Uşaqlarda nitq
inkişafı problemi və onun fəsadları
Övladlarınızın yerinə yaşamağa
yox, onların yanında yaşamağa cəhd göstərin
Nitq yalnız
insana xas olan, onu ətrafına
və cəmiyyətə
təqdim edən ünsiyyət formasıdır. Nitqin inkişafı
prosesindəki pozğunluqlar
hələ uşaqlıqdan
insanın şəxsiyyətinin
formalaşmasına, intellektual
cəhətdən püxtələşməsinə
və davranışlarına
mənfi təsir göstərir.
Ətraflı
Son illər bir çox uşaqların nitq fəaliyyətində
ciddi geriləmələr
müşahidə olunur. Bunu təkcə
valideynlər deyil, bir çox mütəxəssislər və
həkimlər də müntəzəm olaraq vurğulayırlar. Bəs uşaqlarda
nitq geriliyinin əsas səbəbləri
hansılardır? Bu problemi aradan qaldırmaq üçün
hansı tədbirlərin
görülməsi zəruridir?
Nitq qüsurlarının
əmələ gəlmə
səbəbləri çox
müxtəlifdir. Nitq qüsurlarını yaradan səbəblər arasında əlverişsiz
xarici (ekzogen) və daxili (endogen) faktorları, ətraf mühiti və ekoloji durumu göstərmək olar.
Məktəbəqədər yaş dövründə
uşaqların nitqi tez zədələnə bilən sistem olduğundan və mənfi təsirlərə
asan məruz qaldığından, məhz
bu dövrdə nitq qüsurları özünü daha qabarıq büruzə verir.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün
xüsusi pedaqoq İlahə Yusifli
"525"ə açıqlamasında yeniyetməlik dövründə
tez-tez rast gəlinən əlamətlərdən
birinin də özgüvən əskikliyi
olduğunu bildirib. Bu, nitq geriliyi vəziyyətindən
irəli gələn insan davranışı olub, cəmiyyətdə özünü acizlik, qorxaqlıq, sıxılma
və qeyri-sərbəstliklə
büruzə verir.
Bütün bunların başlıca
səbəbi isə uşağın özündən
əmin olmaması, qorxması, ətraf dünyadan daima zərbə və fəlakət gözləməsidir.
Bu zaman təbii
ki, uşağın orqanzimi və psixikası da stress halını yaşayır.
Belə hallarda ilk növbədə,
uşağa ünsiyyət
zamanı insanlarda müsbət tərəfi
tapmağı öyrətmək
lazımdır. Əksərən, böyüklər, dünyanın
təhlükəli, ətrafın
düşmənlərlə dolu olduğunu söyləyirlər. Bu isə qətiyyən yolverilməzdir. Uşağa düzgün
nəfəs almağı
belə öyrətmək
psixikanın güclü
idarə üsullarından
biridir. Bu zaman hətta vaxtın saatla ölçülməsi məsləhətlidir.
45 saniyə planla,
45 saniyə adi rejimdə nəfəs alıb-verəndə beyin
ünsiyyətdən doğan
stressi və təlaşı unudaraq sakitləşir. Təbii ki,
burada əsas rol valideynlərin üzərinə düşür,
çünki müəllimlərdən
fərqli olaraq valideyn uşağın sağlam düşüncəli
şəxsiyyət kimi
formalaşacağı ən
önəmli dövrdə
hər zaman onun yanında olur. Bu məqamda
uşağın sağlam
düşüncəli şəxsiyyət
kimi yetişməsi üçün valideynlərin
demokratik tərbiyə
üsulunu seçməsi
çox vacib nüansdır. Bu yanaşmanı seçən
valideynlər uşağa
nəzarət etmə
və azadlıq vermə kimi məsələlərdə balansı
qoruya bilirlər.
Unutmayın ki, övladınızı
sevməyiniz, qayğı
göstərməyiniz onun
inkişafı üçün
çox faydalıdır,
lakin özünüzü
ona həsr etməniz hər ikiniz üçün zərərlidir. Övladınız ətrafda baş
verənləri yaşından
asılı olaraq anlamasa da, hər
şeyi hiss edir və onun inkişafı
üçün ən
önəmli faktorlardan
biri özlərindən
və həyatlarından
məmnun valideynlərdir.
Bu səbəbdən uşaqların yerinə deyil, onun yanında
yaşamağa cəhd
etmək lazımdır.
Təbii
ki, bu zaman
müəllimin düzgün
seçilməsinə də
diqqət yetirilməlidir,
uşağın sağlam
düşüncəli şəxsiyyət
kimi böyüməsində
onun rolu əvəzsizdir".
Nitq qüsurunun yaranmasına hamiləlik zamanı virusa yoluxmaq, daxili xəstəliklər, zəhərlənmə halları, psixi və fiziki zədələr, qan uyğunsuzluğu kimi nüanslar da səbəb ola bilər. Doğuş zədələri və asfiksiya (tənəffüsün pozulması nəticəsində beyinin oksigen çatışmazlığı) nəticəsində uşağın kəllədaxili qansızmaları nitq qüsurlarının yaranmasına gətirib çıxarır.
