Nostradamusun görücülüyü
və bu günümüz
Mişel
Nostradamusun külliyyatını
ilk dəfə Azərbaycan
dilində oxuculara təqdim etdiyim "Nostradamusun möcüzəli
aləmi" kitabımın
(Bakı, "Təhsil",
2007, 760 səh.) çapından
cəmisi 15 il keçməsinə baxmayaraq,
görücünün bəhs
etdiyi, lakin açılmasına ehtiyac
duyulan xeyli sayda əlamətdar hadisələr baş verib.
Buraya
"İlham Əliyev
haqqında Nostradamusun
görücülüyü", "Qarabağ müharibəsi",
"Azərbaycan-Ermənistan münasibətləri", "Rusiyanın Ukraynaya təcavüzü", "Putinin
hakimiyyəti dövründə
çoxlu qan tökməsi", "İngiltərənin
Avropa Birliyini tərk etməsi",
"Balkanlarda Xorvatiya
ilə Serbiya arasında gərginlik və səbəbkarlar",
eləcə də çağdaş həyatımızda
baş verən digər hadisələr daxildir.
Deyilənləri və oxucuların arzusunu nəzərə alaraq kitab üzərində
yenidən işləmək
qərarına gəldim. Keçmişlə bağlı olan, o qədər də maraq doğurmayan katrenləri kitaba daxil etməyəcəyik.
Bununla belə, tarixdə xüsusi əhəmiyyət
kəsb edən hadisələr və şəxsiyyətlərlə bağlı
katrenləri saxlamağı
planlaşdırdıq. Tarix ibrət məktəbidir.
İnsanlar ondan faydalana
bilərlər. İndilikdə 20 ildən çox abunəçisi olduğum
"525-ci qəzet"də Nostradamusun görücülüyü
ilə bağlı silsilə yazılar verməyi, bəzi məqamları oxucuların
nəzərinə çatdırmağı
münasib bildim.
Bütün zamanların ən
görkəmli görücüsü,
XVI əsrdə yaşamış
müstəsna şəxsiyyət
Mişel Nostradamus (1503-1566) həm zəmanəsində,
həm də çox-çox sonralar dünyada labüd olaraq baş verəcək əlamətdar
hadisələri qabaqcadan
görmüş və
gördüyünü bəyan
edərək gələcək
nəsillərə əmanət
qoymuşdur. Görücünün dahiyanəliklə bəyan etdikləri vaxtı çatdıqca möcüzəli şəkildə
yerinə yetmiş və gerçəkləşməkdə
davam edir. O, digər görücülərdən
fərqli olaraq nəinki baş verəcək əlamətdar
hadisələri, onların
vaxtını, hətta
özündən əsrlərlə
sonra dünyaya gələcək bəzi tarixi simaların adlarını və hakimiyyət müddətini
də tam dəqiqliyi ilə göstərmişdir.
Nostradamusun minə qədər katrendə (dördlük)
bəyan etdiklərindən
bir neçəsini oxucuların diqqətinə
çatdırıram.
Görücü Napoleonun hakimiyyətinin
14 il çəkəcəyini
(7 k 13), quduzluq və qara yara peyvəndlərini
kəşf edən Pasteri yarımallah adlandıracaqlarını (1 k 25), Fransada De Qoll adlı birisinin üç dəfə rəhbər seçiləcəyini
(9 k 33), Almaniyada dili əlində cida olan dəlidən daha qorxulu olan
Hitlerin 11 il hakimiyyətdə olacağını,
çox qanlar tökəcəyini, axırda
ordusunun da, özünün də məhv olacağını
(5 k 29), onun başına
nə gələcəyini
heç kimin bilməyəcəyini (3 k 58), İspaniyada
Riveradan sonra hakimiyyətə Frankonun gələcəyini (9 k 16), o, Böyük
Britaniyanın (3 k 70), ABŞ dövlətinin yaranacağını
(1 k 50), Putinin doqquz il əmin-amanlıqla hökmranlıq edəcəyini,
sonra onda qan tökməyə hərislik baş qaldıracağını, onun
ucbatından böyük
xalqın məhv olacağını, özündən
daha çox tanınmış şəxs
tərəfindən öldürüləcəyini
(2 k 9), eləcə də
70 dövlətin müharibəyə
girişməsi ilə
III Dünya müharibəsinin
başlayacağını (1 k 15) və s. göstərmişdir.
