Qərbi Azərbaycan sevdasıyla yaşamaq...
Fevralın 4-də Qərbi Azərbaycan
İcmasının Bakı
şəhərindəki "G.Qədirbəyova küçəsi
31" ünvanında yerləşən
qərargahında icmanın
Ağsaqqallar Şurasının
ilk yığıncağı keçirildi və bu mötəbər məclisə dəvət
alan ziyalılardan
biri də mən idim. Bir çoxunu, qiyabi də olsa, tanıdığım
soydaşlarımı, həm
də yaşıdlarımı
və bəzi həmkarlarımı bir yerdə görəndə,
keçirdiyim hisslərdən,
yaşadığım duyğulardan
nə danışım?
Amma diqqətimi çəkən
bir məqamı vurğulamaq istəyirəm.
İcmanın Ağsaqqallar Şurası
İdarə Heyətinin
üzvü olan ünlü təbib və pedaqoq Vaqif Şadlinski yığıncaq zalına
xitabən dedi:
- Aparılan araşdırmalar
göstərir ki, bu gün Azərbaycan
Respublikası əhalisinin
ortalama beş
milyonu, təxminən
yarısı Qərbi
Azərbaycan kökənlidir...
Bu gün mən şəxsi müşahidələrimə
əsasən söyləyə
bilərəm ki, bu beş
milyonun, bəlkə də beşdən dördü Qərbi Azərbaycan sevdası ilə yaşayır. Bu gün mənim
üç övladım,
yeddi nəvəm ürəklərində bu
sevdanı yaşadırlarsa,
onların, xüsusilə,
son zamanlar mənə
verdiyi suallar, Qərbi Azərbaycanla bağlıdırsa, demək,
yanılmıram. Son zamanlar
yol xəritəsi kimi gündəmə gətirilən Qərbi Azərbaycana Qayıdış
Konsepsiyası da yalnız istək, arzu deyil... Həqiqətən də, gerçək yol xəritəsidir.
Şəxsi müşahidələrimə əsasən
etiraf etmək istəyirəm ki, cəmiyyətimizdə bu konsepsiya birmənalı qarşılanmayıb. Başqa
cür düşünənlərə
bircə məqamı
xatırlatmaq istəyirəm:
2020-ci ildə gerçəkləşən
44 günlük Tarixi zəfərimizə qədər
Qarabağ, Şuşa
sevdası da bir çoxlarına xəyal kimi gəlmirdimi?! Bəs nə oldu?
Demək, məhvəri
geriyə də fırlatmaq mümkündür!
Ona görə də, birbaşa Azərbaycan Prezidentinin təşəbbüsü
ilə ərsəyə
gəlmiş bu konsepsiyanı yalnız alqışlamıram, həm
də öpürəm
və düşünürəm
ki, mən də bu layihəyə
öz töhfəmi verməliyəm. Ən azı,
öz sözümlə,
müşahidələrimi, düşüncələrimi dilə
gətirməklə. Və qürur
duyuram ki, Qərbi Azərbaycan İcması Ağsaqqallar
Şurasının üzvləri
arasında mən də varam.
Qərbi
azərbaycanlıların deportasiyası
tarixin üç mərhələsində baş
verib: 1918-20-ci illərdə,
1948-53-cü sənələrdə və bir də
1988-91-ci illərdə. Mən 1948-53-cü illərdə köçürülənlərin
nəslindənəm, odur
ki, bu deportasiya
ilə bağlı
1990-91-ci illərdə roman yazıb çap etdirməyim də təbiidir və məncə, bu yazı erkən yaşlarımdan içimdə
doğulmuş Qərbi
Azərbaycan sevdasının
övladıdır. Amma daha
öncə - sovetlər
zamanında Qərbi Azərbaycan sevdası folklorumuzda, ağız ədəbiyyatımızda iz
salmışdı. Çünki folklor senzura tanımırdı.
Vedinin yanı dağlar,
Ürəyi, canı dağlar.
