Mircavadın möcüzələrlə dolu yaradıcılıq dünyası  

 

 

Azərbaycan dünya təsviri sənətində özünəməxsus yer tutan Mircavad Mirhaşım oğlu Mircavadov (19.01.1923-24.06.1992) Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində fasilələrlə rəssamlıq təhsili alıb (1941-1949). M.Mircavadov Sankt-Peterburq şəhərində yaşayıb, Ermitaj muzeyində fəhlə işləyib (1949-1954). 1954-cü ildə Sankt-Peterburqdan Bakıya qayıdaraq 10 il təsviri sənət üçün ənənəvi olmayan materiallardan - metal, daş, qum, bitum, qatran sementdən istifadə edərək yaradıcılıq eksperimentləri apararaq sənət nümunələri yaradıb. O, 1975-ci ildə Rəssamlar İttifaqına üzv qəbul edilib. 1987-ci ildə rəssamın Bakı Moskva şəhərlərində, 1991-ci ildə isə Kopenhagen şəhərində  fərdi sərgiləri keçirilib. 1988-ci ildə M.Mircavadov Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Rəssamın ölümümndən sonra bir çox xarici ölkələrdə fərdi sərgiləri təşkil olunub. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskva Şərq Xalqları Muzeyi həmçinin, bir çox şəxsi qalereya kolleksiyalarda saxlanılır.

Mircavad Sovetlər dövründə, doğma Azərbaycanda dünyaya göz açmışdı. Rəssamlıq dünyasına marağı onu o zaman Bakıda məşhur olan Əzim Əzimzadə adına rəssamlıq məktəbinə gətirib çıxarmışdı. Məktəbi bitirdikdən sonra rəssamlığa sevgisi daha da artır, bu həvəs onu, o zaman sovetlər məkanının mədəniyyət paytaxtı hesab olunan Sankt-Peterburq şəhərinə aparır. Orada ali təhsil almaq istəyindən çox, Mircavadı məşhur Ermitaj muzeyində saxlanılan, amma nümayiş olunmayan Avropa rəssamlarının əsərlərini yaxından görmək, onların surətlərini çıxarmaq maraqlandırırdı. Bu sonsuz istəyin ardınca düşən rəssam, muzeyin direktorunu yola gətirərək, muzeydə saxlanılan məşhur Avropa rəssamlarının əsərlərini görmək müşahidə etmək xoşbəxtliyiinə nail olmuşdu. Rəssamın yaradıcılığında olan təzadlılıq rəssamın həyatından yaradıcılığına yansımışdı. Qapalı sovetlər məkanında, totalitar rejimdə yaşayan rəssam, dövrünə qarşı barışmaz, üsyankar olmuş, azad düşüncə yaradıcılıq eşqilə alışıb-yanmışdı.

Beləliklə uzaq, soyuq slavyan şəhərində təhsil illərini başa vurub doğma vətəni, günəşin doğulduğu Abşerona qayıdan rəssam, burada bir guşəyə çəkilib, Xəzərin dalğalarını, dənizin qumlu sahillərini, mavi dəniz ləpələrini, qızmar günəş şüalarını, qədim Abşeron memarlığını - şərq dünyasını, onun ecazkar özəlliklərini, gizlin qatlarını görüb-duyaraq, mütəmadi müşahidələr edə-edə, yaradıcı rəssam təxəyyülündən keçirə-keçirə, yaradıcılıq süzgəcindən süzə-süzə kətana köçürmüş, Şərq sirrini, Şərq ekzotikasını, Şərq dünyasını davamlı kətan üzərində cilalaya-cilalaya, öz mövzularını, öz surətlərini, öz mənfi müsbət obrazlarını yaratmağa başlamışdı. Bu qəhrəmanlar qorxulu, amansız, qəddar divlər, şeytanlar, əcinələr və cəlbedici, xeyirxah, sülhpərvər mələklər idi. Mircavad əsərlərində - kətan üzərində Avestadan gələn dualizmi - iki başlanğıcın, xeyirlə şərin mübarizəsini, əbədi döyüşünü, çarpışma səhnələrini təsvir edirdi. Əsərlərinin kompozisiyasını, süjetini, personajlarını minilliklərlə yol gələn ənənəvi mövzular üzərində qururdu. Rəssam istəyirdi ki, xeyir şər üzərində qələbə çalsın, müsbət qəhrəmanları mənfi qəhrəmanlarına qalib gəlsin, amma rəssam bunun kuliminasiya xəttində yekun kimi baş verəcəyinə inanırdı. Bunun lap sonda olacağını, sonluğun bu cür bitəcəyini bilirdi. Lakin o, kuliminasiya nöqtəsini kətanda yaratmağı düşünmürdü, bilərəkdən, ya nədənsə bu süjet xəttini kətanda əks etdirmirdi. Rəssam dramatik səhnələri, mübarizə anlarını, qızğın döyüş proseslərini təsvir edirdi, daha çox gərgin məqamları və anları canlandırırdı. Bununla da rəssam öz əlvan nağıllarını yaratmağa, yazmağa nail olurdu.

