Din və məhəbbət - faciələrə aparan ziddiyyət  

 

Patriarxal qaydalar, nikahın iki cinsin əlaqələrində mühüm və aparıcı yer tutması bir qayda olaraq sevgi əhvalatlarına ədalətli, humanist münasibət bəslənməsini kənara atdı. Ailənin möhkəmliyi, həm də namus, qeyrətin elan olunduğu şəkildə ən yüksək qaydada qorunması naminə təbiətin hökmü ilə aramsız olaraq, baş verən bu əhvalatlara yasaq tədbirləri tətbiq edildi. Azad sevgi cəngavərləri isə təqib hədəfinə çevrilmişdilər. Dünya dinləri təşəkkül tapdıqda onlar fərqli qaydada olsa da, bu məsələlərdə əsasən sərt mövqe tutmuş, iki bir-birini sevən gəncin intim yaxınlığı hətta qan tökülməsinə, iki tayfa və ya nəsil arasında ziddiyyətin böyüyüb düşmənçiliyə çevrilməsinə şərait yaratmış, izahı çətin olan vendettanın bünövrəsini qoymuşdu.

Ən qədim din sayılan iudaizm lap əvvəldən əxlaq pozğunluğuna, intim yaxınlıqdakı eybəcər hallara qarşı kəskin mübarizə aparmışdır. Cəmiyyətin pozitiv əsaslarda formalaşmasında bunun xeyli rolu olsa da, həmin məqsədə yönələn tədbirlər problemi bütünlüklə həll etmək gücündə olmamışdır. Təbiətə zidd olan pozğunluq nümunələri iki şəhərin viran qalması, əhalisinin məhv olması ilə nəticələnmişdi. Allah, əhalisinin eybəcər pozğunluğuna görə Sodom və Qomorranı belə ağır cəzaya məhkum etmişdi. Allahın göndərdiyi mələklərə də təcavüz etmək istəyənlərə müqavimət göstərən Lotu xilas etmək üçün Sahib onu arvadı və qızları ilə birlikdə şəhərdən çıxamış, lakin xəbərdarlığa məhəl qoymayan arvadı bu vaxt həlak olmuşdu. Lot sığınacaq kimi təpənin altındakı bir mağarada məskulaşmışdı. Qızlar övlada malik olmaq məqsədi ilə atalarını içirmiş, sərxoşluğundan sui-istifadə edib, onunla yatmışdılar. Bu intim yaxınlıqdan onlar iki oğlan uşağı dünyaya gətirmişdilər. Əxlaq pozğunluğuna qarşı mübariz kimi qələmə verilən Lotu özündən asılı olmasa da, biabırçı bir pozğunluğa - intsestə, qanqarışdırıcı əlaqəyə yol vermişdi.

Bizim dövrümüzdə isə Bibliyanı özünün müqəddəs kitabı sayan bir sıra xristian ölkələrində eyni cinsdən olanların yaxın əlaqəsi təbii hal kimi qəbul edilməklə yanaşı, hətta onların nikah ittifaqı da qanuni sayılır. Digər tərəfdən dünya dinləri homoseksualizmi qəbul etməyərək məhkum etsələr də, istər qədim dünyada, istərsə bizim dövrümüzdə belə yaxınlıq nümunələri heç də az deyildir. Qədim Yunanıstanda, xüsusən onun ordu sıralarında homoseksualizm adi davranış qaydası hesab olunurdu. SSRİ-də bu qeyri-təbii əlaqə qanun məcəlləsinə görə cinayət sayılsa da, həbsxanalarda onun baş verməsi əsla nadir hal deyildi.

İntsestə gəldikdə, bu da qədim dünyada mövcud olmuşdu. Misir faraonları sülalənin qan təmizliyini qoruyub saxlamaq üçün doğma bacılarına evlənirdilər. İudaizm peyğəmbəri Abraham öz ögey, atadan bir, anadan ayrı bacısı Sara ilə ailə qurmuş, onların İsaak adlı oğlu olmuşdu. Ona görə də ingilis şairi Corc Qordon Bayronun öz ögey bacısı Avqusta ilə yaxınlığına və ondan qızı olmasına olmasına və ya rus yazıçısı Aleksandr Gertsenin öz ögey bacısı Natalya ilə evlənməsinə görə onlara hansısa bir irad tutulması nə qədər məqsədə uyğundur?

