Güney Azərbaycanda ədəbi tənqid: çağdaş mənzərəyə bir baxış  

 

 

(Əvvəli ötən sayımızda)

 

"Nədənlərini bilmək çətin olsa da, yazıçının (Nasir Mrqatinin - E.F.) "Talanmış Günəş" kitabını görməzliyə vurması anlaşılmır. "Talanmış Günəş" kitabındakı şeirlər Taha bəyin xırdaladığı bütün detaliyələri öz içində yığmış bir şeir toplusudur. Başqa sözlə, Nasir Merqatinin şeirlərini oxuduqda, onun mifik anlayışlarla yaxından tanışlığını görürük. Avropa şerinin çağdaş dəyərlərini, eləcə də öz şerində işlətdiyi materiallara dayanaraq T.S.Eliotla bir neçə önəmli batı şairləri ilə yaxından maraqlandığı, tanış olduğu göz önündədir. "Talanmış Günəş"i oxuyan oxucu, şairin yunan mitolojisinə, batı şeirinə dərin tanışlığını görür, bu kitab çağdaş dünya şerinin estetik dəyərlərinə uyğun şeir örnəkləri verir", - deyən Hadi bəy, Nasir Merqati haqqında, ən azından "Talanmış Günəş"in müəllifi olan bir şair barədə Eyvaz Tahanın sıraladığı "dünən gəlmişlərin, dili bilməyənlərin, dünya ədəbiyyatını oxumamışların" kateqoriyasına aid oluna bilməz! - hökmünü verir. Eyvaz Tahanın şair və yazıçılarla bağlı bir sıra fikirlərini onların tökdüyü alın tərini, çəkdikləri yaradıcılıq əzablarını aşağılamaq olduğunu düşünən H.Qaraçay bunu "fəlsəfə bacasından şeir dünyasına girməyin sonucu" sayır və kitabda güneyli şairlərin yaradıcılığına yalnız fars şeirində S.Süpehri ilə Ə.Şamlunu və Qərbin bir sıra şairlərinin qiyaslandığı bölümdə toxunulması ilə də razılaşmır, tənqidçinin əsas missiyasının "batı şeirində ədəbi axımların ensiklopedik açıqlaması"nı verməkdən ibarət olduğu qənaətinə gəlir: "Bu kitab Güney Azərbaycanın çağdaş şerini görməzdən gəlir. Yalnız bir yerdə Oxtayın adı çəkilir. Başqa sözlə, bu kitabda Oxtayı şair olaraq gördüyünə inanırsaq, 1345 (1966)-dən bu yana hansıysa bir adı çəkiləcək, şeiri bəyəniləcək bir şair görmür. Şəhriyarın da romantizminə toxunurkən, Şəhriyar şeirinin özəllikləri ilə yazıçının inandığı estetik dəyərlərin arasındakı dəyişikliklərin olduğunu görürük. Başqa sözlə, Şəhriyardan söz açılırsa da, bu, Şəhriyarın qaçılmazlığındandır. Yoxsa Taha bəy bugünkü ədəbi gəncliyə Şəhriyarın yaraşıqlı bir sırıq olmadığını yaxşı bilir".

