Qubadlı yovşanının ətri
Görkəmli yazıçı, ustad jurnalist,
böyük Azərbaycan ziyalısı Əli
İldırımoğlu ilə şəxsən
tanışlığım 2003-cü ildən başlanıb. Ona qədər Əli
müəllimin "Dərd",
"Telepat", "Silinməz izlər", "Həmin
adam", "Zorən jurnalist" əsərləri ilə
tanış idim. Bu əsərlər hələ
sovet dönəmində insan ləyaqətini uca tutan, mənəvi-əxlaqi,
milli adət və ənənələrə dəyər verən,
bir sözlə, Azərbaycan jurnalistikasında haqq-ədaləti
müdafiə edən, jurnalistikamızın təkamülünə
səbəb olan əsərlər idi. Əli
İldırımoğlu uzun illər respublikanın müxtəlif
regionlarında, o cümlədən, mənim doğulduğum
Quba bölgəsində ölkənin ən nüfuzlu qəzetinin
xüsusi müxbiri işləmisdi. O, Qubanı doğma
Qubadlı qədər sevirdi, deyirdi ki, "Quba ilə
Qubadlı arasında üç hərif fərq var". O hərdən
evimizə zəng vurub Qubanı, bizim İspik kəndinin
meşələrini soruşurdu. Hiss edirdin ki, o, işğal olunmuş Qubadlı
üçün darıxır və təsəllini Qubadan
alırdı. Bax, bu cəhət onu mənim
üçün bir yazıçı, jurnalistdən əvvəl
əziz bir insana çevirmişdi. Hərdən
görüşər, saatlarla yurd həsrətindən, Vətən
taleyindən, keçmişdən və gələcəkdən
söhbət edərdik...
Əli İldırımoğlu ilə şəxsi
tanışlığım 2003-cü ildə baş tutdu. "Gənclik"
nəşriyyatının direktoru, rəhmətlik Əlican
Əliyevin təklifi ilə "Mənim rəncbər
atam" romanının geniş təqdimat mərasimində
bu unikal əsər haqqında məruzə etdim. "Ata kultu - vətən əxlaqı" adlı
məruzəm "Ədalət"qəzetində çap
olundu. Aramızda olan yaş fərqinə
baxmayaraq bu tanışlıq səmimi dostluğa
çevrildi. Mən onun 80 illik yubileyi
münasibətilə "Ağır taxtalı kişi"
("Ədəbiyyat qəzeti", 2007) məqaləsini
yazdım. Tale elə gətirdi ki, onun mübarək 90
illik yubiley mərasimini
də mən apardım. "Daş yağan
gün" povesti münasibəti ilə Əli
İldırımoğlunun
şəxsiyyətinə və
yaradıcılığına dərin hörmət ifadə
edən "Daş yağan günümüz" adlı
açıq məktub yazdım ("525-ci qəzet",
2010).Əli İldırımoğlunun "Qarlı gecələr"
romanına Ön söz də yazmalı oldum. Bu
faktlarla demək istəyirəm ki, Əli müəllimin
şəxsiyyəti kimi yaradıcılığı da mənə
doğmadır.
Onun bu
günlərdə mənə təqdim olunmuş, yenidən
işlənib təkmilləşdirilmiş "Mənim rəncbər
atam" kitabını və
yazıçının son əsəri olan
"Əmrahsız qalan dağlar" romanını həmin
doğmalıq hissi ilə oxudum.
Maraqla oxunan, həyat materialı ilə zəngin olan hər
iki əsər Əli müəllimin nəsil şəcərəsinin
tarixi və taleyindən bəhs edir. Zəngin həyat təcrübəsi
olan yazıçı bu kontekstdə XIX-XX əsrlər
Qubadlı mahalının tarixi yoluna nəzər salır.
Beləliklə, bu əsərlərdə ( və
digər əsərlərində!) müdrik
yazıçı üç əsərin tarixi - mənəvi
olaylarını məhz ata kultu ətrafında cəmləşdirə
bilir. Bu onun sayəsində mümkün olur ki,
hər iki əsər Xatirə və Yaddaş müstəvisində
dərk və təsvir edilir.
