Türkəçarəyə folklor janrı prizmasından baxış
Təbabətin yüksək səviyyədə
inkişaf etdiyi cəmiyyətlərdə türkəçarə
müalicə üsullarına
müraciət olunması
geriqalmışlıq deyil,
ilkin bilgi imkanlarından faydalanmaqdır. Çalışıb hər kəs özünün həkimi
olmalıdır, dünyanın
bütün həkimləri
bir yerə yığışsa da, öz həkimi olmayan insana əlac edə bilməz. Buna görə
də deyirlər, hər kəs təbib olmasa da, bir az türkəçarəçi
olmalıdır. Sınıqçı, çıxıqsalan, əzələovan,
oynaqoturdan, küpəçi,
qanalan, belovan peşələri qədim
dövrdən təbabətin
funksiyalarını yerinə
yetirib. Bu peşələrə yiyələnənlər
sadə, bəzən də savadsız adamlar olsalar da, fitrətən istedadlı olublar, öz işlərinə peşəkarcasına yanaşıblar.
Türkəçarəçilərin dərmanları ot, meyvə, giləmeyvə, piy, bal, toyuq yumurtası, qum, hətta torpaq olub, onlar bu
"dərmanlardan" düzgün
faydalanmaqla qida məhlulları, sürtkü
məhlulları hazırlayıblar.
Türkəçarəçilərin peşə alətləri
ip, ciyə, burğac əşyaları,
ağac, ülgüc,
iynə, sancaq, küpə, banka
olub, hətta onlar müəyyən fiqurlu daşlardan tibbi alət kimi istifadə ediblər. Qum çiməri,
istisu çiməri türkəçarə müalicə
üsullarının şahanə
metodlarıdır. Türkəçarəcilər ayağında yel
olanlara məsləhət
görürdülər ki,
isti qumun üstündə ayaqyalın
gəzsinlər, oynaq ağrıları olanları
gicitikanlıqda gəzməyə
məcbur etməklə
sağaldırdılar.
Azərbaycanda xəstələri bitkilərlə
müalicə etməyi
bacaran adamlara loğman deyərmişlər. Xalq təbabətini
yüksək inkişaf
mərhələsinə çatdıran
türkəçarə müalicə
üsulları olub.
Türkəçarələr indi də xalq
arasında yaşayır
və demək olar ki, ilkin müalicə forması (ilk
yardım) kimi fəaliyyətini qoruyub saxlayır. Türkəçarələrdə tibb elmi üçün əhəmiyyəti
olan məsləhətlər
hələ də mühafizə edilir.
Kritik hallarda,
xəstəliklər kütləvi
şəkildə yayılan
zamanlarda türkəçarəçilər
fəallaşır, özlərinə
bir neçə şagird tutur, dağlıq yerlərdən
dərman bitkiləri gətirdirdilər. Belə hallarda türkəçarəçilərin
məsləhətləri cəmiyyət
üçün tabu səviyyəli məsləhətlər
sayılırdı. Bu mənada türkəçarə
sözlü folklor janrı kimi bir sıra xüsusiyyətlərə
malikdir. İlkin olaraq
qeyd etmək vacibdir ki, türkəçarə
əməli xarakterli,
yəni tətbiq olunan sözlü folklor nümunəsidir.
Bu cür keyfiyyətlər
ritual folklor nümunələrində
də özünü
göstərir, mərasim
və mövsüm folklor örnəkləri adətdən, ənənədən
gəldiyindən tətbiqi
xarakter daşıyır.
Bundan başqa, sözlə, məsləhətlə həyata
keçirildiyindən türkəçarələrdə
öyüd, nəsihət
xarakteri var. Öyüd,
nəsihət və məsləhət ululardan,
atalardan gəldiyi üçün qeyd-şərtsiz
icra olunur.
Türkəçarəçilər deyirlər
ki, xəstəlik iki səbəbdən sağalmaz olur: immun çatışmazlığından
və immun yüksəkliyindən! İmmun çatışmazlığı
olanlar, yəni daxili müqavimət qabiliyyəti zəif olanlar düzgün qidalanma yoluyla sağlamlıqlarını bərpa
edə bilərlər.
İmmun
yüksəkliyi olanların
daxili enerjisi bəzi hallarda zəif nöqtələri
aşkarlayıb gücləndirir,
xəstəliyə çevirir.
