Qəhrəmanlıq, şəhidlik və unudulmazlıq  

 

Şəhid Fəxrəddin Qurbanlının şərəfli ömür yolu nəsillərə nümunə oldu

 

 

1994-cü ilin 13 yanvarında Bakının Binəqədi rayonunda Seyfəddin Qurbanlının ailəsində dünyaya bir oğlan uşağı göz açdı. Bacısından sonra ailənin ikinci övladı kimi doğulan o oğlan anasının, atasının sevinci, ailənin əzizi idi. Hələ o gündən ailəsi nəsə hiss edibmiş kimi adını Fəxrəddin qoymuşdular, bütün ailənin, nəslin, məmləkətin fəxri olması diləyi ilə.

Təəssüf ki, elə dünyaya göz açdığı ilk gündən yoxluğun olduğunu dadmışdı o körpə. O doğulanda anası gözündəki narahatlığa görə Moskvaya müalicə getməli olur. Fəxrəddinə dayısının həyat yoldaşı süd verir. Anasının gözündəki xəstəlik sonralar da bütün ömrü boyunca Fəxrəddinin əsas narahatlıq səbəbi idi. O, tez zamanda böyüyüb anasını müalicə etdirməyin xəyallarıyla yaşayırdı. Çox sakit, tərbiyəli, mehriban xasiyyətiylə hər kəsin sevimlisi idi Fəxrəddin.

Orta təhsilini Qorxmaz Baxşıyev adına 179 nömrəli orta məktəbdə alıb. 2011-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Universitetinin Sosial İş ixtisasına qəbul olub. Təhsil müddətində əlaçı nümunəvi tələbə olan Fəxrəddin "Hüquq dünyası" Hüquqi Təbliğat İctimai Birliyi, "SOS" Uşaq Kəndləri, UAFA (United Aid For Azerbaijan-Azərbaycana Birgə Yardım) kimi təşkilat layihələrdə könüllü çalışıb.

2015-ci ildə Sosial fakültəsindən üçüncülüklə məzun olan Fəxrəddin həmin ilin iyul ayında hərbi xidmətə yollanıb.

Onun haqqında bu günlərdə çap olunan "Xeyirxah insan" adlı kitabda (müəlliflər: G.Əmiyeva, S.Hüseynəliyeva) valideynlərinin xatirələrini oxuyarkən bu gənc, vətənpərvər oğlanla fəxr etməmək mümkün deyil. Onların sözünə görə, hərbi xidmətə gedib Vətənə olan borcunu ödəmək Fəxrəddinin ən böyük arzusu imiş. Hətta o, ali məktəbə daxil olandan sonra təhsili dondurub əsgərliyə getmək istəyirmiş, amma ailəsi birtəhər təhsilini başa vurmağa razı sala bilirlər. Bakalavr təhsilini bitirdikdən sonra isə heç bir qüvvə onu yolundan saxlaya bilmir. Həmin hadisə Fəxrəddinin anası Həzimə xanımın yaddaşına belə həkk olunub:

"Ana ürəyi övlad sarıdan həmişə narahatçılıq keçirir. Fəxrəddin sonuncu kursda oxuyarkən canımı dərd almışdı. Əsgərlik məsələsi kürəyimdə ağır yük olub məni yaman əzirdi. Düşünəndə ki, Qarabağ problemi həll edilib qurtarmayıb, dəli olurdum. isə ürəyim bərk narahat idi.

Bir gün ona dedim ki, bəlkə səni əsgərlikdən saxlatdıraq? Mənim bu cür düşündüyümü o gözləmirdi. həmin günə kimi o, mənimlə danışanda heç vaxt səsinin tonunu yüksəltməmişdi: - Ana, sən danışırsan? - dedi başladı 1905-ci ildən üzü bu tərəfə erməni qaniçənlərinin bizə qarşı etdiklərini sadalamağa.

Düzünü deyirəm, mən həmin günə kimi Fəxrəddinimi yaxşı tanımayıbmışam. - Biz Qarabağ problemini gələcək nəsillərə saxlaya bilmərik. Sən oğlunu gizlət, başqası gizlətsin, o zaman ermənilərin istəyi həyata keçsin? Xeyr, biz torpaqlarımızın itirilməsi ilə barışa bilmərik. Əgər siz bu haqda kiminləsə danışsanız, ərizə yazıb könüllü şəkildə Murova gedəcəyəm! - dedi.

Onun fikrinin qəti olduğunu gördüm yumşaq tərzdə, məsləhət edirmiş kimi, "bəlkə magistraturanı oxuyub sonra gedəsən? - dedim məlul-məlul onun gözünün içinə baxdım. Yenə yox dedi: "İlk əvvəl vətənə olan borcumu yerinə yetirim, sonra təhsilimi davam etdirərəm".

Beləcə, Vətənin çağırışıyla ən ali borcunu yerinə yetirməyə getdi Fəxrəddin. N saylı hərbi hissənin N-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağımının motoatıcı manqasının tuşlayıcısı kimi xidmətə başlamışdı.

