Mingəçevirdə alman qəbiristanlığı  

 

444-CÜ HƏRBİ ƏSİR DÜŞƏRGƏSİNDƏ

 

Mingəçevirdə Bozdağın ətəyində yerləşən alman qəbiristanlığındayam. Məndən savayı, heç kim yoxdur. Bir az da səmimi olsam, deməyə məcburam ki, mən buraya hasarın üstündən tullanıb keçmişəm. Bilirəm, etdiyim hərəkət doğru deyil. Amma əziz oxucum, bilmirəm, bir daha yolum buralara vaxt düşəcək. Həm buranı görmədən Bakıya qayıda bilməzdim. Əgər siz mənim kimi qıfıllı qapı ilə üzləşmək istəmirsinizsə, onda buraya erkən saatlarda gəlməyə çalışın ki, həmsöhbət olub, sizə məlumat verəcək kimisə tapa biləsiniz.

Keçək mətləbə. Hər xalq getdiyi yerə öz kimliyini aparır, deyirlər. Ancaq bu məzarlığı görəndə bir daha əmin oldum ki, nəinki insan getdiyi ünvanlarda öz kimliyi ilə yaşayır, həm o kimliklə ölür. Adsız məzarlarda alman soyadı görməsəm , alman izini aydın görə bilirəm. Burda diqqətimi çəkən birinci məqam qəbirlərin bır sırada səliqəli düzülüşü olur. Adı üstündədir -  alman qəbiristanlığı, deməli, alman dəqiqliyi. İkinci məqam isə qəbirlərin bu günə qədər səliqəli vəziyyətdə gəlib çatması olur ki, bu da artıq öz xalqımızın şücaətidir. Azərbaycan tolerant ölkədir. Həqiqətən bu cümləni zərrə qədər pafos qatmadan, bütün inancımla deyirəm.

Məni buraya gətirən taksi sürücüsü şəhərdə çoxdan yaşayan mingəçevirlilərdən idi. Danışırdı ki, məzarlıq xüsusi qorunmaya alınmazdan öncə yerli əhali qəbirlərə keşik çəkir, buranı vəhşi heyvanların dağıtmasından qoruyur, ərazidəki kol-kosu təmizləyirmiş.

2010-cu ildə Almaniyanın ölkəmizdəki səfirliyinin nəzdində fəaliyyət göstərən Alman-Azərbaycan Cəmiyyətinin nümayəndələri qəbiristanlığı ziyarət edir 2011-ci ildə həmin cəmiyyət tərəfindən qəbiristanlıq təmir edilir, ətrafı hasarlanır. Hazırda bura dövlət tərəfindən mühafizə olunur.

Hər şey öz yerində, bəs yaxşı, bu almanlar Mingəçevirə necə gəlib çıxmışdılar?

1945-ci il payızın sonlarında Mingəçevir Su Elektrik Stansiyasının (SES) tikintisi başlayanda buraya işçi qüvvəsi kimi 10 min nəfər alman hərbi əsiri gətirilib. Bu qərarı SSRİ Xalq Komissarları Soveti verib. Almanlar tikintinin ərazisində yaradılan 444 nömrəli hərbi əsir düşərgəsində yerləşdirilib.

Hərbi əsirlər Mingəçevir SES-in tikintisindən başqa, sonrakı illərdə şəhərin salınmasında da iştirak ediblər. Burada onlara lazımi şərait yaradılmışdı. Yerli əhali onlara xoş münasibət bəsləyir, əsirlərə çörək, isti yemək verirdilər. Əsirlərdən biri öz xatirələrində yazırdı ki, biz onlardan (yəni bizdən - azərbaycanlılardan) düşmən münasibəti gözləyirdik, çünki biz onların ata-babalarına qarşı döyüşmüşdük, ancaq bunun əksini gördük.

1951-ci ilədək almanlar Mingəçevirdə işləyirlər, istəyənlər sonradan öz vətənlərinə yola salınırlar.

Lakin hərbi əsirlərin bəziləri regionun sərt iqlim şəraitinə dözməyərək, dünyalarını dəyişiblər. Onların dəfni üçün şəhərin kənarında xüsusi bir yer ayrılır - yəni olduğum bu qəbiristanlıq. Burada 800-dən çox qəbir var, hər qəbrin üstündə nömrələnmiş kiçik dəmir lövhələr basdırılıb. Təkcə Ernst Kruqer adlı hərbçinin sinəüstü daşı var.

Ərazi iki hissəyə ayrılıb, ətrafda qışın gözəlliyini əlindən alan nazik budaqlı ağaclar var. Qəbiristanlıq sanki Bozdağa söykənib - dağdan savayı, arxada heçyoxdur.

Məzarlığın yanında yaşayış evləri görürəm, ancaq çöldə bir inni-cinni gözə dəymir.

Bozdağın fonunda böyük xaç. Xaçın aşağı hissəsindəki yazını oxumaq üçün yaxınlaşıram - xatirə abidəsində "Burada İkinci Dünya müharibəsində əsir düşmüşlər basdırılmışdır. Allah onlarabütün müharibə qurbanlarına rəhmət etsin" sözləri yazılıb.

Yenidən məzarların arası ilə dolaşıram - bir rəqəm, bir işarə gəzirəm, fəqət heç nə görə bilmirəm, yalnız bir qəbrin üzərində məzar daşı var. Hə, birbaşqa bir qəbrin üzərində gül. Bu süni qırmızı gül diqqətimi dərhal cəlb edir. Yalnız bir qəbrin üzərində gül var. Görəsən, o gülü kim qoyub, ümumiyyətlə, bu, kimin qəbridir? Lənətə gələsən, müharibə! İnsanın bir dəfə verilən yaşamaq haqqını əlindən almaq bir yana qalsın, öz doğulduğun torpağa qarışmağı belə sənə çox görür. Yəqin burada uyuyanların da sevdikləri gözləri pəncərədə, qulaqları səksəkədə ölüb, neçə-neçə doğmalar bir ümidlə yaşayıb - bəlkə sağdır? Qəriblikdə ölümbir başqa faciədir - insan ömrünün izini balaca bir dəmir parçasında gəzmək çox kədərlidir.

Hava qaralmaq üzrədir. Divarın o üzündə gözləyən dostumtaksi sürücüsü məni tələsdirir. Sonuncu dəfə məzarlığa göz gəzdirirəm və düşünürəm: görəsən, babamın müharibədə itkin düşən əsgər yoldaşı indi harada uyuyur?

Lənətə gələsən səni, müharibə!..

 

Aytac SAHƏD

525-ci qəzet.- 2023.- 11 fevral.- S.18.