"Mənim
rəncbər atam" xatirə romanının (ədib
özü əsəri belə zikr edib) yeni nəşrinə
yazdığı samballı Ön sözdə
yazıçının alim qızı Səadət
İldırımzadə, fikrimizcə, əsəri
düzgün qiymətləndirib: "Böyük dayaq"da
Rüstəm kişi, "Dəli Kür"də Cahandar
ağa, "Axırıncı aşırım"da Kərbəlayi
İsmayıl kimi obrazların yeni nümunəsi olan
İldırım kişi çağdaş ədəbiyyatımızda
necə də əzəmətli
görünür! İldırım kişi ədəbiyyatımızı müəyyən mənada
xarakter qıtlığından da xilas edir, bu boşluğu
öz zəngin məziyyətləri ilə doldurur.
"Mənim
rəncbər atam" məhz torpağımızın ətrini,
vətənimizin, xalqımızın, el-obamızın
etnoqrafik yaddaşını və əxlaqını, ən nəhayət,
İldırım kişi kimi bədii bir
obrazı bədii sənətə gətirmək ədəbiyyatımızı
vicdan əzabından qurtaran əsərlərdəndir.
Əli
İldırımoğlu "Mənim rəncbər
atam"ı yaradıcılığa qədəm qoyduğu
gündən öz xəyal aləmində sətir-sətir,
ilmə-ilmə toxuyub.Bu mənalı sətirlərdə
Ə.İldırımoğlunun "Mənim rəncbər
atam"
romanının ədəbi-bədii dəyəri,
estetik mahiyyəti ifadə olunub...
Fikrimcə,
yazıçı İldırım kişi obrazında təkcə
rəncbər atasını yox, həm də özünü
yaradıb, öz nəslinə və gələcək nəsillərə
bir unikal ATA obrazı verib. Yuxarıda adları
çəkilən obrazlar ədəbiyyatımızda, ədəbi
tənqiddə və nəzəri-estetik fikirdə təsdiq
olunmuş milli xarakterlərdir. İldırım kişi obrazı isə həm də xalq mənəviyyatının
daşıyıcısı - toplayıcı obrazdır. Belə tipik xarakterlərin çox geniş
aurası - haləsi olur, onlar özləri ilə birlikdə
bütöv bir epoxanı əks etdirmək enerjisinə malik
olurlar. "Mənim rəncbər atam",
"Əmrahsız qalan dağlar" romanlarında və
ümumən Əli İldırımoğlunun
"Çinarlı", "Aqibət", "Daş
yağan gün", "Ağ günlərin qara
daşı", "Közərən sətirlər" əsərlərində
yurd həsrəti, ədalət və insaf, mərhəmət,
məhəbbət və sədaqətlə bərabər həm
də (və daha çox!) Azərbaycanın Qərb
bölgəsinin torpağının ətri - yovşan ətri
var.
Bu əsərlərdə yazıçı
müşahidəsi o qədər güclüdür, bu
müşahidə ədibin üslubuna elə hopub ki, onun zənginliyindən
və rahiyyəsindən doymursan. Çox
düşünmədən mən bunu "Qubadlı
yovşanının ətri" adlandırdım.
Başqa heç bir çiçək yovşan qədər
torpaq ətrini hiss etdirmir.
Əli
İldırımoğlu "Əmrahsız qalan
dağlar" romanına mənalı, bir qədər də
kövrək bir ithaf yazıb: "Bəlkə son əsərim
olacaq bu kitabı məşədi Allahverən ocağına
başucalığı gətirən İldırımzadələrə
ithaf edirəm"... Müdrik yazının bu sözlərini
oxuyanda atam Şəmsəddinin diri günlərini
xatırladım: İkinci Cahan savaşının veteranı
olan atam heç bir xəstəlik keçirməmişdi.
Dedilər xəstələnib, nüfuzlu bir həkimlə
Bakıdan yanına
getdim ki, çarpayıda uzanıb,
görüşdük, həkimə dedim ki, aramızda pərdə
var, sən yoxla, soruş gör dərdi nədir. Az keçmiş həkim məni içəri
çağırdı, ucadan dedi: "Ay Şəmsi dayı
sən xəstə deyilsən, niyə professora əziyyət
verib çağırmısan?" Atam dedi: "Elə-belə,
onu görmək istədim". Boynunu qucaqlayıb dedim, gəl
səni Bakıya aparım, yaxşı professorlara göstərim.
