Mənim televiziyam
Bir neçə gündən sonra 67 yaşı olacaq Milli
Televiziya günüdür. İstədim mən də
yazım onun haqqında. Lakin bu günün
televiziyalarından yox, içində böyüdüyüm,
insanların verilişlərini səbirsizliklə gözləyən,
Moskva adlı mərkəzə tabe olsa da, öz milli
simasını qoruyub saxlaya bilən, dövrün tələblərini,
qadağalarını bilsə də, öz tarixini, kimliyini əks
etdirən, unikal tamaşalar
yaradan, fədakar, bacarıqlı, yaradıcı kollektivi olan,
zamanın ağır keşməkeşlərini yaşayan,
televiziyadan və qapıları arxasında qalan iyirmi ilin xatirələrindən
yazım. Özü də çox istədim yazım...
Hələ adını bilmədiyim o kiçik qutu ilə
tanışlığım özümün də kiçik
olduğu vaxtlara söykənir, daha dəqiq 60-cı illərin
əvvəllərinə. O zaman bu kiçik qutu əksər
evlərin bir üzvünə çevrildi. Adına
televizor deyilən dördkünc, üzü şüşəli
bu əşyanın arxasından biz kiçiklər cizgi filmlərinə
baxardıq və bizi başqa heç nə
maraqlandırmazdı. İllər keçdi... Beş, ya altıncı sinifdə oxuyurdum. Dərslərin birində sinfə orta yaşlı,
qalın bığları olan bir nəfər daxil oldu. Dedilər ki, televiziyadan gəlib, rejissordur, məktəblilər
üçün bir tamaşa hazırlanır və həmin
tamaşadakı obrazlar üçün şagirdlərdən
seçəcəklər. Sinifdə
uşaq çox idi. Rejissora dörd nəfər
lazım idi - üç qız, bir oğlan. Və seçilən üç qızdan biri mən
oldum. Xırdalıqlara varmaq istəmirəm.
Xeyli müddət bizimlə məşqlər
keçdilər, hazırlıqlar bitdi və biz məktəblilər
canlı efirdə tamaşanı təqdim etdik. Oyunumuz o
qədər xoşa gəldi ki, bizim
iştirakımızla daha bir kiçik tamaşa da
hazırlandı. Bu, mənim televiziya ilə ilk
tanışlığım oldu. Bilmirəm
gördüklərimin təsirindənmi idi sonralar əlimə
keçən nə olurdusa, onu mikrofon kimi tutub
yaşıdım olan qohumlardan guya müsahibə
götürürmüş kimi suallar verirdim, onlar da məmnuniyyətlə
cavablandırırdı. Və sonra
bu da unudulub getdi. Yenə də illər keçdi... Məktəbi
bitirdim, ali məktəbə qəbul cəhdlərim
bir neçə il uğursuz alındı. Sonda o zaman ali təhsil
ocaqları içində yeganə olan universitetin (indiki BDU)
axşam şöbəsinə daxil oldum və qaydalara görə mütləq
işləmək lazım idi. Atamın yaxın dostu televiziyada
sədr müavini idi
o zaman - İsa Məmmədov. Atamın
xahişi və dostunun köməkliyi ilə televiziyada texniki
bir şöbəyə işə qəbul olundum. Humanitar fakültədə oxusam da, həmin
şöbədə yazı-pozu işində
çalışırdım, fəal ictimaiyyətçi,
aktiv komsomolçu idim. Hətta komsomol
komitəsi katibinin müavini pilləsinə qədər
ucalmışdım da. Vədə tamam olub diplomumu
alandan sonra texniki şöbənin rəhbərliyi mənə
bildirdi ki, təhsilini başa vurdun, indi də get, ixtisasın
üzrə işlə, bizim mütəxəssisimizin yerini təhvil
ver. Vəziyyət get-gedə gərginləşirdi və mənə
məsləhət gördülər ki, sədrin qəbuluna
gedim. Həm tərəddüd içində
idim, həm də utanırdım. Lakin
sonda canımı dişimə tutub qəbula getdim. Çəkinə-çəkinə vəziyyəti
ona izah etdim və sözümü bitirəndən sonra sanki
çiynimdən ağır bir yük düşdü.
