Ana laylası kimi...   

 

Müğənni Rəhilə xanım Həsənovanın xatirəsinə

 

Təxminən 50-55 il əvvəl bu xanımın saz çala-çala oxumağını həm canlı konsertlərdə, həm də lent yazılarında mən də görmüşdüm. O vaxtlar Azərbaycanın ilk sazçı qadınlarından olan Rəhilə Həsənovanın xeyli pərəstişkarı vardı və adamın ağlına da gəlməzdi ki, nə vaxtsa bu xanımın nəinki qeyri-adi tembrə malik məlahətli səsinin, ifalarının, hətta adının belə efir ömrü  həmin o illərin tamaşaçılarının, dinləyicilərinin ömrü qədər olacaq, onlar Rəhilə xanımın səsinin, ifalarının  təravətini də sanki özləri ilə bərabər o biri dünyaya aparacaqlar.

Görünür, Rəhilə xanımın sənət taleyinin belə bir sonluqla bitməsində nə isə mistik bir qanunauyğunluq vardı - onu sevənlər, sənətini qiymətləndirənlər sanki bu səsin  qarşıdakı illərin saxta, süni səslər, kompüter effektləri, yad musiqi xalları ilə bəzədilən ifalar çamurunda əzab çəkməsini istəmədikləri üçün elə bəri başdan bu ədalətsiz dünyada qalmasına qıymamışdılar. Çünki Rəhilə xanım heç kimə bənzəməyən bir müğənni idi. O,  mahnını həmin mahnıda ifadə olunan hisslərin, duyğuların hər cür yersiz bər-bəzəkdən uzaq səs obrazları kimi yaradırdı, yəni çoxları kimi yalandan əzilib-büzülmür, səsə yox, hisslərə, daxili yaşantılara güc verirdi və buna görə də adama elə gəlirdi ki, o, sadəcə oxumur, həm də mahnını rəsm edir. İfalarındakı zahiri ləngərlik, sakit, asudə temp, texniki elementlərə nisbətən emosional çalarların zənginliyi də burdan irəli gəlirdi. Onun istənilən ifasını dinlə, sənə elə gələcək ki, şirin bir layla eşidirsən. Görünür, bu səsi, bu ifaları insanlara doğmalaşdıran da hamıya tanış olan, hamının yaddaşında yaşayan "layla" effekti idi.

Amma insan yaddaşından başqa, lentlərin yaddaşı deyilən bir anlayış da var və mən bu xanımla bağlı internetdə axtarış verəndə onun gözəl ifalarını ("Ceyran", "Dağlar", "Ay qara qız", "Boylana-boylana" və s.), bir də oğlu İldırım Həsənovun anası barədə qısa, lakin təsirli xatirələrinin audioyazısını dinlədim.

O audioyazının məndə hansı hisslər doğurduğunu sözlə təsvir eləməyə çətinlik çəkirəm. Amma məzmununu sizinlə bölüşməyə çalışacam. Amma əvvəlcə Rəhilə xanımın məşhur "Gecələr" mahnısının ifası, daha doğrusu, bu ifanın düşünmək üçün mənə verdiyi infomasiya barədə danışmaq istəyirəm.

Klassik muğam ifaçılığında muğam əsasən tar və kamançanın müşayiəti ilə ifa olunub. Lakin zaman keçdikcə bu alətlərin sırası milli çalğı alətlərimizə dəxli olmayan klarnetin, qarmonun, hətta pianinonun hesabına daha da genişlənib. Mən mühafizəkar deyiləm və bu məsələyə də köhnə düşüncə qəlibləri ilə yanaşmıram. Amma Rəhilə xamımın ifa etdiyi "Gecələr" mahnısının tam variantını dinlədikdən sonra bizim milli musiqi alətimiz olan balabana, onun geniş imkanlarına sayğısız münasibətimizdən, düzü, bir az sarsıldım.  Rəhilə xanım "Segah" ladında yazılmış bu mahnını "Mirzə Hüseyn segahı" pərdəsində oxuyub və mahnıdan əvvəl muğam gəzişmələri edəndə onu klarnet yox, məhz balaban müşayiət edib, "Segah" ladındakı nikbin kədər onun həzin, lirik, yanğılı səsinin qanadlarında balabanın ondan da həzin yanıqlı bir tərzdə ərz elədiklərinə qovuşub elə bir sehirli aura yaradıb ki, "Segah"ın bu dünyaya məhz balabanın bağrından qopub gəlməyinə inanmaq istəyirsən.

"Segah" ailəsinə daxil olan muğamları oxumağı xoşlayan xanəndələrə üz tuturam: "Lütfən, balabanın köməyindən də yararlanın. İnanın, bu, sizin ifanıza qeyri-adi bir rəng qatacaq!"

