Şeyx Məhəmməd Rasizadə
"20-ci əsrin qorxunc yumoru"nun hədəfində
(Əvvəli
ötən sayımızda)
Qardaşı Hüseyn Cavidin adı sovet çeksti ədasıyla işləyən tənqidçilərin
qara siyahısına düşdükdən sonra
Şeyx Məhəmməd
Rasizadənin də başından fəlakətlər
əskik olmur. Şeyxə mənəvi
hücumlar başlayır.
Gah maası gec verilir, 8 baş külfəti olan Şeyx çörəklə
imtahan edilir, gah siyasi ittihama
məruz qalır, etibarsız sayılır,
gah da kitabxanası
əlindən alınır.
Ona kəsilən 9 axcanı ala bilməyən
Füzuli kimi, maaşı vaxtında verilməyən Şeyx Məhəmməd də
"Şikayətnamə" adlı satirik qitəsini yazır. Hüseyn Cavidin qardaşı olduğu üçün
rejimdən qınaq yeyən, sözün məcazi mənasında
"döyülən, əzilən,
həyatı mənəvi
sıxıntılarla və
güzəran dərdi
çəkməklə keçən
şairin" "Şikayətnamə"si
yaşadıqlarının poetik ifadəsidir. Şeyxin, özünü şeirləri ilə hər kəsi təftiş edən rejimə təqdim etməsi bu sıxıntıların yaşanmaması
üçündü. Adının önündəki Şeyx kəlməsi Allahsız bolşeviklərlə
tərs mütənasibdi
və onun ittiham olunması üçün ciddi səbəbdi. Amma Sovetləri
alqışlayan Şeyx
Məhəmməd də,
əsərlərində traktorun
səsi eşidilməyən,
kolxoz, partiya adı çəkilməyən
qardaşı Cavid də tənqid və ittiham olunurdu. Hüseyn Cavid Bakıda
həbs olunduqdan sonra bu təqib
və təzyiqlər
daha da güclənmişdi.
Çalışdığı məktəbin müdiri siyasi cəhətdən etibarsızlaşdırmaq üçün
ədəbiyyat müəllimi
Məhəmməd Rasizadədən bir tələbdə bulunmuşdur: "Zikur Texniqumun müdiriyyəti tərəfindən tələb
olunur "... gec ... olmamaq şərti ilə hər tələbənin ədəbiyyat
dərsinə aid
yazdığı dəftərindən
bizə bir dənəsini bütün
siniflərdən toplayıb
müdriyyətə təqdim
edəsiniz. Texniqumun midiri". Sözsüz ki, müdiriyyətin tələbinə əsasən
dəftərlər toplanmış,
tələbələrinin yazdıqları
yoxlanılmış və
axtarılan "əsaslar"
tapılmış və
31 il xalqa, maarifə xidmət edən Məhəmməd
Rasizadə işdən
azad edilmişdi.
1937-ci ilə aid bir arxiv sənədində yazılır: "Rasizadə
Məhəmməd Abdulla oğlu.
Müəllimlik stajı 31 ildir.
Ruhani məktəbini bitirmişdir.
Azərbaycan dili və ədəbiyyat müəllimidir.
Qardaşı keçmiş şair
Hüseyn Cavidin xalq düşməni olduğu ifşa edilmişdir. İndiki zamanda
siyasi münasibəti
inandırıcı deyil,
etibarsızdır, hətta
xarici görünüşünə
görə də.
Saqqal saxlayır ("Nosit borodu"). Respublika yazıçılarının
yığıncağında öz qardaşını ifşa etməmişdir, əksinə qardaşını
"bəxtsiz Cavid"
adlandırır. Siyasi cəhətdən
savadsız adamdır.
Onu heç vəchlə pedaqoq kimi saxlamaq
olmaz".
