Şekspir dünyası
(Əvvəli ötən
şənbə sayımızda)
Şekspiri də bəyənməyənlər,
ağız büzənlər olmuşdur və var, lakin onlar pərəstişkarlarla
müqayisədə, əsasən, bəzən, cılız və
miskin ruhlu azlığı təşkil edirlər. Bir
sıra Şərq ölkələrində hələ də
Molla Nəsrəddin "müdrikliyi" ilə yaşayan
adamlar vardır, qərəzsiz baxdıqda təlxək Yorik də
onunla müqayisəyə girə bilər və belələrinə
Şekspir yad görünməkdə davam edir. Həmin
ölkələrin teatrları və onların
tamaşaçıları isə Şekspirə müraciət
etdikcə xoş duyğular yaşayır, onu öz daxili
dünyalarına daha yaxın hesab edirlər. Şekspir
İngiltərədə doğulsa da, mənşəcə
ingilis olsa da, öz xalqının malik olduğu dildə
yazıb yaratsa da, bir neçə əsrdən sonra əsl
kosmopolit - dünya vətəndaşı kimi bütün bəşəriyyətə
məxsus olmuşdur, onu yad hesab edənlər böyük səhvə
yol verir, insanların əksəriyyətinin fayda
götürdüyü bu xəzinənin
unikallığını və təkrar
olunmazlığını əslində lazımınca dərk
etmirlər.
Dahi dramaturq elə bil ki, insan təbiətinə və
tarixi hadisələrə müdrikliklə nüfuz etməklə,
başqaları kimi sadə bir əsər yaratmaq niyyətini
güdmürmüş, özündən asılı
olmayaraq, sanki bəşəriyyətin panoramasını tədqiq
etməyə girişirmiş. Onun hər bir pyesində, mübaliğəsiz
demək lazımdır ki, həyatla ölüm arasında,
zamanla insanlar arasında anlaşılmayan döyüş
gedir. Bu vuruşun fonunda ailələrin,
geniş mənada ağıldan kəmlərin və müqəddəslər
haləsinə bürünənlərin tarixi, suda duz əriyən
kimi həll olunur. İnsanların taleyini
çox hallarda hansısa bir təsadüf müəyyən
edir. Reallığın adi təbəqəsi
altında sirr şəklində olan digər niyyətlər
gizlənir.
Pyeslər ədəbi forma və üslubların əsl
kaleydeskopu təsəvvürünü yaradır, dəhşətli
reallıq qəflətən qeyri-adi uşaq
nağıllarına keçməklə, illuziya təsiri
yaradır. Reallıq həm də fəlsəfi yanaşma
bucağı altındakı baxış hesabına hər
cür mistikaya yiyələnir. Personajlar
mürəkkəb qobelendə əks olunan portretlərə bənzəyir,
onlar əbədi insan həyatını, onun bütün
keşməkeşlərində və dolambaclarında
nümayiş etdirir.
Şekspir
öz dövrünün ən mühüm müşahidəçilərindən
biridir, tarixi şəxsiyyətləri və hadisələri əks
etdirəndə də, onları yaşadığı
dövrün güzgüsündən görməyi bacarır
və əslində həmin əsrin və mühitin güman
edilən səhnələrində onları tərənnüm
etməklə, irs hüququna yiyələndirir.
Əsərlər geniş hadisələri təsvir
etməklə, onlarda epik materialların endşpili əks
etdirilir. Onları oxuyanlar, səhnədə
və ya ekranda görənlər heç vaxt əvvəlki tək
olan kimi qalmırlar, həmin adamlarda anlaşılmayan bir
müsbət metamorfoza baş verir. Bunlar da
başqa cəhətlər kimi Şekspir ədəbiyyatının
həqiqi böyüklüyünə dəlalət edir.
Şekspir pyeslərində özünü insan təbiətinin
mahir tədqiqatçısı kimi göstərir, bu planetdə
onun üçün heç bir terra incoqnita yoxdur, o, bəşər
övladı dünyasını andıran bütün
toxumalara, hüceyrələrə nüfuz etməyi
bacarır. Xüsusən tarixi pyeslərində o, görkəmli
şəxsiyyətləri, özünün patoloji
anatomiyası axtarışları sayəsində ruhi yoxlama
obyektlərinə çevirməklə, insan mənəviyyatının
uca zirvələrinə və dərin uçurumlarına
toxunmaqdan da yan keçmir. O, başa düşür ki,
bəşər məxluqu təbiətin yaratdığı
bütün canlıların və onların son pilləsi olan
məməlilərin ən ali nümayəndəsidir.
