İti gözlər, açar sözlər, dərin izlər  

 

RÜSTƏM KAMALI OXUYARKƏN

 

 

Vaqifin poetik "gözü"

XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Azərbaycan poeziyasının ideya-sənətkarlıq və janr-üslub cəhətdən yeni keyfiyyətlər qazanmasında müstəsna xidmətləri olan Molla Pənah Vaqifin mühiti, həyatı, yaradıcılığı haqqında Salman Mümtaz, Firidun bəy Köçərli, Həmid Araslı, Səməd Vurğun, Mirzə İbrahimov, Araz Dadaşzadə, İsa Həbibbəyli, Nizami Cəfərov... kimi ədəbiyyat xiridarları yüksək, sanballı fikirlər irəli sürmüş, bənzərsiz şairin ədəbiyyat tariximizdəki yerini, rolunu layiqincə dəyərləndirmişlər. Bütün bunlardan sonra, belə təəssürat yaranır ki, lirikası ilə poeziyada dönüş edən, ədəbi məktəb yaradan ölməz sənətkarın həyatı və poeziyası haqqında yeni söz, orijinal, fərqli fikir söyləmək, ədəbiyyatşünaslığımızın nəzəri-estetik bazasını zənginləşdirmək çətin, əlçatmaz və məsuliyyətli bir işdir. Amma "mütəfəkkir ədəbiyyatşünas, mükəmməl - Avropa təhsilli, xəyalatındakı çoxsaylı kodlarla Qərb təfəkkürünü Şərq mətnlərinə daşıyan" (Nizami Cəfərov) və "alternativ Azərbaycan ədəbiyyatı tarixini yaratmaqla məşğul olan" (Tehran Əlişan-oğlu) özünəməxsus təfəkkür tərzi, dərin zəka, dəmir məntiq, zəngin dünyagörüşü, qibtəediləcək müşahidə və müqayisə etmək məharəti, fərdi üslub, orijinal yazı manerası və nəhayət, sözə, cümləyə, mətnə, müəllifə həssas, qətiyyətli münasibətə malik Rüstəm Kamal bunu bacardı.

M.P.Vaqif irsinə yeni gözlə baxan, fərqli yanaşan Rüstəm Kamal şairin poeziyasına həm "iç"dən, həm də "zahirən" baxır, onları "görür" və "vizual təfəkkürün bədii ifadəsi" kimi dəyərləndirir ("Molla Pənah Vaqif: Gözün tarixi"). Rüstəm Kamalın orijinal baxışı Vaqif poeziyasının "qadın anatomiyasının, antropologiyasının", həm də yalnız onların yox, "qadın geyimlərinin və zinət-bəzək əşyalarının" bütün gözəlliklərini üzə çıxarır", qadın obrazını "görümlü", "qadını daha cəlbedici və yaraşıqlı" edir.

Təbii ki, "optik təsvir üsuluna malik" Vaqif poeziyasının başdan-başa "ağbədən, nazik əllər"dən, "büllur bilək"dən, "qızıl düymə"li, "güləbətin qolbağı"ndan ibarət deyil və "Mən cahan mülkündə mütləq, doğru halət görmədim" - deyə fəryad qoparan şairin şeirləri, Rüstəm Kamalın təbirincə desək, "dövlətlərarası münasibətlərdən tutmuş, döyüş, ov, evlənmə səhnələrinə qədər həyatın bütün sahələri ritual xarakterli idi".

 

Bir sözdən bir əsər, yaxud "xaraba"dan çıxarılan incilər

 

Salman Mümtaz, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Həbib Əfəndiyev, Əziz Mirəhmədov, Ənvər Əhmədov, Nadir Məmmədov, Nərmin Tahirzadə, Kərəm Kərəmov, Cahangir Qəhrəmanov, Ədalət Tahirzadə, Polşa alimləri Bohdan Boranovski, Ancey Xodubski və bu sətirlərin müəllifi əsərləri, əməlləri ilə tarixə möhürünü vurmuş İsmayıl bəy Qutqaşınlının həyatına, yaradıcılığına dair dəyərli araşdırmalar aparmış, qiymətli əsərlər qələmə almışlar. Bununla yanaşı, hələ general yazıçının irsi və həyatı ilə bağlı gizli, müəmmalı məqamlar da qalmaqdadır. Amma ədibin məlum olan irsində də qaranlıq qalan, çözülməmiş sirli, sehirli mətləblər çoxdur.