Türkəçarələrin qənaətinə əsasən, bunun əlacı daxili enerjinin sərf olunmasıdır. Daxili enerjini
sərf etməyin ən asan yolu
insanın yaşlı
vaxtlarında da cinsi fəaliyyətindən
qalmamasıdır. Türkəçarələr
bu fikirdədirlər ki, normal cinsi fəaliyyət qadınlarda
balalığın, uşaqlıq
boynunun, cinsiyyət kanalının fəsadlarını
aradan qaldırır, kişilər normal cinsi fəaliyyətlərini davam
etdirdikdə böyrəklərin
işləkliyi artır,
prostat xətaları yaranmır, təzyiq normallaşır, dalaqda, qara ciyərdə, öd kisəsində ciddi problemlər olmur; normal cinsi fəaliyyət həm də cinsiyyət orqanlarının və bu orqanlarla bağlı
olan bədən üzvlərinin masajıdır.
Koronavirusun tüğyan etdiyi mərhələdə türkəçarəyə
ciddi ehtiyac yarandı. Bu ağır
və yoluxucu xəstəlikdən qorunmaq
üçün türkəçarəçilərin
məsləhətlərinə əməl etmək vacibdir. Koronavirusa yoluxanlar türkəçarəçilərdən
hansı məsləhətləri
alırdılar? El arasında dolaşan əfsanəyə görə,
dünyanın bir neçə dəfə dolub-boşalmasının səbəbi
müharibələr deyil,
kütləvi xəstəliklərdir.
Adamlar xəstəliyi bir-birinə
yoluxdurmuş, kütləvi
şəkildə qırılmışlar.
Sağ qalanlar basaraqlardan kənarda yaşayanlar olmuş, insan nəslini yenidən artırmışlar.
Əlbəttə, əfsanə
reallıqdan uzaq ola bilər,
amma tarix göstərir ki, bütün əfsanələrin
kökündə başagəldilər
dayanır. Bəlkə də buna görə, türkəçarəçilər
xəbərdarlıq edirlər,
bəşəriyyətin axırına
yoluxucu xəstəliklər
çıxa bilər.
Bu fəlakətdən xilas olmaq üçün
türkəçarə məsləhətlərinə
əməl etmək lazımdır. Türkəçarə
məsləhətləri bunlardır:
gigiyenik, gimnastik, kulinar və tibbi məsləhətlər.
Tibbi məsləhətlərin
əhatə dairəsinə
şəkəri, təzyiqi,
böyrək problemi, tənginəfəsliyi, ürək
çatışmazlığı, qan azlığı və mədə-bağırsaq
problemi olanlar üçün məsləhətlər
daxildir. Əslində tibb elminin əsasında türkəçarə
dayanır. Dərman xammalının
tərkibində müalicə
əhəmiyyəti olan
maddələrə təsiredici
maddələr deyilir.
Təsiredici maddələr bitkilərin
kökündə, yarpağında,
çiçəyində, toxumunda və gövdəsində olur.
Dərman bitkiləri türkəçarəçilər
tərəfindən xəstələrə
təpitmə, dəmləmə,
bişirmə, ekstrat,
sürtkü formasında
istifadə etmək məsləhət görülür.
Türkəçarəlik tibb elminin özülündə
dayansa da, təbabətin nailiyyətləri
ilə tam ayaqlaşmır. Lakin türkəçarənin
elə sahələri
var ki, bu
gün də aktualdır, hətta onlar həkimlərin imkanı çatmayan bəzi müalicələri
edə bilirlər.
Sual yaranır: türkəçarənin yeri
tibb elmində, yoxsa el təbabəti kimi folklordadır? Bu suala cavab vermək üçün
folklor termininə aydınlıq gətirmək
lazım gəlir.
Folklor küll halında şifahi xalq ədəbiyyatını, yəni
şifahi söz sənətini, xalq musiqisini (muğamları, aşıq havalarını,
xalq mahnılarını,
oyun havalarını və sairi), xalq kulinariyasını (mətbəx mədəniyyətini),
xalq meteorologiyasını
(havasatı), telepatiyanı
(yuxu yozmalarını),
xalq təbabətini və sairi öyrənən
bir elm sahəsidir.
Bu mənada türkəçarələrin
öyrənilməsi bir
çox dünya xalqları tərəfindən
folklorşünaslığın funksiyalarına daxil edilmişdir. Əslində türkəçarə xalq
yaradıcılığının məhsuludur. Xalq öz
sağlamlığını qoruyub saxlamaq üçün təbabətin
bir elm kimi inkişaf etmədiyi dövrlərdə türkəçarəni
yaradıb, təkmilləşdirib
və tibb elminin əsasını qoyub. Türkəçarəçilər təkcə dərman
bitkilərindən deyil,
qida məhsullarından
məqsədyönlü şəkildə
istifadə edərək
müxtəlif xəstəliklərdən
əziyyət çəkənlərə
şəfa vermişlər.
Müxtəlif heyvanların əti,
piyi, südü, hətta sidiyi müalicə məqsədilə
işlədilirdi. Quşların əti, yumurtası, ciyəri, dərisi müalicə əhəmiyyətli
sayılırdı. Türkəçarə rejimlərinə piyada hərəkət, yuxuöncəsi
təmiz hava alınması, qumda və palçıqda ayaqyalın gəzinti, günəş çiməri
kimi gündəlik fəaliyyət növləri
də daxildir.
