"Kədər başdan-başa
sinəmi tutmuş"
Esse
Bir çox
müasir yazıçımızın
əsərlərini türkcəyə
çevirən Abdulkadir
Özkan da Türkiyədəki zəlzələnin
qurbanı oldu.
Onu Azərbaycanda öz evlərində qonaq edən, hətta Abdulkadirin yaşadığı
və dağıntılar
altında qalıb can
verdiyi Kahramanmaraşdakı
evində vaxtilə qonaq olan yazıçı
dostlardan fərqli olaraq mən onunla real həyatda bircə dəfə də görüşməmişdim,
bir-birimizi yalnız qiyabi tanıyırdıq,
buna baxmayaraq, feysbukdakı qısa söhbətlər də aramızda səmimi bir dostluğun yaranması üçün
kifayət etmişdi. Yazışmamız Abdulkadirin aşağıdakı
mesajından sonra başlamışdı.
Ölümünə çox kədərləndim. İlk mesajındakı
sonuncu cümləni təkrar-təkrar oxuduqda isə kədərim daha da qəhərləndirici
olur. Bu gənc, yaraşıqlı, gülərüz
adam atası,
anası və bacısıyla birgə, yaşadıqları evin dağıntıları altında
qalıb faciəvi şəkildə dünyadan
köçdü.
"20 il sonra"
demişdi, sən demə, heç 2 illik ömrü də qalmayıbmış.
lll
Feysbuka girirəm
və səhifəni hər yenilədikcə Abdulkadirlə nə vaxtsa bir masa
arxasında oturub çay içən yazıçı həmkarların
onunla çəkdirdikləri
şəkilləri görürəm.
Sonra Abdulkadirin
feysbukda indi sahibsiz qalmış öz profilinə baxıram. Bir neçə gün
əvvəlki paylaşımlara
qədər aşağı
düşürəm.
Hələ zəlzələnin təzə
olduğu günlərdə
onun adını işarələyib nigaranlığını
ifadə edən azərbaycanlı dostların
paylaşımları çıxır
qarşıma və yuxarı qalxdıqca bu nigarançılıqlar
qara bir xəbərlə öz təsdiqini tapır.
Ard-arda paylaşımlar. Göz yaşları.
Kədər. Və "Allah rəhmət
etsin" diləkləri.
Sonra ortaq tanışımız
olan bir dostun votsapa yazdığı mesaj məni feysbukdan çıxarır:
"Abdulkadiri bildin
də? O da zəlzələnin qurbanı
oldu. Bizdə qonaq olmuşdu.
Çox
yaxşı oğlan idi. Heyif. O qədər pis olmuşam".
Soruşuram ki, görəsən, bu xəbər tam dəqiqdirmi? Cavab verir:
"Hə, bir türk dostum vasitəsiylə öyrəndim. Dedim, biz ulaşa bilmirik. Nömrəsini atdım. 5 dəqiqə
sonra zəng edib dedi ki,
cənazəsinə indilərdə
ulaşıldı. Bacısıyla bir yerdə".
Keçirdiyim hisslərə uyğun,
votsapda hansısa bir işarə, simvol, emoji axtarıram
və bu vaxt həmsöhbətimin
növbəti mesajı
gəlir:
"Amma telefonuna zəng çatırdı əvvəldən. Bu, ümid verirdi ki, bəlkə də, sağdı. Şarjı bitmədiyinə görə".
Uzun saatlar ərzində telefonunda yığılıb qalan cavabsız zənglərin heç birindən Abdulkadirin xəbəri olmadı. O zənglərin neçəsinin Kahramanmaraşdan kilometrlərlə uzaqda yerləşən Bakıdan edildiyini də bilmədi. Feysbukda adının işarələndiyi və səhifəsinə düşən paylaşımlardan da xəbər tutmadı.
Bütün bunları acı bir kədərlə düşünə-düşünə yenə feysbuka qayıdıram və bu dəfə yazıçı Əlabbasın Abdulkadirin şəkli ilə paylaşdığı iki sətirlik ağını görürəm:
" - Abdulkadir, heyyyyy.
- Məni arama, dayı! Əcəl aldı, yer gizlədi..."
lll
Abdulkadir 33 yaşında öldü. Deyilənə görə, cənətdə
hər kəs bu yaşda olacaq.
Bəlkə də, Tanrının
onu məhz bu yaşda - İsa yaşındaykən
dünyadan aparmağı
da ruhunun daim şad olacağına
bir işarədir.
Allah sənə və səninlə birlikdə düyadan köçən
bütün zəlzələ
qurbanlarına rəhmət
etsin, Abdulkadir!
10 fevral, 2023
Təvəkkül BOYSUNAR
525 ci qəzet-.- 2023.- 15 fevral.- S.11.