Azərbaycan ədəbi mühitini göynədən itki  

 

Kahramanmaraşlı yazar və tərcüməçi, ədəbiyyatımızın fədakar dostu Abdülkadir Özkanın zəlzələdə həlak olması qələm adamlarımızı dərindən kədərləndirdi

 

 

Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələylə silkələnib ruhumuz. 11 şəhəri dağıdan, 6 mindən çox binanı toza çevirən, yüz minlərlə insanın həyatını məhv edən, minlərlə insanın həyatına son qoyan böyük faciə gözümüzdən yuxumuzu, ruhumuzdan dincliyi alıb aparıb. Bizə özümüz qədər yaxın olan Türkiyəmizin türk xalqının bu qədər dəhşətli bir imtahanla üz-üzə qalması, ağır betonlar altından kömək diləyən insanlara yetə bilməmək, bircə gecədə yurdsuz-yuvasız qalan, doğmasını, sevdiklərini itirən qardaşlarımıza ümid işığı ola bilməmək əzab verir hər birimizə.

Ancaq yazıq ki, bu dəhşətli zəlzələ özündən əvvəlki digər böyük faciələr kimi təkcə sıravi vətəndaşlara deyil, həm mədəniyyətə, incəsənətə, ədəbiyyata, mənəvi dünyamıza təsirsiz ötüşmədi. Dağıntılar altında Türk incəsənətinə, mədəniyyətinə, ədəbiyyatına töhfələr verən, hələ bundan sonra da verə biləcək istedadlı, işıqlı insanlar da qaldı. Çox şükür ki, onlardan bəziləri yaralı halda da olsa, qurtulmağı bacardı. Lakin qurtula bilməyənlər oldu axı...

Zəlzələ baş verən gündən azərbaycanlı yazıçıların bir çoxu Kahramanmaraşda yaşayan, Azərbaycan sevdalısı, ədəbiyyatımızın tərcüməçisi, yazıçı Abdülkadir Özkandan xəbər almağa çalışırdı. Təəssüf ki, Kahramanmaraşda dağılan evlər arasında Abdülkadirin Azərbaycan yazıçıları üçün ocağa çevrilən, ürəklə üz tutduqları evi vardı. O evdə 32 yaşlı yazıçı anası, atası müəllim, rəssam bacısı ilə birlikdə yaşayırdı. İlk gündən əllər həm Abdülkadir onun ailəsi üçün qalxmışdı Allahın dərgahına. Dualar bu gənc ədəbiyyat sevdalısı üçün idi. Çünki bu cür istedadlı, ədəbiyyatı, mədəniyyəti sevən, təmsil edən, böyük gələcək vəd edən adam yaşamalı, yaşamalı idi. Axı onun hələ görəcək çox işləri vardı. Axı o hələ günlər öncə Azərbaycan ədəbiyyatından yeni tərcümələr etdiyini deyirdi. Axı o, bu ayın axırı, ya da mart ayında Azərbaycana gəlməyi, bir neçə ay burada qalıb, gözəl işlər görməyi planlaşdırırdı. Axı onun qəlbini ovlayan bir gözəl vardı, o evlənəcəkdi... Olmadı... Heyf ki, dualarımız, ümidlərimiz, gözləntilərimiz nəticə vermədi. Azərbaycan sevdalısı gənc yazar, tərcüməçi Abdülkadir Özkan anası, atası və bacısı ilə birgə gözlərini əbədi yumdu bu dünyaya.

Onun bu faciəsi bütün Azərbaycan ədəbi mühitinin yası oldu. Yazıçılarımız öz üzüntülərini, kədərini Feysbuk sosial şəbəkəsində paylaşdılar. Bu, həm də onların yarıda qırılan gənc ömrə üsyanı, qələm dostlarına son vidaları idi:

Yazıçı Eyvaz Zeynalov ilk gündən gənc qələm yoldaşını axtarır və onunla bağlı xəbərləri feysbukda paylaşırdı: "İki gündü Abdülkadir Özkandan xəbər yoxdu. Dünən səhər Qəhrəmanmaraşda zəlzələ olduğunu eşidən kimi vatsapla zəng vurdum, mesaj yazdım, cavab olmadı. Maraşlı dostum Ömər bəyə, Əbdürrəhman bəyə, Abdülkadirin İstanbuldakı abisi Akif bəyə zəng vurdum. Eyni üzücü məlumatı verdilər: onların yaşadığı bina ilk təkanda uçub. Ailə üzvləri hamısı gecə evdə imiş...

