DƏRDLƏRİN YUXUSU YOX...

 

 

 

Məkan...Böyük Türkiyə...

Sakit, dəhşətli gecə...

İl iki min iyirmi üç...

Hər kəs yatır sakitcə.

 

 

Fevralın altısıdır...

Dörd on yeddidi zaman...

Ayrılır yer yerindən

Ölüm- qaranlıq duman.

 

 

Divarla qopub düşən

Saatla vaxt dayandı.

Qış günü, qar- boranda

Yandı ürəklər, yandı...

 

 

Dərdlərin yuxusu yox,

qaçırdığı yuxudu.

Daş altından boylanan

Çarəsizlik, qorxudu.

 

 

Evlər üyüdülmüş dən,

Yersə, yer boyda sacdı.

Tanrının əli açıq,

Torpağın gözü acdı.

 

 

Pərdələr pəncərəsiz,

Otaqlar divarsızdı.

Hərdən dillənir həyat,

Ölüm necə arsızdı.

 

Donmuş üzlər danışır,

Həyat- ölüm qol- boyun.

Qaranlıqdan işığa

Yatan da var yol boyu.

 

 

Yumşaq yataqlarından

insanları qopardın.

Daş altında yuxuya,

Tanrı, özün apardın.

 

 

Nələr olur?- soruşan

körpə, nələr olmadı??

Həyatın alt- üst olub,

daş-daş üstə qalmadı.

 

 

Harda anam?- Sualın

çox insana sözü var.

Axtarıb tapmaq üçün

yer altı, göy üzü var.

 

Gücüm nəyə çatır ki?

Bəxti sınan güzgüyə.

Iki canda bir ürək,

Ölməyəcək sevgiyə.

 

 

Məsumların önündə

Günahkardı böyüklər.

Bağışla məni, körpəm,

sənə ağır bu yüklər...

 

 

SON DƏFƏ

 

 

Ölümdən əvvəlki son dəfələr var.

Son dəfə baxırsan sevdiyin üzə,

Son dəfə gülürsən həyata bəlkə?

Atdığın addım da sonuncu addım...

Yox daha birinci, onuncu addım..

Son dəfə gedirsən işinə bəlkə,

Bu həyat dolana tərsinə bəlkə...?

 

 

Ölümdən əvvəlki son dəfələr var.

Torpağın üstündə son dəqiqələr,

Altında gözləyir səni gör nələr?

Sonuncu ad günün son bayram olur..

Oddan atlanırsan kül düşünmədən...

Sevirsən həyatı heç üşənmədən.

 

 

Ölümdən əvvəlki son dəfələr var...

Son dəfə əl verib, görüşdüklərin...

Əlimdə əl izin səndən çox yaşar.

Ölməyəcəkmiş kimi öpüşdüklərin

Aldığın mesajdan vəfasız olar..

Gülüşün, sözlərin lent yaddaşında

Dolanar gözümdə sən olanacan...

İzlərəm həsrətlə, təəssüf ilə

Gözyaşım saçımda dən olanacan...

 

 

Ölümdən əvvəlki son dəfələr var...

Soyutma çayını, gəl vaxtında ic...

Gəl, bir az dərdləşək ürəyimizcə..

İncitməyək bir özümüzü heç...

Vaxtımız var ikən son gətirməyək,

Şirin çayımıza qəm gətirməyək...

 

 

Ölümdən əvvəlki son dəfələr var...

Gəl, gəzək dünyanı əlin əlimdə,

Bu sonsuz həyata layiq bəxt olaq...

İstəklər dünyadan böyük olsa da,

Kiçik arzularla biz xoşbəxt olaq...

 

Bilmərik son anlar kimin əlində,

Hansı dərədədi, hansı dağdadı...

Bəlkə su dibində, göyün üzündə,

Bəlkə... yaşıllasmış bir budaqdadı..

Ya da...cənnət kimi qonşu bağdadı?

 

Bəlkə də yolunun sonu gəlməmiş

Sükan arxasında qəfil tutmadan

Yarıyolda qalan ömür payın var?

Bəlkə həmin anda, həmin saatda

Sənlə yol gedəcək qoşa tayın var...

 

 

Ehh... ay mənim əzizim, ay mənim yarım,

Ölümdən əvvəlki son dəfələr var...

Yazıram, tükənib, bitmir bu sonlar...

Bəlkə son şeirim, son sətirimdi...

Son dəfə həyatdan bir çiçək dərim,

Son dəfə həyatı içimə çəkim,

Bəlkə vurduğum son ətirimdi...

 

Təranə Arifqızı

525-ci qəzet.- 2023.- 16 fevral.- S.15.