Güney Azərbaycanda ədəbi tənqid: çağdaş mənzərəyə bir baxış   

 

(Əvvəli ötən sayımızda)

 

Ülkər Ucqar (Münirə Əkbərpur) Tehranın Behişti Universitetində "Epik xəyal gücünün araşdırılmasına doğru: Roland haqqında nəğmə və Dədə Qorqud kitabı" mövzulu (fransız dilində) doktorluq tezini savunması elmi-ədəbi alanda atılan çox önəmli addımdır. Əlbəttə, ondan öncə də belə addımlar atılıb və İsmayıl Mədədi Ülkərlə Nigar Xiyavi Qasımi tərəfindən səkkizinci uluslararası "Fəcr" və "Qədir" birinciliyinə layiq görülüb.

Yeri gəlmişkən, "Şeir üzrə üstün qadın" ödülünün 2015-ci ildə sahibi isə Ərdəbil valisindən Bu günə kimi altı şeir toplusu (beş kitabı fars dilində, biri isə türkcə) və xeyli məqaləsi yayınlanan Şəbnəm Fərzizadə Ərdəbili alıb. Ədəbiyyat üzrə çalışdığı sahələr şeir, mahnı sözü yazarlığı və eleştiri olan gənc Şəbnəmin ədəbi-tənqidi ədəbi-tənqidi yazıları da diqqət çəkir.

Gənc şair Elşən Böyükvənd ədəbi-tənqidi görüşləri ilə də oxucuda maraq oyadan söz sahiblərindəndir. Yazarın milli təəssüb hissi, çoxlarının görüb sezə bilmədiyi aydın müşahidə qüdrəti güclü şəkildə yazılarına da yansıyır və oxucunu düşünməyə vadar edir. Məqalədə Azərbaycan türkcəsi, ortaqdillilik, milli kimlik, İslam dini kültürü, şiə inancı və yaşam biçimi, fars, ərəb, rus dilləri, Anadolu türkcəsi, Batı kültürü, Ümumşərq kültürü, İran kültürləri və Quzey Azərbaycanın avropalılaşmaq siyasəti və rus mədəniyyəti, Güney və Quzey Azərbaycanı çulğalayan qloballaşma dalğası məsələlərinə öz baxışını sərgiləyən Elşən Fransanın böyük feminist yazıçısı Helene Sixousun Rza Bərahəninin "Ayazın cəhənnəmli günləri" romanını oxuduqdan sonra müəllifin qeyri-adi təfəkkür qüdrətinə, böyük istedadına duyduğu heyranlığı qürur hissi ilə qeyd edir.

Rza Bərahəninin "Ayazın cəhənnəmli günləri" romanının Fransada Jean Genet və Ceyms Coysun əsərləri ilə müqayisə edildiyini, tanınmış fikir adamı Cüliya Kristevanın əsəri oxuyandan sonra heyrətə gəldiyini vurğulayan Elşənin iç yanğısı ilə sorduğu: "Fransanın böyük yazıçısı Helene Sixous Rza Bərahəninin əsərlərindəki Türklük içəriyini sezirsə, nədən, bizim bir sıra yazarlarımız bunu sezə bilmir və yaxud sezmək istəmirlər?" - gerçəklərin anlaşılması üçün sanki bir açar olan sualı soydaşlarını, özəlliklə bir-birini bəyənməməklə ədəbiyyatımıza fayda yox, zərər verən qələm ustalarını dərindən düşündürməlidir.

Çünki Rza Bərahəninin Təbriz ləhcəsində yazdığı və 1349/1960-cı ildə bitirdiyi bu misilsiz romanı Türkcə nəsrin özəlliklərini daşımaqla bərabər, Səməd Behrənginin öldürülməsi - Araz çayında boğulması mövzusunu da əks etdirməkdədir. İkinci Pəhləvi dövründə Əmirkəbir yayın evinin nəşriyyatında basıldıqdan sonra, romanın bütün tirajı məhv edilmiş, bircə nüsxəsi yazıçının özündə qalmışdı. Buna görə də Güney yazarlarının əksəriyyəti o dönəmdə kitabı nə qədər axtarsalar da, əldə edə bilməmişdilər.

