UNEC-in mühüm
və aktual təşəbbüsü:
"Oxu mədəniyyəti"
Xəbər verdiyimiz kimi, fevralın 8-dən Azərbaycan
Dövlət İqtisad
Universitetində (UNEC) Ulu
öndər Heydər
Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər planı çərçivəsində
"Oxu mədəniyyəti"
layihəsinə start verilib.
UNEC rektoru, professor Ədalət
Muradovun sözlərinə
görə, "Heydər
Əliyev İli" çərçivəsində gənclərin mütaliəyə
marağının artırılması
və oxu mədəniyyətinin formalaşdırılması
məqsədilə universitetdə
"Oxu mədəniyyəti"nə
həsr olunan müxtəlif məzmunlu tədbirlər keçiriləcək.
Sözügedən tədbirlər
il böyu
davam edəcək.
Rektor bildirib ki, cəmiyyətə
kitab oxumağı aşılamaq çox vacibdir: "Bu gün cəmiyyətdə kitaba maraq azalır. Cəmiyyəti irəli aparan
şəxsiyyətləri məhz
mədəniyyət yetişdrir.
Universitet isə bilik
və elm verir, şəxsiyyət yetişdirmir.
Bu gün "Z" nəslinə kitab oxumağı aşılamaq
üçün kitabların
dizaynında, çapında
həmin nəslin zövqü və marağı nəzərə
alınmalıdır".
Ədalət Muradov qeyd edib
ki, UNEC-də biri 24/7 olmaqla, 5 kitabxana fəaliyyət göstərir. Kitab fondunun son 4 ildə 7 faiz, ənənəvi kitabxanadan
istifadə 84 faiz, elektron kitabxanadan istifadə 47 faiz, kitab dövriyyəsi isə 190 faiz artıb.
Millət vəkili Etibar Əliyev deyib ki, universitetlərin missiyası tələbələrə
bilik vermək, onları tədqiqata cəlb etmək, mədəniyyət aşılamaqdır. Gənclərin
hərtərəfli şəxsiyyət
kimi yetişməsində
mütaliə mədəniyyətinin
çox böyük təsiri var: "Türkiyədə elmin bütün sahələri
üzrə kitablar, eləcə də Nobel mükafatçılarının əsərləri həmin
il müxtəlif dillərdən tərcümə
olunaraq oxuculara çatdırılır. Bu, elmin populyarlaşmasında
çox böyük rol oynayır. Bu tip kitablar universitetlərdə
tədris olunmalıdır.
Universitetlər təhsilin keyfiyyətinin
xarakteristikası, qiymətləndirilməsi
üzrə prinsiplər
müəyyənləşdirməlidirlər.
Misal üçün
deyə bilərəm
ki, 90-cı ildə
"Boing" şirkəti
mühəndislər üçün
bir neçə meyar müəyyən etmişdi: ixtisasın elmi əsaslarını yaxşı anlamaq, informasiya texnologiyalarını
bilmək, layihələndirmə
və planlaşdırma
prosesini anlamaq, kommunikativ bacarıqlara, yüksək etik normalara, tənqidi və yaradıcı düşüncə qabiliyyətinə
malik olmaq, çevik, inamlı və sürətli dəyişikliklərə adaptasiyanı
bacarmaq və nəhayət, bütün
həyatı boyu oxumağa vərdiş etmək. Bütün bunlar üçün
fənlərarası sistemli
yanaşma olmalıdır.
Fikrimcə, universitetlər yanaşmanı
bütün ixtisaslarda
tətbiq edə bilərlər".
"Qanun" nəşriyyatının
direktoru Şahbaz Xuduoğlu bildirib ki, biz "Z" nəslindən
elə də çox narahat olmamalıyıq. Çünki bizi əslində
bir nəşriyyat olaraq xilas edən,
məhz "Z" nəslidir.
Əgər nəşriyyatlar kitabxanaların ümidinə
qalsaydı, indi mövcud olmazdılar.
Universitetlər kitab yarmarkaları
təşkil etmək
üçün nəşriyyatlara
şərait yaradırlar.