Ayrı dinə mənsub olanlarla eşqə düşməyin özü də qəbahət hesab edilirdi və buna düçar olanlar hansısa bir şərtiliyə görə qəddarcasına cəzlandırılırdı. Bibliyada İakovun, onun digər adı İsrail idi, böyük oğlanları rəhmsiz təbiətlərinə uyğun olaraq öz bacıları ilə sevişən və onun bəkarətini pozmuş oğlanın məxsus olduğu tayfanı hiyləgərlik yolu ilə tələyə salmış, onun üzvlərinin hamısını qırmış, şəhəri viranə qoymuşdular. Homerin "İliada"sında Troya şahzadəsi Paris Spartada qonaq olarkən çar Menelayın arvadı Füsunkar Yelenaya vurulmuş, bu qadın tərəfindən onun hissi cavabsız qalmadığından, sevgilisini götürüb Asiya qitəsinin qərb qurtaracağındakı öz vətəninə qaçırmışdı. Onsuz da varlı Troya ilə haqq-hesabı çürütmək istəyən yunan şəhər- dövlətlərinin birləşmiş ordusu bu fürsətdən istifadə edərək, dənizlə uzun məsafəni üzüb, şəhəri mühasirəyə almaqla on il davam edən müharibəyə başlamışdı. Olimp allahlarının köməyi və Odisseyin hiyləgərliyi ilə yunanlar qalib gəlib, həmin qüdrətli dövləti tarix səhnəsindən silmişdilər. İki şəxsin sevgisi kütləvi faciəyə səbəb oldu.

Qadağalar əsl məhəbbətə zərbə vurduğu halda, şəhvətin böyüməsinə, zinakarlığa heç də elə bir ciddi təsir göstərə bilmirdi. Qədim Roma yazıçısı Apuleyin məşhur "Metamorfozalar XI kitabda" - ("Qızıl eşşək") əsərində qadınlara heç də laqeyd olmayan Lutsi cadugərliklə eşşəyə çevrildikdə, insanlar arasında əxlaqsızlığın tüğyan etməsindən, eybəcər şəkillər almasından heyrətə gəlir. Şekspirin qələmə aldığı italyan şəhəri Veronada Romeo və Cülyettanın sevgisi iki nəsil arasındakı ədavətin qurbanına çevrildiyindən, onların çox gənc vaxtı həyatla vidalaşmalarına səbəb oldu.

Təəssüf ki, dinlər də ali insani hiss olan məhəbbətə çox hallarda bu səhv prizmadan baxaraq, onu cəmiyyətin əxlaqını pozan bir cəhət kimi qiymətləndirib, ayrı dinlərə məxsus olanların qarşılıqlı sevgi əsasında nikaha girmələrinə, ailə qurmalarına sərt qadağa qoymuşdu. İudaizm dini yəhudilərə başqa dinlərə sitayiş edənlərlə yaxınlıq etməyə, onlarla ailə qurmağa icazə vermirdi. Bu dinin öz peyğəmbərləri isə məlum qaydaya məhəl qoymurdular. Abrahamın misirli qul qız olan Həcərdən (Aqardan) İsmayıl adlı oğlu olmuşdu. Moiseyin özü Kuşit və ya sudanlı qadına evlənmişdi. Qardaşı Aaron buna narazılığını bildirsə də, Allah öz sədaqətli nökəri saydığı Moiseyi müdafiə etmişdi. Yəhudilərin fəxr etdikləri Ester Persiya çarı Kserksin kənizi və arvadı olmaqla, öz xalqını məhv olmaq təhlükəsindən xilas etdiyinə görə Bibliya qəhrəmanına çevrilmişdi. Görünür, dini qadağalar, qanunlar əsasən kiçik adamlar, kütlə üçündür, yuxarılar bu qaydaları özlərinə lazım olduqda asanlıqla pozur və təbiətin hökmünə uyğun olaraq qərar verməkdən çəkinmirlər. Axı adətən xırda balıqlar torda ilişib qaldıqları halda, böyük balıqlar onu yırtıb, öz təbii məkanlarına çıxa bilirlər.

