"O, mənim
and yerim, qürur mənbəyimdir"
VƏTƏN
MÜHARİBƏSİ ŞƏHİDİ HÜSEYN
TAĞIYEVİN HƏYAT YOLDAŞI AYŞƏN XANIM
"BİRLİKDƏLİYİMİZ
ŞƏHİDLƏR XİYABANINDA BAŞLANMIŞDI, ORADA DA
BİTDİ" DEYİR
Heç tükənməyən, heç
bitməyən mövzudur
Vətən! Hələ
bir də başı qovğalı,
səması dumanlı,
torpağı şəhid
qoxulu yurdun varsa, hər nəfəsdə hiss edərsən
onun müqəddəsliyini.
Bu gün haqqında
danışacağımız şəhid Hüseyn Tağıyev də öz qanıyla torpağı vətən
edənlərdəndir. Onun vətən
sevgisi ona hərbi formanı geyindirmiş, yaralanmasına
baxmayaraq, yenidən xidmətə qayıtmasına
səbəb olmuşdu.
Bu, onun bioqrafiyasında
da qeyd edilib.
Hüseyn
Oqtay oğlu Tağıyev 1991-ci il avqustun 8-də Bakı şəhərində
anadan olub. Əslən İrəvan şəhərindən
idi. 1998-ci ildə
Natiq Tağıyev adına 212 saylı
tam orta məktəbin
1-ci sinifinə daxil olub. 2009-2010-cu illərdə
Azərbaycan Silahlı
Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli
həqiqi hərbi xidmət keçib.
2015-2018-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin
Ağdam şəhərindəki
"N" saylı hərbi
hissəsində müddətdən
artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Həm görmədiyi
İrəvan həsrəti,
həm də Qarabağ sevgisi onun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi vətənin keşiyində
durmasına səbəb
olub. O, Qarabağı
azad etməyincə bu formanı çıxarmayacağına and içir və XTQ kəşfiyyatçısı kimi xidmətini davam etdirir. 2016-cı
ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində
igidliklə savaşır,
yaralanır. "Aprel
döyüşləri"ndə aldığı zədələrdən
və 2018-ci ildə müddətdən artıq
həqiqi hərbi xidmət qulluqçusu müqaviləsinin müddəti
bitib tərxis olunsa da, 2020-ci ildə yenidən müqavilə bağlayaraq
Azərbaycan Silahlı
Qüvvələrinin Qusar
rayonunda yerləşən
"N" saylı hərbi
hissənin Kəşfiyyat
Bölüyünün sıralarında
müddətdən artıq
həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.
Azərbaycan Ordusunun kiçik
çavuşu olan Hüseyn Tağıyev
2020-ci il sentyabrın 27-də başlanan
Vətən müharibəsi
zamanı Füzulinin azadlığı uğrunda
gedən döyüşlərdə
savaşıb və oktyabrın 5-də Füzuli
döyüşləri zamanı
şəhadətə yüksəlib.
Əvvəlcə Qaradağ rayonu
ərazisindəki ümumşəhər
qəbiristanlığında, sonra isə II Şəhidlər xiyabanında
dəfn olunub.
Hüseyn Tağıyev şəhadətindən
sonra "Vətən
uğrunda" və
"Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
Bu gün həmsöhbətimiz
qəhrəman şəhidimizin
2019-cu ildə ailə
qurduğu həyat yoldaşı Ayşən
Tağıyevadır.
- Ayşən xanım, Hüseynlə necə tanış olub evlənmişdiniz?
- Hüseyn tez-tez Şəhidlər xiyabanını
ziyarət edərdi. Bizim tanışlığımız da elə Şəhidlər
xiyabanında olmuşdu.
Birlikdəliyimiz Şəhidlər xiyabanında başlanmışdı,
orada da bitdi. Hüseyn mənə evlilik
təklifini də orada etmişdi.
2019-cu il 7 iyunda toyumuz oldu. 2020-ci ildə
Nazlı adında qızımız dünyaya
gəldi.
Bir gün Hüseyn gəldi ki, mən formasız
qala bilmirəm, yenidən orduya qayıdıram. Mən də onun formaya sevgisini, vətənə düşkünlüyünü
bildiyim üçün
heç nə deyə bilmədim. Bilirdim ki, desəm də, xeyri olmayacaq. Beləcə, orduya qayıtdı
və Qusarda
"N" saylı hərbi
hissədə XTQ kəşfiyyatçı
baş çavuş kimi xidmətə başladı.
- Necə həyat yoldaşı, necə ata idi? Övladıyla bağlı hansı arzuları vardı?
- Hüseynim əvəzolunmaz
həyat yoldaşı,
mükəmməl ata
idi. Mən hər sirrimi,
sözümü onunla
paylaşırdım. Gözəl dinləyici, mənim arxa-dayağım idi.
Nazlı
ilə bağlı çox arzuları vardı. Onun ingilis və
rus dillərini mükəmməl öyrənməsini
istəyirdi. Bir də
deyirdi ki, mənim qızım həkim olacaq. Ən böyük arzusu isə Qarabağı azad etmək, ata yurdu İrəvana
getmək, o torpaqları
Nazlıya tanıtmaq idi. İnanın ki, Nazlının
ilk dəfə evdən
çıxıb getdiyi
yer də Şəhidlər xiyabanı
olub. Şəhidlərimizi ziyarət etdikdən
sonra ondan soruşdum ki, niyə bütün özəl günlərimizdə
Şəhidlər xiyabanına
gəlirik. Dedi ki, çünki biz hər xoşbəxtliyimizi
şəhidlərimizə borcluyuq.
