ONUN KİMİ
OLA BİLMƏYİN ÇƏTİNLİYİ
...XX əsrin
birinci yarısı başa çatıb, ikinci yarısı
başlayırdı.
Yox, bu, sadəcə
təqvim hadisəsi deyildi.
İkinci Dünya müharibəsi yenicə sona
çatmışdı. İnsanların
qırışığı təzə-təzə
açılırdı. Çöhrələrə
yenidən təbəssüm, kənd-kəsəyə
toy-düyün qayıdırdı.
Hələ insanlar fərqində deyildilər və sadə
adamlar bunu bilə də bilməzdilər ki, elə İkinci
Dünya savaşı bitincə, onun toz-dumanı hələ
axıracan toxtamamış Üçüncü Dünya
müharibəsi başlayır. Ancaq əvvəlki
savaşdan fərqli olaraq, bu müharibədə nə
top-tüfəng olacaq, nə mərmilər partlayacaq, nə atəşlər
gurlayacaq. Başlanan "soyuq müharibə"
başa çatan müharibədən qat-qat uzun çəkəcək
və bir neçə onilə sığan bu savaşın da
bitməsi, elə əvvəlki odlu müharibədən sonra
olduğu kimi, dünyanın təzədən
bölüşdürülməsinə, xəritələrin
yenidən biçilib-çəkilməsinə gətirib
çıxaracaq.
XX yüzilin iki yarım əsrinin hər biri sanki bütöv
bir əsr kimi idi. Bir əsr içində iki əsr. Bu əsrin iki dünya müharibəsi
sığışan birinci parası ilə ikinci qismi
bütün cəhətləriylə fərqli olacaq. Dünya da dəyişəcək, insanlar da
başqalaşacaq.
Və
1950-ci illərin ikinci yarısının başlanmasıyla
Vaxt sərhədinin yeni bir layına düşdüklərini
insanlar da, dünya da bütün ayrıntılarıyla bir də
bu əsrin sonunda, yeni minilliyin əvvəlində, olub
keçənlərə ötmüş zamanın
hündürlüyündən nəzər salanda hiss edəcək.
1951-ci il
idi, 28 yaşlı baş leytenant Heydər Əliyevin
özünə o vaxt məlum olmasa da, indi həmin
ömür əvvəlindən sonunacan gözümüz
önündə canlandırıla bildiyindən,
anlayırıq ki, həyatının onu o edəcək
mühüm mərhələsinə məhz o vaxt qədəm
basıb. Buracan olanlar hazırlıqmış.
Həyatının növbəti böyük mərhələsinə
mötəbər bünövrə tədarüküymüş.
1951-ci il mart ayının ilk günlərində Azərbaycan
SSR Dövlət Təhlükəsizlik Nazirliyi İkinci
Baş İdarəsi rəisinin müavini general-leytenenat
Rayxmanın imzasıyla Azərbaycan dövlət təhlükəsizlik
nazirinin adına tam məxfi qrifli məktub gəlir.
Sovet İttifaqında mərkəzləşdirilmiş
idarəçilik sistemi fəaliyyətdə idi. Hər respublikadakı
kinostudiyanın siyahısında hansı aktyorların
olduğundan Moskvada xəbərdar idilər, onda qalmış
Mərkəzin tam diqqətində saxladığı xarici kəşfiyyat
sahəsi ilə bağlı əyalətlərdə
yaşayan və istifadəsi mümkün şəxslər ola.
Moskva
respublika Dövlət Təhlükəsizlik Nazirliyi 2-ci
şöbəsinin vaxtilə alman əsirliyində olmuş,
orada kəşfiyyatçılıq təlimi
görmüş "Radist" ləqəbli agentindən
istifadə etmək zəruriyyətinin
yarandığını bildirərək bu şəxsin istər
bioqrafiya məlumatları, istərsə də şəxsi
keyfiyyətləri baxımından Türkiyəyə
atılmağa tam uyğun gəldiyini vurğulayırdı.
Agentin xaricdə olan bütün tanışları,
buradakı bütün qohumları haqqında məlumatlarla
yanaşı onun xaricə ötürüləcəyi
təqdirdə danışa biləcəyi bir neçə
variantlı "hekayət" və Azərbaycanla
bağlı hansı məlumatları verə biləcəyi
barədə arayış tələb olunurdu.