Sözümü kəsmədən diqqətlə məni dinləyən
sədr bircə sual verdi:
"Yazdığın nəsə var?" Həmin
ərəfələrdə radionun "Gənclik"
redaksiyasında bir süjetim getmişdi - "Məzun və
iş yeri" adında. Bunu deyib, susdum. Gülümsəyib dedi ki, bir ay gözlə,
səni redaksiyaya keçirəcəyəm. Və
dediyi kimi də etdi, bir aydan sonra televiziyanın Uşaqlar
üçün proqram baş redaksiyasında kiçik
redaktor kimi fəaliyyətə başladım. Bu həmin
redaksiya idi ki, illər öncə məktəbli bir qıza
hazırladığı tamaşada manqa rəhbəri rolunu
tapşırmışdı və mən həmin tamaşadan
yadımda qalan rejissor Aydın İmanovla bir neçə il birlikdə işlədim. Və beləcə,
hər zaman böyük minnətdarlıq hissi ilə yad
etdiyim, bu gün tək yoxluğuna deyil, onunla bir müsahibə
hazırlaya bilmədiyim üçün təəssüfləndiyim,
professional televiziyaçı Elşad Quliyev mənim üçün tək
bütün peşələrin fövqündə duran
jurnalistikanın qapısını deyil, bu qapının
arxasında olan televiziya adlı sehrli bir dünyaya da yol
açdı. Və anladım ki, heç də
asan bir yol deyil. Nə təsəvvürüm
vardı, nə də məlumatım. Bildiyim
o idi ki, nəsə yaza bilirəm, amma bu da əsas deyildi.
Öyrənmək lazım idi və mən bir
ay müşahidə edə-edə öyrənməyə
başladım. Səyyar çəkilişlərdən
tutmuş studiya verilişlərinə qədər nə
vardısa hamısını izləyirdim, iştirak edirdim.
Lakin mənə bir iş tapşıran yox idi. Bundan
sıxılaraq baş redaktora bildirdim ki, bu redaksiyada mən də
varam. O zaman məktəblilər üçün
"Yelkən" adlı bir veriliş vardı. Həmin
veriliş üçün mənə beş
dəqiqəlik süjet hazırlamağı
tapşırdılar. Yay tətili
mövsümü idi, Sumqayıtda bir məktəbin şagirdləri
tətil olmasına baxmayaraq, məktəbyanı sahədə
bostan salmışdılar və həvəslə günlərinin
bir hissəsini orada keçirirdilər. Bu,
mənim ilk çəkilişim oldu. Süjeti
hazırlayıb verdim, şöbə müdiri mətni oxuyana
qədər gözümü onun əlindən çəkmədim.
Qələmlə yazıya əl gəzdirəndə
həyəcandan boğulurdum. Nəticədə
məlum oldu ki, yazdığım mətn redaktəyə məruz
qalmayıb. Və beləcə, bu yola vizit
kartımı aldım.
Televiziya jurnalistikası çox fərqli, çətin,
maraqlı və daha məsuliyyətli sahədir, hərçənd
ki, bu günün televiziyaları bu cəhətləri demək
olar ki, sıradan çıxarıb. Bəli, dövr elə
idi ki, senzura kəsərli idi, sözü yüz ölçəndən
sonra yazmalı idin, heç kəs efirdən əvvəlki
baxışdan sonra verilişinin hansısa hissəsinin
çıxarılmasını istəmirdi, var gücü ilə
çalışırdı. Televiziyada
vizual təsvir var və yazılan mətn
görüntünü təkrarlamamalıdır,
sözçülük nisbətən geri çəkilməlidir.
Televiziya jurnalistikasında təcrübə ən
önəmlidir, mətn yazmaq hər şey demək deyil.
