Ötən əsrin o başından göndərilən teleqramlar...

(V məqalə)

 

 

Ömər Faiqin məqalələrini hərdən uzaqdan, ötən əsrin o başından göndərilən teleqramlar kimi oxuyuruq. Bəzən konkret ilin konkret ayının konkret günündə konkret saatları, dəqiqələri hərəkətə gətirən film assosiasiyası da yaradır. Hətta həmin zamana konkret məkan və baş verən hadisənin dəqiq təfərrüatı da əlavə edilir. Məsələn, “Tiflis, 22 iyun, sübh saat 8” (“İrşad” qəzeti, 1906) məqaləsini oxuyarkən biz özümüzü rahatca 1906-cı ilin bir iyun səhərində və Tiflis küçələrində görə bilərik. Tam sakitlikdir, hər kəs sükut içində dəhşətli bir hadisənin baş verəcəyini gözləyir. Qorxu, həyəcan və qan qoxusu sükunətli bir durum yaradıb. 27 fədai əsgərin asılması ilə bağlı son qərar veriləcək. Müsəlmanlar da etirazçılar arasındadır və hətta bazarlarını bağlayıb, ticarətlərini dayandırıb hökumət zülmünə etirazda könüllü iştirak edirlər.

“Ürəyimdə deyirəm: İlahi! Bu günləri də gördüm ki, müsəlmanlar öz xahişləri ilə, öz qanacaqları ilə dükanlarını bağlayıb vətənin həyati-siyasiyyəsinə, qonşuların hərakəti-hürriyyəti-pərvanələrinə qəlbdən şərik olurlar”.

Bu qürurverici təsvirin ardınca əlisilahlı, qorxunc görkəmli əsgərlərin müşayiəti ilə həmin ölümə məhkum olan 27 fədainin cəsarətlə oxuduğu mahnı səsini eşidirik. Bu davranış çox adamı, hətta əsgərləri belə kövrəldir. “Günorta, tamam saat bir. Tiflisin ən izdihamlı - şənlikli olan Qolovinski caddəsindəyəm, guya burası şəhər caddəsi deyil, dava meydanının bir səmti”.

Müəllif yenə kontrastlı situasiya yaradır. Bir tərəfdə kazaklar, top-tüfəng, dar ağacı, o biri tərəfdə cəsarət, həmrəylik və azadlıq istəyi! Hamı yoxlanılır, izlənilir, amma adamlar qorxunu unudub. “Əlimdəki müsəlman qəzetlərini intibahnamə zənn edib məni də səkkiz dəfə dayandırdılar. Əziyyət verdilər”.

Bəs Ömər Faiqi bu gərgin vəziyyətdə sevindirən nədir? Nəyə ümidlidir? O, camaatın həmin gün reallaşdırdığı ümumi tətildəki həmrəyliyi alqışlayır. İnanır ki, hökumət, məsələn 27 vətən fədaisi kimi insanları bağışlamayıb edam edəsi olsa, camaat mütləq haqq səslərini ucaldacaq.

“Dəvət və təvəqqe” (“İrşad” qəzeti,1906) məqaləsində Dumanı hökumətin dağıtması səbəbini xalqın savadsızlığı və mütiliyi ilə əlaqələndirir. “Dağıdandan sonra da boş oturmayb onun dağıntısı üzərində təzə islahat, təzə qanun adı ilə təzə bir idarə bina etməyə çalışır” - fikrini bəyan edərək bildirir ki, neçə milyon insan bir qrup səlahiyyətli adamın əlində aciz durumda qalıb. Zərərini və xeyrini anlamayan cəmiyyət isə özü özünə ziyan vurur, başına gələnləri də başqasından, hətta taledən, qədərdən, Allahdan görür. “Zalımlar da camaatın məhz qəflət və cəhaləti səbəbinə murdar pəncələrini, kəskin dişlərini fədakarani-hürriyyətin qəlblərinə qədər batırıb, açdıqları istibdad meydanında istədikləri təki oynayırlar”.

Ömər Faiqin geniş dünyagörüşü, hadisələrin siyasi, sosial, ictimai mahiyyətini dərk edə bilməsi zülm və cəhalət zamanında bir xalqın xilas, inkişaf yolunu göstərmək imkanı verirdi. O, həmin zamanlarda milləti irəli apara, onun haqqını, hüququnu ortaya qoya biləcək yeganə mövqe sahibi kimi Ruhani İdarəsini görürdü.