 

 

 

...Abdülkadiri Bakıya ilk dəfə Ömər bəy mənim üstümə göndərib. Aeroportdan evə gətirdim, bir həftə qaldı, dostlarla tanış etdim. İkinci dəfə də bizdə qaldı. O qədər ünsiyyətcildi ki, tez bir vaxtda hamımızın dostu oldu. Qəhrəmanmaraşa 3 dəfə kitab sərgisinə getmişəm. İkisində, birində Şərəf bəylə, birində də Aslan bəylə onların evində qonaq olmuşam, keçən il vaxt çatmadı. Yanvarda zəng vurub ad günümü təbrik etdi. Dedi, bir-iki yarımçıq işim qalıb, bitirib fevralda Bakıya gələcəyəm. Mənə kirayə bir ev tap, 2-3 ay qalacağam...

İki saat bundan əvvəl Abdülkadirin böyük qardaşı Akif bəylə, onun qaynı ilə danışdım. Dedilər, Abdülkadirgilin zəlzələdən uçmuş binasının dağıntıları ətrafındayıq. Abdülkadirin, bacısının (müəlliməydi, gözəl şəkillər çəkirdi) meyidini tapıb çıxarmışıq. Valideynlərinin meyitlərini axtarırıq. Dünyanın qəribə işləri, telefonunu dağıntılar arasından daha tez tapıblar. Dünəndən bəri vatsapla gah zəng vurur, gah da mesaj yazır, cavab almırdım. Bu dəfə telefonunu qardaşının qaynı açdı, Abdülkadirin əvəzinə cavab verdi. Eh, Abdülkadir, nə deyim sənə... Çox üzüldük. İki gündü Aslan, Əlabbas, Şərəf bəy, Zahid Xəlil, Firuz bəy, Qalib həkim, İnqilab İshaq, Ömər bəy, Əbdürrəhman bəy, İstanbuldan özünü Maraşa çatdıran qardaşın Akif bəy... zəngləşir, səndən şad bir xəbər eşitmək istəyirdik... Olmadı. Ölüm heç yaraşmadı sənə..."

Yazıçı Aslan Quliyevsə acısını bu sözlərlə ifadə edib: "Kahramanmaraşda, Elbistanda dəfələrlə olmuşam. Ən çox Eyvaz Zeynalovla gedirdik. Son səfərimizdə Arif Ərşad, Firuz Mustafa, Qalib Şəfahət də bizimləydi.  Haçan getdikmi, Abdülkadir Özkangildə qonaq olurduq. Mehriban, qonaqpərvər, saf  ailəydi. Onlara əziyyət vermək istəmirdik, amma hər dəfəsində də elə təkid eləyirdilər, imtina eləmək sadəcə imkansız idi.

Abdülkadir tərcüməçimiz idi, cavan idi, 32 yaşı var idi. Amma Azərbaycan yazıçılarından  türkcəyə onun qədər tərcümə edən yox idi. "Qanun" nəşriyyatında mənim tərcüməmdə onun topladığı "Elbistan nağılları" kitabı çap olunur. Mən gördüyü işlər haqda yazmışdım, belə cavan oğlanın bu qədər işlər gördüyünə inanmayan nəşriyyat işçisi hətta mənə sorğu da göndərmişdi. "Abdülkadir Özkanın doğum ili həqiqətənmi 1990-cı ildir?"

Axşam danışmışdıq. Kitabı ilə maraqlanırdı, mənim "Keçmiş döyüşçüoğlan" romanımı martın birinci yarısında naşirə təqdim eləyəcəyini deyirdi.