O
çağlar idi ki, Sovet İttifaqı ən qatı
düşmənləri sırasına qatdığı
NATO-nun üzvü olan Türkiyə ilə Azərbaycan
arasında sərhədləri zahirdə
göründüyündən də qalın və keçilməz
etmişdi. Həm də bu məxsusi məhdudlaşdırma
yalnız sərhəd dirəkləriylə bitmirdi. Azərbaycanla Türkiyəni bir-biri
üçün daha əlçatmaz edə biləcək ən
sərt tədbirlər görməkdən çəkinmirdilər.
Əvvələn, Kreml eyni köklü, eyni
qanlı, təxminən eyni dildə danışan Türkiyə
türkləri ilə azərbaycanlıların bir-birlərinə
məhəbbətlərindən agah idi. Digər
tərəfdən, bilirdilər ki, Azərbaycan siyasi
mühacirətinin başlıca simaları Türkiyədə
cəmləşib. Ondan da xəbərdar idilər ki,
alman əsirliyində olmuş və həbs ediləcəyi
hürküsünü gözü altına alaraq Vətənə
qayıtmaqdan çəkinən, eləcə də
qayıdacaqları təqdirdə mütləq həbsə
atılacaqlarını, bəlkə "vətən
xaini" damğası ilə ən ağır cəzaya
düçar olacaqlarını yəqin bilən
keçmiş azərbaycanlı legionerlərin bir çoxu da
məhz Türkiyəyə sığınıb.
Ona görə də Moskvanın Türkiyə ilə
bağlı hərbi və iqtisadi səciyyəli kəşfiyyat
məlumatları toplamaqla bərabər, siyasi mühacir və
legionerlərlə əlaqədar əllərinin
altındakı bilgiləri daim təzələməyə
ehtiyacı da vardı.
O əsr
başa çatmamış SSRİ də tar-mar oldu, bu mənfur
siyasət də aradan getdi, Azərbaycanda bir kəsi
pantürkist adlandıraraq ləkələyə bilmək kimi
çürük fitnəkarlıqlar da keçmişə
çökdü, hətta sabiq legionerlərə də xainlər
kimi baxılması vərdişi kənara atıldı,
güzəştli "bu da bir tale imiş"
düşüncəsiylə
mütəvazi yanaşma bərqərar
oldu.
Ancaq tarix də tarixliyində qalır. Və dünəni
aydın görmək və doğru dərk etməkçün
bu qapalı səhifələrə bələd olmaq da
lazımdır.
...1951-ci
ildə Azərbaycan Dövlət Təhlükəsizlik
Nazirliyi 2-ci şöbəsinin bilavasitə İran və
Türkiyə üzrə işləyən 6-cı bölməsinə
gənc Heydər Əliyev yenicə rəis təyin edilmişdi
və şöbəsinin xətti ilə Moskvaya göndəriləcək,
altında bir yığın başqa daha yuxarı
kürsülərdə əyləşən rəislərin
də imzası olan sənədlərin hamısını məhz
o hazırlamalı idi. Təbii ki, bu, bir
neçə qat məsuliyyət demək idi. Sənədlər elə hazırlanmalı idi ki, vəzifələrə
uyğun mərtəbə-mərtəbə imzalandıqca nə
buradakı rəislərdə hansısa narazılıq
yaratsın, nə də daha mühümü, Moskvada peşəkarlıq
baxımından hər hansı tərəddüd oyatsın.
Agentlərlə bağlı olan məlumat səciyyəli
arayışları hazırlamaq xüsusi çətinlik vəd
eləmirdi. Amma istənilən əməliyyatda
inandırıcı "hekayət"i qoşub düzmək,
ağıllı fəaliyyət planı tərtib etmək həmişə
qəlizdir və bu, yalnız peşəkar səriştələr
deyil, həm də yaradıcı istedad umur.
Heydər Əliyev bu işin ən misilsiz ustalarından
olmuşdu və ona xas yaradıcılıq qabiliyyəti və
araşdırıcılıq imkanları üstəgəl -
iti fəhm, mahiyyəti, cövhəri anındaca tuta bilmək
bacarığı daim onu seçdirmişdi.