Şübhə etmirəm ki, Nostradamusun "Şərq
səltənəti" adlandırdığı
Sovet İttifaqı ilə bağlı dedikləri azərbaycanlı
oxucular üçün
də maraqlı olacaqdır. Görücü 27 iyun 1557-ci ildə
Fransa kralı II Henriyə, əslində gələcək nəsillərə
ünvanladığı "Açıqlama"da yazmışdır:
"Oktyabr ayında böyük inqilab olacaq. Çoxları deyəcəklər ki, bu, indiyə
qədər baş vermiş inqilabların ən dəhşətlisidir.
Sanki həyat məhvərindən çıxacaq.
Yer üzünü zülmət bürüyəcək...
Krallıqlar məhv olacaq.
Bütün bunlar Yeni Babilistanın meydana gəlməsinə,
iyrənc əxlaqsızlığa,
çox pis mənəvi düşkünlüyə
gətirib çıxaracaqdır...
Kilsələrdə, məscidlərdə,
ibadətgahlarda elə
oyunlar çıxaracaqlar
ki, gözdən və əldən məhrum olmuş qırmızılar da, ağlar da bunun
dəhşətli nəticələrini
görə bilməyəcəklər...
Heç kim
tarla və evlərin həqiqi sahiblərindən neçə
nəfərin sağ qalacağını müəyyən
edə bilməyəcək.
Onlar törətdikləri
cinayətlərə görə
cəzadan qurtara bilməyəcəklər. 73 il 7
ay davam edən hakimiyyət əllərindən
alınacaqdır" (Bax:
Nostradamusun möcüzəli
aləmi. "Təhsil", 2007, s.721).
Burada bizim üçün anlaşılmayan
bir şey yoxdur. "Krallıqlar dağılacaq"
məfhumu altında
"ölkələr müstəqilliyini
itirəcək və
SSRİ yaranacaq", "Yeni
Babilistan - çoxmillətli
materialist sovet dövləti",
"Şərq səltənəti"
- "sovetlər ölkəsi"
mənasında işlənmişdir.
Adamı heyrətə gətirən
odur ki, görücü sanki müasirimiz olub. Bizimlə bərabər
bu ağrılı-acılı
olayları yaşayıb,
müşahidə edib.
Nostradamus Sovet hakimiyyətinin
73 il 7 ay çəkəcəyini də
peyğəmbərcəsinə, tam dəqiqliyi ilə göstərmişdir. 27 oktyabr
1917-ci il (köhnə təqvimlə)
tarixdən 1991-ci ilin avqustuna qədər olan vaxtı nəzərə alsaq, düz 73 il 7 ay edir.
Əsrlərlə adı əfsanəyə çevrilən, dünyanın
möcüzə şəxsiyyəti
Nostradamusun Azərbaycanla
bağlı katrenlərinin
olub-olmaması da maraq doğurur.
Oxucunu intizarda
saxlamadan deyim ki, görücünün
Azərbaycanla bağlı
bir neçə katreni (dördlüyü)
vardır. Bu katrenlərdə
Nostradamusun dövründən
tutmuş zəmanəmizə
qədər baş verən tarixi hadisələrdən və
tarixi şəxsiyyətlərdən
söz açılır.
Onlardan dördü
bu günümüzlə
- ikisi Qarabağ müharibəsi ilə, ikisi isə Ulu öndərimiz və Prezident İlham Əliyevlə bağlıdır.
Günümüzdə baş verən Rusiya-Ukrayna müharibəsi, Putinin qan tökməyə hərisliyi, İngiltərənin Avropa
Birliyini tərk etməsi, Serbiya-Kosovo problemi və sairə kimi Nostradamusun görücülüyündə
öz əksini tapan hadisələrdən
də söz açacağıq. Lakin bu dəfə Qarabağ müharibəsindən bəhs
edən katrenlərdən
bəhs edəcəyik.
Senturiya
5, katren 91-də (5 k 91) Nostradamus göstərmişdir:
Mars Şir bürcündə,
Saturn isə Dolça
bürcündə olanda
Yüngül silahlı Alban silahlı dəstəsini görəndə
təəccüblənəcəkdir.
Hər şeydən əvvəl onu deyək ki, Mars Şir bürcündə, Saturn isə
Dolça bürcündə
1993-cü il aprelin 27-dən iyunun 23-nə
qədər olub. 4-cü sətirdə qədim romalıların
"Albanois" adlandırdıqları
Azrbaycanla Ermənistan
arasında 1993-cü ilin
aprel-iyun aylarında baş verən müharibədən bəhs
edilir.
