Abdülkadir, haradasan?!

 

İstanbul... Bu böyük şəhərdə özü qədər böyük bir narahatlıq da var. Zəlzələ uzaqda olsa da, bütün kədər ağrıları ilə buradakı insanların ürəyindədir. Hətta avtomobil sürücüləri belə əvvəlkitək dəli kimi sürmürlər. Məktəblər, dövlət idarələri kömək etmək üçün səfərbərdir. Ticarət mərkəzlərində insanlar düyü, bulqur, makaron, mərcimək, şokolad alıb qablaşdıraraq ən yaxın yardım mərkəzinə aparırlar. Fəaliyyəti dayandırılmış məktəblərdə uşaqların yardım üçün can yanğısı ilə çalışmalarını görüb kövrəlirəm. Bu insanların ürəyi uzaqlarda olan bacı-qardaşları üçün döyünür. Qarşıdakı mənzildə yaşayan qonşumuz bənizi ağappaq fəryad edir. Həyat yoldaşı evdə deyil, təkdir. Xanım onun yanına gedir. Ailəsinin olduğu bütün kənd dağıntılar altındadır. "Mən evdə tək nəfəs ala bilmirəm" deyib həyat yoldaşımı qucaqlayır.

Bilmirəm hansı fəryada, hansı səsə, hansı hönkürtüyə qulaq asım. İnsanlar belə vəziyyətlərdə daha zəif olurlar. Hər səs ürəyimi parçalayır. Daim telefonuma baxıram. Xəbərdarlıq gözləyirəm ki, haradansa mənə zəng etsinlər, köməyə çağırsınlar. Dağıntılar altında qalan minlərlə insan arasında tanıdığım bir neçə nəfərlə əlaqə saxlamaq üçün telefonumdan başqa bir yerə müraciət etməyə gücüm yoxdur.

Tanıdıqlarım... Mehmetin iğdırlı əmisi qızı üç uşağı ilə birlikdə dağıntılar altındadır... Dr. Y.Emekin ailəsinin yarısı, eyni şəhərdən olan dostum Fikrətin baldızı, böyük bacısı, böyük bacısının uşaqları... Bir yazıçı... Gənc, nəşəli, Azərbaycan sevdalısı - Abdülkadir Özkan! Elə ilk gün "Abdülkadir, sən hardasan, səndən nigaranıq!" deyə mesaj yazdım. Təəssüf ki, dörd gündür, mesajım oxunmur... Azərbaycandan Eyvaz Zeynalov, Aslan Quliyev başqa yazıçı dostlar elə hey Abdülkadiri soruşurlar. Onunla birlikdə olarkən çəkilmiş fotoları yayımlayırlar. Uzaqda olsa da, vaxtaşırı ona mesaj yazırdıq. Kahramanmaraşda doğulub böyüməsinə baxmayaraq, onun Azərbaycana olan sevgisi marağı məni təəccübləndirdi. O, çap etdirdiyi "Bugünkü Azərbaycan hekayəsi" kitabını mənə göndərdi. Türkiyə türkcəsinə köçürdüyü hekayələr əslinin gözəlliyini itirməmişdi. Kitabda 30 hekayə var idi bu hekayələr Azərbaycan ədəbiyyatının ən görkəmli yazıçılarının hekayələrindən seçilmişdi.

Bu zəhmətkeş yazıçı mənə görə daha uşaq idi. 32 yaş nədir ki? 1990-cı ildə anadan olub, 22 yaşında "Ayıkhane" adlı jurnal çıxardıb. Beynəlxalq münasibətlər üzrə təhsil almasına baxmayaraq, özünü ədəbiyyata həsr edib. Hətta nağılları tərtib edərək "Elbistan nağılları" kimi nəşr etdirib. Onun kitablarından biri olan "Enro daha çoxu" Şərq ənənəsində xoş ifadəsi ilə hər kəsi özünə cəlb edən əsərdir. Çexov Mopassan üslubunda maraqlı əsərlər yazan Abdülkadir "Mecik böcəyi"nin fantastik dünyasını təsvir edən hekayələrini realist, romantik, ruhsal epik yanaşmalarla qələmə alıb.

Azərbaycan ədəbiyyatından Türkiyə türkcəsinə çevirdiyi kitablar öz əsərlərindən daha çox idi. Azərbaycandan gələn yazıçıları kitab sərgilərində görməklə kifayətlənməyib evlərinə aparırdı. Kimin kitabını çap etdirməyib ki! Eyvaz Zeynalov, Aslan Quliyev, Zahid Xəlil, Qalib Şefahat, Təranə Musayeva, Arif Ərşad, Firuz Mustafa, Əfqan Əsgərov və bir çox başqaları... Onlarla azərbaycanlı yazıçının məqalə və hekayələrini jurnallarda dərc etdirib. Neçə gündür ki, bu zəhmətkeş, sevən insandan xəbər yoxdur. Həyat yoldaşının və balaca körpəsinin qəfil yoxa çıxması təkcə məni deyil, onu uzaqdan tanıyanları da kədərləndirib. Sosial şəbəkələrdə davamlı olaraq Abdülkadirə zəng vuranondan xəbər almağa çalışan insanların mesajlarını oxuyuram...

Şair Yəhya Kamalın dediyi kimi, "Artık dəmir almaq günü gəlmişsə zamandan, meçhulə geden bir gəmi qalxar bu limandan".

Hamımız bir gün o səssiz gəmidə yelkən açacağıq və bir daha geri qayıtmayacağıq. Abdulkadirin əsərləri indi bizə miras qalıb. Bir də şeirləri...

Ruhun şad olsun, qardaşım!..

 

Orxan ARAS

525-ci qəzet.- 2023.- 11 fevral.- S.17.