Hər hansı əməliyyatla bağlı "hekayət"
uydurmaq və bunun yetərincə
inandırıcılığına, təbiiliyinə nail olmaqçün
gərək həm də bir qədər yazıçı
olasan, həm də ssenariçi olasan, həm də rejissor
olasan.
Üstünə
"Duel" yazılmış bu dördcildlik iş ki yeddi
onuillik əvvəl cərəyan etmiş hadisələrin mənzərələrini
dirildir, vərəq-vərəq çevrildikcə Heydər
Əliyevin elə gənclik çağlarından necə əhatəli
düşünən, necə çevik zəkalı, necə
hədəfə sarı dürüst yönəldən təxəyyül
sahibi olduğunu nişan verməkdədir.
Kim idi adı Moskvanın da kartotekalarında münasib
agent kimi keçən "Radist"?
1916-cı
il təvəllüdlü "Radist"in
atası İrandan Azərbaycana 1911-ci ildə çörəkpulu
ardınca gəlmişdi. 1930-cu ilədək
İran vətəndaşı kimi qalsa da, bir daha geri
qayıtmamışdı. "Radist" Astraxanbazarda
(indikin Cəlilabadda) təvəllüd tapmış, elə
orada 6 sinif bitirmişdi, hərbi xidmətə 1937-ci ildə
çağırılıb 1939-da tərxis olunsa da, 1941-1945
müharibəsi başlananda yenidən əsgər paltarı geyəsi olmuşdu.
1941-ci ilin avqustunda əsgər aparılmış,
radistlər kursunu bitirdikdən sonra (ona gizli adı da elə
buna işarəylə vermişdilər)
komandanlığın düşmənlə təmas xəttinə
yaxın hissələrdə tapşırıqlarını
yerinə yetirməkçün Krım cəbhəsinə
göndərilmişdi. Lakin tezliklə əsir
düşmüş və 1942-ci ildən 1945-ci ilə qədər
almanlarla işləmişdi. Onu 1943-cü ildə alman kəşfiyyat
orqanı "Seppelin"in kəşfiyyat məktəbini
bitirdikdən sonra 1943-cü ildə sovet ordusunun içərilərinə
atmaq nəzərdə tutulubmuş. Ancaq alman
ordusunun Şimali Qafqazdakı məğlubiyyətindən
sonra bu plan təxirə salınır və o, daxil olduğu
qrupla birlikdə "Zandberq SS düşərgəsi"nə
göndərilir.
1943-cü
ildə o, "Azərbaycan Milli Komitəsi"nin
seçiləcəyi konqresə sıravi bir deputat kimi yola
düşür. 1945-ci ilin aprelində həmin
qrupla birgə əvvəlcə İtaliyanın Verona şəhərinə
yola salınır.
Az sonra
oradan da Almaniyanın Qokendorf kəndinə gedərkən dəstədən
ayrı düşür, amerikanlara qoşulur və 1945-ci ildə
Sovet İttifaqına təhvil verilir.
Sovet
xüsusi xidmət orqanları ilə əməkdaşlığa
1945-ci ilin sentyabrından başlayır və əməkdaşlığa
cəlb edilərkən alman kəşfiyyatının bir
çox əməkdaşları haqqında dəqiq məlumatları
bölüşməklə yanaşı, milli legionların rəhbər
heyəti, eləcə də onunla kəşfiyyat məktəbində
oxumuş 150 nəfər haqqında məlumatlar verir. Onun məlumatları əsasında 50-dən
çox alman kəşfiyyatçısı ifşa edilir.
O, iradəli,
cəsur, qətiyyətli, möhkəm hafizəli bir şəxs
kimi xarakterizə olunurdu və sərhədin o tayına
atılmağına da razılıq vermişdi.
Xüsusi xidmətlərin hətta bu gün -
üstündən iri zaman adladığına görə
baxmağa icazə verilən işlərinin də qapalı
bir tərəfi, bəzən o idarənin içərisindəkilərin
belə axıracan agah olmadığı sirləri var.
B.Süleymanzadə
(ad şərtidir) doğruda
nmı
almanlara əsir düşmüşdü, ya əvvəldən
onun kəşfiyyatçı kimi hazırlanaraq məhz əsir
düşməsi, almanlarla əməkdaşlığa
razılıq verməsi nəzərdə tutulmuşdu?
