Yaxşı ki, dünyada nənələr varmış...  

 

 

"Bajan nənəmin 110 yaşı olanda mənim dördüncü qardaşım Hamlet dünyaya gəldi. Nənəm dedi: "Uşağı gətirin, görüm!" Gətirdilər, baxdı, "Maşallah! Maşallah! Toyunu görüm, çiynində gedim!" - dedi".

Fikrət Qoca

 

"Yatmısan körpətək, nənə, beşikdə,

Qorxuram oyadam, xətrinə dəyəm.

Saatla dururlar fəxri keşikdə,

Mən sənin əbədi keşiyindəyəm!"

 

                                         Davud Nəsib

 

Deyirlər ki, cənnətdən qovulanda yer üzərinə babamız Adəm Seylon adasına (Şri-lankaya), nənəmiz Həvva isə indiki Ciddə şəhərinin yerləşdiyi əraziyə atılıblarmış. Ciddə - nənə deməkdir. Ərəbistanda yerləşən bu şəhər bəşəriyyətin ilk anası (nənəsi) sayılan Həvvanın adını daşıyır.

Nənə elə bir zəngin, rəngarəng dünyası olan varlıqdır ki, göydə göyqurşağını görəndə onu "Fatma nənənin hanası, yaxud örkəni" adlandırıblar.

Belə hesab olunur ki, nənələr dediyi hər sözdə, söhbətdə, hər nağılda o yeddi rəngdən həmişə nəsə, nələrsə olub deyə, nəvələrinin qəlbini bu qədər ovsunlayıb, sehirləyə biliblər.

Şumerlər bolluq ilahəsinə "nənə" deyirmişlər. Qədim türk xalqlarının mifalogiyasında uşaqları və heyvan balalarını mühafizə edən Umay (Humay) qadın ilahədir. Ailə tanrısı Atəş adlanırdı ki, buna Od və ya Ot inə (Od nənə) də deyilirmiş.

Demoqrafiyanı öyrənən alimlər müəyyən ediblər ki, bu gün dünyada yaşayan insanların hər 4 nəfərindən biri Çingiz xan nəslindəndir.

Çingiz xanla Çingiz Aytmatov şəcərəsinin ulu babası Altun İşıq-Boz Qurddur.

Çingizlərin ulu nənəsi Alankova isə Ana Keyik (Maral) soyundandır.

A.S. Puşkinin və L.N.Tolstoyun nənələri doğma bacı olublar. H.Marksla H.Heyne bir babanın nəvələri imişlər.

Öz nənəsini sinəsi nağıllarla, bayatılarla dolu "qumrov səsli nənəm" adlandıran Xalq yazıçısı İsa Muğanna "Ömürdən səhifələr" adlı xatiratında xüsusi olaraq vurğulayır ki, "Mənim ürəyimi öz ovcunda yoğurub düzəltmiş adamlar nənəmlə babam olub".

7 yaşı olanda nənəsi Lionel Messiyə deyib ki, sən dünyanın ən yaxşı futbolçusu olacaqsan. Sonralar Messi bu fikri doğruldub, rəqib qapısına vurduğu ilk qolu nənəsinə həsr etdiyini bildirib.

Xalq şairi Hüseyn Arif öz nənəsini həyatı və yaradıcılığı boyu dönə-dönə xatırlamış, qeyd etmişdi ki, "Uşaqlıqdan təbiət vurğunuyam, bu hiss mənə nənəmdən keçib. O, yaş ağac kəsməyi, yaş budağı sındırmağı günah sayırdı. Bar verən ağacları isə bolluq, bərəkət rəmzi kimi qiymətləndirirdi. Bunun üçün nənəmə çox borcluyam".

O, nənəsinə olan sevgisini, ehtiram hissini bir çox şeirlərində də belə ifadə edirdi:

 

Nənəm laylasını oxşama saydı,

Kimiydim, o məni oxşamasaydı!

 

...Babamı görmədim, nənəmi gördüm,

Candan arığıydı, yerişdən iti.