Şeyxin
Respublika yazıçılarının
yığıncağında, canından çox sevdiyi qardaşı Hüseyn Cavidi ifşa
etmədiyi üçün
siyasi münasibəti
inandırıcı sayılmamış,
hətta xarici görünüşünə görə, saqqal saxlayan Şeyx Məhəmməd etibarsız
sayılmışdı. Siyasi cəhətdən
etibarsız sayılan
Şeyx Məhəmməd
qorxu və təlaşla ona zərər gətirəcək
yazılarını gecələr
gizlincə, göz yaşları içərisində
yandırmış, külünün
qalmasından ehtiyatlanıb
Bazar çayına axıtmışdı. Aydındır
ki,
"Rindanə xisləti
ilə hər şeyi duyan" Şeyxin əsl yazıları, məhz gecələr gizlincə yandırıb, külünün
belə qalmasından ehtiyat etdikləri idi. Məhv etmədikləri, qəzet səhifələrinə
çıxartdıqları ilə Şeyx Məhəmməd sadəcə
"kommunizm yezidlərinin
qarşısında rafizlik
etmişdi".
Ehtiyatlanan, tək Şeyx Məhəmməd deyildi. Onunla birlikdə
Naxçıvanın öyrənilməsində
misilsiz xidmətlər
göstərən Mirheydər
Mirheydərzadə də
özünü və
yazdıqlarının bir
qismini qorumaq məqsədi ilə aparıb şəhərin
kənarında, Naxçıvan
çayının sahilində
torpağa basdırmışdı.
M.Mirheydərzadənin nəslindən
olan Şəhla Əliyevanın "Nuh yurdu" qəzetində çap olunmuş (2001)
məqaləsində yazılır:
"O dövrdə dəfələrlə
evində axtarışlar
aparılmışdır. Özü isə
hər dəfə gizlənməyə məcbur
qalmışdır. Bir
dəfə isə çarəsiz qalıb mənzilindəki çox
nadir, qiymətli kitabları,
özünün əksər
əlyazmalarını bir
çuvala doldurub Naxçıvan çayının
sahilində torpağı
qazıb gizlətmişdir...
Sonralar isə onların
əksəriyyəti məhv
olmuş, bəzilərinin
tək-tük saralmış
vərəqləri qalmışdır..."
Seyxin siyasi durumu M.Mirheydərzadədən
fərqli idi. O, sovetləri
qətiyyətlə qəbul
etməyən, mütəfəkkir
Hüseyn Cavidin qardaşı idi. Şeyx etməsə də, bunu "mədəniyyət yaradan
insanlarımızın şəxsi
münasibətlərinin göstəricisi
olmuş yazılı
sənədlər"i məhv
etmiş "kommunizm yezidləri"edəcəkdi. Fikrimizcə,
tədqiqatçı A.Turanın
"kommunizm yezidləri"
ifadəsi hər şeyə açar ola biləcək
bir ifadədir.
Bu yaxınlarda tədqiqatımızla
əlaqədar olaraq Hüseyn Cavidin Naxçıvandakı ev muzeyində olduq. Burada Şeyx
Məhəmmədə aid qovluqda
əski əlifba ilə yazılmış
"Kiçik məktəbli
Türk qızı"
adlı bir şeirinin əlyazmasını aşkarladıq. Şeir, qardaşı Cavid əfəndinin "Qız
məktəbində" şeiri
qədər olmasa da, səmimi və gözəl duyğularla yazılıb:
Gözəl bir baharın axşam çağında
Oynuyor türk
qızı baxçalarında.
Sanki bülbül oxur gül budağında,
Oxuyur, oynuyor kiçik türk qızı.
Şu gözəl baxcada nə gözəl güllər,
Uçur
kələbəklər, oxur
bülbüllər,
Bunların cümləsi hüsnünü
dinlər,
Baxçada oynayan kiçik
türk qızı...
(Şeir ixtisarla
verilir və ilk dəfə çap olunur).
Şeiri çap etdirməsə də, nə hikmətsə, Şeyx Məhəmməd əlyazmasını
saxlayıb. Halbuki şeirdəki "Türk
qızı" sözü
Şeyxi töhmətləməyə,
işdən çıxarmağa, sovetlərə
düşmən elan etməyə yetərdi. Şeyxin ilk dəfə tərəfimizdən
aşkarlanan şeirlərindən
biri də 24 iyul 1924-cü ildə vəfat edən tələbəsi Cavad Şərifin ölümünə
yazdığı şeirdir.
Cavad Şərif Şeyxin Naxçıvan "Erkək
(zikur-yəni oğlanlar)
Müəllimlər Məktəbi"ndə
tələbəsi, Əziz
Şərifin kiçik
qardaşı idi.
