Cəmşid Əmirov - detektiv nəsrimizin cığıraçanı  

 

 

Özünəməxsus yaradıcılıq üslubu, dəst-xətti ilə seçilən, Azərbaycan ədəbiyyatında detektiv nəsrin yaradıcılarından sayılan Cəmşid Əmirovun anadan olmasından 105 il ötür.

C.Əmirov hələ 1934-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutuna daxil olduqdan sonra kiçik hekayələr məqalələr yazmağa həvəslənmişdi. 1946-cı ildə "Azərbaycan gəncləri", "Bakı" , "Sovet ticarəti", "Azərbaycan neft təsərrüfatı" qəzetlərində yaradıcılıq fəaliyyətinə başlamış, müxtəlif oçerklər, məqalələr, hekayələr dərc etdirmişdi. Yazıçının ilk mətbu əsəri olan "Dəqiqələr, saniyələr..." adlı oçerki "Azərbaycan gəncləri" qəzetinin 28 avqust 1946-cı il sayında dərc olunub. Qəzetdə fəaliyyət göstərdiyi müddətdə oxucuların diqqətini daim cəlb edib, onlarla söhbətləşərək şikayətləri əsasında tənqidi məqalələr yazıb. Onun bəzi məqalələri "Bəbirov qardaşları" imzası ilə dərc olunub məhz bu səbəbdəndir ki, redaksiyaya zəng edən oxucular "Mənə Bəbirov lazımdır" deyərək Cəmşid Əmirovu nəzərdə tuturmuşlar. O, "Bakı" qəzetində çalışdığı müddətdə qəzetə oxucu marağını artırmaq üçün hüquq-mühafizə orqanları ilə yaxın əlaqələrindən istifadə edərək məhkəmə oçerklərini qələmə alıb.

XX əsrin 50-60-cı illərində Azərbaycan ədəbiyyatında detektiv nəsr formalaşır. Cəmşid Əmirovun bu istiqamətdə yazmış olduğu bədii əsərlər dövrünün mühüm hadisəsinə çevrilir. Müəllifin ilk irihəcmli əsəri "Sahil əməliyyatı" povesti olub 1958-ci ildə "Azərbaycan" jurnalında çap edilib. Usta yazıçı "Sahil əməliyyatı" povestini çap etdirməklə ədəbiyyatımızda detektiv nəsrə cığır açıb. Povestin mövzusu Azərbaycan çekist milis işçilərinin fəaliyyətindən alınmış, onların həyata keçirdikləri əməliyyatlar, çətin məsuliyyətli vəzifələri təsvir təhkiyə predmeti olmuşdu. Povest ədibə böyük uğur gətirir, o, Azərbaycanda başqa ölkələrdə tanınmağa başlayır. Yazıçı bundan sonra maraqlı süjet xətlərinə malik olan "Şəhər yatarkən" (1960) "Brilyant məsələsi" (1962) povestlərini, "Qara "Volqa" (1965) romanını qələmə alıb. O, 1968-ci ildə "Tək əldən səs çıxar" povestini "Azərbaycan pioneri" qəzetində dərc etdirib. 1969-cu ildə "Mənim əsl məhəbbətim" adlı romanını bitirib nasir bu romanı yaradıcılığının şah əsəri hesab edib. Müəllifin 1969-cu ildə yazdığı "Vətəndən uzaqlarda" adlı romanı da maraqlı əsərdir.

Müəllifin aydın, axıcı təhkiyə üslubu, əsərdə bəhs etdiyi hadisələrə yaxından bələd olması əsərlərinin uğurunu şərtləndirən başlıca cəhətlərdir. Cəmşid Əmirovun detektiv janrında yazdığı əsərlərdə cinayətkarlıqla mübarizənin ən vacib problemi - cinayətin üstünün açılması həll olunur, hər bir personaj xüsusi özünəməxsus şəkildə xarakterizə edilir. Asayişin keşiyində möhkəm dayanan polis işçilərinin gündəlik həyatından bəhs edən bu əsərlərdə onların cinayətkarlıqla mübarizəsi, cəsarəti, habelə peşələrinə möhkəm bağlılığı ictimai məsuliyyət hissi bədii ifadəsini tapıb.

Yazıçının yaratmış olduğu əvəzsiz bədii nümunələr daim diqqət mərkəzində olub. "Sahil əməliyyatı" povesti vaxtilə "Molodyoj Estonii" qəzetində hissə-hissə oxuculara çatdırılıb, Azərbaycan Yazıçılar İttifaqı Respublika İctimai Asayişi Mühafizə Nazirliyinin təşkil etdiyi müsabiqədə mükafata layiq görülüb. Müəllifin "Sahil əməliyyatı" povesti əsasında rejissor Əlisəttar Atakişiyev 1966-cı ildə "İstintaq davam edir" filmini, "Qara "Volqa" romanı əsasında isə rejissor Elşən Məmmədov eyniadlı filmi çəkib.

Müəllif əsasən məhkəm prosesində baxılmış cinayətləri araşdırıb, onlara aid oçerk məqalələr, habelə irihəcmli əsərlər yazıb. Bu baxımdan ədibin məhkəmə sənədləri ilə tanışlığı, hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlığının nəticəsi idi ki, əsərlərində bu faktlardan, detallardan geniş istifadə edib. C.Əmirovun əsərləri vahid mövzu ideya-məzmuna bağlı olub orijinal bədii üslub xüsusiyyətlərinə malikdir.

Ədibin əsərlərinin sonunda cinayətkarların ədalət məhkəməsi qarşısında cəzalandırılması təqdim olunur. Bu da detektiv nəsrin başlıca prinsiplərindən biri olub, ədalətin qalib gələcəyindən xəbər verir. C.Əmirov nəsrinin özünəməxsus xüsusiyyətlərindən biri bədii mətnin tipin dili ilə təhkiyə edilməsidir. Məhz bu səbəbdəndir ki, müxtəlif arqo ve jarqonlara obrazların nitqində xüsusi yer verir. Yazıçı əsərlərində cinayətkarların daxili aləmini təsvir etməklə oxucuya "insan cinayətkar kimi doğulmur, cəmiyyət fərdi formalaşdırır" fikrini təlqin edir onların düzgün tərbiyəsinə çalışır.

Azərbaycan detektiv nəsrinin görkəmli nümayəndəsi olan Cəmşid Əmirov bədii nəsrimizdə yaratdığı ədəbi-estetik ənənələrlə özündən sonrakı nəsrimizin mövzuideya, sənətkarlıq cəhətdən formalaşmasına təsir göstərib, yeni yaradıcı nəslin detektiv ədəbiyyata gəlişinə yol açıb.

 

Seyidnisə LƏTİFLİ

525-ci qəzet.- 2023- 10 fevral.- S.9.