“Vasiteyi-nicatımız nədədir?” məqaləsində (‘‘İrşad” qəzeti, 1906) müəllif deyirdi ki, əgər mən yazsam ki, nicatımız ruhanilərdədir, intilligentlər mənə gülər. Çünki bizim ruhani idarələrimiz o qədər əhəmiyyətsiz, etimadsız, nüfuzsuz, biganə bir qurumdur ki, nicatımızı onlarda görmək, onlara ümid etmək “xəyali-fasid” hesab olunardı (“Çünki idareyi-dərəcə biganə, həqir, əhəmiyyətsiz, nüfuzsuz nəzərinə o dərəcə biganə, həqir, əhəmiyyətsiz, nüfuzsuz xırda görünübdür ki, ondan bizim üçün bir nicat ümidi təsəvvür etmək belə bir xəyali-fasid hesab olunubdur”).

Adətən onun analitik, erudisiyalı müşahidə və təhlillərində qənaət başqa olur. Haqlı olaraq sübut edir ki, Ruhani İdarəsi bizim yeganə hökm verən məhkəməmiz, milli məclisimiz, ictimaiyyətlə məşğul olan idarəmiz, xüsusi kabinetimiz olmalıdır. “Bizi dirildən də odur, öldürən də odur. Rusiyada İslamı saxlayan da odur, batıran da odur. Bizi insan edəcək də odur, bugünkü kökə salan da. Amma nə etməli ki, belə böyük bir idareyi-milliyəni biz indiyə qədər özümüzə mal etməmişik”.

Reallıq isə o idi ki, bu idarələr millət, müsəlmanlar üçün böyük bir bəla, boyunduruq, inkişaf və maarif, azadlıq üçün əngələ, maneəyə çevrilmişdir.

Daha sonra yenə öz üslubuna sadiq qalan Ömər Faiq konkretlik, hesabat, reallıq tələbi ortaya qoyur. Son 20-25 il ərzində bu idarə millət üçün neçə məktəb və mədrəsə yaradıb? Cavabında isə: “...şəkk yox ki, heç, tam mənası ilə heç... yenə də heçdir...” - deyir. Əksinə, mədrəsələrimiz, minbərlərimiz bayquşlara məskən olub. Ruhani İdarəsinə camaat “millətə vurduqları və vuracaqları təhlükəli zərərlərin əsil baisi” kimi baxır.

Eyni zamanda cəmiyyəti, xalqı da günahlandırır, həmin idarələrin missiyası, vəzifə və hüquqlarını anlamadığını, o quruma qarşı tələbkar olmadığını qeyd edir.

(soldan sağa): Əlisgəndər Cəfərzadə, Cəlil Məmmədquluzadə, Həmzət bəy Qəbulov-Şirvanlı, Sultan Məcid Qənizadə, Ömər Faiq Nemanzadə, Qurbanəli Şərifzadə

İdarələrdə, quberniya iclaslarında sədrlərin əhatəsində ancaq öz dost-tanışları, qohumları olduğunu (“...sədrin yoldaşı oğlu, sekretar əmisi oğlu və yaxud qardaşı oğlu, uyezd qazısı kargüzarçısının bacısı oğlu... və qeyri”) yazır, həm də “duxovnı mollalar” məsələsinə satirik şəkildə toxunurdu: “Ah, burasını heç soruşmayın. Bu başına döndüyüm qulluqda nəinki “elm”, bir balaca savad belə lazım deyil. O qədər ki, adı molla, özü bir-iki motal pendirə malik ola və ya canına qurban olduğum bir şeyxdən, bir ağadan “iltimas” kağızı gətirə biləcək qədər gözüaçıq ola, o yanısı asan...” Yazar  bu cür idarə və qurumlarda işləmək üçün verilən imtahanları maarifimiz, millətimiz üçün ona görə zərərli hesab edirdi ki, həmin ruhanilik imtahanları bir neçə manatlıq rüşvətə qədər endirilmişdir. Təbii ki, belə olduğu halda heç kimdə elmə həvəs qalmaz, kimsə elm fədaisi olmaq istəməz.