Bu sualın cavabı araşdırdığım
qovluqlarda yoxdur. Söz yox, mövzunun bilavasitə
içində olan Heydər Əliyev bu gizlincdən bixəbər
deyilmiş.
Ehtimallarımın yaranması da səbəbsiz deyil. Mehdi Hüseynzadə də,
elə bu cavan kimi, cəbhəyə göndərilməzdən
əvvəl kəşfiyyat kurslarını keçmişdi,
cəbhəyə gedəndən az sonra o da əsir
düşmüşdü, o da orada almanların kəşfiyyat
məktəbini bitirmişdi və ola da bilsin ki, faşistlərin
arasında bu tərəfdən gələn müəyyən
gizli tapşırıqları da icra etmişdi və günlərin
birində kartların açılması qorxusu yarananda
qoşulmuşdu italyan və yuqoslav partizanlarına, həm sovetin, həm almanın kəşfiyyat məktəblərini
görmüş püxtə döyüşçü kimi qəhrəmanlıqlar
göstərərək "Mixaylo" kimi şöhrətlənmişdi.
Bunlar özülsüz fərziyyələr deyil. Mehdi
Hüseynzadənin almanların içərisinə
atılmış ən qabil kəşfiyyatçılardan
biri olmasını "Xatirələr və düşüncələr"
adlı memuarlarında marşal Georgi Konstantinoviç Jukov təsdiqləyirdi.
Yəqin, sovetin məqsədi bu imiş ki, göndərilən
agent orada özünü buradan qaçıb gedən kimi qələmə
versin, dindirmələrdən sonra Türkiyə kəşfiyyatı
ilə işləməyə razılıq versin.
Belə
hallar da az olmayıb ki, həm o, həm bu
kəşfiyyat bəlli bir adamın həm o, həm bu tərəfə
işlədiyini bilsə də, hər iki tərəfə sərf
edəcək həddə qədər belələrindən də
istifadəni mümkün saymışlar.
"Radist"
sərhədi necə keçir, orada onunla günlər, həftələr
boyu dindirmələr necə aparılır, təzədən
geriyə hansı tapşırıqlarla, necə
atılır, orada nələrin şahidi olur, kimlərlə
görüşür, gəlib burada orada başına gələnlərdən
nə danışır, - çoxhissəli maraqlı bir
filmin mövzusu olacaq qədər cəlbedicidir. Ancaq o uzun mətləb film olarsa seriallıq,
yazıyla yerli-yataqlı ifadə edilərsə bir kitablıq
genişlik istədiyindən müxtəsər olaraq indiki halda
vacib saydığımız bir neçə məqam üzərində
dayanırıq.
Baş
leytenant Heydər Əliyevin "Radist" üçün tərtib
etdiyi plan sanki detektiv süjetli, nəfəsdərmədən
baxılası film kimidir. "İş"də
həmin planın makinada çap olunmuş nüsxəsi ilə
yanaşı Heydər Əliyevin öz əlyazmasındakı
qaralaması da qalır. Səliqəli,
aydın xətti ilə qələmə aldığı bu
yazısında arada Heydər Əliyev hansısa sözləri,
ifadələri pozur, daha tutarlılarını əlavə
edir, əməliyyat layihəsindəki hər cizgini sonacan
cilalayır.
"Plan"a
yazılmış önsözdən aşkar olur ki, oxşar
işləri elə qarşı tərəf də
vaxtaşırı yerinə yetirmiş və sübutu da Azərbaycana
sərhəd boyunca son dövrdə atılmış bir
neçə dəstənin tutulması.
Bir neçə dəstə tutulsa da (onlar əsasən
elə azərbaycanlılardır, bəzilərinin adları
da işdə gözə dəyir), ələ keçməyənlər
də olurmuş və cildləri vərəqlədikcə onu
da hiss edirəm ki, çekistlər belə halların
varlığını istisna etmirlər.
Plana görə, "Radist" sərhədi gecə
vaxtı, Araz çayı üzərindən Ermənistan ərazisindən
keçməli idi. Cibində pasportu, hərbi bileti, bir az
sovet pulu, üstü qarmaqlı, yəni əvvəllər
qadın zinəti kimi istifadə edilmiş 4 qızıl
beşlik.