Şeir, "R.M" imzası
ilə "Hörmətli
Əziz Şərifə
Cavad Şərif üçün"
qeydi ilə yazılıb.
Dördüncü ildönümü Naxçıvanda,
Xalq gülüb şadlıq edən zamanda,
Qohum-qardaş ağlaşırdı o anda,
Kəndisini öldürürdü anan
da.
Boyuna büküldü Cavadın
kəfən,
Unudulmaz oldu bu dərdi-mihən.
Heç
unutmam bundan sonra temmuzu,
Bu ayda o vida eylədi bizə.
Ağlar
qoydu anasını, əzizi
İşıq yolun şərafətli
yıldızı ( yulduzu).
Üful
etdi, yeni tilu edərkən
Dünya
bizə oldu bir beytül-həzən
(Şeir ilk dəfə çap olunur ).
Cavad,
1988-ci ildə ölərkən
nə Moskvada, nə də Fəxri xiyabanda deyil, doğulduğu Naxçıvanda, ailəsinin;
atası Qurbanəli Şərifzadənin, anası
Nazlı xanımın
və qardaşı Cavadın yanında torpağa tapşırılmasını
istəyən Əziz
Şərifin ölənə
qədər unutmadığı
qardaşıdır. Professor
Əziz Şərif illər sonra yaxın dostu Abbas Zamanova yazdığı məktubda
(1973, 24 dekabr) "üçlü"
məsələsinə toxunarkən
13 yaşında vəfat
etmiş qardaşı
Cavadın ölümünü
xatırlamışdır: "...Bir şeyə qənaət etdim. Üçlüyə. Qardaşım Cavad 13 yaşında,
atam Qurbanəli 63 yaşında, anam Nazlı 83 yaşında.
Qaldı
4-cü 3. Dördüncü üç. Görəsən bu kimə qismət olacaq." "4-cü 3" 93 yaşında Əziz
Şərifə qismət
oldu.
Şeirin ilk misralarında 26 iyul 1924-cü ildə Naxçıvanda Sovet hakimiyyətinin elan olunmasının 4 illiyinin bayram kimi qeyd edilməsi diqqət çəkir. Şeyx Məhəmməd bir gəncin vaxtsız ölümünə həsr olunan şeirdə belə bunu qeyd etməyi unutmur. Göründüyü kimi, ruhani təhsili almış, Şeyxlik rütbəsinə yüksəlmiş, gözəl müəllimliyi ilə yanaşı, həm də istedadı olan Şeyx Məhəmməd, yollar ayrıcında buraxılmış və sonda "adamcıl div ideologiyanın" qurbanı olmuşdu (R.Hüseynov).
Əslində, Şeyx Məhəmməd şeirlərində bütöv bir quruluşun, sistemin, A.İ.Soljenitsinin "20-ci əsrin qorxunc yumoru" adlandırdığı sosializmin parlaq mənzərəsini yaratmışdı.
Maarif xadimi, elm və
din yolçusu Məhəmməd
Rasizadədən bəhs edərkən hər an
təfəkkürümdə, beynimdə
yaşatdığım əzəmətini, böyüklüyünü
hiss etmək və hiss
etdirmək üçün ondan daha çox
"Şeyx" olaraq
bəhs etdik. Şeyx
Məhəmmədi "əlahəzrət tarixin əsəridir!" və tariximizdə əbədi
və böyük sirr olaraq qalacaq" (A.Turan). Əbu Turxan deyir ki, "Dünya bizdən öncə
yazılmışdır. Amma bəzən
o bizə ağ vərəq
kimi görünür
və başlayırıq onu yenidən yazmağa; neçə gözəlliklər
bizim cızma-qaranın altında
qalır! Şeyx Məhəmməd Rasizadənin
də neçə gözəl əsərləri (rejimin qorxusu ilə
yandırıb məhv etdikləri)
rejimin qorxusu və
özünü sığortalamaq məqsədi
ilə yazdığı cızma-qaranın altında
qalır!
Lütviyyə ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun baş elmi
işçisi
525-ci qəzet.- 2023.- 9 fevral.- S.10.