Çox maraqlı müqayisə ilə eyni missiyalı idarəyə üç müxtəlif xalqın yanaşmasını təhlil edir. Peterburqdan çarın fərmanı ilə təyin edilən Ruhani İdarəsi rəisini gürcü camaatı, hətta gürcü ruhaniləri ciddi qəbul etməyərək onları boykot etmişdir. Çünki onlar ruhani idarələrini xalqın xeyri üçün ələ almaq istəyirlər. Ermənilər isə çoxdan bu idarələri əllərinə keçirib, öz hökmləri altında saxlayırlar.

Bir çox məqalələrindən məlum olduğu kimi, Ömər Faiqin Əhməd bəy Ağayevə ictimai xadim kimi dərin inam və hörmətini bu yazısında da görürük. Bu problemlə bağlı Əhməd bəy Ağayevin Gəncədə bir məclis-milli yaratmaq təklifini alqışlayır və Əhməd bəy Ağayeva yazır: “Alicənab! İdareyi-ruhaniyyələrin (idareyi-ruhaniyyələrimiz deməyə utanıram) islahı üçün Gəncədə bir məclis təşkilini ümumə həvalə edirsiniz. Çox gözəl, lakin camaatımızın, zəmanəmizin bugünkü halı ona müsaidə edirmi ki, bu müqəddəs əməlin hüsuluna hər kəs felən çalışa bilsin? Yaxşı olmazmı ki, Bakı kimi mərkəzdə bu işdən ötrü bir heyət təşkil edilsin. Bu heyət hər şəhərə dəvətnamələr yazıb vəkil intixabını təvəqqe etsin və Gəncədəki ümumi məclisin vaxtını təyin edib rüsxəti-rəsmiyyəsini alsın”.

Yenə ötən əsrin o başından gələn bir məqalə-teleqram (“Məzlum ən böyük zalımdır”. “İrşad” qəzeti, 1906) oxuyuruq. Məlum olur ki, XIX əsrin lap sonlarında (1898-ci ildə) Şəkidə camaat özü açdığı məktəbi daha da inkişaf etdirmək üçün hökumətə təhvil verib. Hökumət də məktəbi ələ keçirən kimi camaatın arzusunun əleyhinə olaraq başlayıb məktəbi ruslaşdırmağa və milli, dini dərsləri də qat-qat azaldıb. İndi həmin camaat nə qədər edirsə, direktor məktəbi geri qaytarmır. Deyir ki, 1898-ci ildə özünüz xahiş etdiniz, biz də götürdük, qaydanı dəyişə bilmərik və s. Camaatın isə yanıb-yaxılmaqdan başqa əlindən bir iş gəlmir. Ömər Faiq “Nemanzadə” imzası ilə yazdığı həmin məqaləsində məsələyə münasibətini açıqca bildirərərək qeyd edir ki, camaat zənn edirdi ki, hökumət onlara atalıq edib, dərdlərinə qalacaqdır. Ona görə də ixtiyarlarını, haqlarını öz əllərilə zalımların, rəhmsizlərin pəncələrinə verib, məktəbi bünövrəsindən yıxmağa özləri səbəb oldular.

Müəllif həm də bu ictimai məsələyə öz publisist, müəllim və ziyalı mövqeyi ilə kəskin və məntiqli şəkildə müdaxilə edir. Direktorun: “Bu məktəb 1898-ci ildə camaatın öz xahişilə direktor idarəsinə keçibdir. Onu təzədən pozmaq olmaz...” - kimi iddasına cavab olaraq yazır: “Burada direktor ağadan soruşmalı: Cənab, madam ki köhnə qaydanı təzədən pozmaq olmaz, siz nədən ötrü 1898-ci ildə məktəbi camaatın ixtiyarında ola-ola alıb öz cənginizə keçirdiniz? Nə üçün köhnə qaydanı, bəlkə, qanunu pozdunuz? Təbii, deyəcəksiniz ki, “camaat xahiş etdi, mən də əməl etdim”. Çox əcəb. İndi də yenə o camaat xahiş edir ki, öz qədim haqlarını, ixtiyarlarını özlərinə aid edəsiniz, buna sözünüz nədir?”