 

...Bir əsr ömr edib köçdü dünyadan,

Ömründə bir kitab oxumamışdı.

Yadımdan çıxmayır hər duzlu söhbət,

Mənə min kitablıq şeylər danışdı.

 

 

 

H.Arif bunu da yaxşı xatırlayırdı ki, "Atamın anasını "Ciji" deyə çağırırdıq".

Doğrudan da bu gün də bizim Qazax tərəflərdə nənəni "Ciji" deyə çağırırlar.

 

lll

 

Böyük yazıçıları həyat böyüdür, deyirlər. Yalandır! Böyük yazıçıları nənələr böyüdür. Bəlkə ən gözəl nağıllar da nənə nağıllarıdır? Elə dünyanın ən gözəl oğulları da nənə tərbiyəsindən çıxan oğullar deyilmi?!

A.S.Puşkin etiraf edirdi ki, mən bir çox poemalarımı nənəm Arina Podionovnanın danışdığı nağıllar əsasında yazmışam. Səməd Vurğunu əvvəlcə Qazax Seminariyasına götürmürlərmiş. Nənəsi Ayişə qarıya seminariyanın direktoru F.B.Köçərli deyib ki, "Bu üzünü lət basmış, raxit, xəstə uşağı mən məktəbə götürə bilmərəm".

Onda balaca Səməd: "Eh, a Firudin bəy, sən nə bilirsən ki, bu ürəkdə nələr yatır!" - deyib, Qurandan əzbər söyləməyə başlayıb və həmin məktəbə qəbul olunub. Anasını 6 yaşında itirsə də, Səmədin Ayişə (Aşa) qarı kimi nənəsi vardı. Ondan tərbiyə almışdı, görmüş-götürmüşdü. Nəvəsini ürəkləndirmək, vaxtsız itirdiyi ərinin ruhunu sevindirmək üçün at minirmiş Aşa qarı! Özü də madyan yox, erkək at! Gecələr yatanda yastığının altına naqan qoyub yatırmış!

Öz sevimli nəvəsinə oxşamalar da deyirmiş. Deyirmiş ki:

 

Dağlarda çiçək, a Səm-Səmi,

Hamıdan göyçək, a Səm-Səmi!

 

lll

 

"Bir evdə ata yad, bir evdə ana" deyərək çox həyati şeirlər yazan Nüsrət Kəsəmənlini də anasından ayrı salınanda nənəsi saxlamışdı. Şairin "Dəli bir ağlamaq keçir könlümdən" şeirində nənəsinin şəkli çox incə boyalarla "çəkilib".

M.H.Şəhriyarın nənəsi öləndə onun uşaq qəlbini inandırmağa çalışıblar ki,  "Nənən Kərbəla ziyarətinə gedib, a bala, ağlama, qayıdıb gələcək". O da yollara baxa-baxa, ağlaya-ağlaya qalıb. Və "Nənəm niyə gəlmədi?" deməkdən dili qabar bağlayıb...

lll

Ustadlar ustadıdı babalar, nənələr! Onlarla, yüzlərlə fakt göstərmək olar ki, əslində ustad deyilənlər ilk olaraq nənələrdən, babalardan başqaları deyillərmiş!

Ellərin sevinci, ellərin dərdi,

Nənəmin dilində dilə gələrdi.

Mən də gah sevinər, gah da yanardım,

Nənəmi ən böyük alim sanardım.

...Hünər dastanı da, sevinc səsi də,

 Nənəmin qəlbindən qəlbimə doldu.

Məni şair edən o kitab oldu,

O kitab nənəmin sinəsi idi.

Məmməd Araz

("Nənəmin kitabı") şeirindən

 

"İlk ədəbiyyat bilgilərimi nənəmdən almışam. Nənəm rus və dünya ədəbiyyatı ilə bağlı geniş bilgilərə malik idi və bu bilgiləri nəvəsi ilə bölüşürdü. Yüzlərlə şeir bilirdi. Əzbərdən! Nağıl dünyası da elə geniş idi ki! Sonradan bu nağıllar mənim yazılarıma qarışdı" - (Elxan Zal).