H.Qaraçay Taha bəyin "Ancaq qorxulu olan, gec gəlmiş adamın, şeir karvanının lap ön sırasında durmaq istəyidir," - fikrinə isə daha sərt təpki göstərərək yazır: "Yazıçının dilə qarşı necə gəldi yanaşması, fars dilinin qrammatikasında tümcə (cümlə) quruluşu, yerli-yersiz fars sözcüklərinin ("tümcə" kəlməsi əhatələdiyi məna baxımından "cümlə" sözünə uğurlu alternativ sayıla bilər, amma sözcük deyil, söz deyilməlidir - E.F.) işlədilməsi, özünün dediyi dilə qarşı sorumlu davranma ilə daban-dabana qarşı durur. Qoyun birinci dilə qarşı necə gəldi yanaşmanın, eləcə də sorumlu davranmamanın örnəklərini gətirim: Birinci tümcə (cümlə)də "fəlsəfi baxımdan" fəlsəfə baxımından yazılarsa, fars dilinin mənsubiyət göstəricisi olan "i" əkinin (Hadinin şəkilçi sözünə qarşılıq olaraq "ək" deməsi də maraqlıdı - E.F.) işlədilməsinə yer qalmaz. Başqa sözlə, fars dilinə alışqanlıqdan, eləcə də türk dilinin quruluşuna eyrəti yanaşmaqdan yaranmış bu söz birləşməsində olan "i" əki bütünlükdə yersizdir. Bizim dilimizdə "fəlsəfə baxımından" deyilməlidir, yazıçının işlətdiyi "fəlsəfi baxımdan" isə fars dilindəki ("əz nəzəre fəlsəf"i") söz birləşməsinin çevirisi (tərcüməsi)dir. İkinci tümcədə "ki" bağlayıcısının işlədilməsi bizi yenə də fars dilinin tümcə quruluşu ilə qarşılaşdırır. İndi burada "ki" yerinə farsların öz fonetikasındakı "ke"yi qoyub oxusaq, dediyimi qolaycasına görərik. Öylə isə, bu tümcə necə yazılmalıydı sorarsanız, yanıtı (cavabı) belədir: Kitab boyu bu yanlışların sürdüyünü yer yer, çox sayıda görürük. Sayın Taha bir neçə termin qondardığını da söyləyir, böylə isə Taha bəy termin qondara bilər, dilimizi istədiyi kimi yaza bilərsə, onda hansıysa bir şairin, dili dəyişmək, dili təmizləmək istəməsi nədən qınanır? Genəl olaraq dili təmizləməyə, dəyişməyə yol açan hansıysa bir ölçü bir meyar varmı? Varsa bu ölçülər, hansılardır, bu ölçüləri kim, kimlər, hansı haqla yaradıblar? Bu sorğulara cavabımız yoxdur, sayın Tahanın dil üstündə istədiyi kimi işləmək haqqı, hansıysa dün gəlmiş bir şairin haqqı ilə təndir. Unutmayın, söz yalnız dil üstə işləyən kişilərin "haqq"ından gedir. Gərəkli ölçüləri açıqlamaq, başarılı bir dil qurumu oluşdurmaq dilimizin qayğısını çəkənlərimizin hamısının istəyidir. Ancaq belə bir qurumun oluşub işlədiyi bir durumda belə, yenə də kiməsə "sən hələ dünən gəlmisən, dilimizdə dəyişiklik yaradammazsan!" deməyə haqqımız çatmaz..."

Bu anda diqqətli oxucu sayğıdəyər aydınımız Hüseyn Süleymanoğlunun professional tənqidin və tənqidçilərin yaranmasının gərəkliliyindən bəhs edərkən söylədiyi: "Bu gün hər zamankından daha çox şeirimizin tənqidə və tənqidçiyə ehtiyacı vardır. Bir fransız tənqidçisi: "Pis bir tənqid belə, yolgöstərici ola bilər" deyir. Bizdə isə nə yazıq ki, pis bir tənqidçi belə, yoxdur" - fikrində haqlı olduğunu düşünməyə bilmir.

Əslində tənqidçi-filosof Eyvaz Tahanın hər kəsə şamil etmədiyi "Ancaq qorxulu olan gec gəlmiş (ədəbiyyata - E.F.) adamın şeir karvanının lap ön sırasında durmaq istəyidir", -fikrini bugünkü yazarlar nəslinin bir çox təmsilçisinin davranışına və ortaya qoyduğu məhsula görə çalınan həyəcan təbili kimi dəyərləndirə bilərik.

Yeri gəlmişkən, şair və tənqidçi kimi son dərəcə maraqlı ədəbi-bədii irs yaradan Əziz Səlaminin Nasir Merqatinin "Talanmış günəş" və "Yad torpağım" kimi modern poemalarının da yer aldığı kitabı haqqında qələmə aldığı "Talanmış günəşdən başlanan addımlar" adlı ədəbi təhlil yazısındakı bəzi məqamları könül açıqlığı ilə xatırlatmaq istəyirəm... Məqalədə oxucunun gözləri qarşısında təkcə N.Merqatinin yaradıcılıq yolu, üslubu deyil, Güneydə baş verən çağdaş ədəbi prosesin konturları da açılır. Ə.Səlami qeyd edir ki, mifoloji obrazlardan bol-bol bəhrələnən N.Merqati Avropa yazarlarının yaradıcılığına da böyük maraq göstərir. Onun "Talanmış günəş" və "Yad torpağım" əsərlərində tanınmış ingilis şairləri Lord Alfred Tenison və Tomas Storns Eliotdan daha çox etkiləndiyi görünür. Hətta Ə.Səlami şairin bəzən ekspressionist yönlü yaradıcılığı ilə daha çox sevilən Eliotdan N.Merqatinin yersiz təsirlənməsini də nəzərdən qaçırmır və bu özəndə yazır: "Günün tozlu və kirli saçaqları altında, Qıvrılan yolda Kölgəsiz ağaclar" sözlərilə başlanan şeir, ortaya çıxacaq lövhəni apaydın gözlərimizin önündə açmağa başlayır. Sonra "kölgəsiz ağaclar" sözlərinin Eliotdan alınmasını və ya etkilənməsini şairin açıqlamasından öyrənincə düşünürük ki, bu sözləri şair özü deyə bilirsə, Eliotdan yardım almağın nə anlamı ola bilər və habelə "Yad torpağım" şeirinin 3-cü bölməsindən aşağıdakı sözlər kimi:

 

Ərkin duvarları tökülür.