Təbiət ona ağıl, düşüncə,
mənəviyyat, dil bəxş etməklə, daha çox fərqlənən
bir canlı məxluqa çevirmişdir. O, hər
şeyə nail olmağa cəhd edir və zaman keçdikcə
onun uğurları, nailiyyətləri daha da artır, tarixə,
əvvəllər ibtidai və sonrakı insanlara məlum
olmayan hadisələr naxışını vurur. Şekspirin tədqiqatları göstərir ki, insan
təbiətinin axtarış üfüqləri olduqca
genişdir, nəhayətsizdir. Həm də
onu da vurğulayır ki, onun alçaq hərəkətləri
və niyyətləri, düşmənçiliyi, məkri,
nankorluğu, qısqanclığı,
paxıllığı, pislik nümunəsi olmaq istəyi də
hədd tanımır.
Bir əsərində ana və əmi təkcə öz
ərini və qardaşını öldürmür, bununla
onlar tacı ələ keçirmək naminə həm də
ləyaqətli bir kralın ölümünə bais olurlar. Gənc
şahzadəni öz şübhələri ilə
yanaşı, qətlə yetirilmiş atasının kabusu da
rahat büraxmır, onu qisas almağa təhrik edir və bu
vaxt o, oğlu üçün yaranacaq təhlükəni də
nəzərə almaq istəmir. İlk
cinayət sonrakıların da daha böyük miqyasda baş
verməsinə yol açır, sarayda olan başqa adamlar da həlak
olur, sevgi dünyasına yenicə daxil olan qız da
ağır dərddən suda batıb ölür.
Digər əsərində isə köhnədən
düşmənçilik edən iki nəslin yenicə
çiçək açan gənc nümayəndələri
bir-birini sevməyə başlayır və bu vurğunluqdan
dolayı da olsa, onlar ani də olsa əsl həzz almağı
da bacarırlar. Lakin düşmənçilik yenə də
qan axıdılmasına, qurbanlar verilməsinə səbəb
olmadan ötüşmür. Düşmən
nəslinin qızını sevən, həmin əks cəbhədən
olmaqla, ona sataşan oğlanı təsadüfən
öldürür və sürgünə göndərilmək
qorxusu altında şəhərdən qaçır. Rahib sevgililərin nikahını təşkil etmək
əvəzinə, öz istəyinin əksinə, onların
ölümünə səbəb olur. Şüşədən
təsirli dərman içən qız qəbirdə hələ
də uzananda, sevgilisi onun öldüyünü eşidib, bura
gəlir və ayrılığa dözməyib, ölən
düşməninin xəncəri ilə özünü
öldürür. Qız oyandıqda ərinin
öldüyünü görüb, həmçinin,
özü intihar edir. Günahsız
cavanların ölümünün səbəbi, onların
yeganə "günahı" məhəbbət idi, bu faciə
düşmənçiliyə son qoysa da, şəhərdə
baş verən qəmli hadisə dünyanın ən kədərli
hekayətinə çevrilir.
Başqa bir pyesində dəniz sahilindəki gözəl
şəhərə gələn Mavr senatorun qızına
vurulur. Qız da bu hissləri cavabsız qoymur. Onlar qoşulub qaçır və evlənirlər.
Qızın atası hirsindən ildırım
çaxır, Mavrın cəzalandırılmasını tələb
edir. Lakin şəhər daha çox
özünü türklərin hücumundan qorumaq barədə
fikirləşdiyindən, orduya başçılıq etməyə
təcrübəli dənizçi Mavr dəvət edilir.
Qız isə atasına deyir ki, onun güman
etdiyinin əksinə ərinin heç bir günahı yoxdur.
Sonra orduda vəzifə tuta bilməyən adamın iyrənc,
məkrli hərəkətləri başlayır və o,
Mavrın ağlına və könlünə sevdiyi arvadı
barədə zəhərli şübhə toxumu səpməyə
başlayır. Təsadüfi hadisələr də bu
qısqanclığı qızışdırır.