Dedi ki: "Yox, istəmirəm, insanın bir dünyaya gələn
günü var, bir də gedən günü. Sən
də narahat olma, ölüm Allah əmridir, hələ bu əmrdən
çıxan olmayıb". Sonra da bunu dedi və
güldü: "Bir də çağırsalar, öz
maşınınla gəlmə, fikirli olub qəza törədərsən".
Bu olayı xatırlamaqla demək istəyirəm ki, müdrik
qocalar ölən günlərini hiss edirlər...
"Ya
yüz yaşarsan, ya doxsan, axır ki, bir gün yoxsan" -
deyib atalar. Mənim qocaman dostum Əli
İldırımoğlu da belə idi. Baxaq görək o son vəsiyyəti
olan "Əmrahsız qalan dağlar" da titrək əlləri
ilə nələri yazıb...
Əvvəla
minnətdarlıq duyğusu ilə onu deyim ki, görkəmli
dilçi, şəxsiyyətinə böyük rəğbət
bəslədiyim professor, Əməkdar elm xadimi Qəzənfər
Kazımov romana "Məğrurluq abidəsi" adlı
konseptual bir Ön söz yazıb. Bu Ön sözdə belə
sətirlər yer alır: "Yazıçı Əli
İldırımoğlu hər əsərində bədii
şüurun ən dərin qatlarından təqdim olunan mənəvi-əxlaqi
dəyərlərlə zəngin, psixoloji
yaşantıların həyəcan dolu çalarları ilə
süslənmiş əsərlərlə bir daha sübut edir
ki, yazıçı ömrü boyu özünü yazıb
qurtara bilməz. Onun
Əliqulu uşağı adlı mənəvi ərazisində,
mötəbər və alicənab nəsil-nəcabətinin
xatirə yaddaşında bədii həllini gözləyən
hələ nə qədər ədəbi-bədii nümunələr
üçün materialı vardır.
Vətən
torpağının sərhəddi var, vətən sevgisi isə
hüdudsuzdur... Əli
İldırımoğlunun hədəflərindən ən əlası
Vətən sevgisidir. "Əmrahsız
qalan dağlar" əsəri ədibin bu xüsusda hadisə
və problemlərə yeni baxışı və bədii
yanaşmasıdır".
"Əmrahsız qalan
dağlar" kameral roman adlandıran alim məlum bir əlaməti
qeyd edir: "Bu roman məlum hadisə və problemlərə
yeni yanaşma tərzini əks etdirir". Bununla
da o, əslində romanın (və yazıçının!)
realizminə işarə etmiş olur.
Mən "Əmrahsız qalan dağlar" əsərinin
milliyyətcə tatar (türk!) olan XIX əsr klassik rus
yazıçısı İ.S.Turgenevin, eston
yazıçısı Enni Veettmanın miniatür
romanları ilə müqayisə edərdim. İ.S.Turgenevin
"Rudin", "Dvoryan ocağı",
"Tüstü" romanlarında olduğu kimi Əli
İldırımoğlunun bu və "Mənim rəncbər
atam", "Qarlı gecələr", "Aqibət",
"Daş yağan gün" əsərlərində dərin
və çevik bir realizm var. Bu, sərt realizm deyil, çox
ciddi müşahidədən törəyən mübhəm,
romantik bir realizmdir.
Bir daha
"Məğrurluq abidəsi" adlı Ön sözə
müraciət etməli oluram: "Əmrah yüz başı
ictimai xadimdir, el qəhrəmanıdır, yüzlərlə
mərd azərbaycanlının nəcib sifətini
özündə birləşdirən ümumiləşdirilmiş
bir obrazdır... müəllifin şəxsi duyğuları ilə
ümumxalq fikir və düşüncələri, ümumbəşəri
idealı çulğaşır. Əmrah
obrazında yazıçı xalqın bütöv bir
yaddaşını, solmaz və pozulmaz əxlaq
kodlarını ümumiləsdirir. Bu anda
Əmrah təkcə onun yox, bütün Azərbaycan
xalqının təəssübkeşi, soyköküdür,
qan yaddaşıdır.