Xristianlıq daha geniş və dünyaya yayılan bir din olmaqla, nikah və ailə barədə belə sərt qaydalardan qaçmağı bacarmışdı, lakin başqa bir istiqamətdə daha uzağa gedərək, kilsə xadimlərinə və rahiblərə tselibat - nikahsızlıq kimi qəddar bir qaydanı tətbiq etmişdi. Sonralar İspaniyada inkvizisiya hər cür haqsızlıqlar, əsassız cəzalar və əslində qəddarlıq nümunəsi olan qətllər təşkil edəndə, öz dininə mənsub olanların yəhudi qızları ilə yaxınlıq etməsi ittihamına görə hətta böyük istedad sahiblərini təqib etməkdən qalmırdı. XX əsrdə natsist Almaniyasında yəhudilərlə intim yaxınlıq barədə daha iyrənc qanunlar meydana gəldi, hətta bir uzaq valideyninin yəhudi olmasına görə, belə adamlarla əlaqəyə, nikaha yasaq qoyuldu. Bu yolla guya ari irqinə mənsub olanların təmiz qanı qorunub saxlanacaqdı. Bu, faraonların təmiz qanı mühafizə etmək naminə öz bacıları ilə evlənmələrini yada salmaqla, istehza doğurur.

İslam dini də özündən əvvəl meydana gəlmiş dünya dinlərinin məhəbbət barədəki qeyri-humanist addımlarını təkrar etmək yolunu tutdu. Zinakarlıqla mübarizə adı altında ən rəhmsiz cəza növlərinə əl atıldı. İslamın müqəddəs kitabı olan Quranda belə cəzaların tətbiqi təsbit edilmişdir. Quranın "Ən-Nisa" surəsində zinakarlığa görə ağır cəzalar nəzərdə tutulur. Subaylar belə əxlaqsızlıqla məşğul olduqda, onların hər ikisinə 100 qamçı vurulması, evli kişi və qadın zinakarlıq etdikdə isə onların daş-qalaq edilib öldürülməsi qaydası qoyulmuşdur. Təqsirin sübutu üçün dörd şahidin olması tələb olunurdu. Əgər bu şahidlər öz iyrənc məqsədləri ilə günahsız adamları cəzalandırmaq, hətta məhv etmək niyyətini güdürlərsə, onda necə olsun? Ciddi mühakimə, həqiqi məhkəmə prosesi olmadan adamları necə cinayətkar hesab etmək olar, çünki şəriətə görə, zinakarlıq ağır cinayət hesab olunur. Bəs sonralar hüquqda meydana gələn təqsirsizlik prezumptsiyası necə olsun? Belə sərt cəzalar yenə də hərdən bir özünü büruzə versə də, zinakarlıq heç də öz mövqelərini vermək istəmir. Ona yol verən adamlara həm də cəmiyyətdə tutduqları mövqeləri və maddi imkanları qalxan xidməti göstərir və onlar nəinki cəzadan, hətta ictimai qınaqdan da yayına bilirlər. İslamda genderlər arasındakı nikah məsələsində də bəzi fərqlər mövcuddur. Kişilər başqa dindən olanlarla maneəsiz qaydada nikah kəsdirib, ailə qurduqları halda, müsəlman qızların və qadınların xristiana və iudeylərə ərə getməsi nadir hallarda baş verir və cəmiyyət də buna heç də loyal münasibət göstərilmir.