Arvadının dəsmalının itməsi ərinin onun sədaqətsizliyi
barədə düşüncələrəni son həddə
çatdırır, bunun oğurlanmasını və rəqibinə
çatdırılmasını isə məhz həmin məkrli
adam təşkil etmişdi. Mavr
hiyləgər əclafın məsləhəti ilə sevdiyi
məxluqu yatağında qətlə yetirir. Məsələ açıldıqda, məkrin
müəllifi ifşa olunur. Mavr dərdə
dözməyib, özünü xəncər zərbəsi ilə
öldürür və öz əli ilə boğub
öldürdüyü arvadının cəsədinin
üstünə yıxılır. Məkr qalib gəlir,
bir-birini dəlicəsinə sevən və hər cür fədakarlığa
gedən bu iki adam onun qurbanı olur. Şekspir məkri insan təbiətinin ən
alçaq xüsusiyyəti kimi təsvir edir,
qısqanclığı isə səfeh sadəlövhlüyün
təzahürü kimi lənətlənməyi də yaddan
çıxarmır.
Məşhur bir əsərində isə qoca kralın
övladlarının nankorluğu hədd tanımır. Saray həyatından
uzaqlaşmaq istəyən kral öz səltənətini
üç qızı arasında bölmək istəyir və
onlardan kimin onu daha çox sevdiyini soruşur. İki böyük qız həyasızlıqla ona
olan sevgilərinə and içirlər. Hələ
ərə getməmiş kiçik qız isə deyir ki, o,
ülvi münasibətini əri ilə atası arasında
böləcəkdir. Kral cavabdan narazı
qalıb, kiçik qızını qovur və onun
payını da digər iki qızı arasında
bölür. Beləliklə,
üçüncü qıza heç nə çatmır.
Fransa kralı bunu eşidəndə kiçik
qızın özünün əsl cehiz olduğunu deyib, ona
elçi düşməkdən başqası kimi heç də
imtina etmir və onunla evlənir.
Sonra keçmiş kralın həyatının bədbəxtlik
odisseyası başlanır. Böyük
qızı atasını müşayiət edən cəngavərlərin
çox olduğunu deyib, bu bəhanə ilə, evindən
qovmaq niyyəti ilə əslində onu təhqir edir. Kral onu tərk edib, o biri qızının yanına
yollanır. O da atasına olduqca pis üz göstərir.
Kral tufanlı havada bir yararsız
sığınacaq tapır. Ona, vaxtilə
yanından qovduğu nökəri, maskalanıb xidmət
göstərir. Kral yalnız
çalışır ki, dəli olmasın və nankor
qızlarından qisas alsın. Kiçik
qız isə uzaqdan da olsa həmin sədaqətli adama məktub
yazıb, atasına qayğı göstərməyi xahiş
edir.
Sonra nankor qızların da üstünü bədbəxtlik
halları alır. İnsan yaranandan nankorluq və sədaqətsizlik
onun ən iyrənc xüsusiyyətlərindən biri kimi
çıxış edir. Şekspirin əsərində
isə nankorluğun öz kulminasiya nöqtəsində
olduğu göstərilir. Axı kral öz səltənətindən
əl çəkib, onu bütünlüklə iki
qızı arasında böldüyü halda, həmin qızlar və
onların ərləri sonra bu bədbəxt insanı müxtəlif
uydurulmuş bəhanələrlə öz evlərindən qovurlar.
Hətta belə bir fikir də
yürüdürlər ki, kral vaxtilə onlara verdiyini əllərindən
almaq istəyir. Kral bunun cavabında
heç nə edə bilmir, təkcə ona gücü
çatır ki, onu evindən qovan böyük
qızını lənətləyərək arzu edir ki, ya o,
sonsuz qalsın, ya da özü kimi nankor bir övlad doğsun.
Nankorluğun heç bir müalicə vasitəsi yoxdur,
onun formaları müxtəlif olsa da, mahiyyətcə bir-birindən
fərqlənmir. Belə övladlar onları dünyaya gətirən,
yollarında hər cür əziyyətə dözən
valideynlərinə sərt üz göstərib, onu qaçqına,
sığınacaq axtaran səfilə çevirməkdən
də çəkinmirlər. Nankor övlad atanın
birbaşa qatili olmasa da, onu qəsdən, bilərəkdən
tədricən üstünü alan
ölümə məhkum edir və beləliklə, ona
bütün ömrü boyu əzab vermək yolunu tutur.