Heydər Əliyevin qurduğu və rəhbərliyin də
həm Bakıda, həm Moskvada bəyəndiyi hekayət
(ruscada bu termin adətən, "legenda" - "əfsanə"
kimi verilsə də, mən "hekayət"i daha məqbul
sayıram) belə idi ki, "Radist" sərhədi
keçincə zastavaya yaxınlaşmalı və elə etməlidir
ki, onu görüb nəzarətə götürsünlər.
Dindirmə zamanı SSRİ-dən qaçmasını
belə izah etməlidir ki, əsirlikdə olub, almanlara xidmət
edib, indi qorxur ki, onu da alman əsirliyindən sonra, Vətənə
qayıdan bir çox başqaları kimi, həbsə alarlar,
həmin səbəbdən də qaçmağa qərar verib.
Güman edilir ki, "Radist"i ilk dindirmədən
sonra sorğu-sualı davam etdirmək üçün MƏH-ə
- Milli Əmniyyət Hizmətinə təhvil verəcəklər.
Orada
"Radist"ə hansı suallar verilə bilər, onları
necə cavablandırmaq lazımdır ssenarisini də zabit Heydər
Əliyev ən kiçik ayrıntılarına qədər təsvir
edib.
Maraqlıdır ki, "Radist" bir müddət
Türkiyədə qaldıqdan sonra Azərbaycana qayıdanda
onunla yenə ilk olaraq Heydər Əliyev
görüşür. Sərhədin o tərəfinə keçəndən sonra orada
onun qarşısına hansı sualların qoyulduğunu,
"Radist"in bu suallara nə cavablar verdiyini, cavablardan
çıxaraq dindirənlərin əlavə hansı
sualları dilə gətirdiyini soruşur, bütün
bunların hamısını stenoqrafik hesabata çevirir. Heyrətlənirsən,
qarşı tərəfin verdiyi suallar bir yana,
həmin suallardan doğacaq əlavə sualları da Heydər
Əliyev anlaşılmaz bir bəsirətliliklə qabaqcadan
sezibmiş.
Məsələn, "Radist" deməli idi ki,
Bakıda Dağüstü parkda gecə gözətçisi
işləyir, gündüzlərsə xırda alverlə məşğul
olur, arada da qol saatlarının təmiri ilə
çax-çux edir.
Heydər Əliyevin zənninə görə,
"Radist"dən Bakıdakı məşhur saatsazlardan
kimləri tanıdığını xəbər almalı
idilər.
O isə
yalnız məşhurların deyil, lap az
tanınan ustaların da böyük bir dəstəsinin
adını çəkməli, inan
Necə fərz edilmişdisə, o təhər də
olur.
Heydər Əliyev əməliyyatın hekayətində
yazmışdı ki, sənin həqiqətən saatsaz
olduğunu müəyyənləşdirməkçün həmin
anlarda olmasa da, bir neçə gün sonra guya təsadüfən
hansısa qol saatını təmir adıyla verib nəticə
gözləyəcəklər.
Bu da irəlicədən necə
düşünülmüşdüsə, elə o cür də
olur.
"Səninlə orada - Almaniyada legionda olmuş, kəşfiyyat
məktəbində təlim görmüşlərin
adlarını soruşacaqlar. Burada vətən xaini kimi həbs olunmuşların
- Ziyad Muradxanovun, Gülhüseyn Hüseynovun, Şıxbala
Eyvazovun, Kamal Əlibəyovun, Qulam Hüseynovun, Zirəddin
Bağırovun, Əli Məlikovun, Cəfər Axundovun
adlarını çək, söylə ki, onların
başına gələnlərə şahid olandan sonra
qaçmağı qət etdim".
Soruşurlar, "Radist" də necə öyrədilmişdi,
elə o cür də cavab verir.
Bu adların hər birini öz kanalları ilə
araşdırsaydılar, görəcəkdilər ki, hər
birinin haqqında "Radist"in danışdıqları həqiqətdir
ki, var.
"Sənə
sərhədi necə keçməyi kim
öyrətdi" sualını da verəcəklər.
Dəqiq ad deməlisən: K.Yusifzadə" (ad şərtidir).