İslam dini patriarxal qaydaların möhkəmləndirilməsi, onların zəifləməsinə yol verməmək üçün qadınlara, xüsusən gənc qızlara qarşı cəza tədbirlərində həddi aşır, onların öz ən adi hüquqlarını həyata keçirmələrinə ağlasığmaz qadağalar qoymaqla, orta əsr barbarlığını müasir yaşam tərzinə qaytarmaq yolunu tutur. Qatı dini hərəkat olan Taliban Əfqanıstanda yenidən hakimiyyətə gəldikdən sonra ölkədə qızların təhsil almaq hüququnu demək olar ki, ləğv etmiş, qadınların ictimai əməklə məşğul olmalarına qadağa qoymuşdur. Beləliklə. uşaqlarını heç bir kömək olmadan böyüdən anaların ailə üzvlərini aclıqdan ölməyə məhkum etmişlər. Universitetdə digər yoldaşları kimi təhsilini davam etdirməyə buraxılmayan bir tələbə qızın dediyi kimi, Taliban hakimiyyəti qızlara heyvana və toyuqa olan kimi münasibət bəsləyir. İranda isə mollakratiya rejimi qadınların hicab daşımasınn adi bir şəkildə pozulmasına qarşı ən sərt tədbirlərə əl atır, gənc qızların azacıq sərbəstliyinə qəddarlıqla yanaşmadan da çəkinmir. Kürd qızı Maxsa Amini hicabı yaxşı örtmədiyinə görə Əxlaq polisi tərəfindən vəhşicəsinə döyülməklə, bu səbəbdən öldükdən sonra ölkəni etiraz dalğası bürüdü. Nararazılıqlar nümayişində 400 nəfər həlak oldu, hökumət geri çəkilmək istəmədiyindən 28 nəfəri edam etdi. Əhalinin rejimə qarşı sərt münasibətində bilavasitə öz günahını etiraf etmək, əcayib qaydalarına son qoymaq əvəzinə, hakimiyyət narazılıqların böyük miqyas almasında elə bir ciddi əsas olmadan xarici qüvvələri, xüsusən ABŞ-ı və İsraili ittiham edir. İran rejimi qonşu dövlətlərlə də sağlam, normal münasibətlər yaratmaq əvəzinə, müstəqil dövlətə kiminlə dost və ya düşmən olmaq barədə öz iradəsini diktə etmək istəyir, bununla da tam əsl effektə sahib olur. 

Məhəbbət müqəddəs duyğu olduğu kimi, həm də olduqca kövrək bir qarşılıqlı münasibətin təzahürüdür. Onun primitivləşdirilərək şəhvətlə, pozğunluqla əvəz edilməsi pis nəticələr verir. Ona görə də bəzən kütləvi xarakter alan əxlaqsızlıq hallarını məhəbbət haləsinə bürümək cəhdinin özü ağılsızlıqdır. Yalançı, saxtalığı ilə seçilən "məhəbbət"ə əsir olmaq, ona qeyri-ciddi, əslində yüngül münasibət bəsləmək çox vaxt fiziki yaxınlığa ağılsız, ehtirasa hədd qoymayan meylin nəticəsi kimi də üzə çıxır. Şəhvətə boyun əymək kor-koranə, ömrün sonrakı mərhələlərinə məhəl qoymadan baş verdikdə arzuolunmaz gələcəyin mövcudluğuna gətirib çıxarır. Qadın əxlaqsızlıq yoluna düşdükdə, elə ilk addımında bunun bədbəxtliyə səbəb olacağı variantının da qapını döyəcəyini nəzərdən qaçırmamalıdır. Özünü normal yedizdirə bilməyən qadın üçün yeni dünyaya gələcək uşağın qida ilə təmin edilməsi hökmən onu daha ağır problemlərlə üzləşdirəcəkdir. Ona görə də ərsiz qadınların hamilə olması onları əvvəlkindən ağır olan dərdə düçar edirdi. Hətta XIX əsrin sonunda, Viktorian epoxasında, dünyanın ərazisinin dörddə birinə ağalıq edən Böyük Britaniya imperiyasının paytaxtı olan Londonda yoxsul ailələrdən olan belə qadınlar öz yaxınlarını da biabır etməmək üçün ya aborta əl atır, ya da doğduqları körpəni atmağa məcbur olurdular. Bəziləri isə özləri üçün daha qəddar yolu seçirdilər, intihar etməklə həyatla vidalaşırdılar. Qanunsuz doğulmuş körpələr atıldıqları yerdə - körpü altında və ya qəbiristanlıqda tapılırdı, onları bəzən xeyirxah adamların hesabına uğurlu tale də gözləyirdi. Tapılmayanlar isə soyuqdan ölürdülər. Beləliklə, əxlaqsızlıq peşəsini seçmiş qadınlar təkcə özləri üçün deyil, həyata gətirdikəri körpələr üçün də ixtiyarsız olaraq faciə mənbəyinə çevrilirdilər. Cəmiyyət gələcəkdə cinayət yolunu tutacaq valideynsiz uşaqlar problemi ilə də üzləşməli olurdu.

 

(Ardı var)

Telman ORUCOV

525 ci qəzet-.- 2023.- 15 fevral.- S.14.