Bəzi melomanlar mənə etiraz edib deyə bilərlər ki, Rəhilə Həsənova səs diapozonu məhdud olan pəsxan (yaxud bəmxan) müğənni idi, ona görə də səs tembri bəm tonallıqda olan balabanın köməyinə ehtiyac duyub ki, necə deyərlər, günahı onun boynuna qoyub öz eybini örtsün.

Amma bu iddia melodiyanın, mahnının, ümumiyyətlə, musiqinin estetik funksiyasına yox, dekorativ quruluşuna aludə olanların yersiz və məntiqsiz sayıqlamasından başqa bir şey deyil.

Əvvəla, ona görə ki, pəsxan olmaq, yəni aşağı tonda səlis, rahat və sakit oxumaq bacarığı ifaçının eyibi yox, əksinə, üstün məziyyətlərindən biridir. Unutmayaq ki, əsl poeziya da qışqıra-qışqıra yox, aramla, hətta yeri gələndə pıçıltı ilə rəvan bir tonda deyilən misralardan yaranır. İkinci tərəfdən, Rəhilə xanım öz ifalarında hərdən muğam gəzişmələri etsə də, hətta "Zabul segah" muğamını lentə yazdırsa da, heç vaxt xanəndəlik iddiasında olmayıb, özünü ustad qadın xanəndələrlə bir sıraya qoymayıb. O, əsasən mahnı ifaçılığı ilə məşğul olub və kiçik bir araşdırma aparsaq görərik ki, istər xalq, istərsə də bəstəkar mahnılarımız arasında məhz aşağı tonda - yəni bəmdə ifa olunmaq üçün yazılmış nümunələr kifayət qədərdir. Və nəhayət, mən bir az da irəli gedib sübut edə bilərəm ki, müğənniləri, xanəndələri səs diapozonlarının ölçülərinə görə "zilxan" və "pəsxan" prinsipi ilə təsnifatlandırmağa rəğmən, onları bir-birinə qarşı qoymaq, birinin bəhsinə digərini gözdən salmaq qəti olaraq yolverilməzdir. Çünki səsin "uzunluğu", yaxud "gödəkliyi", aşağı oktavalara uyaqlığı ifaçılıq məharətinin meyarı yox, olsa-olsa Allahın verdiyi səsin təbii xüsusiyyətləridir.

Biz gözəl bir mahnını dinləyəndə onun bəm, yaxud zil tonda bəstələnməsinin fərqinə qətiyyən varmırıq. Əsas məsələ ifaçının ustalığında, mahnının obrazını dinləyiciyə çatdırmaq bacarığıdır və əgər onun ruhu, duyma qabiliyyəti, texniki imkanları bu baxımdan kasaddırsa, dinləyici ilə dialoqu baş tutmayacaq - istəyir öz kəm-kəsirini ört-basdır eləmək üçün min hoqqa çıxartsın.

Mənim başqa arqumentlərim də var. Diqqət yetirək: Azərbaycanın əksər muğamlarının strukturu "bəmdən zilə və sonda yenə bəmə" prinsipi ilə təşkil olunub. Elə bu faktın özü sübut etmirmi ki, muğam dəstgahlarında əsas pərdə məhz əsas kökün tonallığında olan, yəni  muğamda əsas hekayənin başladığı bəm pərdədir? Elə buna görə də, tutaq ki, "Çahargah"ın bəm şöbələrini ayrıca oxunması bizə təbii görünür (yəni səsim buna imkan verir). Amma heç görmüsünüzmü ki, xanəndə hansısa muğam adı ilə onun yalnız zil şöbələrini oxusun?

Səs - istər bəmdə, istər zildə, istər aşağı, istər yuxarı tonda olsun - fərqi yoxdur, musiqi ifaçılığı sənətində məqsəd yox, fikri, mətləbi çatdırmaq üçün bir vasitədir. Hansısa bir kompozisiya daxilində onun zil, yaxud bəm tonallıqlarda təzahürü melodiyanın məzmununa, ifaya rəng, çalar qatmaqla yanaşı, "ifa - auditoriya" münasibətlərinin də xarakterini şərtləndirir və bu məntiqlə yanaşsaq, aşağı tonallıqda olan səslərin  (melodiyaların) kombinasiyasına fikrin sakit, rəvan tərzdə ifadəsi, yuxarı tonallıqda olan səslərdən qurulmuş melodiyalara isə nəyə isə etiraz, üsyan ruhunun, yaxud sevinc, qələbə əzminin spesifik obrazları kimi baxmaq olar. Əgər ifaçı aşağı tonallığın bu imkanlarından istifadə edib öz ifası ilə dinləyici arasında körpü yarada, onunla dialoqa girə bilirsə, buna görə onu tənqid etmək yox, alqışlamaq lazımdır.

