Yaşamağa gecikməyək!
Türkiyədəki zəlzələdən
qurtulan bir gənc xanım yazır: "Dünyanın
əşyasını aldım
evimə, son texnoloji kiçik ev alətləri... Marka-marka paltarlarla doldurdum
dolabımı. Amma zəlzələdən
qaçarkən ayaqlarım
çılpaq idi.
Nə qədər dəyərsizmiş,
əslində, hər
şey. İnsan deyilən
varlıq nə doymaz, acmış. Artıq sağ qalan heç kimsə əvvəlki kimi olmayacaq..."
Başqa biri isə deyirdi
ki, "bir gün öncə kirayə haqqını qaldıracağını, ödəməzsəm
məni evdən atacağını deyən
ev sahibimlə indi bir ocağın
başında isinirik".
İnsan yaranandan nəfsi də onunla birlikdə yaranır. İnsan oğlunun
bu dünyadakı ən böyük imtahanı nəfsiylə mübarizəsidir, bəlkə
də. Lakin təəssüf ki, kapitalist cəmiyyətlər bizi nəfsimizə qul etməklə məşğuldur.
Həyatın axışına qapılan, başı pul qazanmağa, qarnını doydurmağa
qatışan bəndə
elə bilir ki, hər şeyin
çarəsi puldur,
mal-mülkdür. Doğulandan
ölənə kimi pul qazanmaq, ev tikmək, varını artırmaqla məşğuldur insan. Nəfsi gözünü o qədər
örtür ki, ruhunun ehtiyaclarını qulaqardına vurur. Dünyanın gözəlliklərinə göz qapayır, mənəvi zənginliyi yox sayır. Yaşamaq deyilənin təkcə yeməkdən, geyinməkdən
ibarət olmadığını
anlamır.
Məsələn, işə-gücə başımız
o qədər qarışır
ki, anamızı, atamızı yoluxmağı,
sevdiklərimizlə könlümüzcə
vaxt keçirməyi təxirə salırıq. "Sabah zəng edərəm",
"sonra gedərəm",
"işimi qurtarım,
maraqlanaram" kimi cümlələr bitmək
bilmir ki bilmir. Bəzən bir kitabı
vərəqləməyə, bir teatr binasından
içəri girməyə,
könlümüzcə bir
konsertdə ruhumuzu yeniləməyə ya vaxt tapmırıq, ya da vaxt
tapanda yorğunluq əldən salmış olur.
Hər şey və hər kəs bir yana,
bəzən il-12 ay işləməyə
başımız elə
qarışır ki, bütün il boyu 3 gün özümüzə, istirahətimizə
vaxt ayırmağa imkan tapmırıq, ya da pul
xərcləməyə qıymırıq.
Bəli,
ölüm-zülüm qazandığımız
pulu belə özümüzə sərf
etməyə əlimiz
gəlmir. Yeyirik, içirik,
geyinirik, amma ruhumuzun ehtiyacına, istirahətimizə, arzularımıza,
xəyallarımıza maddiyyat
və zaman ayırmaq ağlımızın
ucundan da keçmir.
Elə
hey planlar qururuq:
"Sabah bunu edəcəyəm",
"Gələn ay bura
gedəcəyəm", "Bu işim bitsin, o işə başlayacağam",
"Başım açılsın,
filankəslə görüşəcəyəm",
"Bir az keçsin, üzr istəyərəm", "Bir
az darıxsın, gedərəm" və sair. Beləcə, günü günə satırıq, sanki bu günlər heç bitməyəcəkmiş
kimi...
Sonra elə bir gün, hətta
elə bir gecə gəlir ki, xəyallar, planlar quraraq yatdığımız gecədən
ya heç ayılmırıq, ya da gözümüzü üstümüzə qalaqlanmış
beton yığınına
açırıq. Çıxacağına
planlar qurduğumuz o günəş sonra bizimçün heç çıxmır...
Bunun acı nümunəsini hazırda qardaş Türkiyədə görürük. Fevralın 5-də gecə minlərlə insan hansı xəyallarla, hansı arzularla yummuşdu gözünü, kim bilir. Fevralın 6-na nə planları var idi bəlkə də. Ancaq "sən saydığını say, gör fələk nə sayır". Dəhşətli zəlzələ minlərlə türk qardaş-bacımızı elə yuxusunda, yatağındaca yaxaladı. Şəhərləri yerlə-yeksan edən, minlərlə binanı toz-dumana çevirən zəlzələdən nəinki illərlə zəhmət və pul töküb aldıqları bircə çöpü, gecə köynəyində, ayağı yalın halda canlarını belə güclə qurtardı bəziləri. Çoxu isə heç onu da qurtara bilmədi. Beton yığınının altında bircə nəfəs, zəif işıq, kiçicik ümid aradı. Nə yazıq ki, onminlərlə insan o axtardığını tapa bilmədən gözlərini yumdu, qəlbində neçə arzusu, neçə xəyalı, yaşadıqları, yaşamadıqları, yaşaya bilmədikləriylə...
Dağıntılar altından hər çıxan cansız bədən haqqında elə hey düşünürəm: görəsən, səhərə planı nə idi, kimdən üzr istəyəcəkdi, kim onun qəlbini qırmışdı, kiminçün darıxmışdı, haranı görməyi arzulayırdı, kimə nəyin sözünü vermişdi?
Bəs o
dağıntılardan sağ-salamat
çıxanlar? Onlar üçün
bundan sonrakı həyat necə olacaq? Görəsən, o xanımın dedikləri
doğrudurmu, insan oğlu başına gələn bu fəlakətlərlə nəyinsə
fərqinə vardımı,
bundan sonrakı həyatında nələri
dəyişəcək? Yenəmi gecikəcək yaşamağa,
yoxsa hər anı sonmuş kimi sarılacaq dünyaya, özünə,
sevdiklərinə?!
Fikrimcə, heç bir insan, heç bir millət bu qədər böyük fəlakətə
layiq deyil. Canı canımızdan,
qanı qanımızdan
olan qardaşlarımızın,
"özümüz" dediyimiz
Türkiyənin başına
gələn bu dəhşət isə günlərdən bəri
hər birimizin ürəyinin qanayan yarasına, dilinin duasına, gözünün
yaşına çevrilib.
Bizdən yüzlərlə, bəlkə minlərlə
kilometr uzaqda baş verən insan faciələri ruhumuzu qanadır, bizi varlığımızdan,
aldığımız nəfəsdən
utandırır. Allahdan mərhəmət,
kömək diləməkdən
başqa əlimizdən
heç bir şey gəlmir. Şair Rüstəm Behrudinin dediyi kimi:
Bir şamanam, sözlərdən
mən tale toxuyuram,
Ürəyimdə səksəkə, ruhumda bir zəlzələ.
Hər gecə göy üzünə mən dua oxuyuram:
Ey Tanrım, bu milləti yox olmaqdan hifz elə!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 11 fevral.- S.19.