Küçələr olmasaydı,
o gənc nəsil kitab almasaydı, indi Azərbaycanda heç bir nəşriyyat olmazdı:
"Məncə, kitaba
münasibət hər
yerdə dəyişməlidir,
təfəkkürdə də.
Cəmiyyətdə hər kəs
yalnız kitab oxuya bilməz. Sağlamlıq, uğur, əyləncə,
teatr, kino, mədəniyyət kitabın
yanında olmalıdır.
Azərbaycanda insanlar öz
sağlamlıqlarına və
zəkalarına çox
biganədirlər və
kapital qoymaq istəməzlər. Yalnız xəstələnəndə,
ürək dayananda həkimə gedirlər, kitaba imtahanlar başlayanda pul verirlər. Amma bu, mədəniyyətin
bir hissəsinə çevrilməlidir. Kitablar yalnız
universitetlərdə, tələbənin
masasının üstündə
olmamalıdır, hər
yerdə olmalıdır.
Məsələn, Londonda,
Türkiyədə metrolarda
da kitablar var. Qəzetlər böyük
hissəsini kitablarla bağlı yazılara həsr edirlər. Bizim həyatımızda isə
kitab ümumiyyətlə
yoxdur. Yox yerdə biz tələbədən,
yeni nəsildən kitab oxumağı tələb edə bilmərik. Mən bəzən iqtisadiyyatla,
hüquqla bağlı
dərsliklərə baxıram.
Anlamaq mümkün deyil. Bunu Azərbaycan alimləri yazıb. Alimlər dilini dəyişməlidir,
düşüncəsini dəyişməlidir.
Alim sadə düşünməklə
gerçək alim olur, sadə dildə yazmaqla insanları oxutmalıdır.
Müasir dövrdə bir
dənə də olsun elmi populyar
ədəbiyyat tapıb
çap eləmək
mümkün deyil.
Məcburuq tərcümə ədəbiyyatına müraciət
edək. Bəli, tərcümələrlə
bağlı çoxlu
iradlar var. Amma başqa yolumuz yoxdur. Baxın, hər il
dünyanın ən zəngin 5 adamının oxuduğu kitabların siyahısı açıqlanır.
"Amazon", "Google" rəhbərləri
hər il
100-120 kitab oxuyaraq, gənclərə örnək
göstərirlər ki,
mütləq kitab oxumaq lazımdır. Dünya statistikasına, eyni zamanda, Türkiyənin son
açıqladığı statistikaya görə, kitab oxuyanların sayı artır. Bizim bildiyimiz kağız kitabları oxuyanların sayı artır. Azərbaycanda elektron kitab,
audiokitab yoxdur. Biz bunun bolluğunu
yaratmalıyıq ki, gənclər kitab oxuya bilsinlər. Mən UNEC-in
həyata keçirdiyi
"Oxu mədəniyyəti"
təşəbbüsünü dəstəkləyirəm. İstərdim ki, kitab oxucuları ilə bağlı çoxsaylı
müzakirələr keçirilsin.
Auditoriyalara, yeni düşünən
"Z" nəslinə birbaşa
çıxış üçün
yazıçılara imkan
yaradılsın".
Milli Kitabxananın direktoru
professor Kərim Tahirov
qeyd edib ki, Ulu öndər
Heydər Əliyevin kitab oxumağa, kitabla dost olmağa, kitabın insanın həyatındakı roluna,
kitabxana və kitabxana işçilərinə
verdiyi dəyərləri
təhlil etdikcə, yaxşı mənada heyrətə gəlirsən.
Təbii
ki, Ulu öndər
kitabdan yararlanmasaydı
və kitab onun həyatında böyük rol oynamasaydı, ona elə böyük dəyər verməzdi.
Kitabla dost olmağın,
kitab oxumağın, çox mütaliə eləməyin ən böyük təcəssümü
məhz Heydər Əliyevdir. Ulu öndər gənclərə
həmişə deyirdi:
"Mən müsbət
keyfiyyətlərimə görə
kitaba borcluyam, siz də kitablarla
dost olun".