İndisə bu dəhşətli xəbəri aldıq, əvvəlcə Eyvaz qardaşına, dostlara zəng eləmişdi, mən də nəhayət öyrənib dəqiqləşdirə bildim. Abdülkadirgilin binası da uçubböyük ehtimalla uçqunların altındadırlar...

Heyhat! Sənə "məkanın cənnət olsun" demək də var imiş bu dünyada..."

Yazıçı Sevinc Nuruqızı da Abdülkadirin tərcümə etdiyi yazarlardandır: "Boynumda haqqın qaldı, Abdülkadir Özkan. Bir ömür boyu uşaqlar tərcümə etdiyin kitabı oxuyacaq və sən o sətirlərdə yaşayacaqsan. Təmənnasız və gözəl insan. Azərbaycan sevdalısı. Nurlar içində uyu".

Şair, jurnalist Oqtay Hacımusalı "Şeir adam" adlandırdığı Abdülkadirlə Novruzda görüşəcəkmiş: "Neçə kitab qoyub getdin özündən geriyə...neçə tərcümə...neçə şeir...neçə nəşr olunacaq əsər... Azərbaycanın dostu... Azərbaycan ədəbiyyatının vəfalı yoldaşı... Kaş ki, olmasaydı deyirik... Kaş ki, ölüm gəlməsəydi və səni əlimizdən almasaydı, Abdülkadir Özkan... amma artıq çox gecdir... Bağışla bu qardaşını, Novruzda gələcəkdim və Maraşda birlikdə olacaqdır. Şeirdən danışacaqdıq, ədəbiyyatdan danışacaqdıq. Olmadı... Olmadı... Nə edək... İşıqlar içində uyu, ŞEİR ADAM... İşıqlar içində uyu, Azərbaycanın dostu, Azərbaycan ədəbiyyatının dostu, yoldaşı!.. Geriyə işıqlı xatirələrin qalacaq... Azərbaycanın, Türk dünyasının başı sağ olsun!.."

Yazıçı, publisist Kənan Hacı yazır: "Abdülkadir Özkanı itirdik... Sözün bitdiyi yerdəyik... Bütün ailə dağıntılar altında qalıb... Abdülkadir Azərbaycan sevdalısı idi... Heçyazmaq olmur e.... Bu, nə acı taledir axı?! Dəhşət! Ürəyim sinəmdə çalxalanır...

Məkanın cənnət olsun, qardaş! Hamımız bu mənasız dünyadan gedəcəyik. Sən ürəklərdə qaldın... Sözlərim acizdir bu faciəni yazmağa... Dünya yaşanmaz hala gəldi... Qorxunc dünyada yaşamaq da bir zülümdü, ölmək də...

Ruhun şad olsun!"

Yazıçı Təranə Vahid isə Abdülkadirin bir hekayəsini bizim dilə tərcümə edib və gənc yazıçısı elə onun öz hekayəsi ilə andı: "Abdülkadir Özkanın "Məcik böcək"  hekayəsi bu sözlərlə bitir:

"(...) Və indi çantamı yığışdırıb gedirəm. Kim deyərdi ki, Məcik Böcək bir gün bu evdən gedəcək! Sağlıqla qalın və məni unutmayın. Diqqət edin, dəyişiklik zərərvericilərindən qaçın".

Min təəssüflər olsun ki, gənc yazıçı, tərcüməçi, şair, Azərbaycan ədəbiyyatının yaxın dostu Abdülkadir Özkan Türkiyənin Qəhrəmanmaraş şəhərində ailəsi ilə birlikdə dağıntılar altında qalaraq dünyasını dəyişib. Abdülkadiri həyatda görməmişəm. Feysbuk dostum idi, bir gün yazdı ki, hekayələrinizi göndərin tərcümə edim. Təşəkkür etdim, yazdım ki, artıq Türkiyədə kitabımı çapa hazırlayıblar, sən hekayəni göndər mən çevirim. "Məcik böcək" (Sehirli böcək) adlı hekayəsini dilimizə uyğunlaşdırdım. Hekayə 2020-ci ildə  "Ulduz" jurnalında çap olundu.

