Mirzəbəyli çayının nəğmələri
İttifaq Mirzəbəylinin 70 yaşı
Bu günlərdə Xalq artisti, professor, "Şöhrət"
və "Şərəf"
ordenli bəstəkar,
Prezidentin fərdi təqaüdçüsü Tofiq
Bakıxanov İttifaq
Mirzəbəyli haqqında
qələmə aldığı
"Gənc dostuma yubiley təbriki" adlı yazısında qeyd edirdi ki,
o, təkcə jurnalist
yox, həm də mükəmməl musiqi xiridarıdır. Həmkarım haqqında ağsaqqal
bəstəkarın dediyi
bu sözlər məndə fərəh doğurmaqla bərabər,
təsdiqini tapan bir əhvalatı xatırlatdı.
Etiraf edim ki, muğamları çox sevsəm də, dərin bələdliyim yoxdur. Buna görə
də, 15 il əvvəl gözəl səsli xanəndə, Əməkdar artist Ruzə
İbişova haqqında
oçerk yazarkən muğamla bağlı bir sıra ədəbiyyatı
vərəqlədim, onun
tərkib hissələrinin
nədən ibarət
olduğunu nəzərdən
keçirdim ki, oxucu məni xam saymasın. Amma bütün cəhdlərimə
baxmayaraq, yazıda ağlıma gəlməyən
bir yanlışlıq
oldu. Bunu mənə İttifaq müəllim dostcasına
bildirdi: "Yazmısan
ki, ustalıqla mayənin zilindən bəmə endi. Mayənin zili olmur, biləsən".
Dedim, bilmirdim, bilərəm. Görürsünüz, Tofiq Bakıxanovun
onu mükəmməl
musiqi xiridarı adlandırması heç
də gəlişigözəl
fikir deyil.
Yeri gəlmişkən, İttifaq
Mirzəbəyli Tofiq Bakıxanovun ulu babası Abbasqulu Ağa Bakıxanov haqqında 160 ildə yazılmış məqalələrdən
ibarət "Qüdsi
əbədiyyəti" adlı
sanballı toplu tərtib edib, onun atası - görkəmli tarzən, Xalq artisti, Əməkdar
incəsənət xadimi
Əhməd Bakıxanov
haqqında "Ustad ömründən anlar" adlı kitab yazıb. Hər ikisindən müəllifin
eyni peşəkar səriştəsi və zəhmətkeş əzabları
boy göstərir. Tofiq Bakıxanov
da öz növbəsində onun sözlərinə 10-dan artıq
mahnı yazıb.
Əlbəttə, musiqi duyumu
güclü olan bir şairin sözlərinə bəstələnən
mahnılar gözəl
olar.
O zaman yaxın ünsiyyətimiz olmasa da, onunla birlikdə
teleradio şirkətində
çalışmışdım. Sonra iş elə
gətirdi ki, mən də onun işlədiyi "Xalq qəzeti"nə gəldim. 17 ildir,
eyni redaksiyadayıq.
Təcrübəsi, məsuliyyəti, yorulmazlığı, gündə
bir, bəzən də iki siyasi
məqalə yaza bilməsi ilə gənclərə nümunə
göstərir. Özü də
onun yazdıqları dərin analitik üslubu, xalqın bağrından - bulağın
gözündən gələn
saf dili ilə seçilir. Folklora, mütəfəkkirlərin deyimlərinə
yerli-yerində müraciətlər
etməsi yazılarını
daha da oxunaqlı
edir.
İttifaq Mirzəbəyli iman adamıdır, Əməkdar
jurnalistdir, gözəl
ata və babadır, yaxşı yoldaşdır, maraqlı
həmsöhbətdir, canıyanan
qonşudur. Ürəyindəki dilində, beynindəki
əməlində olan
adamdır. Məsəl
var, deyirlər: dənəm, suyam, nəyəm, buyam. O da eləcə.
Vikipediyadan bir abzas: Doqquz kitabın müəllifi, bir çox kitabların tərtibçisi və redaktorudur. Sözlərinə yazılmış mahnılar Bakı, Təbriz, Tehran və İstanbulda dövlət radiolarının qızıl
fonduna qəbul edilib. Təxminən
15 dəfə jurnalist
kimi İran, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı,
Rusiya, Şimali Kipr və başqa
ölkələrdə "Xalq qəzeti"ni təmsil edib.
...Turist qrupu ilə
Qəbələyə getmişdik.
Bütün gün gəzdiyimiz
üçün axşamüstü
qrupla "Yeddi gözəl" şəlaləsinə
qalxmaq istəmədim.
Aşağıda, Vəndam
kəndi yaxınlığındakı
bir çayxanada oturub yoldaşları gözlədim. Çayçıdan həmkəndlisi İttifaq Mirzəbəylini
tanıyıb-tanımadığını
soruşdum. "Tanıyıram,
- dedi. - Amma o, Vəndamdan deyil, qonşu Mirzəbəylidəndir.
Fəxrimizdir". Cavabdan İttifaq müəllimin iş yoldaşı kimi məmnun qaldım. Çayçı
da oradakı ağacların meyvələrini
dərib yeməyimə
bir söz demədi: ortada Mirzəbəylinin adı vardı, axı.
İttifaq Mirzəbəyli illərdən
bəri siyasət şöbəsinin müdiri
işləyə-işləyə çox yüksək siyasi təfəkkür yiyəsi olub. Redaksiyaya dəvət
etdiyi bəzi politoloqlarla necə döş-döşə gəldiyinin,
öz arqumentlərini
necə əsaslandırdığının,
həmsöhbətlərini necə ustalıqla istiqamətləndirdiyinin dönə-dönə
şahidi olmuşuq.