Rüstəm Kamal "Azərbaycan mədəniyyətinin və mənəviyyatının böyük və sirli obrazlarından biri" adlandırdığı İsmayıl bəy Qutqaşınlı haqqında yazanda - onun məşhur "Səfərnamə"sindən bəhs edəndə ("Generalın xarabat mistikası") mistisizmlə bağlı dini-fəlsəfi cərəyanlardan, əsatir, əfsanə, rəvayətlərdən törəyən, təzahür edən, kodlaşan işarələri ustalıqla açır, yozur. Rüstəm Kamal adıçəkilən məqaləsində kamil ədəbiyyatşünas-mifoloq, - tarixçi, etnoqraf, dilçi, - qədim dövr fəlsəfəsinin bilicisi təəssüratı yaradır. Mötəbər mənbələrə istinad edən alim erudisiyası, intuisiyası, fəhmi və güclü məntiqi sayəsində "Səfərnamə"dəki "xaraba" sözünün leksik-semantik təhlili və mətndə yayılma tezliyi, təkrarlanma dərəcəsinə" istinadən "yazıçının tale mətninin bir məqamını" üzə çıxarır. O, bu qənaətə gəlir ki, İsmayıl bəy hərbçi olduğu üçün səfər landşaftının "partiturasını" (o cümlədən, xarabalıqlar nəzərdə tutulur - T.A.) yaxşı oxuyurdu. Çünki landşaft vacib və sirli aləm idi. Mübarək ziyarətə çıxmış bir general üçün müqəddəs məkanların, landşaftını, təsvir etməyə, səhərlərin mənzərəsini təqdim etməyə, yazmağa nə sövq edirdi? Tədqiqatçının fikrincə, haradan keçirdisə, sanki yalnız xarabalıq və abadlıq diqqətini çəkirdi. Xaraba tənəzzülün və xaosun, abadanlıq kosmosun, hüzurun simvoludur. Xaraba obrazı yazıçının ruhi-psixi durumuna uyğun gəlirdi... Xaraba elə bir məkandır ki, burada keçmişlə indiki zamanın sərhədi itir. İnsan xarabalığa mehrini sala bilmir, xarabalığa bağlana bilməz... O, Şəmkir xarabasından keçir, Msqetdə "xaraba şəhərin küçələrinə və qalalarına tamaşa edir", Tiflisdən keçəndə "yolun kənarı ilə abadan gürcü kəndləri görünür"; "Qori şəhəri bir kiçik qəsəbədir - kənarında olan təpədə bir xaraba qalası ilə". Görünür, xarabalıqlar ona "şəhərin ruhunu" dərk etməyə imkan verirdi... "Xaraba" sözünün mistik məna enerjisi sonda onun taleyinin proeksiyasına çevrilir. Beləliklə, Rüstəm Kamal "zamanın daşlaşmış obrazı", "Şərq poeziyasının sevimli xronotoplarından biri" "xaraba" üzərində maraqlı bir əsər ucaldır. Rüstəm Kamal bir sözün nüvəsinə necə nüfuz edirsə, gülüşün ("Vurğun gülüşü"), təbəssümün ("Əli Kərim təbəssümü haqqında hekayə"), yerişi ("Yeriş haqqında"), mistik, mifoloji ünsürlərin açmağın, yozmağın, yazmağın mahir ustasıdır.

 

Tənqidçinin təəssübkeşliyi, iradı və ideyası

 

M.F.Axundovdan üzü bəri tənqidin ədəbiyyatın inkişafındakı müstəsna rolu, tənqidçinin vəzifəsi barədə çox deyilib, çox yazılıb. Milli ədəbiyyatımızın müxtəlif problemlərinə toxunan Rüstəm Kamal "Ailəmiz və romanımız" məqaləsində ədəbi xəzinəmizin ciddi çatışmazlığından-ailə romanının qıtlığından bəhs edir. "Azərbaycan tarixi Azərbaycan ailələrinnin içindən keçir", "tarix əslində ailə tarixi üzərində yaranır" - qənaətində olan müəllifi "Azərbaycan ədəbiyyatında ailə romanları niyə yazılmır?"- sualı düşündürür, narahat edir. Qərb, türk, rus ədəbiyyatındakı ailə romanları nümunələrinin adlarını sadalayan R.Kamal həmin əsərlərin ideya və məzmununa, əhəmiyyətinə qısaca da olsa toxunur və təəssüflə "Azərbaycan ailəsi hələ də öz epik salnaməsini gözləyir" - yazır.