Gənc yazar dostumuzun istedadı, həssas ürəyi, incə yumoru, zəhmətkeşliyi  məni heyran etmişdi. Mən Abdülkadirin ədəbiyyatda yeni cığır açacağına inanırdım.

Üç gündür dua edirik, dua edirik ki, dağıntılar altında qalan soydaşlarımız sağ qalsın, dua edirik ki, Abdülkadirə - bu işıqlı oğlana ölüm qıymasın...

Heyif səndən, əziz dostumuz, qardaşımız, istedadlı balamız, səni unutmayacağıq..."

Gənc şair Amin Namazlı da bu ölümə inanmayanlar arasındadır: "Kahramanmaraş zəlzələsində uçqun altında qalıb ölən gözəl dostumuz, Azərbaycan sevdalısı Abdülkadir Özkan, çox heyif sənə gözəl insan. Tez-tez danışırdıq, həmişə məni qonaq çağırırdı, heç fürsət edib gedə bilmədim. Yazıçı Əfqanın kitabını tərcümə edəndə lap tez-tez danışırdıq, olduqca kübar, mədəni, içdən, sevgi dolu insan idi. Ölüm xəbərini eşidəndə əlim ayağıma dolandı. Gözəl dost, gözəl yazıçı, gözəl tərcüməçi və ən əsası gözəl insan idi. Çox heyif, çox. Səndən ötrü çox darıxacağıq. Məkanın cənnət olsun".

Şair Təranə Musayevanın da kədəri böyükdür: "Mən ona "Azərbaycan sevdalısı" deyərdim. Azərbaycanı o qədər çox sevirdi ki...

Gənc olmasına baxmayaraq, çox sayda tərcümələrə imza atdı... Yazmağa, böyük işlər görməyə çox tələsirdi... Sanki həyatının yarıda qırılacağını bilirmiş kimi...

Tərcüməçim, dostum Abdülkadir Özkan, məkanın cənnət olsun!

Ölüm sənə yaraşmadı!"

İstedadlı yazarımız Günel Eminli ən çətin günlərdə ona dəstək olmuş dostunun ölümündən doğan hüznünü bu cür ifadə etdi: "Səni heç vaxt unutmayacam. Dostluğunu, həssaslığını, zarafatcıllığını. Xərçəng olduğumu biləndən sonra necə dəstək olduğunu. Allah sənə rəhmət eləsin, işıqlı oğlan.

Dostum Abdülkadir Özkan zəlzələ nəticəsində həlak olub".

Yazar Svetlana Turan bu itkinin ağrısını belə paylaşdı: "Neçə gündür ürəyim qan ağlasa da, heç nə yazmırdım burada, sadəcə, dua edirdim dağıntılar altında qalmış hər kəs üçün, amma ən çox Abdülkadir Özkan üçün dua etmişəm, nə yalan deyim... Azərbaycana, dilimizə hədsiz bağlı, mədəni, əxlaqlı, savadlı bir gənci, yazıçını, tərcüməçini itirdik,  son dəfə yazışmamızda fevral ayında Bakıya gələcəyini, bir müddət burada qalıb Azərbaycanla bağlı elmi işini yazacağını demişdi. Tale yazısını başqa cür yazdı... Kahramanmaraşda yaşadığı binanın dağıntıları altından cansız halda çıxarılıb bu gün Abdülkadir. Azərbaycanın ziyalıları, yazıçıları, tərcüməçiləri səni heç vaxt unutmayacaq, əziz dost! Daha həyatda olmasan da, Azərbaycan ədəbiyyatının ən yaxın dostu qalacaqsan.

Allah rəhmət eləsin..."