Şekspir insan təbiətinin bütün paralellərini
və en dairələrini araşdırır, tədqiq etdiyi
qüsurlar coğrafiyasına, patalogiyasına tam bələd
olduğunu göstərir. Bu sahədə onun
işi genişliyinə və miqyasına görə başqa
hansısa bir nümunəni tanımır. Onun araşdırmalarının miqyasını və
universallığını yalnız Aristotelin fəlsəfi tədqiqatlarının
müxtəlifliyi ilə müqayisə etmək olar. Böyük filosofdan fərqli olaraq Şekspir
insanı birbaşa heyvan adlandırmır, lakin onun təsvir
etdiyi insana məxsus qüsurlar isə hətta heç bir
yırtıcı vəhşi heyvanda da yoxdur. Yırtıcılar öz həyatlarını
qoruyub, saxlamaq üçün qan axıdır,
ovlarını öz tamahlarının qurbanına
çevirirlər. Yeyib tox olan şir, ya pələng
acana qədər yeni ov haqqında fikirləşmir də.
İnsan tamahı, maddi və siyasi iştahası isə hədd
tanımır, nail olduqdarı ilə, qurbanlarının
çoxluğu ilə də kifayətlənmək istəmir,
yenə pislik etməyə, cinayət törətməyə,
qan axıtmağa, daha çox insan qətlinə can atır.
Taxt-tac və var-dövlət bəzi adamlar üçün ali məqsədə çevrilir, onu əldə
etmək üçün hər bir iyrənc əmələ
getməyə, təkcə düşmənini deyil,
dostlarını, müttəfiqlərini, hətta
ata-anasını da öldürməyə hazırdır.
İnsanın ağlı, fərasəti, imkanları müəyyən
fiziki, psixoloji hədlərə malikdirsə, cinayət yoluna
düşənlər üçün bütün bəşəri
dəyərlər və xüsusiyyətlər yoxa
çıxır, onu yalnız öz alçaq məqsədinə
çatmaq düşündürür və bu yolda o, hər
şeyə, hətta ən ağır və daha geniş cinayətlərə
getməyə hazırdır. Onlar öz gələcək
fəlakətli sonluqlarını da yaddan
çıxarırlar, bu barədə heç
düşünmək də istəmirlər.
Şekspir insan təbiətinə xas olan iyrənc
qüsurları bütün çılpaqlığı ilə
açıb göstərməklə, həm də gələcək
nəsilləri də xəbərdar edir, Bibliya peyğəmbərlərindən
fərqli olaraq o, heç bir möcüzə göstərmir
ki, ona inansınlar. Lakin o, bəlkə də, özü də
düşünmədən, olduqca dəqiq peyğəmbərlik
edir, insanları ayıq olmağa çağırır ki,
daha böyük miqyaslı bədbəxtliklər baş verməsin.
O, Yüzillik müharibə barədə məlumatlara malik
idi. İspan Armadası ilə dəniz
vuruşunun da heç də hərbçi kimi deyil,
yaradıcı bir insan kimi müşahidəçi
olmuşdu. Lakin o, görə bilməzdi
ki, Avropanı lərzəyə salan, XVII əsrdəki
Otuzillik müharibə baş verəcək, XVIII əsrdəki
Yeddiillik müharibəyə isə dünyanın xeyli sayda
dövlətləri qoşulacaqdır. O, Sezarı təsvir
etsə də, Napoleonun XIX əsrin əvvəlində
Avropanı qan çanağına döndərəcəyini
qabaqcadan görə bilməzdi, XX əsrdə iki Dünya
müharibəsinin baş verəcəyini ağlına da gətirməzdi.
Lakin o, dənizçilərə sahili göstərən
mayak kimi ziddiyyətlər dənizində üzən bəşəriyyətə
öz ibrətamiz misalları ilə yol göstərirdi,
onları iri miqyaslı vəhşiliklərdən çəkindirməyə
çağırırdı. Onun qəhrəmanları
öz qüsurları ilə, sonrakı zamanlarda da
yaşamalarını davam etdirdilər və Şekspirin
ağıl gözünün çox şeyi seyr etdiyi və
gördüyü barədəki bir qeyri-adi qənaətə
gəlməyə bizləri də məcbur etdi. Məgər
indi xalqlar arasında Verona nəsillərinin düşmənçiliyinin
daha eybəcər nümunələrinə rast gəlmirikmi, məgər
siyasətçilər arasında yeni Yaqolar meydana
çıxmamışdırmı, məgər tarixi
doğma torpağında onlara yaşamağa və ondan istifadə
etməyə imkan verən millətə qarşı nankor
xalqın təkrarlanan cinayətləri yoxa
çıxmışdırmı?
(Ardı var)
Telman
Orucov
525-ci qəzet.- 2023.- 11 fevral.- S.22.