Məqalənin sonunda isə zalımın, zülmün və məzlumun arasındakı bağları, münasibətləri təhlil edir və belə qənaətə gəlir ki, bizim millət öz haqq və hüququnu, malını-mülkünü zalıma öz əlləri ilə təhvil verir, sonra isə susa-susa dayanıb əsrlərlə gözləyir. Ya da verdiklərini yalvarıb geri istəməklə məşğul olur. Odur ki, aforizmə çevrilmiş belə bir hikmətlə qəzəbini sonlandırır: “Məzlumluq ən böyük zalımlıq deməkdir”.

XX əsrin əvvəllərində ziyalılarımızın çox işlətdiyi ifadələrdən biri də “millətpərəstlik” ifadəsi idi. Amma bu istilahı yeri gəldi, gəlmədi işlətmirdilər. Mətndə açar söz funksiyasını yerinə yetirən həmin ifadə Ömər Faiqin publisistikasında da çox işlənirdi. “Millətpərəstlik zamanıdır” məqaləsində (“İrşad” qəzeti, 1906) əzilən, aşağılanan, istismar olunan millətin dünəni və bu günü müqayisə edilir. Gəncədə, Şəkidə, Şamaxıda, Batumda yaradılan, sonra isə xarabaya çevrilən mədrəsələr, məscidlər, idarələr, kitabxanalar, köprülər və s. ulu babalarımızın, atalarımızın ağlı, zəhməti və iradəsi hesabına başa gəldiyi halda, nədən istiladan sonra əxlaqımız pozuldu, gözəl milli adətlərimiz yaddan çıxdı? - sualına cavab axtarılır.

Müəllif elm və təhsilimizin real durumunu o qədər dəqiqliklə izah edir ki, bu gün də aktual olan həmin problemin mənşəyini anlamış oluruq. O göstərirdi ki, istiladan sonra öz milli, qədim təhsil sistemimizdən imtina etməyə məcbur olduq, lakin yeni mədəniyyət, təhsil, elm istiqamətindən də xəbərsiz idik. Ona görə də “ortada meymun kimi qaldıq”. Təbii ki, Ömər Faiq “meymun” kəlməsini hər dəfə rusları yamsılamaq anlamında işlədirdi.

 

Ömər Faiqin qaldırdığı problem, əslində təbliğat obyekti bir az başqa istiqamətli idi. Yəni həmin məqalədə məqsəd ehtiyac içərisində, ağır durumda olan Qarabağ və Zəngəzur aclarına yardım işini təbliğ etmək idi. Lakin bu təbliğ adi, reklam xarakterli deyildi. Onun mütəmadi izləyərək təhlil etdiyi prosesin mahiyyəti açılırdı. Məsələn, müəllif Zeynalabdin Tağıyevi örnək kimi göstərərək bildirirdi ki, ondan başqa zənginlərimizdən bir məktəb, bir mədrəsə, bir kitabxana xərci çəkən olmayıb. Halbuki müsəlmanların tarixində, din və əxlaqında xeyriyyəçilik ənənəsi daima olub.

Ömər Faiq Nemanzadə, arvadı Abidə xanım, oğlu Kamil və qızları Kamilə, Ədilə və Bəxtli ilə (1920-ci illər)

Həmin zamanda Qarabağ və Zəngəzur aclarının, yetim, çılpaq körpələrin göz yaşları isə görünməz, ah-nalələri eşidilməz olmuşdu. Müəllif bu məqamda fikrini ritorik şəkildə ifadə edir: Deyəsən, İslam aləmi şiddətli bir şaxtaya düşdüyü üçün donub! Ya da onu sehirləyiblər...

Açıqgözlülüyü, analitik təhlil bacarığı olan Ömər Faiq camaatın yadına maraqlı bir tarix, əhəmiyyətli bir fakt salır. Göstərir ki, çox da uzaq olmayan yapon-rus müharibəsi (1904-1905-ci illər) zamanı bizim başçılarımız, ziyalı və ruhanilərimiz canfəşanlıq edib ianə toplayırdılar. Elə həftə olmazdı ki, ruhani rəhbərlərimiz, hökumətə sədaqətli bəylərimiz tərəfindən “Qırmızı xaç” hesabına yardım siyahısı göndərilməsin. Hətta dəqiqliklə başqa bir misal da göstərirdi: “Mən o vaxt mərhum “Şərqi-Rus” qəzeti idarəsində idim. Gün olmazdı idarəyə rus bahadırlarının, rus qoşununun mədhini mütəzəmmin mənzumələr gəlməsin. Bu kimi kağızların çoxluğundan, müdirlərimizin onları dərc etdirməkdəki israrından o qədər təngə gəlmişdim ki, (nə yalan söylüyüm) çoxunu xətm olmuyaraq cırıb səbətə tökürdüm”.