Yazıçı, jurnalist Arzu Murad da bu itkidən yasa batıb: "Günlərdir zəlzələnin stresi altında bir çox tanıdıqlarımız üçün dua edirik, onlardan biri də tərcüməçi, Azərbaycan sevdalısı Abdülkadir Özkan idi. Bu dəfə Allah səsimizi eşitmədi, dua üçün qalxan əllərimiz havada qaldı. Haqqında yazılanlar yalnız xoş fikirlərdir: mədəni, əxlaqlı, savadlı, dilimizə hədsiz bağlı... Bəli, belə bir gənci, yazıçını, tərcüməçini itirdik. Kahramanmaraşda yaşadığı binanın dağıntıları altından cansız halda çıxarılıb bu gün Abdülkadir. Səni heç vaxt unutmayacağıq! Daha həyatda olmasan da, Azərbaycan ədəbiyyatının ən yaxın dostu olaraq xatirələrdə qalacaqsan. Ruhun şad olsun!"

Yazıçı Əlabbas Bağırov isə hisslərini cəmi iki çağırışla ifadə etdi: "-ƏBDÜLQADİR, HEEYYYYYYY...

- MƏNİ ARAMA, DAYI! ƏCƏL ALDI, YER GİZLƏDİ..."

Şair, yazıçı Şahnaz ŞahinAbdülkadirin itkisindən kədərlənən qələm adamlarımızdandır: "Çox üzgünəm. Azərbaycanı ürəkdən sevən, bir çox yazıçılarımızın əsərlərini qardaş dilə çevirən, qapısı da ürəyi kimi dost üzünə açıq olan, şən və həyat sevər gənc və istedadlı Abdülkadir Özkan da artıq xatirəmizdə yaşayacaq... Allahdan rəhmət diləyirəm".

 

lll

 

Yazılanlar və yazılmayanlar Abdülkadirin işıqlı dünyasından, zəngin mədəniyyətindən, coşğun ruhundan və əlbəttə, Azərbaycan sevdasından xəbər verir. Türk xalqının faciəsiylə sarsılan ruhumuz birAbdülkadironun kimi işıqlı insanların gedişiylə darmadağın oldu.

Onun ölümünü eşidəndə "görəsən, son etdiyiolmuşdu?" deyə düşündümsonra türkiyəli naşir Şərəf Yılmazın onun haqqındakı paylaşımıyla qarşılaşdım. Mərhum Abdülkadirlə tanış olduğu gündən bu yana unudulmaz xatirələrini yazan Şərəf bəy onunla son xatirəsinin zəlzələnin olduğu gecə saat 11:00-da yaşandığını deyir. Gecənin o vədəsində Şərəf bəyə yazan Abdülkadir ondan hesab nömrəsini istəyir. Deyir ki, bir nəfər Kahramanmaraş kitab fuarında 50 kitabını alıb, üstündə qalmasını istəmir, pulunu Şərəf bəyə göndərsin. Şərəf bəy hesab nömrəsini göndərən kimi pulu köçürüb çekini atır. Çox vacibmiş, ürəyinə damıbmış kimi, bunu səhərə saxlamır Abdülkadir. Elə bil onun üçün bir daha səhərin açılmayacağını bilirmiş kimi, boynunda haqla getmək istəmirmiş kimi...

Beləcə, bir nurlu həyat da söndü gözlərimizin önündə. Türkiyədəki zəlzələ Azərbaycan ədəbiyyatının da bir kərpicini qoparıb torpağın altına gömdü. Ondan geriyə isə hekayələri, tərcümələri və azərbaycanlı, türk qələm dostlarının yaddaşındakı işıqlı xatirələri qaldı.

P.S. Bu yazını hazırlarkən yazıçı Aslan Quliyevin Abdülkadirə həsr olunmuş kitab çap etmək üçün onunla bağlı xatirələri topladığını eşitdim. Bəli, bu, gənc ömrünü təmənnasız şəkildə Azərbaycan ədəbiyyatına həsr edən bir fədaiyə yazıçılarımızın vəfa borcudur. Bu insanlar və ədəbiyyat yaşadıqca Abdülkadir də qəlblərdə, yaddaşlarda, xatirələrdə yaşayacaq. Ruhun şad olsun, Azərbaycan sevdalısı qardaşımız Abdülkadir Özkan!

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 11 fevral.- S.16;17.