Burda bir el var idi,
Siz deyin, hanı, dağlar?
Belə nümunələr yüzlərcədir. 1994-cü ildə Əziz Ələkbərlinin "Qədim
türk-oğuz yurdu -
"Ermənistan" kitabı
meydana gəldi. Ə.Ələkbərlinin 1996-cı ildə nəşr etdirdiyi "Abbasqulu bəy Şadlinski" sənədli
romanı da, sözsüz ki, Qərbi Azərbaycan sevdasının bir təzahürü idi.
Belə əsərlər indi də yazılmaqdadır.
Amma zaman-zaman Qayıdış
Konsepsiyasına çevrilən
bu qayıdış sevdasını müstəqil
dövlətimiz, onun mərhum rəhbəri Heydər Əliyev 1997-ci ilin 18 dekabrında imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR ərazisindəki
tarixi-etnik torpaqlarından
kütləvi surətdə
deportasiyası haqqında"
Fərmanı ilə hüquqi müstəvidə
də gerçəkləşdirdi.
Sözümün canı odur ki, son aylarda rəsmi surətdə gerçəkləşməyə başlayan Qayıdış
Konsepsiyası, ortalama,
iyirmi beş-otuz ildir ki, yol
gəlir.
Bir məclisdə məndən
soruşdular:
- İnnən belə
gedib erməninin arasında yaşamaq olar?
Sualın
cavabını məndən
qabaq cavan hərbçi dostum Paşa Məmmədoğlu
verdi:
- Siz nə bilirsiniz
ki, biz qayıdanda, orda qalan beş-on
erməni bizi gül-çiçəklə qarşılamayacaq?..
...1951-ci ildə, deportasiyadan sonra məskunlaşdığımız
Şahsevən kəndində,
çox da uzun olmayan bir
zaman kəsiyində, köçkünlərin, demək
olar ki, hamısı çiy,
"ayıbalası" kərpicdən
də olsa, özlərinə ev tikmişdi. Yalnız el arasında
"Molla Əlinin oğlu İrza" kimi tanınan kişi özünə
ev tikmirdi. Halbuki o, başqalarına baxanda, nisbətən imkanlı idi, mənim oxuduğum məktəbdə
təsərrüfat müdiri
işləyirdi. Kommunist Partiyasının
üzvü idi. Hələ üstəlik də, müharibədən orden-medalla
qayıtmışdı, bayramlarda
kənd içinə
medallarını taxandan
sonra çıxardı.
Amma yaşadığı yer çovustandı, yəni
qarğı ilə hörüləndən sonra
qara palçıqla suvanmış koma. Ondan soruşanda ki, ay İrza kişi, sən
niyə özünə
ev tikmirsən? Bir qayda olaraq,
belə cavab verirdi: "Onsuz da Kommunist Partiyası
gec-tez öz səhvini başa düşüb bizi geri - yurdumuza qaytaracaq".
Görəsən, öz dediyinə o özü inanırdımı? Mənə
elə gəlir ki, şəksiz! Və şübhəsiz ki, bu inamı onun
içində yaradan Vətən - Qərbi Azərbaycan sevdası idi. Onun bu inamı qırılmadı,
kənd sovetindən ona verilmiş 12 sotluq torpaqda özünə ev
tikmədi. Elə o çovustandaca dünyasını dəyişdi.
Yalnız onun qırxı çıxandan sonra oğlanları Qadir, Nadir
o ərazidə evlər
tikdilər.
Bu, əslində hekayə mövzusudur, heç bilmirəm, bu vaxtacan, necə olub ki, yazmamışam?..
Yeri gəlmişkən, daha bir epizod, daha
bir maraqlı insan haqqında: mən artıq birinci sinifdə oxuyurdum. Xəbər çıxdı ki, bəs "Atdı Qəmər" Vediyə qayıdır.