Nostradamus azərbaycanlıların yüngül silahla silahlandıqlarını da
əsrlərlə öncə
görüb.
Yeri gəlmişkən, nostradamusşünas
Bardo Kidoqo bu katrendə Azərbaycanla bağlı
maraqlı fikir irəli sürüb:
"Albaniya deyəndə
nədənsə insanlar
Balkanları göz önünə gətirirlər.
Bu təsəvvür düz deyil. Əslində qədim tarix də, Nostradamus da buna işarə
edir ki, Albaniya Qafqaz və İran arasında indi Azərbaycan kimi tanınan ərazidir"
(Bax: Bardo Kidaqo. Nostradamus. London, 1994, s.32).
Nostradamusun Qarabağ müharibəsi
ilə bağlı görücülüyü 54 saylı
katrendə özünü
tam çılpaqlığı ilə göstərir:
Saçları qısa qırxmışları
(yumrubaşları) silahdan
məhrum edəcəklər.
Bu, münaqişənin müddətini xeyli uzadacaq.
İçki atası (içki düşkünü) ildırım sürətli albanlara qarşı kələk işlədəcək.
Özününkülərdən ayrı düşənlər məhv olacaq.
Bu katreni dünyanın ən görkəmli nostradamusşünası Con Houq açmışdır. O yazmışdır: "Qədim Albaniya Zaqafqaziya regionudur. Katren XX əsrin 90-cı illərində baş verən Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edir. 1993-cü ilin aprel-iyun aylarında erməni ordu hissələri özünün həlledici qələbəsini əldə edərək Dağlıq Qarabağı Azərbaycandan ayırdı. Doxsanıncı illərin ortalarında Azərbaycan-Ermənistan münaqişəsi səngidi" (Bax: Con Houq. Nostradamusun külliyyatı. Britaniya, 2001, s.399).
Bu katrenlə bağlı "Nostradamusun möcüzəli aləmi" kitabımda yazmışam: "Pompeyin Qafqaza yürüşünün iştirakçısı Feofan Mitilitsidən üzü bu yana Ptolemey, Strabon, Plutarx başda olmaqla bütün səyyahlar və tədqiqatçılar Qafqaz Albaniyası deyəndə indiki Azərbaycan ərazisini nəzərdə tutmuş və albanların azərbaycanlıların əcdadları olduqlarını göstərmişlər".
Azərbaycan-Ermənistan münaqişəsi hamıya tanışdır. Məlumdur ki, münaqişə ərəfəsində ruslar azərbaycanlıların əlindən ov tüfəngini də alırdılar. Hərbi sursat və müasir silahların olmaması ucbatından atəşkəsə razılaşdıq və katrendə göstərildiyi kimi, münaqişənin müddəti xeyli uzandı. Münaqişəyə son qoyulmadı. Lakin sonralar başqa ölkələrdən silah əldə etdik. Azərbaycan Ordusu ildırım sürəti ilə Füzuli-Cəbrayıl istiqamətində hücuma keçib çox yerləri azad edəndə, ermənilər vahimə içində qaçağa başladılar. Rusiyanın prezidenti Boris Yeltsin (içki düşkünü) Azərbaycan rəhbərliyinə müraciət etdi və məsələni qan tökmədən həll etməyə söz verdi. Sözarası Rusiyanın Ermənistanla hərbi sazişinin olduğunu da yada saldı. Atəşkəs əldə olunsa da, Nostradamusun göstərdiyi kimi məsələ həll olunmadı. Katrenin 4-cü sətrində söhbət Qarabağda tutularaq Ermənistana aparılan azərbaycanlılardan gedir.
Katrenin 2-ci sətrindən göründüyü kimi, münaqişə bizim xeyrimizə həll olunacaq" (Bax: Nostradamusun möcüzəli aləmi. Bakı, "Təhsil", 2007, səh. 18-19).
Sevinirəm ki, 2007-ci ildə
dediyim sözlər yerini
aldı. Ali Baş
Komandanımız İham Əliyevin
inanılmaz strategiyası ilə müzəffər ordumuz 44 günə Qarabağı azad etdi. Möhtərəm
Prezidentimizin göstərdiyi kimi, düşməndən on
qat artıqlaması ilə
qisasımızı aldıq.
Qəzənfər
PAŞAYEV
Respublika
Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci qəzet.- 2023- 11 fevral.- S.15.