O zaman bizlər fərqli nələrsə etməyə
çox maraqlı idik və edirdik də. Hələ ki xalqa
xidmət edən tək bir televiziya var idi və etiraf etmək
lazımdır ki, keyfiyyətli, məzmunlu, maarifləndirici, əyləncəli,
musiqili, ədəbi-dram verilişlərinin
hamısında efir mədəniyyətinə irad tutmaq
mümkün deyildi. Televiziya o rəhbəri
sevir ki, onun bütün incəliklərini bilir,
qayğısına qalmağı bacarır, yeri gələndə
nazı ilə də oynayır, onu öz zövqünə,
istəyinə görə formalaşdırmır. Televiziyanın gözəllik adlı bir imici var və
bu imici ona rəhbərlik edən kəs qorumağı
bacarmalıdır. Dövlət televiziyasında altı
sədrin - Qurban Yusifzadə, Elşad Quliyev, Qeysər Xəlilov,
Məmməd Murad, Məmməd İsmayıl, Babək
Hüseynovun rəhbərliyi dövründə
çalışmaq qismətimə düşüb. Artıq
böyük redaktor vəzifəsində idim və cəsarətlə
deyə bilərəm ki, müstəqillik dönəmində onlardan ikisinə - Elşad Quliyevə
və Məmməd Murada imkan verilsəydi, yaddaqalan nailiyyətlər
qazanmaq olardı. O zaman televiziyada elə bir nəsil
çalışırdı ki, həqiqətən bu ad
uğruna hər şeyə hazır idi, çünki
professionallar ordusu böyük idi. Bax, elə ona
görə də həmin professionallardır ki, indi
insanların efirlərdən gördüyü xaosla
barışa bilmir.
1988-ci ildən ölkədə dəyişməyə
başlayan ab-hava televiziyanın gündəmini təbii ki, dəyişdi. Nə qədər
mərkəzə bağlı olsa da, televiziya xalqın
yanında oldu. Meydan hadisələrindən
bir gün belə uzaqda qalmadıq, orada səhərə qədər
qalan vaxtımız da oldu. Təəssüf ki, o zaman
böyük bir kütləni idarə edənlər
insanları televiziyaya qarşı çox qaldırmağa
çalışırdı və buna nail də ola bilirdi. Dəfələrlə
televiziyanın qarşısına hücum edərək gələnləri,
istər rəhbərlik olsun, istər biz jurnalistlər, təmkinlə
qarşılayıb, sakitliklə yola salmağı
bacarmışıq.
19 yanvar 1990-cı il, saat 19:27... Bu o zaman televiziyada fəhlədən tutmuş rəhbərliyə qədər hamımız üçün gözlənilməyən qədər böyük bir faciə oldu. Televiziyanın enerji bloku partladıldı, ölkə informasiya blokadasına salındı. Ertəsi günü qanlı 20 Yanvar qırğını törədildi. Yenə də fədakar jurnalistlər, qorxu bilməyən operatorlar öz işlərindən geri qalmadı, çünki onları televiziyaya olan məhəbbəti, sadiqliyi xalqdan ayrı sala biməzdi. Bir neçə gündən sonra fəlakət nisbətən aradan qaldırıldı, televiziya işinə başladı, çox ağır günlər yaşadı və bunlar hamısı tarixə çevrildi. Lakin o zaman televiziyada sədr müavini olan, ziyalı insan Nahid Hacızadənin otağında həmin partlayış heç vaxt unudulmadı. İş otağındakı saatın əqrəbləri 19 yanvar 1990-cı ildə 19:27 dəqiqənin üzərində donaraq qalmışdı və Nahid müəllim o saatı heç vaxt işə salınmağa qoymadı.