" - Əminəm ki, doğulduğunuz yerlərin təbiəti ruhunuzun tərbiyəsində çox mühüm rol oynayıb.

- Lap çox! Əksər ölkələri gəzmişəm, amma elə yerlər görməmişəm. Maraqlı məqam ondan ibarətdir ki bütün bu gözəlliklər bir insandan, onun danışıqlarından, ləhcəsindən daha çox sirayət edib xasiyyətimə. Bu adam mənim atamın anası Həvva nənəmdir. Qırx ilə yaxındır ki, o adam həyatda yoxdur. Amma təkcə adı gələndə bütün gözəlliklər, təbiət, dağlar gözümün önündə canlanır və elə bilirəm ki, hələ də nənəmə qoşulub yaylağa gedən balaca uşağam".

(Misir Mərdanovla bir müsahibədən.)

 

"48-də nənəm öldü,

Ömrümdə ilk dəfə

Ölüyə ağladım".

(V.Səmədoğlu)

 

lll

 

Nənələr nə qədər saf olurmuşlarsa, bir o qədər də sədəlövh olurlarmış. "Nənəm birinci dəfə telefon görəndə elə bildi ki, mən Allahla danışıram" - (O. Suleymanov).

"Raioda aşıq musiqisi verilirdi. Nənəm dedi ki, bəsdi, biz qulaq asdıq. Bağlayın radionu, qoy bir az da babanız gələnə qalsın!" - (B.Rüstəmov. "Keçmiş gələcək" kitabından).

Məhz belə nənələr təzə Ayı görəndə salavat çevirirlərmiş!

 

lll

Nənələr biləni kimlər bilir ki?!

Nənələr hər şeydə bir xeyir olduğunu söylərdilər. "Siçan sidiyinin də dənizə xeyri var" deyərdilər.

lll

 

Nənələrimiz çörəyimizi yeyib üzümüzə xortdayan ermənilərin iç üzlərini, murdarlıqlarını yaxşı bilirdilər. Qapımıza dilənçi kimi gələndə onları Allah xatirinə qonaqlasalar da, gedəndən sonra çağırıb gəlinlərinə tapşırardılar:

- A bala, aparın o murdarların nəfəsi, əli dəyən qab-qacağı axar suya carrayın, yaxşı-yaxşı yuyun, salavatlayın!

"Ay nənə, mələklər niyə göydə yaşayırlar? Niyə gəlib bizimlə olmurlar?

- Bizimlə olsalar, ağrın ürəyimə, onlar murdar olarlar.

- Murdar nədi ki?

- Yəni erməni kimi bir şey olarlar"

(Y.Səmədoğlu. "Deyilənlər gəldi başa" romanından)

Qız qardaşım, qələm dostum Mahirə Abdulla yazır: "Eygili vaxtlarda yeriyəndə qırmızı almayanaq Sultana nənəm ermənilər barədə deyirdi: "Tanrıya alqış etdik, azdılar. Qarğış edək, yerə girsinlər... Gözünüzü qarğa-quzğun didsin, çörəkləri dizləri üstə olanlar! Çörək itirənlər, çörəyimiz gözünüzü tutsun!"

Tutdu da!

44 günlük Vətən müharibəsi zamanı nənələrimizdən biri kəfənliyi üçün saxladığı pulu Ordumuza yardım üçün göndərdi.

Qələbə müjdəsini eşidəndə, Şuşa alınanda "Bir dənə "Qarabağ şikəstəsi" de, ay oğul!" deyən bir nənə(miz) oturduğu yerdə oynadı.

Eşq olsun belə nənəyə və nənələrə!

lll

Bizim babalar və nənələr həmişə halal ömür sürüblər. Haramı sevməyiblər, haramzadanı görən gözləri olmayıb. İstər insan olsun, istərsə heyvan...