Bu gün biz səninlə
xoşbəxtiksə, övlad
sahibiyiksə, azad bir ölkənin vətəndaşıyıqsa, bu, şəhidlərimizin
sayəsindədir.
- Hərbçinin həyat yoldaşı olmağın
nə kimi çətinlikləri vardı?
- Bu, çox çətin, ağır, amma qürurludur. Bəli, çətinlikləri çoxdur, amma mən həmişə bununla fəxr etmişəm, indi də fəxr edirəm. Mən hər zaman
onun işinə sayğıyla, hörmətlə
yanaşıb, qürur
duymuşam.
- Qarabağın işğalıyla
bağlı nələr
deyirdi?
- Qarabağımızın işğalıyla
heç cür barışmırdı, barışa
bilmirdi. Hər zaman deyirdi ki, biz mütləq o torpaqları azad edəcəyik. Bizim övladlarımız
Qarabağı, o gözəl
torpaqları tanımalıdır.
- Müharibəyə necə
getdi?
- Hüseynim hərbçi olduğundan müharibənin
ilk günündən xidmət
etdiyi "N" saylı
hərbi hissədən
XTQ kəşfiyyatçısı kimi qatılmışdı.
Bir kəşfiyyatçı olaraq
düşmənin arxasına
keçib oradan vətən üçün,
müharibənin gedişi
üçün önəmli
məlumatları ötürürmüşlər.
Döyüş yoldaşlarının sözlərinə görə,
çox cəsur, qorxmaz, bilikli, peşəkar kəşfiyyatçı
olub.
- Müharibə vaxtı danışa bilirdinizmi? Ən son nə vaxt danışmışdınız?
Nələr deyirdi?
- Müharibə vaxtı imkan düşdükcə bizimlə əlaqə saxlayırdı. Hər zaman da "hər şey yaxşıdır, qələbə bizimdir" deyərdi. Məni o qədər arxayın etmişdi ki, ona nə isə ola biləcəyini ağlıma da gətirmirdim. Axırıncı dəfə oktyabrın 4-də axşam danışdıq. Mənə dedi ki, hər zaman səni arxa-dayağım bilmişəm. Bilirəm ki, Nazlımızı adımıza layiq, vətənpərvər insan kimi böyüdəcəksən. Bir az da danışıb, sağollaşdıq. Üstündən beş dəqiqə keçməmiş yenidən yığdı. Dedi ki, Nazlını göstər mənə. Dedim, yatıb. Heç vaxt onu oyatmağa qıymazdı, amma bu dəfə dedi ki, oyat görüm. Oyatdım, on-on beş dəqiqə danışdı, əzizlədi və dedi ki, istəyirəm hər zaman gözümdə siz olasınız. Sonra mənə dedi ki, şəkillərimi Nazlıya tez-tez göstər, de ki, bu, sənin atandır və səni ölümünə sevirdi. Cavab verdim ki, mən bunu deyərəm, amma tez gəlib özün də deyərsən. Gülümsədi, "əlbəttə" dedi. Ən sonuncu danışığı isə qardaşımla olmuşdu. Bizdən sonra ona zəng edib və deyib ki, biz çox ağır, məsuliyyətli tapşırığa gedirik, hər şey ola bilər. Övladım, həyat yoldaşım sizə əmanətdir.
- Şəhadət xəbərini necə aldınız?
- Oktyabrın 7-də "yaralıdır, gətirirlər" dedilər mənə. Amma həmin gün elə bayrağa bükülü cansız bədənini gətirdilər. Onun gedişinə heç zaman inanmadım, indi də inanmıram.
- Bir şəhid xanımı olmaq, şəhidin övladını böyütmək nə deməkdir?
- Bir şəhid xanımı olmaq... sevdiyini qara torpağa vermək kimi ağır heç bir dərd yoxdur, ola bilməz. O, mənimçün hər zaman yaşayacaq. Onsuz çox darıxıram. Ancaq mən Hüseynimə söz vermişəm, onun əmanətini adına layiq böyüdəcəyəm. Şəhid övladını böyütmək böyük məsuliyyətdir. Böyüdükcə sualları qarşısında aciz qalırsan. Hüseyn şəhid olanda qızımız altı aylıq idi. İndi isə üç yaşı olacaq. Şəhid övladlarının hissləri, duyğuları bir başqa olur. Bəzən sualları qarşısında aciz qalıb susuram, gücüm ağlamağa çatır.
- Heç yuxularınıza girirmi? Necə görürsünüz yuxuda?
- Mən onu hər
zaman yanımda hiss edirəm. Xüsusən, nəsə çətinliyə
düşəndə hiss edirəm
ki, yanımdadır, mənə yol göstərir. Yuxularıma tez-tez
gəlmir, ancaq məni nədənsə qoruyanda həmişə yuxuma girib xəbərdarlıq
edir. Mən həyat yoldaşımla
hər zaman fəxr etmişəm, indi də fəxr
edirəm. İtkisi nə
qədər acı olsa da, Hüseynim
mənim and yerim, qürur mənbəyimdir.
- Şəhidinizin adının
yaşadılması üçün
nələr edilməsini
istərdiniz?
- Hüseynimin adının əbədiləşdirilməsini çox istəyərdim. Övladımız böyüyəndə bilsin ki, onun atası necə vətənpərvər, necə qəhrəman idi. Bu, həm bizimçün, həm də onunçün gələcəkdə təsəlli olardı.
Şahanə MÜŞFİQ
525 ci qəzet-.- 2023.- 15 fevral.- S.15.