... Xalq Cəbhəsi hakimiyyətə gəldi və təbii ki, ilk təyinatlardan biri televiziyanın yeni rəhbərliyi oldu. Əslində, yeni sədr Məmməd İsmayıl televiziyaya bələd bir insan idi. 60-cı illərin sonu 70-ci illərin əvvəllərində burada şöbə müdiri vəzifəsinə qədər ucala bilmişdi. O, televiziyanı öz zövqünə uyğun görə bildi və bunu insanlara da bir növ məcburi sevdirməyə çalışdı. İnsanlar arasında narazılıqlar yaranmağa başladı və get-gedə artdı da. O zaman yeniyetmələr üçün "Dan ulduzu" adlı bir müəllif verilişim vardı. On nəfərə qədər məktəblini televiziyaya dəvət edib studiyanın rejissor pultundan bir süjet hazırladım. Onların televiziya haqqında fikirlərini öyrənməyə çalışdım. Uşaqlar da sağ olsun nəyi var tənqid elədilər televiziyanı. Veriliş hazırlandı, efirə getdi. Səhəri günü redaksiyanın rəhbərliyi sədrin otağına dəvət olundu. Orada nə danışılıb bilmədim. Bildiyim o oldu ki, həmin süjetə görə üç ay efirdən uzaqlaşdırıldım. Qəhrəmanlığımın aqibəti belə oldu...
Televiziya elə bir dünyadır ki, onun sevgisindən qurtulmaq mümkün deyil. Və sonralar ard-arda dəyişən rəhbərlərin apardıqları islahatlar ürəkaçan olmasa da, oradan uzaqlaşanlar bu dünyanı hələ də özünə doğma bilir.
Artıq özəl kanalların bolluğu olan bir
dövrdəyik. Demokratiya və söz azadlığı
yaşayırıq. Texnologiya, informatika o qədər
inkişaf edib ki, artıq televiziyanı kölgədə qoya
bilib. Bununla belə, televiziya var və
olacaq. Amma nə yazıq ki, bu gün özəl
kanalların əksəriyyətində televiziya üçün ən
vacib və önəmli olan efir mədəniyyəti adlı
anlayış yoxdur. Sanki heç kəs yenilik
etmək istəmir, tamaşaçı isə kanallarda adı
fərqli, məzmunu eyni verilişlərə baxmaq məcburiyyətindədir.
Bu günün efir məkanı bir-birini təhqir edən, alçaldan, əlbəyaxa savaşa çıxan iştirakçıların, aparıcılıq anlayışı olmayanların sosial verilişlərlə tamaşaçı qarşısına çıxaraq ağlına nə gəldi danışanların, verilişə qonaq qismində dəvət edənləri lağa qoyanların və bununla fəxr edənlərin yarış meydanına çevrilib. Və əyləncəli estrada mənasını verən şou özündə daşıdığı mənadan başqa hər şeyə yer verib. Nəticədə nə məsuliyyət daşıyan var, nə də cəza alan. Qeyri-təvazökarlıq kimi səslənsə də, mən professional televiziya məktəbi keçən bir jurnalist kimi görürəm ki, sosial şəbəkələr üstələdikcə, televiziya liderliyi əldən verir. İnsanlar istədiyi məlumatı anındaca sosial şəbəkələrdən ala bilir. Onların bilib əldə etdiyi xəbəri isə televiziya bir neçə saatdan sonra verir. İnsanlar üçün sosial şəbəkə daha rahatdır, çünki televiziyada öz işini görən redaktor əli, subyektiv yanaşma burada yoxdur. Xoşlamadığı bir adamın üzünə televiziya qapalıdırsa, sosial şəbəkə hamının üzünə açıqdır. Amma televiziya hamımızın bir ailə üzvü olaraq yenə də qalmaqdadır. Haqq üçün demək lazımdır ki, bu günün teleməkanında savadlı aparıcılar var, professional jurnalistlər də yetişir və bu da çox sevindiricidir. Çox istərdim ki, onların arasından vəsiyyətilə məzardaşına "Televiziya mənim məhəbbətimdir" sözlərini həkk etdirən Elşad Quliyev kimi televiziya rəhbərləri yetişsin.
Ömrümün iyirmi ilinə yol yoldaşlığı edən, hələ də mənə doğma olan televiziya, ad günün mübarək!
Tamilla M-zadə
525-ci qəzet.- 2023- 11 fevral.- S.13.