Onun yaradıcılığı rəmzlər, işarələrlə doludur. Mircavad kontrast, təzadlar dünyasını yaradıb - kompozisiya, süjet, obrazlar, kolorit - kətanda nə varsa - təzadlar üzərində qurulub. Rəssam kompozisiya quruluşunda, obrazsüjet biçimində monolitliyi, tamlığı, bütövlüyü ustalıqla saxlaya bilib. Mircavadın əsərləri özünün mürəkkəb kompozisyasüjet quruluşuna baxmayaraq, vahiddir, bütöv baxılır və daxili vəhdətdədir.

Mircavad nağıllarının, təsviri mifologiyasının mayasını və qayəsini şəksiz və şübhəsiz rəssamın mənsub olduğu, ona genlərlə ötürülən, minilliklərdən süzülüb gələn, eldən-elə, dildən-dilə keçən türk mifologiyası - Şamanizm, şifahi Azərbaycan ədəbiyyatı - mif, dastan, nağıl, Azərbaycanın qədim el sənəti - qayaüstü incəsənət, dulusçuluq, metal sənəti, daş oyma sənəti, miniatür sənəti, xalçaçılıq təşkil edir. Xalça sənətimizdə mövcud olan nağılvari naxışların əlvan rəng həlli rəssamın yaradıcılığında dramatik süjet xəttinin təzadlı lokal rəng həlli formasında "təkrar" olunub. Mircavadın nəhəng surətləri - adamat fiqurları orta əsr Azərbaycan sənətkarlarının yonduqları daş heykəlləri andırır. Mircavadın yaradıcılığında türk mifologiyası (canavarŞaman təsviri), miniatür sənəti (surətlərin çöhrələri), orta əsr Şərq memarlığı elementlərinin təzahürünü asanlıqla müşahidə etmək olar.

64 yaşında rəssamın Bakıda ilk fərdi sərgisi keçirildi (ardınca da Moskvada). Bu hadisə o illərə təsadüf edir ki, totalitar sovetlər ölkəsində aşkarlıq siyasətinə keçid baş verir, demokratiyaya meyl yaranır. Məncə, bu məsələdə öncə  tarixi şəraiti nəzərə almaq daha doğru olar ki, rəssamın yaradıcılığına düşən işığın əsl mənbəyini duymuş olaq. Bu fikrimlə heç də məşhur qırğız yazıçısı Çingiz Aytmatovun Mircavadın yaradıcılığının işıq üzünə çıxmasında əməyini azaltmaq istəmirəm. Bu yerdə başqa bir istedadlı avanqardçı rəssamımız Əşrəf Muradoğlunun (1925-1979) da eyni yaradıcılıq aqibəti yaşamasını vurğulamaq yerinə düşür. Və bu da elə eyni dövrə təsadüf edir. O zaman məşhur Azərbaycan diplomatı Ramiz Abutalıbovun təkidi ilə rəssamın ölümündən 5 il sonra ilk fərdi sərgisi təşkil olunmuşdu (1984). Deməli, tarixi şərait, tarixdə şəxsiyyətin rolu amili də nəzərdən qaçırılmamalıdır.

Mircavad haqqında kiçik araşdırma apardıqda təsviri sənət haqqında yazılmış kitabları, mətbuatı - jurnal və qəzetləri gözdən keçirdikdə rəssamın yaradıcılığı haqqında 90-cı illərə qədər normal əhatəli yazıya rast gəlmək olmur: qəribə və ağrılı məqamdır. Əslində onun əsərləri hər kəsi düşündürməli idi. Çünki Mircavad düşünən və düşündürməyi bacaran rəssam olub. Rəssamın yaradıcılığı sirli Şərqdir, onun ayrılmaz bir parçası olan doğma vətənimiz Azərbaycandır, xalqımızın rəngarəng mənəvi dünyasıdır. Burada Şərq müdrikliyi, zəngin Şərq aləmi, ilahi şərq hikməti ilə yanaşı, alleqoriya, məzhəkə, hedonizmvar və ən əsası isə Mircavadın yaradıcılığında insan var, insanlıq var, ümumən bəşəriyyət var. Necə ki, rəssam özü haqqında deyirdi: "Mən Azərbaycanda doğulmuşam, lakin yaradıcılığımla Qolfstrimlə Sakit okeandan, Eskimoslar torpağı ilə Afrika kontinentindən gələn küləklərin qovuşduğu yerə ucalmışam". Sözün əsl mənasında novator, istedadlı və yenilikçi rəssam olan Mircavad yer kürəsinin bir sakini, türk dünyasının şamanı, dərvişi idi. Ruhu şad olsun!

 

Əsəd QULİYEV

Sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü

525-ci qəzet.- 2023- 10 fevral.- S.15.