Sonu yada salanmı var?

 

 

Çox uymuşuq hay-haraya,

Bu sözümdə yalanmı var?

Gedir yolumuz haraya -

Bunu vecə alanmı var?

 

 

Ovunub olmuruq aram,

Nəfsimizə oluruq ram,

Var toplanır - çoxu haram...

Anlamıram, talanmı var?

 

 

Söyləməkdə yalan-hədyan,

Ötürmürük tək bircə an.

Uydurmağa quru böhtan

Öhdəlik, ya planmı var?

 

Naqisliklə kim alsa ad,

"Uğur"undan oluruq şad.

Dürüstlərə acıq, inad...

Dil altında ilanmı ar?

 

Söz eyləmir bizə təsir,

Sağ əl sol əldən kəsir.

Neyləsin bəs yetim-yesir,

Qayğısına qalanmı var?

 

 

Riyadır üzlərə "duvaq",

Unudulur ədalət, haqq,

"Dolanırıq" bax bu sayaq,

Sonu yada salanmı var?

 

 

Sözü urvatdan salmayaq!

 

 

"Ol" yaratdı kainatı,

Aləmlərdə yeddi qatı,

Etdi bərqərar həyatı,

Buna biganə qalmayaq,

Sözü urvatdan salmayaq!

 

 

Hər addımda olsun təməl

Səmimi söz, nurlu əməl.

Xeyirə olmayaq əngəl,

Məkrə, riyaya dalmayaq,

Sözü urvatdan salmayaq.

 

Qoşulmadan haya-küyə,

Dilimizə olaq yiyə.

Hər havaya düşsün deyə

Havayı zurna çalmayaq,

Sözü urvatdan salmayaq.

Zehnimizdən axıb gəlsin,

Şimşək təki çaxıb gəlsin,

Söz ürəkdən çıxıb gəlsin,

Ondan-bundan "borc" almayaq,

Sözü urvatdan salmayaq.

 

 

Yox belə bölgü!

 

 

Gördüyümüz hər var,

mənimdir, sənin.

Tutmasın köksün qubar,

Heç deyil özgənin.

 

Özünündür dünyanın

Dağı, daşı, dərəsi.

Yerin, göyün, səmanın

Nəhəngləri, zərrəsi.

 

Onundur duz-çörək ,

Bax bu su da, hava da,

Duyğu dolu ürəkdə

Qurduğumuz yuva da.

 

Ta əzəldən sahibdir

O həm cismə, həm cana.

İstəyincə hökm edir,

Hər günə, hər bir ana.

 

Kimdəsə nələrsə var,

Qismətdir müvəqqəti.

Çətin daimi qalar,

Belə bölgü yox qəti!

 

Ruhum uçub dağlara

 

Ruhum yenə havalanıb dağlara,

Ziyarətçün "Münkü dağ"ı, "Dübrar"ı.

Dönüb baxır bu möhtəşəm diyara,

"Cənnətdir ki!" - belə olur qərarı.

 

Xatirələr çözələnir birbəbir,

Qəlbə yatır hər acısı, şirini.

Burda ağac, daş-kəsək "bax" deyir,

Doğmam kimi bələdləyib yerini.

 

"Yekə Daş"ın kölgəsində dururam,

Seyr edirəm burdan kəndi-kəsəyi.

Öz-özümlə bir ixtilat qururam,

Göz yaşardır ürəyimin göynəyi.

 

Yada düşür yurdun şair övladı,

Ataçaylı - müdrik sözü, kəlməsi.

Gözdə qaldı çox arzusu, muradı,

Rayihəydi Ələzimdə nəfəsi.

 

İstəyirəm haray salam, çağıram:

Hardasınız, aqil, azman dədələr?

Dəlilərtək nərə çəkəm, bağıram,

Dönə geri o əlçatmaz vədələr.

 

Ruhum yenə havalanıb dağlara,

Ötür keçir dərə, təpə, dolayı.

Dönüb baxır o sevimli diyara,

Xatırlayır neçə dürlü olayı.

 

Nəcməddin MÜRVƏTOV

525-ci qəzet.- 2023.- 16 fevral.- S.15.