naxışlanmışdır.
2011-ci ildə çap
etdirdiyi "Əlişir
Nəvai: mənbələrin
müqayisəli - tipoloji,
tekstoloji təhlili"
monoqrafiyasının təkrar,
təkmilləşdirilmiş və qısaldılmış
nəşridir.
"Ailədə və sarayda" bölümünə
nəzər salaq: sonralar "Məcalisun-nəfais"də şairin
özü də etiraf
etdiyi kimi, hələ 3-4 yaşlarında
atası ilə saray məmurları arasında olanda şeir oxumasını heyranlıqla dinləmişlər.
Mir Qasım Ənvardan
öyrəndiyi və
əzbərdən dediyi
-
Dünyanı odlandıran, geyimini parçalayan bir rindəm, aşiqəm
Sənin
qəminin dövləti
ilə cahanın əndişəsindən qorxmuram .(sətri tərcümə):
- misralarla hamının
diqqətində, gözü
önündə böyümüşdür.
Beş-altı yaşlarında Fəridəddin
Əttarın "Məntiqut-teyr"
əsərini - dörd
min səkkiz yüz otuz səkkiz beytlik əsəri başdan-başa öyrənib.
Əlbəttə ki, belə bir yaşa görə
oxunması, öyrənilməsi
ağır əsərlərdir.
Belə əsərləri ancaq fitrətən fazil doğulanlar dərk edib əzbərləyə
bilər. Nəvai gənclik
yaşına belə bir sevgi ilə
dolmuşdu. Bu nəzər-diqqət onu yaşından tez böyüdüb, gəncliyinin
ilk astanasında artıq
şair kimi ad-san çıxarmışdı.
Əlişir Nəvainin zadəgan ailəsində doğulduğundan
təlim-tərbiyəsində yaşadığı mühitin
sayılmış-seçilmiş insanlarının da təsiri böyük olub. Gələcəyin bir hökmdarı
- Teymurilər səltənəti
üçün yetişdirilən
Hüseyn Bayqara ilə uşaqlıq illərini yaşayıb.
Onların ataları eyni
ananın südü ilə böyüyüblər.
"Dədə Qorqud" dastanından gələn "Ana südü,
dağ çiçəyi"
deyilən bir zərbmisal var. Süd haqqını heç nə kəsə bilməz. Əlişir və Bayqaranı
belə bir bağ biri-birinə bənd edib. Əlişir
Nəvai tarixçilərin
də yazdığı
kimi, çox ziddiyyətli, qarışıq
və yeni bir ümumtürk intibahına can atılan zamanda ömür yaşayıb. Hökmdarlar, teymurilər övladları
taxt-taca doğru bütün bacarıqlarını,
qabiliyyət və cəhdlərini qılıncla
ortaya qoyurdularsa, Əlişir Nəvai təfəkkürü, istedadı,
zehniyyət düşüncəsi
ilə sövq-təbii
ümumtürk intibahına
cığır açırdı.
Hətta o zirvənin fatehi
olmağını Uca
Allah onun qismətinə
yazdı. Bu nüansa
Söhrət Siracəddinovun
tədqiqatında nəzərə
çatdırdığı gerçəyə bənzər
bir əfsanə ilə etüd vermək istədim."Əlişir Nəvai və Hüseyn Bayqara gənc yaşlarından yaxın
dost olublar və məktəbdə bir yerdə oxuyublar. Onların müəllimi çox itifikirli insan olub. Bir gün o, tələbələrinin
fikirlərini və onların nə ilə maraqlandıqlarını
öyrənmək istəyir.
Hər ikisinə baş və qılınc şəkli çəkib
şərh yazmağı
tapşırır. Əlişir baş, ağıl və hikməti qəzəllə vəsf edərək tamamlayır,
Hüseyn isə qılıncı tərifləyərək,
döyüş-dava haqqında
mədhiyyə yazır".
Məncə, şərhə ehtiyac qalmır.
Bütün qələm əhli əslində həm də özünü yazır. Bu mənada diqqət yetirsək, Əlişir Nəvainin bütün tərcümeyi-halını
zərrəsi ilə öz əsərlərindən
yazmaq mümkündür.