Rüstəm Kamal umu-küsü ilə işini bitmiş hesab etmir. Maraqlı, diqqətçəkən ideyalar verir: "İçərişəhərdə ailələrin tarixindən neçə roman yazmaq olar!.. O, Şıxlinskilər, Rəfibəylilər, Vəkilovlar, Hacıbəyovlar, Bədəlbəylilər, Kəngərlilər nəslini qürur mənbəyi adlandırır və təəssüflə bildirir ki, bu nəsillər bədii yaddaşımızın obyekti olmur...

 

Balıq sudan ayrı düşərsə...

 

Aydındır ki, bütün gün Rüstəm Kamalın əlində qələm, kağız olmur. Amma mən onu onlarsız təsəvvür eləmirəm. Redaksiyaların otaqlarında, müxtəlif tədbirlərdə, nəqliyyatda... Rüstəm Kamal bir küncdə özünə qapanıb elə şövq və aludəliklə yazır ki... Düşünürəm ki, həmin an kimsə qələmi ondan alsa, sudan çıxarılan balığa dönər, yaşamaz, çabalayar. O, öz qəhrəmanlarını da bu cür həyat və təfəkkür sahibləri - səmimi, bütün varlığı ilə qələminə bağlı, əqidəsinə sadiq yazarlar arasından seçir: "...ürəyi və düşüncəsi harmonik vəhdətdə olan" "yaradıcılığında sanki heç "şəyirdlik" dövrü keçməyən" görkəmli akademik Nizami Cəfərov ("Nizami Cəfərov dastanı"), "ermənilərin xalqımızın başına gətirdiyi fəlakətləri və faciələri "müxtəsər şəkildə" danışmağı özünə borc bilən" Mir Möhsün Nəvvab ("Mir Möhsün Nəvvab: iki od arasında"), "dünyanın ən çox yuxu görən" yazıçıları Frans Kafka və Mirzə Cəlil ("Yuxudan oyanma qorxusu: Frans Kafka və Mirzə Cəlil"), "qələminin ucundan göz yaşları daman" Yusif Vəzir Çəmənzəminli ("Yusif Vəzirin vida dəftəri").

Əgər bir rəssam, yaxud bir heykəltaraş uğurlu Rüstəm Kamal obrazı yaratmaq istəsə, ən əvvəl onun əlində qələmi necə tutacağını təsvir edəcəyi haqqında fikirləşməlidir. Maestronun çubuğu, at üstündəki igidin qılıncı obrazın özünəxas cizgilərinin açılması üçün nə qədər əhəmiyyət kəsb edirsə, Rüstəm Kamalın qələminin əks etdirilməsi də yazarın xarakterinin üzə çıxarılmasına o qədər yardım edə bilər.

 

Sitatlar - yardımçı silahlar

 

Hamı Rüstəm Kamal üslubunu, yazı manerasını, mövzuya yanaşma tərzini qeyd-şərtsiz, mübahisəsiz təqdir edirmi? Bu barədə heç kim xüsusi sorğu keçirməyib. Amma KİV-də adlı-sanlı mütəxəssislərin, nüfuzlu söz sahiblərinin Rüstəm Kamalın yaradıcılığı haqqındakı dəyərli fikirləri, oxucuların sosial şəbəkələrdəki şərhləri, tədbirlərdəki ürək sözləri onu deməyə əsas verir ki, bəli, əksəriyyət Rüstəm Kamal qələminin sanballı, səmimi, özünəməxsus olduğu qənaətindədir. Tədbirlərin birində səsləndirilən bir replika isə gözlənilməz və fərqli fikir idi: Rüstəm Kamal inkarçıdır, bir də sitatlardan çox istifadə edir.