Əli
müəllimin özünəməxsus, təmiz, aydın, hər
cür əllaməçilikdən uzaq, daxilən daim qaynayan,
təzələnən, zənginləşən dili və
üslubu ilə təbii ki, bu romanda üz-üzəyik... Üslub düşüncə tərzidir, bədii
atributun mayası, əsərin daxili enerjisidir".
Əmrah surəti bizə yaşadığı
mühitlə doğmadır. Mən də Əli müəllimin qəhrəmanı
kimi dağlar oğluyam. Çiyinlərimdə
Şah dağının qürur və əzəmətini, qəlbimdə
Baba dağın ülviyyətini daşıyıram. Köksüm dağ şəlaləsi kimi
çağlayır, yaşa dolduqca bulaq suyu kimi duruluram.
Bizim Quba tərəflərdə gəlinlər
uca dağlara baxanda utanıb yaşmaqlanırlar. Mən gəncliyimdə (elə indi də!) Şah dağına baxanda kövrəlib, doluxsunuram,
elə bil ki, Şah ucalığı içimə dolur.
Əli İldırımoğlunun "Əmrahsız qalan
dağlar"
romanı son dərəcə təbii, doğma təsvirlə
başlanır: "Naxır örüşdən təzəcə
qayıtmışdı. Kəndə
yavaş-yavaş toran çökürdü. Yaxın-uzaq dağlar, təpələr,
yalçın qayalar gecənin qara örpəyinə
bürünüb hiss olunmadan gözdən itirdi. Təzə doğulub miniyə öyrənən Qəmər
at ayağında buxov kənddən çox da uzaq olmayan
Böyükdüzün qurtaracağında sakit-sakit
otlayırdı. Əmrah hələ də xamlıq eləyən kəhər atı çətinliklə
yalmanlayıb cilovu başına keçirdi. Və
cilovunu açıb atın çılpaq belinə
aşırıldı".
Bu, adi təsvir deyil, təsvir - prosesdir. Bu, sözlə
çəkilmiş tablodur, onu "Azərbaycan"
adlandırmaq olar. Bu tabloda üç möhtəşəm
obraz var: Dağ, İnsan və At! Və onların vəhdəti bütöv bir obraz
yaradır. Mən bu tablonu dahi mütəfəkkir rəssam
Səttar Bəhlulzadənin təbiət-peyzaj tabloları
ilə müqayisə edərdim. Mən
özüm Qubada, İspik kəndində belə bir tabloda böyümüşəm,
belə tablodan çıxıb gəlmişəm.
Müasir
ədəbi prosesdə güclü realizmi ilə seçilən
"Əmrahsız qalan dağlar" romanı romantik bir sonluqla
tamamlanır: "Bərgüşad, çay
bağlarının yanından ötüb köpüklənə-köpüklənə
dağları, dərələri aşaraq, Əmrahın uyuduğu
məzarlığın yaxınlığından keçir və
Xan Araza qovuşur. Baharda Bərküşad çay
bağlarının, gül-çiçəyin, ətir
şahın yaşıl-yaşıl yarpaqlarına
büküb tinli qəbristanlığına tərəf
aparır. Aparır ki, Əmrahın yaralı sinəsinə
qoyub, ona şəfa versin. Qərib eldə uyuyan
dağlar qartalının ruhu şad olsun". Bu roman kiçik həcmli olmasına baxmayaraq
dolğun, çoxaspektlidir. Müəllifin
yazı tərzi, üslubu dolğun və yetərincə
koloritlidir.
Ümumiyyətlə,
görkəmli yazıçı Əli
İldırımoğlunun roman və povestləri - "Silinməz
izlər", "Aqibət", "Qanlı gecələr",
"Daş yağan gün", xüsusilə "Mənim rəncbər
atam" və "Əmrahsız qalan dağlar" müasir
Azərbaycan nəsrinin bədii-fəlsəfi inkişafına
töhfə verən əsərlərdəndir. Xalq ruhu,
azərbaycançılıq, dövlətçilik
duyğusu,torpaq ətri, təbii kolorit bu əsərləri
xalq həyatının ensiklopediyası səviyyəsinə
qaldırır.
Nizaməddin
ŞƏMSİZADƏ
Dövlət
mükafatı laureatı, Əməkdar elm xadimi
525-ci qəzet.- 2023.- 9 fevral.- S.11.