Bir sinədə iki ürək...

 

Qardaş Türkiyədə baş verən  dəhşətli zəlzələ  bütün türk dünyasını sarsıdıb. Azərbaycan xalqının  böyükdən kiçiyə kimi hər bir vətəndaşı dərin hüzn içində olsa da, heç kəs öz inamını itirməyib. Hamımız inanırıq ki, həmişə  olduğu kimi, bu dəfə böyük Türk xalqı hər bir çətinliyə sinə gərərək, bu faciəni inamla  dəf  edəcək.

Bütün dünyaya məlumdur ki, yenilməz Türk dövlətinin iradəsi sarsılmazdır.  Mən bir Azərbaycan vətəndaşı olaraq, bir ana  kimi bütün Türkiyənin vətəndaşlarına dərin hüznlə başsağlığı verirəm, Türkiyə, başın sağ olsun deyirəm. Çoxminli Yeni Azərbaycan   Partiyasının ilk üzvlərindən biri kimi öz doğma,  qüdrətli partiyamın çağırışını dəstəkləyərək YAP Mərkəzi Aparatının qardaş Türkiyədə  zərər  çəkənlərə  etdiyi humanitar yardıma  qoşulduğumu bildirirəm.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, doğma partiyamızın sədri cənab  İlham Əliyevin Birinci vitse-prezident   Mehriban xanım Əliyevanın böyük   humanizminə qoşularaq bildirirəm ki, paytaxt  Bakıdan bir qədər uzaqda yaşasam da, bir ağbirçək ana, sabiq millət vəkili kimi Türkiyədə   zərər  çəkənlərə, bacı qardaşlarıma ismarıc  göndərirəm: 5-6 ailəni öz evimdə qəbul edib onların hamısının qayğısını çəkməyə hazıram.

Qoy dünya bilsin ki, daim olduğu kimi, biz  daim qardaş Türk xalqının yanındayıq. Qoy hamıya aydın olsun ki, bir sinədə iki ürək döyünür. Ulu öndərimiz Heydər Əliyevin təbiri ilə desək, bir millət, iki dövlət olan Türkiyə-Azərbaycan  birliyi heç vaxt sarsılmayacaq.

 

Səmayə PİRİYEVA,

Hacıqabul rayonu, sabiq millət vəkili

525 ci qəzet-.- 2023.- 15 fevral.- S.10.