Əlbəttə, biz opponentin mövqeyinə münasibət bildirdik və indi də onların təkrarlanmasına ehtiyac duyuruq. Əvvəla, tənqidçi hər hansı bir mövzuya fərqli nöqteyi-nəzərdən yanaşır, öz mülahizələrini tutarlı dəlillərlə əsaslandırırsa, yaxud qarşı tərəfin fikirlərini ehkam kimi qəbul etmir və onunla razılaşmırsa, bu, inkarçılıq kimi yox, tənqidçinin özünəməxsus mövqeyi kimi qiymətləndirilməlidir. Rüstəm Kamal polemikaya, ciddi elmi mübahisələrə meyilli və maraqlı tənqidçilərdəndir. O ki qaldı sitatlardan çoxluğuna, əslində Rüstəm Kamal sitatlardan yerli-yerində və çox da uğurlu istifadə edir. Bir sıra müəlliflər mütaliə etdikləri mənbələrdəki bəzi fikirlərə azacıq "əl gəzdirməklə" mətni özününküləşdirir. Rüstəm Kamal isə irəli sürdüyü müddəanı aydınlaşdırmaq, əsaslandırmaq, dəqiqləşdirmək məqsədi ilə etibar etdiyi müəllifdən, məxəzdən yardımçı vasitə kimi bəhrələnir. Bu isə tənqidçiyə başucalığı gətirir. Rüstəm Kamal "Mirzə Fətəli Axundzadə: Ata qurbanlıq quzu kimi" adlı məqaləsində oğulun atasından ayrılıq səhnəsindən bəhs edərkən müəllimi Y.Qarayevə müraciət etməsi təbii və yerində görünür: "Unudulmaz Yaşar Qarayev Fətəlinin atasından ayrılmasına poetik-ideoloji məna vermiş, Azərbaycanın ikiyə bölünməsi kimi simvolizə etmişdi: "Şahın və çarın iradəsi ilə Araz keçilməz sərhədə çevriləndə onun 16 yaşı vardı. Araz uşaqlığın da dünyasını ikiyə bölür: ata bir, ana digər sahildə qalır". Bu sitatla R.Kamal, həm öz fikirlərini mütəfəkkir tənqidçinin mülahizəsi ilə dolğunlaşdırmış, zənginləşdirmiş, həm də ustadını qədirbilənliklə xatırlamış olur. Müəllifin Ceyms Harrisdən, E.Tenişevdən, M.Svatayevadan, R.Bartdan, Hegeldən, Freyddən, L.Çkovskayadan, A.S.Puşkindən, A.Gertsendən... gətirdiyi sitatlar da eyni missiyanı daşıyır.

 

Məqamında replika

 

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda görkəmli ədəbiyyatşünas, səmimi dost Rüstəm Kamalın 60 illik yubileyi ölkəmizin tanınmış simalarının iştirakı ilə təntənəli şəkildə qeyd olunurdu. Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar, millət vəkili, çağdaş ədəbiyyatşünalığımızın parlaq nümayəndəsi Nizami Cəfərov, istedadlı qələm sahibləri İntiqam Qasımzadə, İlqar Fəhmi, Nizami Tağısoy, Adil Cəmil, Vaqif Yusifli, Südabə Ağamalıyeva, Məti Osmanoğlu, Ağacəfər Həsənli və digərləri yubilyarın həyat və yaradıcılıq yolundan bəhs etdilər, Rüstəm Kamala ən xoş arzularını bildirdilər.

Bu sətirlərin müəllifi isə professor Rüstəm Kamalı - elmi-pedaqoji fəaliyyəti, yaradıcılığı ilə nüfuz qazanmış böyük qəlb və qələm sahibini təbrik edərkən yubilyarı zeytun ağacına bənzətdi. Həmişəyaşıl, barlı-bəhrəli, uzunömürlü, faydalı, dözümlü, yarpaqlarının da min bir dərdin dərmanı olan möcüzəli zeytun ağacına.

Bu zaman fərqli və orijinal fikirləri ilə seçilən İlqar Fəhmi yenə maraqlı replikası ilə diqqəti özünə çəkdi: - Abid müəllim Rüstəm Kamalı zeytun ağacına bənzətdi. Məncə, haqlıdır. Əlavə edirəm ki, zeytunun vətəni hesab olunan diyarın ədəbi irsinin - qədim yunan ədəbiyyatının da mahir bilicisi Rüstəm Kamala bu bənzətmə çox yaraşır.

 

02.02.2023

Abid TAHİRLİ

525-ci qəzet.- 2023- 10 fevral.- S.12;13.