Amma o tərcümeyi-hal notlarını
Şöhrət Siracəddinov
kimi nəvaişünaslar,
əlyazma mənbələrini
dəqiq oxuyan və təhlil edə bilən mətnşünas alimlər
yaza bilər. Ədəbiyyatı, dili, tarixi, dini bilməklə
yanaşı, təsəvvüfün
dərinliklərinə də
enə bilən mətnşünas alimlər
lazımdır: professor Şöhrət
Siracəddinov kimi.
"Əmir Əlişir"
tədqiqat əsərində
dahi şairin həyatında mühüm
rolları, təsirləri
olan insanlar - tarixi şəxsiyyətlər,
ustadları, dostları,
dövrünün tanınmış
və özünün
rəğbət bəslədiyi
şairlər haqqında
incə məqamlar lakonik şəkildə qələmə alınıb.
Nəvai niyə evlənmədi? Bu suala da tədqiqatçı
həm mənbələr,
həm də şairin öz əsərləri kontekstində
aydınlıq gətirməyə
cəhd edir. Vaxtı ilə bu məsələyədə
biz də fikrimizi bildirmişdik.
Nəvainin əsərləri
və onun kübar ədəbi kontekstindən çıxardığım
nəticə belə olmuşdu: Bəlkə də saray həyatında
- saray hərəmxanalarında
qadınlara qarşı
əxlaqsızlıqlar, amansızlıqlar
onun şair qəlbinin dərinliklərinə
enmiş, 6 yaşında
anasını
itirən bir uşağın ana mehr-məhəbbətinə, nəfəsinə
doymaması gənclikdə
də duyğularının
ən yaralı yeri olub. Məhz yaşadığı
mühitdə qadınların
bu cür alçaldılması onun
ailə həyatı qurmasına öz təsirini göstərdi.
Bu haqda bir
çox rəvayətlər
də yazılıb.
Könlü də zəngin Nəvai bütün var-dövlətini vəqf
quraraq el-xalq yolunda xərcləmişdi. Şöhrət Siracəddinov şairin belə xeyirxahlıq niyyətinə işarə
olaraq yenə mənbələrə söykənərək
maraqlı məqamları
üzə çıxarmışdır.
Əlişir Nəvai dini ehkamları ilk dəfə türkcədə qələmə alaraq sadə insanlara islamın məna və fəlsəfəsini anlatmışdı. Və Həcc ziyarətinə getməyi canı-könüldən istədiyi məlumdur. Amma bu yolun ziyarəti ona qismət olmur. Təskinlik üçün yox, həqiqət naminə fikrimi şairin ruhuna ünvanlamaq istədim: eramızdan əvvəl tikilən və günümüzə gəlib çatan İskəndər qalası ( Ərk qalası, Herat qalası da deyirlər) o qədər böyük, o qədər ucadır ki, sanki göylə yer arasında dayaqdır. Heratda olarkən yerli əhalinin dediyinə (və bundan sonra həm də öz müşahidələrimə görə), qala elə bir yerdə tikilib ki, burada yerlə göy arasında atmosfer boşluğu var - eynilə Ciddədə Kəbənin yerləşdiyi məkan kimi. Ona görə oradan edilən dualar mələklərin vasitəsi olmadan Uca Allaha çatır. Bəli, insan o məkanda gəzərkən Allaha çox yaxın olduğu inamına dolur. Əlişir Nəvai hər gün həmin qutsal məkanda Allahla baş-başa qalmaq fürsətində olub ki, islamın vacib ehkamlarını türkcədə qələmə alıb. Bu özü ziyarət deyilmi?! Ruhun nur içində cənnət bağında dolaşsın, dahi insanımız!
Şöhrət Siracəddinovun bu əsərini də məhz qutsal ibadət kimi qəbul edərək, səmimi niyyətlə deyirik: Əlişir Nəvai ömürlüyünə ziyarətiniz mübarək olsun, nəvaişünas ustad!
Əsəri özbək dilindən Azərbaycan dilinə çevirən Özbəkistan Respublikası Əlişir Nəvai adına Daşkənd Dvlət Özbək dili və ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova və kitabın məsul katibi, AMEA Əlyazmalar institutunun doktorantı, dosent Şəhla Məcidovanın əməyini də xüsusi qeyd etmək istəyirəm.
Almaz
ÜLVİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2023.- 9 fevral.- S.15.