Bu, "Yupiter" adlı agent idi ki, o da alman əsirliyində,
legionda xidmətdə olmuşdu. Qarşı tərəfin
xüsusi xidmət orqanlarının buradakı adamları vasitəsilə
"Radist"in dindirmələrdə verdiyi məlumatların
hər hansı birini yoxlamaq cəhdi olarsa, onlar elə səmtə
yönəldilməli idi ki, məhz "Radist"in dedikləri
yüzfaizli təsdiqini tapsın.
Belə yoxlamaların, dəqiqləşdirmələrin
olacağı isə mütləq idi. Çünki
"Radist"i qarşı tərəfə onların istifadə
edə biləcəyi agent kimi sırımaq niyyət edilirdisə,
gərək o, hər yoxlamadan təmiz çıxa idi.
İşdi-şayəd,
kimsə nə şəkildəsə "Yupiter"i
arayıb tapsaydı (və onu Bakıda tapmaq elə çətin
bir iş deyildi), bir agent olaraq əvvəlcədən məlumatlandırılmış
olduğundan elə "Radist"in dediyini deyəcəkdi.
"Yupiter"
köhnə dostu "Radist"in sərhəddən
keçirilmə məsələsini guya vaxtilə Ermənistanda
yaşamış, 1949-cu ildə azərbaycanlılar oradan
çıxarılarkən Bakıya köçüb gəlmiş,
amma o tərəflərlə əlaqələri qalan qohumu
Q.Zeynalzadənin (ad şərtidir) üç min manat pul
müqabilində təşkil etdiyini bildirəcəkdi.
Nəzəri cəhətdən əgər Q.Zeynalzadənin
özü ilə kimsə danışsa,
qılığına girərək söz qopara bilsəydi, o
da nə lazımdır, onu deyəcəkdi. Çünki bu adam da həqiqətən Ermənistandan olan,
indi Bakıda məskunlaşmış bir şəxs idi, Araz
üzərindən o taya keçməyin də bütün
mümkün yollarına beş barmağı kimi bələd
idi və həm də bir DTN agenti idi ki, ləqəbi
"Şahsabahlı".
Yəni bütün detallar elə incəliklə, elə
sahmanlı sıralanmışdı ki, sonra əl altından
"Radist"in bir silsilə məlumatlarını yoxlayan
Türkiyə tərəfin kəşfiyyatı əmma
qoyulası məqam tapmamışdı və o səbəbdən
də qərara almışdı ki, bu adamdan öz agenti kimi
yararlana bilər.
Türkiyədə olan Azərbaycan siyasi mühacirətinin
təmsilçilərinin də əksəri "Radist"i
şəxsən tanıdıqlarından onunla bağlı
orada aparılan araşdırmalar müsbət nəticə
verəcəkdi, ondan istifadə edilməsi qərarına gəlinəcəkdi.
Bu müfəssəl
"hekayət"i mütaliə etdikcə əmin olursan ki,
Heydər Əliyev cavan yaşında artıq həm Avropada, həm
İran və Türkiyədəki siyasi mühacirətimizin,
demək olar ki, bütün nümayəndələri haqda
geniş təsəvvürə və biliyə malikmiş. Çünki bilməsəydi, belə bir sanballı
plan da tərtib edə bilməzdi. Həmin
məlumatları o dövrdə ala bilməyin yeganə
qaynağı isə elə Təhlükəsizlik Nazirliyinin
arxivi idi. Həmin qapalı sənədlərə
də gənc əməkdaş kimi Heydər Əliyevin yolu təzəcə
açılmışdı.
Baxın ki, bu geniş və dərin bilikləri qazana
bilmək, qafasına zəruri informasiyaları, faylları bir
kompüterə yükləyən kimi, yığa bilmək
üçün o, hər gün usanmadan, yorulmadan, bezmədən
neçə saat çalışırmış.
"Radist" xaricə keçəcəyini, təbii
ki, ailəsinə də deməməli idi. O ərəfədə hərbi
komissarlıqdan çağırış gəlməli idi
ki, Qazaxıstana 6 aylıq radiorabitəçilər kursuna
göndərilirsiniz. "Radist" də ailəsinə
bildirməliydi ki, bəs bu, çox sərfəli bir ezamiyyətdir,
ayda 1.500 manat da təqaüd veriləsidir ki, onu da sizə
göndərəcəm.