Düz 10 il
bir otaqda çalışdığı Qalib Arifin bu
barədə dedikləri
lap yerinə düşür:
"Onun sadəliyi, özü demiş, "kəndçi görünüşü"nün
arxasında şərq-qərb
fəlsəfəsinə yaxından
bələd olan, dünyanın gərdişindən,
ölkənin siyasətindən
yaxşı baş çıxaran, ən əsası isə öz işində - söz sənətində
peşəkar olan bir qələm ustası dayanır".
Onun nəzərində
Mirzə Ələkbər
Sabir Azərbaycanın
ən dahi şairidir. Öz yazılarında da sabiranəlik güclüdür. Həmkarımın bütün bədii və publisistik yaradıcılığını bir kənara qoyub, sosial şəbəkələrdəki
postlarını, statuslarını
nəzərdən keçirsək,
onun əsl "mollanəsrəddinçi" yazar
olduğu qənaətinə
gələrik. Yumor hissi,
cəsarətli tənqidi,
güclü sarkazmı,
hadisələrin içində
olması, fikirlərini
birbaşa ifadə etməsi onu fərqləndirən cəhətlərdir.
Sabir ruhunun qayıdışına
xidmətdən zövq
alanlardandır. Onun
Azərbaycana, uğurlarımıza
kəc baxanlara vurduğu "şallaq"lardan
sabiranəlik aşkar
hiss olunur.
Son onilliklərdə qəzetimizin
elə nömrəsi olmaz ki, "İ.Mirzəbəyli" və
ya "İ.Qaçayev"
imzası ilə yazılmış maraqlı
məqalələr olmasın. Hər birinin
də özünəxas
ədəbi priyomu.
Bir sirr açım. Qaçayev deyəndə həmən
yadıma XX əsrin əvvələrindəki vətəndaş
müharibəsi qəhrəmanı,
ordu komandiri Çapayev düşür.
Hətta bir dəfə Süleyman Rüstəmin məşhur
şeirinə nəzirə
yazmaq istəmişdim.
İlk misralar da bədahətən gəlmişdi: "Çaqıl
daşlı çayları
Qaçayev çapa-çapa,
Keçib biçir qəzetdə çəp
addım atanları..."
Amma nədənsə yarımçıq
qaldı. Yəqin haçansa
tamamlayaram.
"Çay" dedim, yadıma onun məqalələrindən birindəki
qeydləri düşdü:
"Doğulub böyüdüyüm
Mirzəbəyli kəndinin
gündoğan tərəfindən
Həmzəlli çayı,
ortasından Mirzəbəyli
çayı, günbatan
tərəfindən isə
Tala çayı axır". Axar suyun bolluğuna
düşüblər. Bəlkə elə Hacı İttifaqın bol-bol məqalələr yazmasının
bir səbəbi də budur.
Zəmanəmizdə üç qələm sahibi Mirzəbəyli təxəllüsünü daşıyır. Hacı
İttifaq, ondan iki yaş böyük həmkəndlisi
Mirhəsən kişi
və şair, siyasi ekspert Elçin Mirzəbəyli.
Hərəsinin öz yeri
var. Üçü də
həm mirzə kimi, həm də bəy kimi dəyərlidir.
Mənə daha yaxını
Hacı İttifaq olduğu üçün
onunla bağlı duyğu və düşüncələrimin bir
qismini qələmə
aldım.
İttifaq Mirzəbəyli səmimi şairdir, kin-küdurət
bilmir. Şeirlərinin
birində deyir:
"Kim yazdı ah-zarı
mənə? Tanrım, o əli bağışla".
Bəzən könül
dağlayan kövrəkliyi
adamı vardan yox edir, təsvir
etdiyi kədər lövhəsinin qarşısında
aciz qalırsan:
Anam
"oxuyurdu" atam öləndə,
Səsi divardakı daşı dəlirdi.
Payızı bərabər haqlamışdılar,
Atamsız anamın qışı gəlirdi.
Onun ən gözəl, ən təbii şeirlərindən biri də ömür sirdaşı qələm
barədədir:
Dədəmdən, nənəmdən yetim qalmışam,
Dişimdən, çənəmdən yetim qalmışam.
Mən çox kimsənəmdən yetim qalmışam,
İlahi, qələmdən yetim qalmayım!
Ömrünü sədaqətlə sənətinə həsr edən müəllif həm də istəyir ki, zəhməti itməsin:
Zaman, yandır məni öz ocağında,
İllərin oduna, közünə dönüm.
Bir də alışmağa qalsın gümanım,
Kül etmə, kömür et, gözünə dönüm.
Hacı İttifaqın günü havanın alatoranı ilə, sübh namazından sonrakı iş-güc qayğıları ilə başlayır. Bu yaxınlarda özü yazmışdı: "Hələ səhər tam açılmayıb. Mən işə gedirəm. Elektrik qatarına çatmaq üçün 45 dəqiqə piyada gəlmişəm. Günəş hələ binaların arasındadır, qatar Sumqayıtda, quşlar səmada, biz perronda..." Düz 30 il bundan qabaq "Səhər" mükafatını əbəs yerə verməyiblər ki, ona.
Ömür qatarın şütüdükcə-şütüsün, hacı!
Əli NƏCƏFXANLI
525-ci qəzet.- 2023- 10 fevral.- S.11.