Sözlə və silahla... Qarabağ uğrunda

Jurnalist-döyüşçü Baxşeyiş Abbasoğlunun 60 illik yubileyi münasibətilə

 

Belə, 60-a çatdıq onu keçdik?! zamanı tutub saxlamaq mümkündür, ötən illəri yenidən yaşamaq... İndi ömrün altıncı onilliyindən ikinci onilliyinə qayıtmağa, o illəri, günləri, anları xatırlamağa yaddaşın da gücü çatmır. Baxşeyişlə ilk dəfə dəqiq harada, necə rastlaşdığımı unutmuşam. Təxmin edirəm ki, bu, az qala, qırx il əvvəl universitetin Jurnalistika fakültəsində olub...

 Hər ikimiz qiyabiçi-tələbə idik. Hər ikimiz ali məktəbə daxil olduqdan sonra hərbi xidmətə getmişdik... Aramızdakı yaş fərqinə uyğun olaraq, mən ondan qabaq əsgərliyə gedib-gəlmişdim yenidən ikinci kursa bərpa edilmişdim. Təzə tələbə yoldaşlarım tanışlıq zamanı dedilər ki, bu kursun daha bir ağdamlı tələbəsi olub hərbi xidmətə yollanıb... İki ildən sonra Baxşeyiş universitetdə təhsilini davam etdirməyə başladı biz yaxından tanış olduq, aramızda səmimi münasibət yarandı.

Həmin tarixçədən yadımda qalan bir məqam var: hündür boylu, iri cüssəli, yaraşıqlı bu gənc özündən yaşca böyüklərə bir uşaq saflığı ilə hörmət ehtiram göstərirdi... bu gün - altmış yaşının astanasında da Baxşeyiş belədir: böyüyün-kiçiyin yerini bilən, ədəb-ərkanlı, canıyanan, qayğıkeş... Bu, bəzən davamlı, bəzən uzun sürən fasilələrdən sonrakı görüşlərimizdən məndə yaranan təəssüratdır.

Təbii ki, hər kəsin xasiyyəti irsiyyət mentallıq amili ilə birbaşa bağlıdır. Bu mənada Baxşeyişin doğulub-böyüdüyü mühit, ailə ənənələri, tarixin ən dərin qatlarına mənşəyi gedib çıxan kolanı tayfasına mənsubluğu onun xasiyyətindəki bütün müsbət cəhətlərin mənbəyidir. Mən ondakı bu cəhətləri indiki "Ağdam" qəzetinin sələfi olan "Lenin yolu"nda 1987-90-cı illərdə birgə şəraitində yaxından müşahidə etmişdim. Belə ki, qəzetin redaktoru, hər ikimizin hamisi müəllimi, bu yaxınlarda 90 illik yubileyini qeyd etdiyimiz çox hörmətli Bəbir Hüseynov məni - yenicə ali təhsil diplomu almış sıravi mətbəə işçisini birbaşa redaksiyadakı əsas vəzifələrdən sayılan məsul katib vəzifəsinə təyin etmiş, az sonra isə hələ tələbəliyi davam edən Baxşeyişi ədəbi işçi - müxbir vəzifəsinə götürmüşdü.

Yeri gəlmişkən, redaksiyada daha bir gənc universitet məzunu - Möhtərəm xanım Rəcəbova da vardı. Qəzetin "gənclər korpusu"nun növbəti üzvü isə hələ mətbəədə işlədiyi vaxtdan həm ədəbi, həm mətbu yaradıcılıqdakı təcrübəsinə görə rayonda yaxşı tanınan Salman Alıoğlu oldu.

İndi adlarını rəhmətlə andığımız, həmin vaxtlar redaksiyanın özəyini təşkil edən yaşlı həmkarlarımızla biz gənclər arasında yalnız səmimi yoldaşlıq, hətta dostluq münasibətləri olduğunu ehtiramla xatırlayıram. Redaksiyanın təcrübəli əməkdaşları biz gənclərin yaradıcılıq təşəbbüslərinə qətiyyən qısqanclıqla yanaşmır, Bəbir müəllim isə öz qabiliyyətimizi göstərmək üçün bizə, sözün həqiqi mənasında, geniş meydan verirdi... Həmin dövrdə redaktorun qəzetə gənclərin simasında "yeni nəfəs" gətirdiyini yaşlı ağdamlılar arasında, yəqin ki, hələ xatırlayanlar var...