K.Tahirov
ölkədə oxu statistikasının aparılmamasının
mənfi təsirləri
barədə də fikirlərini bölüşüb:
"Təəssüflər olsun ki, Azərbaycanda
nə qədər kitab çap olunduğu, adambaşına
düşən, mütaliə
olunan kitab sayının, mütaliənin
statistikası aparılmır.
Bu, kitab nəşrinin,
mütaliənin inkişafına mənfi təsir göstərir. Kitab mütaliəsi ilə bağlı biz universitetlərdə
sorğu keçirmək
istəyirik. Yaxşı mütaliənin
yolu gənclərin bu istiqamətdə marağının öyrənilməsindən
keçir. Kitab nəşri,
mütaliə ilə bağlı statistikanın
aparılmasının səbəblərindən
biri də tələb-təklifə uyğun
kitab biznesinin olmamasıdır. Biz kitab bazarını kifayət qədər zənginləşdirə bilərik,
lakin bu, oxucuların istəyinə
uyğun gəlməyə
bilər. Ona görə
də mütləq tələb və təklif bir-biri ilə uzlaşmalıdır.
Bu məsələdə universitetlərin, ziyalıların
köməyinə ehtiyacımız
var".
Akademik Nizami Cəfərovun dediyinə
görə, tələbəyə
"100 kitabı oxu"
demək, əslində
"oxuma" deməkdir. Müəllimlər oxunmalı olan kitabın siyahısını
tərtib etməlidirlər.
İqtisadiyyata aid 3-4 kitab var
ki, tələbə məzun olduqda həmin kitabları oxumuş olmalıdır.
Onun həmin kitabı nə dərəcədə
dərk edib-etmədiyi
isə fərdi imkan məsələsidir.
Müəllimin vəzifəsi
seçilmiş kitabları,
əsərləri tələbəyə
oxutmağa nail olmaqdır:
"Təəssüfləndirici haldır ki, biz bilmirik hər bir azərbaycanlı Azərbaycan ədəbiyyatında
nəyi oxumalıdır.
Bir azərbaycanlı "Dədə
Qorqud"u, Nizamini, Füzulini, Nəsimini mütləq oxumalıdır.
Müəllimlərimiz orta məktəbdən
uşaqlara həmin kitabları oxutmalıdırlar.
Məsələn, Atatürkün
oxuduğu kitabların
siyahısı var və həmin kitabların kənarında
onun xüsusi qeydləri də var. Onun tarixə, xüsusilə dilə, mədəniyyətə, aid seçidiyi
kitabları oxuduqda həmin sahə üzrə mütəxəssis
ola bilirsən.
Ulu öndər Heydər Əliyev hər hansı bir məsələnin müzakirəsi
zamanı həmin sahə üzrə mütəxəssislərin məsləhəti
ilə müəyyən
kitablara ya özü baxırdı, ya da məlumat
alırdı.
Biz tələbələrə oxutdurmaq istədiyimiz kitabları müəyyənləşdirməliyik, yaxşı dərsliklər hazırlamalıyıq. Dərsliklərimiz çox eksperimentaldı, fundamentalizm yoxdur. İdeyalar modelləşməlidir, o ideyaları modelləşdirmək üslubu da dərslikdən başlamalıdır. Kitabı hansı məqsədlə oxutmağın özü də çox önəmlidir. Orta məktəbdə kitab oxumayan sonra kitab oxumayacaq. Orta məktəbdə birinci, ikinci siniflərdə elə dərsliklər var ki, uşaq o dərslikdən sonra ömrü boyu kitab oxumaq istəmir. Ona görə də düşünürəm ki, kitabla bağlı tədbirlərin keçirilməsi çox önəmlidir".
Millət vəkili Fazil Mustafa oxu mədəniyyətinin təbliği ilə bağlı universitetlərin üzərinə böyük missiyanın düşdüyünü və bu tip tədbirlərin ənənə halına çevrilməli olduğunu qeyd edib.
Oxu mədəniyyətinin formalaşmasında texnoloji yanaşmaya ehtiyac olduğunu diqqətə çatdıran professor Şahlar Əsgərov XXI əsr universitetlərinin bu istiqamətdə töhfələr verə biləcəyini vurğulayıb.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 14 fevral.- S.14.