Asif Ata yazırdı ki, "Nənəm ağlayanda tək ağlayırdı". Filosof daha sonra xatırlayırdı ki "Nənəm bir gün tüfəngi götürüb qapımızın itini güllələdi. Yad bir qapıdan sümük oğurlayıb gətirib gəmirdiyi üçün!"

Əslində ölüm hökmünü özü haqqında itin öz murdar hərəkəti çıxarmışdı. İndiyədək haram bir tikə görməmiş qapını murdarlamaq istədiyinə görə!

Bu əhvalat mənim yadıma öz nənəmin bir hərəkətini saldı.

Nənəm mənim üstümdə həmişə əsim-əsim əsirdi. Uşaq vaxtı hər dəfə mən yıxılanda nənəm özü ufuldayırdı. Yadımdadır, babamın saxladığı bir qoç vardı. Nənəm deyirdi ki, o, balamı vurdumu, axırı çatacaq. Bir gün həmin qoç, axır ki, məni vurdu. Nənəm o saat onun başını kəsdirdi.

Məndən də şairmi çıxardı? Nənəmin oxşamasıyla böyüməsəydim!

Mən nənəmi nənəm kimi yox, anam kimi xatırlayıram. Anamın da, mənim də bir anamız olub: nənəm! Odur ki, biz nənəmizə ana, anamıza "bajı" deyərdik.

İlk şeiri də mən nənəmdən eşitmişəm. Sən demə, özü qoşubmuş:

 

Ay Barat oğlan,

Dağları dolan!

Altında Boz at!

Qızlara söz at!

 

Nənəm niyə məni Qıratın üstə yox, Boz atın üstə görmək istəyib, deyimmi?!

Xızır peyğəmbər darda qalanların köməyinə mindiyi Boz atın üstə çatırmış.

Yəqin ki, nənəm mənim də bozatlı Xızır kimi darda qalanlara kömək etməyimi istəyibmiş?!

Bax, əsl oxşama da, tərbiyə də belə olar!

 

lll

Nənələr hamı üçün əzizdir, hərə öz nənəsini bir cürə xatırlayır. "Nənəm qara kəlağayıda yadıma düşür. Ağ birçəkli, üzü nurlu nənəm. Müdrik baxışlı, qürurlu nənəm! Namazlı, ağzı dualı nənəm! Nənəm qardaşları Mir İsmayıl və Mir Davudla bir ildə dünyasını dəyişdi. Onların ölümünü nənəm yuxusunda görmüşdü". (Nüşabə Babayeva-Vəkilova."Mən sənin yuxunam" kitabından)

...1185-ci ildə Yaponiyada taxta oturmuş 7 yaşlı imperator Antokun nənəsi kraliça Nu onları istəməyən qəbilələrlə qeyri-bərabər dəniz döyüşündə məğlub olduqlarını görəndə, nəvəsinin saçlarını mavi rəngli yaylıqla bağlayanda hökmdar soruşmuşdu ki, "Məni hara aparırsan, nənə?" Nənə hökmdarı bərk-bərk qucaqlamış, "Okeanın dibindədir bizim sarayımız!" deyib. Şərəfsiz halda düşmənə əsir düşməməkdən ötrü özünü nəvəsiylə birgə dalğalara təslim edib.

Yazıçı Qərib Mehdinin "Geriyə baxmaq olar" povestində nəvə nənəni suallar selinə tutur. "Nənə, yer nə deyir?", "Nənə, göy nə deyir?", "Bulud nə deyir?" Nənə sualların hamısına həvəslə cavab verir. Bu əsnada saz səsi eşidilir.

"Nənə, Saz nə deyir?"

Nənə xeyli fikrə getdikdən sonra fəlsəfi bir cavab verir: "Mənim balam, saz deyir ki, insan doğulur, insan yaşayır, insan ölür".

Bu cavabdan xeyli kədərlənən nəvə nənəsinə yalvarır: "Nənə, saza de, qoy insan ölməsin!"