Baxşeyiş Hətəmli - Abbasoğlu imzası elə o vaxtdan təkcə rayon miqyasında deyil, həm respublika mətbuatında tanınmağa başladı. O, intizamlı məsuliyyətli olmaqla yanaşı, həm çox məhsuldar işləyirdi. Yadımdadır ki, bir gənc kimi həmyaşıdları ilə bağlı məsələlərə, xüsusən , hərbi-vətənpərvərlik mövzusuna daha çox maraq göstərirdi, qəzetdə yaxşı, oxunaqlı yazıları dərc olunurdu...

Sonralar həyatımızda çox şey dəyişdi: yaşayış yerlərimiz, yaradıcılıq ictimai mühitimiz... Ağdam adlı dünyamız dağıldı, erməni işğalı bizi maddi, mənəvi, fiziki əzablara düçar elədi. Doğma yurdumuzu müharibə alovları bürüyəndə, qələmini yerə qoyub əlinə silah götürən azsaylı həmkarlarımızdan biri Baxşeyiş oldu.

Söz silahdır - deyirlər. Amma sözlə gücün çatmayan işi odla-atəşlə sahmana salmaqdan başqa çarə qalmır. Necə deyərlər, sözün bitdiyi yerdə... güllələr açılır.

Onun döyüş mübarizə yolu haqqında nəsə deməyimə, yazmağıma ehtiyac görmürəm: bunu silahdaşları, səngər dostları daha yaxşı bacararlar. Yaxasındakı "Azərbaycan bayrağı" ordeni Baxşeyişin vətən uğrunda xidmətlərinə verilən yüksək qiymət dəyərdir. Şanlı ordumuzun kəşfiyyat zabiti kimi hərbi əməliyyat zamanı aldığı ağır yaralara bu yaraların fəsadlarına mərdanəliklə tab gətirib, sonradan həm redaktorluq fəaliyyətini, həm bədii-publisistik yaradıcılığını yorulmadan, əzmkarlıqla davam etdirməsi isə, mən deyərdim ki, onun ömrünün yeni bir qəhrəmanlıq səhifəsidir. Bu səhifəni daha bir yüksək təltif "Azərbaycan Respublikasının Əməkdar jurnalisti" fəxri adı şərəfləndirir.

Bütün bunlara, həmçinin, ictimai fəaliyyətinə, vətəndaşlıq mövqeyinə, şəxsi həyatında yaradıcılığında qazandığı uğurlara görə, bir ağdamlı, bir jurnalist, bir dost kimi mən Baxşeyişlə fəxr edirəm.

Kiçik bir haşiyə çıxacağam... Təxminən on iki-on üç il əvvəl idi. Onunla Bakıda rəsmi bir məclisdə iştirak edirdik. Həmin gün "Qarabağ" futbol klubunun da hansısa xarici klubla oyunu vardı. Baxşeyiş məclisin "bədii hissəsi"ni gözləmədən buradan çıxıb sevimli komandamızın oyununa baxmaq üçün Tofiq Bəhramov adına Respublika stadionuna getməyi təklif etdi. Stadionun qarşısında izdiham vardı bilet almağımız mümkünsüz idi. Baxşeyiş sanki kəşfiyyat komandiri kimi irəli yeridi. Arxasınca getdim... Yüngül axsamağına baxmayaraq, iti yeriyən bu hündürboylu adamın yaxasında bərq vuran "Azərbaycan bayrağı" ordenini görən nəzarətçilər, polis işçiləri ona "müşayiətçisi" kimi mənə rahatlıqla tribunalara keçmək imkanı yaratdılar.

Həmin anlarda necə qürur hissi keçirdiyimi unutmuram.

Baxşeyiş təkcə jurnalist, müharibə veteranı, ictmai xadim kimi deyil, həm ailə başçısı kimi nümunəvi insandır. Ailəsinə, övladlarına, nəvələrinə bağlılıq onun mənalı həyatının müasir gənclər üçün örnək ola biləcək təməl prinsipidir.

...Əziz dostum və həmkarımın 60 yaşını uğrunda sağlamlığını itirdiyi doğma torpağın azadlığa qovuşduğu bir vaxtda qeyd etməsi onun üçün də, bizim üçünböyük xoşbəxtlikdir.

Ötən ilin axırlarında Ağdamın işğaldan azad edilmiş ərazilərinə getmişdim. Kolanı dərəsinə, Xaçın dəryaçasına da baş çəkmək imkanım oldu. Dəryaçanın hazırda əsaslı təmi edilən bəndi üzərində dayanıb uzaqda bəzi evləri salamat qalmış Əlağalı kəndinə də baxdım. Düz otuz beş il əvvəl orada, Baxşeyişin ata yurdunda keçirdiyimiz xoş anları xatırladım.

O anları bir daha yaşamaq arzusu ilə...

 

Elşən ƏLİYEV

Əməkdar jurnalist

525 ci qəzet-.- 2023.- 15 fevral.- S.12.