Tökülüüür... Tökülüüür..."

 

Əziz Səlami çox ustalıqla şairin iki yazıçıdan A.Tenisondan və yenə də T.S.Eliotdan etkiləndiyinə diqqət çəkir. Ürək yanğısı ilə qeyd edir ki, "az qala kor olanımız da milli varlığımızın kərpic bayrağı olan Ərkin sökülməsini görərkən bu sadə sözləri söyləmək üçün bir deyil, iki yazıçıdan etkilənməyə və onların adını kitaba yükləməyə gərəkmi var?" İlk olaraq Nasir Merqatinin ana dilindən necə yararlanması ilə maraqlanan və onun pafoslu bir dillə yazdığını təqdir edən Əziz Səlaminin "Talanmış günəş" poeması ilə ilgili tənqidi qeydləri gerçəkdən düşündürücüdür və onun obyektiv, ciddi qeydləri ilə razılaşmamaq əldə deyil: "Şeirsəllik baxımından "Talanmış günəş"ə yeni deyil, əski bir ruh hakimdir. Bütün obrazlar hər zaman eşitdiklərimiz və köhnə dostlarımızdırlar! N.Merqati bu kitabında dünya ədəbiyyatından nə oxuyub-oxumadığına baxmayaraq, Azərbaycan şeir havasından eşiyə çıxa bilməmişdir. Çağdaş Türk şeirinə bir cığır belə açılmamışdır bu kitabdan. Şairimizin oxuduğu qaynaqların bəlkə də hamısı belə fars dilində olsa da, modern fars şeirinin əldə etdiyi poetik başarılar bu kitaba bir pəncərə belə aça bilməmişdir. Şairimizin xəyal gücünün qanadları yeni göylərdə uçmaq üçün hələ gələcək zamanları gözləməkdədir..." Tənqidçi N.Merqatinin bəzən sözləri danışıq dilində olduğu kimi şeirə gətirib işlətməsini (məs: başmağ, qaranlıx, çaylax, toranlıx, ayax, tezlıqla, qazaş, arzılır və s.) dilə xoşagəlməz rəng qatan, onun ciddiliyini zədələyən hal kimi dəyərləndirir, pafoslu bir anlatma tərzini istər-istəməz çökdürdüyünü düşünür. Və bu halın nədənini acı qədərində, "bir gün belə öz dilində məktəbə getmək haqqı olmayan bir xalqın balaları olmasında!!!" görür. O, məqalədə maraqlı, əli qələmli soydaşları üçün çox gərəkli bir təklif də irəli sürür: "Nə yazıq ki, bizim Güneydən olan yurddaşlarımız, başlarını qaldırıb, fars dilindən bir addım o yanda, bizim qardaş dilimiz olan Türkiyə türkcəsini görüb də bütün dünya ədəbiyyatının orada necə səsləndiyini öyrənmirlər..."

Nəzərdən qaçmır ki, Ə.Səlaminin eleştiri yazılarında obyektivlik başlıca özəllikdir. Şeiri, poeziyanı dərindən duyan Əziz bəy, özü də şair olduğundan və Qərb, eləcə də Şərq ədəbiyyatını yetərincə bildiyindən, qələmdaşlarının yazdığı şeirləri rahatlıqla Avropa yazarlarının şeirləri ilə qiyaslaya bilir. Türk dünyasının dev şairi Nazim Hikmətlə qarşılaşdırır. "Qaraçay genəlliklə, şəkilə deyil, sözə arxalanan şairdir. Bu kimi şairlər şeirə bütöv və ya bir neçə şəkillə deyil, düşüncələrində olan sözlərlə yola çıxırlar", - qənaəti ilə çağımızın sevilən şairi Hadi Qaraçayın şeirlərini onun "Badamlıqlar" kitabı haqqında yazdığı "Alma ağacının narları. Hadi Qaraçay - Yeni dənizlərə doğru" məqaləsində təhlil süzgəcindən keçirir. Fikirlərini faktlara söykənərək söyləyən Ə.Səlami Hadinin "bir çox şeirlərində Nazım Hikmətin şeir havasını gur şəkildə, açıqca duymaq olur. Amma onun "Badamlıqlar" kitabında, Nazım Hikmətin "salxım söyüd" kimi şeirləriylə yanaşı gedə biləcək şeirlərin yeri boşdur", - deyir.

 

(Ardı var)

Esmira FUAD

525-ci qəzet.- 2023- 10 fevral.- S.14.