Ömər Faiqin leksikonunda sətiraltı satirik məna daşıyan “Qırmızı xaç sandığı” ifadəsi təsadüfən işlədilmir. Vaxtilə o sandıq üçün ianə siyahılarını qəzetlərin başlığına çıxaran din xadimləri, bəylər indi öz aclarımıza, din qardaşlarımıza, həmvətənlərimizə kömək etmək istəmirdi. Hətta qeyd edirdi ki, belə getsə, bu imtiyaz və ixtiyar sahibləri bəlkə də kilsələrin qara xaçları üçün də ianə hesabları açarlar. Bu məqamı isə Ömər Faiq xüsusi intonasiya ilə qabardır, diqqətə çatdıraraq adamları düşünməyə, əhəmiyyətli addımlar atmağa məcbur edir, türklüyün, müsəlmanlığın isbat edilməsi zamanının yetişdiyini dilə gətirirdi. Çox böyük uzaqgörənliklə vurğulayırdı ki, Zəngəzura, Qarabağa vaxtında kömək edə bilməsək, o əhəmiyyətli yerlər əlimizdən çıxacaq, gələcəkdə isə hamımız qeyrət və namussuzluqla yad olunacağıq.

“Dəryadan qətrə” (“İrşad” qəzeti, 1906) məqaləsini hekayə kimi oxuyuruq. 117 il əvvəl baş verən bir hadisənin hekayəsi kimi. Ömər Faiq rus keşiş və məmurlarını azadlıq və İslam dini düşmənləri kimi təqdim edəndən sonra bildirir ki, məhz onların siyasəti hesabına bizim hökumət məktəblərində bizə aid çox az şey tapmaq olar. Baxmayaraq ki, 1905-ci il inqilabı zamanı məktəb rəisləri müsəlmanlara da çoxlu vədlər vermişdi, heç birini tutmadı, əksinə bir neçə türk-müsəlman məktəbini bağlamış, türk tarixi və dili dərslərinin saatlarını isə xeyli azaltmışdı. Lakin az da olsa, sevindirici kiçik hadisələr baş verirdi ki, Ömər Faiq də bunu “dəryadan qətrə” hesab edirdi. Məsələn, hökümət həmin il Tiflis gimnaziyalarının birində müsəlman şagirdlərinə ibadətgah olmaq üçünbalaca bir “otaq” veriblər. Müəllif də bu lütfü alqışlayır. Həm də qeyd edir ki, bu xırda mərhəmət 30-40 il öncə olmalıydı. Amma buna baxmayaraq, bu güzəşt üçün əvvəl zəmanəyə, sonra da Varantsov-Daşkova minnətdarlıq etmək lazımdır. O, gələcək nəsillər üçün bu mövzu ilə bağlı aydın, dəqiq görünən mənzərəni də təsvir etməyi unutmur. İstehza iləvurğulayır ki, Qafqazda ermənilərin və gürcülərin yüzlərlə milli məktəbi, kilsə məktəbləri, bəyzadə təlimxanaları olduğu halda, biz gimnaziyanın bir küncündə ibadət üçün bizə verilən xırda bir otağa bu qədər şükr edirik. Mərhəmət və ədalətin olmadığı yerdə bu “dəryadan aldığımız qətrəyə” sevinməyimiz lazım imiş. “Smirnovların, Miropiyevlərin, Lisinskilərin milli dilimizə, milli məktəblərimizə, bir sözlə, milli mövcudiyyətimizə vurduqları yaraların acısı ilə sızlaya-sızlaya gimnaziyada “ibadətgaha” nail olmağımız, əlbəttə ki, xarüqüladə mərhəmətlərdəndir”.

Ömər Faiqin dili ilə desək, “otağı dualamaq” mərasimi təşkil olunur və şəhərin hörmətli şəxslərini ora dəvət edirlər. “Gələnlərin cümləsindən müfti, şeyxülislam, papeçitel, Tiflis qubernatoru, şəhər rəisi, maarif müfəttişi, idareyi-ruhaniyyə əzası var idi. Gələnlər yüzdən artıq idi”.