Aylar sonra - 2016-cı ilin yanvar ayında ad gününü ailəsiylə birgə keçirmək üçün məzuniyyətə gəlir. Bu 10 günlük məzuniyyət onların Fəxrəddinlə son görüşü olur. Sanki özü bunu hiss edibmiş kimi yanvarın 19-da yola düşərkən anasına "ürəyim, gedib gəlməmək, gəlib görməmək var" deyir. gedir...

2016-cı ilin aprel ayının ilk günü son dəfə ailəsiylə danışır Fəxrəddin. Onlara heç hiss etdirmək istəməsə , anası səsindəki təlaşı duyur baş verdiyini soruşur. O isə, növbəyə tələsdiyini deyib, sağollaşır. Sən demə, döyüşə gedirmiş...

Həmin gecə cəbhədə baş verən döyüşlər tariximizə "Aprel döyüşləri" kimi daxil oldu. Cəmi dörd gün davam edən bu döyüşlərdə ordumuz illərdir qaysaqlamış yaramızın qaysağını qopardır, xalqımızın qəlbinə ümid toxumları səpir. Bu döyüşlərlə illər sonra ilk torpaqlarımız - Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı kəndi azad edildi. Döyüşlərin qaynar nöqtəsi Fəxrəddinin xidmət etdiyi Seysulan Qapanlı kəndləri idi. Bu, böyük qələbəyə gedən yolun başlanğıcı idi. Bu başlanğıcı Fəxrəddin Qurbanlı onun döyüş yoldaşları yazdılar.

Həmin döyüşlərdə 22 yaşlı gənc Fəxrəddin Qurbanlı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi.

"Balamdan hələ bir xəbər yox idi. Amma içimdə izah etməyə çətinlik çəkdiyim bir hiss vardı. sonra... onu gətirdilər. Qoymadılar balama baxım, onu elə vəziyyətdə görmədiyim üçün bu gün gözüm yoldadır. Elə bilirəm, gələcək".

Atası Seyfəddin Qurbanov sonuncu dəfə aprelin 1-də, axşam saatlarında Fəxrəddinlə danışır. Ayın 2-də vəziyyətin gərginləşdiyini eşidib narahat olur, oğlunun komandirinə zəng vurur, amma zəngləri cavabsız qalır. Aprelin 6-na qədər güclə səbr edən ata, ayın 6-da oğlunun xidmət etdiyi hərbi hissəyə gedir, amma heç kimi tapa bilmir. Aprelin 7-si axşam ona oğlunun itkin düşdüyü xəbəri verilir: "Sonradan bildim ki, Seysulan istiqamətində gedən döyüşlərdə oğlum neytral zonada qalıb. Bir gün sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə şəhidlərimizin cəsədləri təhvil verildi".

Fəxrəddinin mübarək nəşini əmisi dayısı Bərdədən götürürlər. Alnından güllə yarası alaraq ucalmışdı şəhadətin göylərinə. Günlərlə Fəxrəddindən xəbər ala bilməməyin dərdini çəkən dayısı həmin gün - aprelin 8-də qəfil ürəktutmasından rəhmətə gedir.

Aprelin 9-da Fəxrəddini dayısı ilə birlikdə dəfn edirlər. Bu, həmin ailənin, həmin nəslin son itkisi deyildi. "Aprel döyüşləri"ndə Fəxrəddinlə bərabər, qohumu Mahir Mirzəyev şəhid olmuşdu.

Fəxrəddin Qurbanlı doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınır. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılmışdı. Dəfn mərasiminin sonunda yaylım atəşi açılaraq əsgər Qurbanlı uğrunda şəhid olduğu torpağa tapşırılır.

Fəxrəddin Qurbanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

2016-cı ildə "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən "Şəhid Sosial işçi Fəxrəddin Qurbanlı" mükafatı təsis olunub. Mükafat hər il aprelın 9-da Sosial sahəsində uğurlu fəaliyyət göstərən insanlara verilir. 2018-ci ildə məzunu olduğu Azərbaycan Universitetində Fəxrəddin Qurbanlı təqaüdü təsis edilib və yaşadığı küçəyə onun adı verilib. Həmçinin, 179, 298, 182, 205 və 283 saylı tam orta məktəblərdə Fəxrəddin Qurbanlının adını daşıyan sinif var.

Fəxrəddin bu xalqın vətən uğrunda verdiyi minlərlə qəhrəman şəhidindən biridir. Hələ ömrünün ta başında, gənc yaşında qəlbindəki vətən sevgisiylə şəhidlik zirvəsinə ucalan igidimiz bilmirdi ki, onların bu addımı özüylə bərabər, şanlı qələbəmizi gətirdi. Hər kəsin Vətən müharibəsindəki böyük zəfərimizin başlanğıcı hesab etdiyi "Aprel döyüşləri" tariximizə Qarabağa gedən yolun qapısı kimi düşdü. Fəxrəddin Qurbanlı kimi bu qapını açanlara Allah rəhmət rəhmət eləsin! Unutmuruq! Unutdurmuruq!

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023- 10 fevral.- S.13.