Tənqid xarakterli araşdırmaların içərisində Qadir Cəfərinin "Poema özəlliyi və poetika gözəlliyi" məqaləsi də seçilir. Mövzuya özünəməxsus yanaşma sərgiləyən gənc tədqiqatçının çağdaş dövrdə mənzumə sözünün poema qarşısında əvvəlki mövqeyini itirməsi məsələsinə münasibəti daha diqqətçəkicidi. İmla səhvlərini islah etməklə həmin hissəni sunmağın yeri gəldi: "Mənzumə sözü poema qarşısında keçərliliyini itirmiş və təcrid olunmuşdur. Bunun səbəbi isə çağdaş poemaçılıqda nəzm və düzənin itməsi ilə yanaşı, sərbəst poemaların ortaya gəlməsidi. Digər yöndən çağdaş dövrdə klassik poemalar belə, içərikcə-mahiyyətcə fərqlənərək, yalnız nağıl, rəvayət xarakterini itirmişdir. Buna açıq-aydın örnək isə Şəhriyarın "Heydərbabaya salam" və "Səhəndiyyə" poemaları, Bəxtiyar Vahabzadənin "Muğam" və "Gülüstan" poemaları və professor Zəhtabinin "Şahin zəncirdə" poeması və başqaları ola bilər. Vurğulanan poemalarda rəvayət etmək ənənəsi qalırsa da, artıq nağılçılıq duyulmamaqdadır. Dünya ədəbiyyatında tanış olduğumuz modern poemalar içində T.S.Eliotun "Quraq ölkə"si və çağdaş ədəbiyyatımızda Nasir Merqatinin "Talanmış günəş" kitabında həmin adı daşıyan poemanın və "Yad torpağım" poemasının adını çəkmək olar. Modern poemalar rəvayət ənənəsinə sadiq qalmışlarsa da, modern estetika əsasında qurulmuşdur..."

Qadirin "Biz qorxaqlar nəsliyikmi, yoxsa cəsur ürəkli?" adlı kiçik, ancaq çox böyük mətləblərə eyham vuran və məncə, bütün düşünürləri silkələyəcək gücdə olan, Qarabağ uğrunda Quzey Azərbaycanın apardığı ədalətli savaşdan bəhs edən yazısını elə ədəbi tənqid xarakterli yazı da saymaq mümkündür.

Güneydə 2011-ci ildə cərəyan edən ədəbi proseslə bağlı Azərbaycan Yazıçılar Birliyi Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri, şair Sayman Aruzun açıqlamaları da diqqətçəkicidir. Sayman bəy "Güney Azərbaycanda çağdaş ədəbi proses" adlı hesabat xarakterli məqaləsində Nasir Mənzuri, Nasir Merqati, Rəsul Yunan, Əli Əbbası, Həmid Arğış, Məhəmməd Sübhdel, Rza Kazımi, Atilla İskəndərani, Səkinə Həsənpur, İsmayıl Ülkər, Nigar Xiyavi, Məlihə Əzizpur, Həmid Əhmədi, Güntay Gəncalp, Mahmud Məhdəvi, Valeh Şiri, Rüqiyyə Kəbiri, Həsən Səfəri, Rüqiyyə Səfəri və başqalarını gənc yazarlar kimi uyğulayır, onların yaradıcılığından nümunələr gətirməklə toxunduqları mövzulara, duyğu və düşüncələr aləminə qısa nəzər salır. O, ədəbi tənqid sahəsində isə Eyvaz Taha, Cəfər Bozorgəmin, Nadir Əzhəri və Hümmət Şahbazinin məqalə və kitablarında müasir Güney ədəbiyyatının durumunu təhlil etdiklərini, onların çağdaş ədəbiyyatın güclü və ya zəif tərəflərini göstərməyə çalışdıqlarını diqqətə çatdıran Əhməd Alovın fikirlərinə söykənərək öz yanaşmasını sərgiləyir: "Daha şairin "Morği-dili" "Zülfü-pərişanda" aşiyan salmır. Bəlkə şairin ürək quşu Vətən bağında gül-çiçəkli, meyvəli-barlı ağaclara qonur və onların budaqlarında yuvalanır. Şair daha "Şahi-zənəxdan" dustağı yox, el qayğısının əsiri olur. Xəyali dilbərin xumar gözləri, nazlı baxısları şairin canını almır və şair əlçatmaz röyalara, xülyalara dalmır..."   