Müəllifin təsvirinə görə əvvəl müfti, sonra şeyxülislam danışır, xeyir-dua verir. Sonra da o biri otağa keçib çarın divardan asılmış portretinin qarşısında sədaqət, ehtiram və sevgi nitqi söyləyirlər. Ömər Faiq yenə qəzəblənir. “Ayə, bizim millət rəislərinin, torpaq başımıza olacaq biz camaat rəhbərlərinin bu məcburiyyətləri nədən? Əcəba, müfti əfəndi nə fikir edir? Milləti qoyun, həmişə məzlum, həmişə biqüdrət, xeyir və şəri qanmaz, xadimi ilə hadimi anlamaz bir heyvan sürüsümü hesab edir?”

Sonda isə gözlənilən, arzulanan çıxış olur. Bu məktəbin türk dili müəllimi Məhəmmədağa Şahtaxtinskinin nitqi idi. O,  cəsarətlə bildirir ki, bizə vəd olunan böyük işlər müqabilində bu kiçik bir şeydir. Bizə də başqa millətlərə rəva görülən imkanlar verilməlidir. Milli diləqoyulan qadağalar aradan qaldırılmalıdır və s.

Ömər Faiq də H.Zərdabi, F.Köçərli, C.Məmmədquluzadə, Ü.Hacıbəyli kimi millətpərəstliyi hər bir şəxsin aid olduğu millətin xeyri, yaşaması və ucalması naminə fədakarlığının təbii, qanunauyğun şərtitək qəbul edirdi. “Çinovniklərimiz” adlı məqaləsi (“İrşad” qəzeti, 1906) də bu ideyaya əsaslanır. Təkcə bizdə deyil, bütün dünyada insanların “mənfəət” əsiri, xəstəsi olması bəlasından söz açan müəllif çox az adamın özü üçün deyil, milləti üçün çalışması fədakarlığından danışır. Bu fədakarlar isə ya filosof, ya da xalq dərdini anlayan “həkimlər”, yəni ziyalılar olur, adətən. Hər kəs vətəni, milləti üçün əlindən gələni (bəziləri təhsili, bəziləri vətəninin ticarətini qaldırır və s.) etdiyi halda çinovniklərimiz nə edir? - sualına oxucusu ilə birlikdə cavab axtaran müəllif gecə-gündüz bacardıqları qədər dilsiz müsəlmanların dərisini soyan, onların qanlarını soran və bu “xidmətlərin” qarşılığında kiçik bir mənfəətə və ya vəzifə yüksəlişinə nail olmağa çalışan həmin müsəlman çinovnikləri “Allahın qəzəbinə gəlmişlər” hesab edirdi: “Lakin belə xüluslu xidmətlərinə müqabil bir duzsuz “malades”dən və ya beş qəpiklik paxır medaldan savayı, əllərinə bir zad keçirə bilmirlər, bir mənfəət görə bilmirlər. Hətta elə çinovniklərimiz var ki, gecə-gündüz çalışırlar ki, müsəlmanlığa, müsəlmanlara bir zərər, bir töhmət vursun, hökumətə xüluskarlıq göstərsin, millətini rəzil və həqir etsin. Bununla belə, “müsəlmanlıq” adı yenə onları hər növ mənfəətdən məhrum edir”.

Adama elə gəlir ki, çinovniklər və xalq münasibətlərini çözən Ömər Faiq bu təhlillərində çinovniklərin daha yazıq və daha mağmın durumda olmasına acıyır. Göstərir ki, on beş il qazı, pristav və ya baş strajnik kimi işləmək üçün onlar bu müddət ərzində bəlkə on beş min dilsiz müsəlmanı döyüb həbslərə salıb, müsəlmanlar arasında partiyabazlığı, quldurluğu, avamlığı çoxaldıblar. Hətta təhsilin evini yıxıb, maarifimizi öldürüblər. Xalqa zülm edən hökumətin ən zalım köməkçiləri olub, hökumətin ən ağır, ən təhlükəli siyasətlərini camaat əleyhinə vicdan əzabı çəkmədən rahatlıqla həyata keçiriblər. Bu məqamda C.Məmmədquluzadənin Xudayar katda (“Danabaş kəndinin əhvalatları”) obrazı yada düşür. Ömər Faiq ucalmaq üçün xalqa divan tutan bu çinovniklərin on-on beş il eyni mvqedə qalması “haqsızlığına” acıyırmış kimi yazır: “Amma bunlarla bərabər, yenə duyuruq ki, filankəs yenə pristav və baş strajnikdir. Qərəz, bizim xüluskar çinovniklərin halları nəzərə alınınca dünyada bunlardan bədbəxt, bunlardan arada qalmış bir sinif görünməyir; nə özləri mənfəət görürlər, nə də millətə mənfəət verirlər”.