O, atamın dayısı
qızı idi. Aramızda atamın əmisi oğlu Həsən müəllimin evi yerləşirdi. Əlbəttə, atam ağsaqqal olsa da, bir
qohum kimi Qəməri fikrindən daşındıra bilmədi.
Nahaq yerə ona "Atdı Qəmər" demirdilər ki? Vedidə, İrəvanda aktrisalıq
eləmişdi, sonralar
Azərbaycanın Xalq
artisti kimi məşhurlaşan Əli
Zeynalovun tərəf-müqabili
olmuşdu. O da mən oxuduğum məktəbdə işləyirdi,
kitabxanaçı vəzifəsində.
Partiyanın üzvü idi.
Zavallı, ailə də
qura bilməmişdi.
Qardaşı Əmirağanın
iki uşağını
böyüdürdü: Faiqi
və Diloşu. Özü də kişilər kimi papiros çəkirdi,
qadınlara əsla qaynayıb-qarışmırdı. Nə isə, uzun sözün qısası,
"Atdı Qəmər"
ikiotaqlı mülkünü
bir rus ailəsinə
satıb Vediyə qayıtdı, amma beş-altı ay sonra getdiyi kimi də
geri döndü.
Onunla atamın bir mükaliməsi yadımdadır:
- Bəs niyə Vedidən qayıtdın,
ay Qəmər?
- Elsiz yaşamaq mümkün deyil, Kazım...
Bəli,
Aşıq Ələsgər
nahaq yerə deməyib ki: "Arsız aşıq elsiz niyə yaşadı, ölsün
Ələsgər tək
qulların, dağlar".
Hə, bu da daha
bir hekayə mövzusu, heyif ki, zamanında yazmamışam...
"Atdı Qəmər", qayda-qanun çərçivəsində,
o rus ailəsini öz evindən çıxarda bildi. Amma bu o zaman
mənə qüssə
gətirdi, çünki
mən o ailənin mənimlə yaşıd
uşaqları ilə,
əsasən, rus dilində danışırdım
və qət eləmişdim ki, yeni dərs ilində sinifimi dəyişim, keçim rus bölməsinə, Nadya ilə bir sinifdə oxuyum...
İndi
isə, nə Qəmər var, nə də o ruslar... Qalan xatirələrdi, acı xatirələr...
Atamla dayısı qızının
daha bir söhbəti yaddaşımdan
silinmir:
- Sən bu rusları
nahaq incidirsən, ay Qəmər, onları da haçansa bu yerlərə sürgün eləyiblər,
yazıqdılar...
- Ay onları yazıq ilan vursun! Bəyəm, bizi bu bəlaya
salan ruslar deyilmi?!
İndi də fikirləşirəm
ki, hər halda, "Atdı Qəmər"i o bəlaya
salan o zavallı rus ailəsi deyildi, Vedibasar - Qərbi Azərbaycan sevdası idi.
Bu günlər milyonların
içində cücərən,
boy verən bu sevdanın arxasında Dövlətimiz dayanır. Qərbi Azərbaycan
İcması, Qayıdış
Konsepsiyası dayanır.
Hələlik şəxsən mənim hədəfim, ümidlə
gözlədiyim barışıq
müqaviləsidir; çünki
nə qədər ki, ayağım yer tutur, məqsədim
övladlarımı, nəvələrimi
aparıb, ordakı yurdumuzu-yuvamızı onlara
tanıtmaqdı. Ola bilsin ki, Vedinin qəbiristanlıqları
kimi yurd-yuvamızı
da dağıdıblar,
ola bilsin
ki, müəllimim Fərman Kərmzadənin
yazdığı kimi,
Vedi çayı da quruyub;
Ağır elləri vardı,
Coşqun
selləri vardı,
Pələng qolları vardı,
Bu çay niyə
qurudu?!
Hər halda, təsəllim
də var: dağlar ki yerindədir...
Məmməd ORUC
525 ci qəzet-.- 2023.- 15 fevral.- S.10.