Bu təfərrüatlar da əhatəli "hekayət"in
inandırıcı bəndləri arasında öz yerini
almışdı.
1951-ci il dekabrın 26-dan 27-nə keçən gecə,
saat 4-də "Radist" rezin qayıqla Arazı üzüb
keçir, sərhədçilərə təslim olur.
Onu
Ərzurumda xəstə əsgər adı ilə xüsusi nəzarət
altında bir palatada yerləşdirirlər və 4 ay ərzində, demək
olar ki, onunla hər gün dindirmələr aparılır. Adətən də gecə saatlarında.
Bu işi vərəqlədikcə o vaxt sovetin dili ilə
düşmən kimi təqdim edilmiş, indi isə müasir
milli tariximizin bilinməli səhifələri, yadda
saxlanmalı bir silsilə adları da qarşımıza
çıxır.
"Radist"in
Türkiyədə olarkən görüşdüyü
adamlardan biri 1895-ci il təvəllüdlü, AXC dönəmində
Gəncə və Ağdaşın pristavı olmuş,
1930-cu illərdə öz silahlı dəstələrini
yaradaraq sovet hökumətinə qarşı
qaçaqçılıq etmiş, sonra isə
qardaşları və bir dəstə silahdaşı ilə
Türkiyəyə mühacirət etmiş Qiyas bəy Cahandar
bəy oğlu Şıxlinski idi. 1946-cı ilə aid məlumatlardan
üzə çıxır ki, Qiyas bəyin İqdır kəşfiyyat
məntəqəsinin rəisi Hüsni bəylə çox
sıcaq münasibətləri varmış
və Azərbaycanda antisovet gizli fəaliyyətin təşkili
səmtində birgə iş aparırlarmış.
Bunları istiqlal tariximiz üçün əhəmiyyət
daşıyan soraqlar kimi açıram ki, bu həqiqət də
bilinsin - millətimiz heç zaman müti olmayıb, sovetin ən
qəddar zamanlarında da müstəqilliyimizin bir gün yenə
qayıdacağına, üçrəngli
bayrağımızın təzədən ucalacağına
inamla fədakar mübarizələrini davam etdirib.
Bu cildlərdə
milliyyətcə kürd olan, 1900-cü il təvəllüdlü,
1917-ci ilin 17 iyununda başının 499 nəfərlik dəstəsi
ilə İrandan SSRİ-yə keçmiş, məsləkdaşları
ilə birlikdə Özbəkistanda yaşayan Şeyx Məhəmməd
oğlu Molla Mustafa Bərzaninin də adı keçir. Ona görə xatırlayıram ki, 1946-cı ilin
dekabrında Cənubi Azərbaycanda Milli Hökumət şah
qüvvələri tərəfindən amansızlıqla
devrilərkən həmin bu Molla Mustafa İranın hökumət
qoşunlarına mərdliklə müqavimət göstərib.
...1952-ci il aprelin 23-də "Radist"i əsgər
geyimində örtülü maşında bir neçə
yüksək çinli xüsusi xidmət əməkdaşının
müşayiəti ilə Ərzurum şəhərindən
Qarsa, oradan da Şahnair sərhəd batalyonunun qərargahına
gətirirlər. Aprelin 24-də o, SSRİ-də yerinə
yetirməli olduğu xüsusi tapşırıqla
Qızılçakçak rotasının qərargahına
göndərilir, oradan da Mehmedabad sərhəd postuna
aparılır və qaranlıq düşəndən sonra
libası dəyişdirilir, mülki geyimdə "Radist"
sovet ərazisinə atılır.
Ona tapşırıq verilmişdi ki, Azərbaycandakı
hərbi hissələrin sayı və harada yerləşməsi,
hərbi hissələrin adları və nömrələri,
onların komandirləri haqqında məlumatlar toplasın. Tapşırıq
vermişdilər ki, növbəti dəfə qayıdanda
özü ilə iranlı siyasi mühacirlərin qəzetlərinin
bir neçə nömrəsini götürsün və
keçmiş müsavatçılardan kimisə özü
ilə bu tərəfə gətirməyə nail olmağa
çalışsın.
Heydər
Əliyevin "Radist"in gördüyü işlər haqda
hesabatları ilə tanış olandan
sonra 1953-cü il yanvarın 23-də SSRİ DTN-dən
Bakıya bu agentdən istifadənin yeni mərhələsi ilə
bağlı məktub gəlir.