Ancaq təəssüf ki, ölümün nə olduğunu bilməyən Nəvə hələ yuxudadır. Bir azdan getdikcə həyat özü onu bu yuxudan ayıldacaq, başa salacaq ki, kimliyinə baxmadan, gələn getməlidir. Nəvə biləcək ki, nənəsinin qorxduğu ölüm deyilmiş. Öləndə oğlunun, nəvəsinin çiynində getməmək qorxusuymuş...

H.Arifin S.Vurğuna həsr etdiyi "Yolda" poemasında belə bir epizod var:

S.Vurğun Böyük Vətən Müharibəsində cəbhələrdən birində İmran adlı bir əsgərlə tanış olub. Ondan soruşur ki, arxada kimin qalıb?

- Bircə nənəm var, - deyib əsgər, - şair, mümkün olsa ona baş çəkərsən, mənim bu məktubumu nənəmə çatdırarsan.

 

Şair, İmranın nənəsi Sənəm qarıya baş çəkir, gün-güzaranı ilə maraqlanır, çıxardıb ona bir qalaq pul da verir. Yola düşəndə Sənəm qarı onu qucaqlayıb belə deyir: "Öləndə çiynində gedim, ay Səməd!"

Az keçməmiş hamının qapısından çıxan tüstü Sənəm qarının qapısından da çıxır. H.Arif yazır ki, S.Vurğun iş otağında oturmuşdu. Birdən...

Səsləndi otaqda telefon yenə,

(Görəsən obaşdan xeyirdir, nədir?)

Yanaşıb dəstəyi aldı əlinə,

- Necə, Sənəm qarı can üstündədir?!

...Muğanda, Çinarlı kəndində Sənəm qarını dəfn etməyə aparırdılar. Sənəm qarı xoşbəxtdi. Arzusu yerinə yetmişdi. Dünyadan şair çiynində - oğul çiynində köçüb gedirdi. Cənazənin baş tərəfindən Səməd Vurğun yapışmışdı...

lll

Oktay qardaşım nəvəsidir.

Ata nənəsi öləndə nə qədər kiritmək istəsələr də, uşaq ağlayıb "Nənəmi istəyirəm" deyirdi. Hətta bu balaca oğlan bizimlə qəbristanlığa qədər də getdi, nənəsinin dəfnində də iştirak etdi. Əlibelli adamlar tez-tez əllərini dəyişə-dəyişə qəbri torpaqlayırdılar. Belin birini Oktaya verdilər ki, savabdı, sən də nənənin qəbrinə torpaq at. O, beli götürsə də, qəbri torpaqlaya bilmədi. Qəbirdə yatan nənəsidir, deyə! Beli yerə atdı. Gücü yenidən ağlamağa çatdı.

lll

Öz nənəmlə bağlı bir hadisəni də unuda bilmirəm.

Qapımızda ağacdan bir işıq dirəyi vardı. Nənəm qorxurdu ki, bir gün o dirək çürüyüb üstümüzə yıxılacaq.

Ancaq çürümədi... yıxılmadı.

Nənəm özü çürüdü... yıxıldı, qarışdı qara torpaqlara!

Hayıf! Min hayıf!

lll

Əhməd Cəmilin "Can nənə, bir nağıl da de!" adlı gözəl bir şeiri var. Şeirin davamı belədir: " Ömrüm-günüm, yat, daha, Hamısını indi desəm, nağıl qalmaz sabaha!"

Bax, beləcə min illərdir ki, nənələr nəvələrinə nağıl danışırlar. Nəvələrsə istəyirlər ki, nağıl bitməsin, qurtarmasın, sabaha da, yəni sabahkı nəvələrə də qalsın. Gecələr keçər, səhərlər açılar, nənələr dediyi sabah (lar) gələr. Bir də baxıb görərik ki, şair Məstan Günər demişkən:

Nənələr baharda doğulanları,

Tutub qollarında günə göstərir...

 

Barat VÜSAL

525-ci qəzet.- 2023.- 14 fevral.- S.12;13.