Psixoloq Aytən Ələkbərova hesab edir ki, uşaqlarda nitq geriliyinin yaranmasına yol açan səbəblərdən biri də onların smartfon və planşetlərlə çox vaxt keçirmələridir: "Nitq geriliyinin əsas səbəblərindən biri uşaqlarla vaxtlı-vaxtında ünsiyyət qurmamağımızdır. Kiçik yaşlarından qida qəbul edərkən mobil telefonu açıb uşaqların qarşısına qoyuruq. Hələ şüurunun inkişaf etmədiyi bir dövrdə uşaq gözlərini telefona zilləyərək xaotik olaraq ağzını açır və nəticədə belə hallar davamlı olaraq təkrarlandıqda ünsiyyət azalır. Övladlarımızla az ünsiyyət yaradanda təbii olaraq onlarda nitq geriliyi bir o qədər çox irəliləyir. Digər səbəblərdən biri də çox yüksək səslərlə izlənilən cizgi filmlər və oyunlardır. Ümumiyyətlə, yüksək səs uşağın eşitməsinə təsir göstərir, nitqin zəifləməsinə gətirib çıxarır. Valideynlər çalışmalıdır ki, 3 yaşacan uşaqlarla daha effektiv ünsiyyət qura bilsinlər. Uşaqlara kiçik həcmli, dilə yatımlı şeirlər oxumaq, danışıq üzərində rollu oyunlar oynamaq onların inkişafına müsbət təsir göstərər. Belə olduğu halda övladlarınızda nitq geriliyi yaradacaq səbəblər aradan götürüləcək. Burada əsas məqam uşaqları yüksək səsli televizor və smartfonlardan uzaq tutmaqdır. Uşaq sakit olsun deyə ona planşet verilir, uşaq isə onun bütün funksiyalarını öyrənir, bildiklərini tətbiq edir. Amma uşaq bunu qeyri-ixtiyari öyrənərək yerinə yetirir. Qeyri-ixtiyari hərəkətlər isə sonda davranış pozuntusuna gətirib çıxarır. Rollu oyunları oyuncaqlarla oynayarkən belə, valideyn onu danışdıraraq başa salmağa çalışmalıdır. Uşaqları Kukla Teatrlarına, tamaşalara aparmaq vacibdir ki, onların inkişafı daha yaxşı formada davam etsin".
Nitqi qüsurlu uşaqlar kiçik yaşlarında valideyn himayəsində olduqlarından ehtiyaclarını da valideynləri ödəyirlər, lakin böyüdükcə və cəmiyyətdə, sosial mühitdə öz yerini tutarkən bir çox problemlərlə üzləşirlər. Sosioloq Lalə Mehrəli "525"ə açıqlamasında deyir ki, bizim kimi cəmiyyətlərdə nə qədər əksi iddia edilsə də, fiziki məhdudiyyətli insanlara baxış tərzi fərqlidir: "Nitq qabiliyyəti zəif olan, eşitmə, görmə, yerimə qüsurlu insanlara bizdə həddindən artıq qəribə münasibət bəsləyirlər. Belə insanların işlə təmin olunmasında ciddi problemlər yaşanır, onlar hətta məktəbdə də çətinliklərlə qarşılaşırlar. Hətta deyərdim ki, onların ən çətin dönəmləri elə məktəb yaşlarında olur. Çünki məktəbdə bəzi həmyaşıd uşaqlar qəddar olur, onlara qarşı münasibətdə böyük səhvlər edə bilirlər. Hər hansı hərfi tələffüz eləyə bilməyən, danışanda kəkələyən, gec danışan uşaqlara öz yaşıdları tərəfindən ciddi təzyiq olur. Əgər çevrələrində belə problemli uşaqlar varsa, onlara qarşı humanist olmağı öyrətmək lazımdır. Belə insanlar o zaman cəmiyyətdə özlərini lazımlı hiss edirlər ki, ətrafdakı insanlar onlara münasibətdə ayrı-seçkilik etməsinlər, onlara da eyni münasibət göstərsinlər. Onlarla doğru və sağlam münasibət qurmaq lazımdır ki, öz problemlərini göz önünə gətirməsinlər. Belər insanlara iş verməyənlər də var və onları insan adlandırmaq belə doğru deyil. Elə işlər var, orada nitq o qədər önəmli deyil. Tutaq ki, bir insanın gözəl əl qabiliyyəti var, amma nitqi zəifdir. Bəzən işə götürənlər onun nitqini birinci plana atıb, işə götürməkdən imtina edirlər. Belə insanları cəmiyyətə qəbul etmək üçün həm dövlət orqanlarında, həm də özəl müəssisələrdə mütləq qaydada şərait yaradılmalıdır".
Havar ŞƏFİYEVA
525-ci qəzet.- 2023.- 11 fevral.- S.19.