1955-ci il iyunun 10-da "Radist" Türkiyəyə
təkrarən göndərilişi ilə bağlı Moskvaya
dəvət edilir.
Və Moskvadan artıq başqa təxəllüslə -
"Volqin" kimi qayıdır.
1955-ci il oktyabrın 21-də yenidən atılır
Türkiyəyə.
1955-ci ilin 28 oktyabrından etibarən onu mütəmadi
danışdırırlar. Dindirmələr
1955-ci ilin son dekabr günlərində bitir.
1956-cı
il iyunun 12-dən 13-nə keçən gecə
"Volqin" sərhədi növbəti dəfə pozur. Bu dəfə Türkiyədən Azərbaycana
keçir.
Bundan əvvəlsə o, İstanbulda olmuşdu,
Türkiyə və Amerika kəşfiyyatları ona SSRİ-də
yerinə yetirməli olduğu tapşırıqların
siyahısını təqdim etmişdi.
O səliqə
ki bu cildlərdəki sənədlərdə 1952-1953-cü
illərdə var, 1954-1955-ci illərdəkində yoxdur.
Çünki 1954-1955-ci illər bu qurumda Heydər
Əliyevə qarşı təqiblərin
başlandığı dövr idi, məqsədləri də
onun axırına çıxmaqdı.
Ancaq bacarmırlar. Heydər Əliyev yenə qayıdır,
yenə yüksəliş pillələri ilə ucalmağa
başlayır.
Bu cildlərdə
yer alan - Moskvadan mövzu ilə
bağlı göndərilən xidməti yazışmalarda
altda generalların imzalarıdır.
Bu, görülməli işə Mərkəzin diqqətinin
səviyyə göstəricisidir.
Bakıdan göndərilən cavabların ən
mühümlərinin icraçısı baş leytenant Heydər
Əliyev.
Bu da cavan
bir insanın yaşından qabağa gedərək hansı
öncül, aparıcı səviyyəyə
çatmasının göstəricisi!
...Bu
qovluqlar ki açıram, bu cildlər ki vərəqləyirəm,
onları məndən əvvəl dönə-dönə
açıblar, baxıblar, hələ üstəlik bu cildlərdən
bir dərs vəsaiti, bir ülgü kimi yararlanıblar. Amma bütün bunlar hansısa kitabxanada, qiraətxanada
deyil, bəlli idarənin kənar adamların yol tapması
müşkül olan sükutlu divarlarının arasında
baş verib. Həmin cildlər 70 il əvvəlin
yadigarı olsa da, hələ də üstündən məxfilik
möhürü silinməyib, indiyədək qıraq gözlərə
görünmədən qalmaqdadırlar.
Dövlət
təhlükəsizliyi şəbəkəsində
çalışan daha yaşlılar bu cildləri
heyranlıqla vərəqlədikcə daha cavanlara "öyrənin, belə
olmağa alışın" öyüdünü veriblər.
Ancaq belə olmaq nə dildə deyildiyi qədər asandır, nə də bir insanın ən inadcıl canatmalarından axıracan asılıdır.
Heydər Əliyevin bir vaxtlar yerinə yetirdiyi işlərdən indi bir dərslik kimi bəhrələnmək olar. Amma onlardan dərs alaraq yeni nəsə edə bilməkçün həm də gərək səndə o böyük şəxsiyyətə xas xüsusiyyətlərdən izlər, işartılar ola.
Yəni gərək sənin də payına lap əzəldən, Heydər Əliyevdə olan sayaq, Allahın bəxş etdiyi parlaq istedad işığı, qabiliyyət, fəhm düşə.
Sonra - miqyaslı düşüncə, dərin təfəkkür.
Sonra - fədakar zəhmətsevərlik.
Sonra - qulpundan yapışdığın işə sonsuz sevgi.
Sonra - tutduğun yolda ardıcıllıq, qətiyyət, əzm, iradə!
Onun kimi ola bilmək çox çətindir.
Ya bəlkə elə olmaqçün məhz o
cür, o keyfiyyətlərlə birgə doğulmaq gərəkdir?!
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023- 11 fevral.- S.10-11