M.Aslanın "Muradəli Qüreyşi (Qaflantı)" adlı məqaləsi də Güney Azərbaycanda müasir ədəbi tənqidin simasını əks etdirmək baxımından maraq doğurur. Böyük şair-sənətkar gələcəyinin onu gözlədiyinə bütün qəlbimlə əmin olduğum, şeirlərini sevə-sevə oxuduğum Məlihə Əzizpurun təkcə Səhər xanımla bağlı deyil, ümumiyyətlə, çağdaş Güney ədəbiyyatı-nın istedadlı yaradıcıları haqqında bir ədəbiyyatşünas-tənqidçi təfəkkürü ilə qələmə aldığı "Çağdaş Güney ədəbiyyatının durumu", "İstibdada qarşı milli ədəbiyyat", "Güneyin çağdaş qadın şairləri" kimi ədəbi təhlil xarakterli yazıları da Güney ədəbiyyatının bugünkü simasının göstərgəsidir. Onun Güney ədəbiyyatı ilə bağlı obyektiv fikirləri, bu ədəbiyyatı yaradanlara - Şəhriyar, Səhənd və Sahirə, Ə.Oxtaya, yaxud Əli Cavadpur, Zeynal Cəfərpur, Səid Muğanlı, Vüqar Nemət, Əziz Səlami, Səhər xanıma və başqalarına ədalətlilik mövqeyindən yanaşaraq həm klassik, həm də çağdaş ədəbiyyatı və yazarları vəhdətdə uyğulaması, tənqidçi obyektivliyi diqqət çəkir. Əlbəttə, nəzəri-estetik görüşlərində bir dərinlik, analitik təfəkkür yansıyan Məlihə xanım və onunla eyni əqidədə olan qələmdaşları dərindən dərk edirlər ki, əsl ədəbiyyat məhz ənənəviçiliklə müasirliyin, çağdaslığın vəhdətində yaranır və öz əbədiyaşarlığını da elə bu müstəvidə qazanır.

 

Hadi Qaraçayın çağdaş dövrün ünlü yazarı və ciddi ədəbiyyat tənqidçisi Eyvaz Tahanın "Şeir varlığın evidir" kitabı haqqında qələmə aldığı "Şeir varlığın eviymiş" adlı məqaləsini ədəbi tənqid istiqamətində yazılmış ən uğurlu yazılardan biri hesab edirəm. O, Nasir Merqatinin "Talanmış Günəş" kitabı haqqında ciddi fikirlər söyləyir. Ancaq ilk olaraq Eyvaz bəyin "Şeir varlığın evidir" kitabının çox cildli olacağını vurğulamadığını, son dönəmlərdə Güney ədəbiyyatını zənginləşdirən "Mavilər", "Talanmış Günəş", "Gözü yaşlı küçələr", "Günəş tonqalı", "Bəlkə daha deyənmədım", "Hər rəngdən", "Zəncirdə sevda" kitablarının hər birində bəhs edilməli mövzular, haqqında danışılası qonular-mətləblər olduğu halda, ciddi araşdırmaçı kimi ədəbi aləmdə artıq öz möhürünü vurmuş Eyvaz Tahanın yazıçılarımızın yüksək ədəbi yaradıcılığını görməzdən gəldiyini, hətta Hümmət Şahbazinin də söylədiyi kimi, 1991-ci illərdən bəri Güneydə şeirlə yazı dili arasında getdikcə daha da dinamikləşən gəlişməni, Kiyan Xiyavın, Ərsan Erolun, Seyid Heydər Bayatın, Ramin Cahangirzadənin, Lalə Cavanşirin, Məlihə Əzizpurun, Sahil Azərin, Duman Ərdəmin, Aydın Arazın, Elyad Musəvinin, Elnaz İslamvəndin, Səid Muğanlının, Süleyman Məhəmmədoğlunun, Elşən Böyukvəndin yaradıcılığını gözardı etməsini müəllifin yanlışı kimi dəyərləndirir.

Hadi bəy düşünür ki, əgər Eyvaz bəy Kiyan Xiyavın bu şeirini oxusaydı, belə yazmazdı:

 

 

Əllərimiz hankı dağlarda,

neçə bayrağa yönəldi sənsiz?

- Heç, hədə biçdiyimiz hankı meşələrin

harasını qorxuya saldı sənsiz?

- Heç, heç nə qədər ağardı

qaranlıqdan qaranlığa uçan

ulduzlarımız sənsiz?

- Heç, heç, heç eey,

Allahdan yazıq yerdə

qılıncsız qınlarımızı

belimizin harasına bağlamalıyıq

çağlarıq da sənə, gəlməzsən, nədən?

Ağlarıq da?

başlara adının ağısı,

bir də ayrılığın yüz əlli illik acısı...

Şairlər nə bilsin,

bəlkə dağlarımız o qədər ucalıbdır

səslərimiz çatmır sənə?

Yoxsa bu nəğmələr, operalar

ölkədən ölkəyə gedib dağılar dünyaya

və dağıdar hər yerdə hər nəyi...

yoxsan ancaq və biz

başsızlığın beş barmağında sıxılaraq

sənsizliyin çağlarında dayanmışıq,

əllərimizdə oxunaq cinayət sənədləri

amma gözlərimizdə

qanlı tutulmuş divanlar səhnəsi

bizsə səni nə görmüşük, ulu Günəş?..

 

(Ardı var)

Esmira FUAD

525-ci qəzet.- 2023.- 9 fevral.- S.14.