Mən mərhum xanəndəmiz və bəstəçimiz Əlibaba Məmmədovun televiziya muğam müsabiqələrində səslərini zilə çəkməklə guya məharətlərini göstərmək istəyən gənc ifaçılara tez-tez əsəbləşməyinin, dediyi  "Niyə qışqırırsan? Nə olub? Oxumaq lazımdır, oxumaq!" sözlərində ifadə olunan narahatlığının səbəbini məhz bu kontekstdə tam mənada anlayıram. Haqlısınız, ustad! Səsi zil pərdəyə çəkib qışqırmaq yox, oxumaq, oxduğunu yaşamaq, onun məzmununu dinləyiciyə çatdırmaq lazımdır - bəmdə Şövkət xanım Ələkbərova, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Hacıbaba Hüseynov, lap elə Əlbaba Məmmədov, zildə-bəmdə Xan əmi, Yaqub Məmmədov, Arif Babayev, Cabir Mirzəyev... kimi.

Bəli, Rəhilə Həsənova pəsxan idi, amma oxuyan, dinləyici ilə dialoq qurmağı bacaran pəsxan.

Mən bu sözləri bir az aludə alub hüdudlarından uzaqlaşdığım əsas mətləbin üzərinə qayıtmaq üçün demirəm. Bəlkə də əksinə. Kimə məlum deyil ki, qadın müğənnilərimiz səs tembrlərinin özəlliyinə görə bəmdə oxumağa həmişə çətinlik çəkiblər!  Bəmdə rahat, sakit, əziyyətsiz oxuya bilən qadın müğənnilərimiz barmaqla sayılacaq qədər azdır və onların ən üzdə olanlarından biri də Rəhilə Həsənova idi.

Burası belə. İndi keçək müğənninin oğlunun söylədiklərinə.

Rəhilə Həsənova dahi Üzeyir bəyin təşəbbüsü ilə yaradılan sazçı qızlar ansamblının ən fəal, yaradıcı üzvlərindən olub. Üzeyir bəy vəfat edəndən sonra ansambla əvvəlcə bəstəkar Cahangir Cahangirov, ardınca bəstəkar Qənbər Hüseynli rəhbərlik edib. Lakin Qənbər müəllim də vəfat edəndən sonra o vaxta qədər respublikanın musiqi həyatında fəal rol oynayan ansambl respublikanın mədəniyyət cameəsinə rəhbərlik edən məmurlardan hansınınsa sehirli çubuğunun hökmü ilə ləğv olunub.

Xoşbəxtlikdən Rəhilə xanım solo konsert fəaliyyəti ilə də məşgul olub, bir çox gözəl ifalarını, o cümlədən, o vaxt gənc olan Bəhram Nəsibovun Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi "Gecələr" mahnısının ilk ifasını lentə yazdırıb. Amma tezliklə saz görəndə güman ki, allergiyası başlayan həmin məmurlardan birindən qeyri-rəsmi belə bir göstəriş gəlib ki, Rəhilə Həsənova bundan sonra konsert fəaliyyəti ilə  məşğul olmaq istəyirsə, gərək sazla birdəfəlik üzülüşsün, gedib hamı kimi ansamblın solisti kimi oxusun. Öz yaradıcılığını sazsız təsəvvür eləyə bilməyən Rəhilə xanımın isə cavabı bu olub ki, filarmoniyada xarici qonaqlar üçün təşkil olunmuş konsertdə səhnəyə heç kimin gözləmədiyi halda yenə də sazla çıxıb. Nəticəsi bilirsiz nə olub? Onu işdən çıxarıb cəzasını çəkmək üçün üç ay müddətinə Salyan rayonunun Xıllı kəndinə pambıq yığmağa göndəriblər - yəni get, pambıq kollarının zəhərli tikanları saz çalan barmaqlarına batanda ağlın başına gələr (???). Xoşbəxtlikdən həmin kolxozun sədri sazın qədir-qiymətini bilənlərdən imiş və Rəhilə xanımı pambıq tarlasına göndərmir, Bakıya - evinə qaytarır, deyir, get otur evində, 3 ay çöldə-bayırda görünmə, vaxt yetişəndə gəl, 3 ay burda pambıq yığmağın barədə arayışı al, apar ver saza qənim kəsilənlərə ("apar ver, soxsun gözlərinə" - desəydi lap əla olardı).

Sonralar Rəhilə xanım Y.Qaqarin adına pionerlər sarayında məktəbli   qızlardan ibarət ansambl düzəldir ki, ənənələr davam etsin. Amma bunu da ona çox görürlər...

Rəhilə xanım 2004-cü ildə vəfat edir və öz vəsiyyəti ilə Yasamal qəbiristanlığında - anasının yanında dəfn olunur.

Bu vaxt onun neçə yaşı olduğunu deyə bilməyəcəm, çünki hələ də bu xanıma vikipediya səhifəsi yaradılmayıb.

Ruhu şad olsun.

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2023- 10 fevral.- S.10.