İmperiya siyasətinin anatomiyasına dərindən bələd olan müəllif onu da vurğulayır ki, bu çinovniklər ona görə ikiqat bədbəxtdirlər ki, həm də müsəlmandırlar. Rus hökumətinin müsəlman olan çinovnikə münasibəti tam başqadır. Yəni onlar öz xalqına nə qədər zülm etsə ki, yüksəlsin, alınmayacaq. Əvəzində həm də xalq nifrəti, qarğışı qazanacaqlar.

Qafqazdakı digər xalqların çinovniklərinin isə tam başqa əqidə ilə çalışmasını onların lazım olanda hökumət işinə yaramasında, vacib olanda isə  xalqlarının yanında duraraq ona ləyaqətlə xidmət etməsində, millətinin dərdinə əlac olmasında görür.

 “Bir gürcü və ya erməni çinovniki isə bu rəzalətdən, bu səfalətdən uzaqdır: bunlar hökumətə qanun dairəsində xidmət etməklə bərabər, yeri düşəndə öz millətinə də kömək etməkdən, camaat işinə, dərdinə qarışmaqdan boyun qaçırmırlar”.

Ömər Faiqin publisistikasının mahiyyəti, əhəmiyyəti həm də və bəlkə də ilk olaraq ondan ibarətdir ki, onun ötən əsrin əvvəllərində ürək ağrısı ilə yazdığı məqalələri bu əsrin əvvəllərində də eyni dərəcədə aktualdır. Aktuallıq onu bizim müasirimiz olmaqda saxlayır.

 Elə həmin məqaləsində millətə kömək etməyən, camaat işinə qarışmayan, xalqdan ilandan qaçan kimi qaçan, dürüstlüyə ehtiyat, qorxu ilə yanaşan (“O qədər ehtiyat edirlər ki, guya hökumət həmin bunları tutub Sibirə göndərəcəkdir. Və ya məişət dərdindən o qədər qorxurlar ki, guya qulluqdan çıxan kimi acından öləcəklər”) həmin çinovniklərin əksəriyyətini “mərifətsiz bəylər”, “ləyaqətsiz ağalar”, “həmiyyətsiz bir para işsiz qalanlar” adlandırırdı.

“Hələ çinovniklərimizin bəzisi o qədər bihəmıyyət, biqeyrət və binamus olurlar ki, millət işinə qarışmamaqdan ötrü öz müsəlman adlarını çevirib... Alikonoviç. Raximoviç edirlər və beləliklə, guya müsəlmanlıq çirkini üstlərindən tullayırlar”.

Ömər Faiq publisistikası sadəcə problem və qüsurları tənqid etmə, yaxud xalqı maarifləndirmə missiyası daşımırdı. O, cəmiyyət məsələlərinə prinsipial, israrlı, problemin kökünü dərk edən bir ziyalı, ictimai xadim kimi yanaşır və xalq adından tələblər ortaya qoyurdu.

“Çinovniklərimiz” məqaləsində də millətin ağır günündə ondan qaçan, onun dilinə, dininə, maddi və mənəvi durumuna ikrah hissilə yanaşan məmurların qarşısında məsələ qaldıraraq bildirir ki, məhz belə bir zamanda xalqın malı ilə dolanıb ona fayda verməyən çinovnikləri özbaşına qoymaq olmaz, necə olur olsun, onları məcbur etmək lazımdır ki, öz din və milli mənsubiyyətlərinə üz tutaraq camaatın dərdinə qalsınlar, “...hər kəs: tacir, bəy, ağa, qulluqçu bəqədri-qüvvə çalışıb kömək etməlidir, kömək etməyi hər kəs ən birinci borcu, ən müqəddəs insanlıq vəzifəsi bilməlidir”.

 

İradə MUSAYEVA

525-ci qəzet.- 2023.- 9 fevral.- S.12-13.