Azərbaycan ərazisi müalicə əhəmiyyətli su mənbələri ilə
zəngin olduğundan
allergik dəri xəstəlikləri, yel xəstəlikləri, ürək-damar
xəstəlikləri, müxtəlif
qadın xəstəlikləri
çimər qəbul
etməklə aradan qaldırılırdı. Türkəçarəçilər sonsuzluğa da
şəfalı istisu
mənbələrində çimər
rejimi ilə əlac edirdilər. Adamlar sərin suyu bulağın gözündən
içməyi xoşlayırdılar.
Qablara doldurulmuş su keyfiyyətini itirmiş sayılırdı. Qazlı bulaqlar,
duzlu bulaqlar müxtəlif mədə-bağırsaq
xəstəliklərinin müalicəsində
əhəmiyyətli sayılırdı.
Yanar suların öz müalicəvi dəyəri
var. Kükürdlü bulaqların
xeyirli təsirini onların yaratdığı
su hövzələrində
yuyunmaqda görürdülər.
Ən təsirli müalicələr təbii balla aparılırdı. Bal həm daxili xəstəliklərin, həm də sınıqların müalicəsində istifadə olunurdu. Bala müxtəlif qatqılar artırmaqla gənclik (cavanlaşdırma) eliksirləri hazırlanırdı. Cavanlaşdırma dedikdə, orqanizmin funksionallığının artırılması nəzərdə tutulur, yəni insanın əsas fəaliyyət orqanları fəallaşdırılır, nəticədə insanın hərəkəti tənzimlənir, fəaliyyəti çevikləşir. Türkəçarəçilər toyuq yumurtasından çoxsaylı müalicə məqsədləri üçün istifadə edirlər. Yumurtanın sarısı sürtkü əhəmiyyətlidir. Bu yerdə bir el məsəlini xatırlatmaq yerinə düşər. Bir ana öz övladına ərzaq məhsullarının əhəmiyyətini anlatmaq üçün deyir: "Oğlum, get, bazardan can al gətir. Can olmasa, yarımcan al gətir. Yarımcan olmasa, daha keçib, badımcan al gətir". Burada can - ət, yarımcan - yumurtadır.
Türkəçarəçilər daşın, qumun və torpağın da müalicə dəyərini yaxşı öyrənmişlər. Belə daşlardan biri dalaq daşı adlanır. Naxçıvan duz mədənlərinə isə hətta başqa ölkələrdən nəfəs yollarında və ciyərlərində problem olan xəstələr gəlirlər. Bu təbii müalicənin təsiri dərmanların təsirindən güclüdür, az müddətdə xəstəliyi aradan qaldıra bilir.
Türkəçarə məsləhətləri el arasında ilaclar, çarələr və köməclər adlanır. İlaclar, çarələr və köməclər məsləhətlərin əsasında dayanır. Düzgün qidalanma ilə bağlı ilaclar gözlənilən xəstəliyin qarşısını almaqda da insanlara kömək edır: "Limonlu şəkərsiz isti su içmək xərçəngin qarşısını alır, xərçəng hüceyrələrini öldürür. Limon ekstraktı ilə müalicə bədxassəli hüceyrələri məhv edir, lakin sağlam hüceyrələrə təsir göstərmir. Şam yeməyini yatmazdan bir neçə saat əvvəl yeyin, gec vaxtda yeyilən axşam yeməyi mədədə xərçəngin inkişaf riskini artırır. Sidik kisəsi xərçənginə tutulmamaq üçün hər gün xeyli su için, lakin axşam, xüsusən yatmamışdan qabaq az su qəbul edin".
Türkəçarə tibb elminin zəif inkişaf etdiyi dövrlərdə insanların sağlamlığına xidmət edən yeganə əlac vasitəsi olub. Tibb elmi inkişaf etdikcə türkəçarə əhəmiyyətini itirmədi, əksinə xalq müalicə üsulları kimi daha yüksək mərhələyə qədəm qoydu. Yapon alimi Katzudzo Nişi sağlamlıq sisteminin dörd əsasına üstünlük vermişdi ki, bunlar da türkəçarə məsləhətlərindən ibarətdir: 1) Düzgün qidalanmaq; 2) Təbiət qanunları ilə yaşamaq; 3) Düzgün yatmaq və 4) Şəfaverici idmanla məşğul olmaq. Türkəçarənin çağdaş tibb elmindən fərqli cəhəti ondan ibarətdir ki, bu müalicə vasitəsi xəstələri sağaldır, sağlam olanların isə xəstələnməsinin qarşısını alır.
(Ardı var)
Bilal ALARLI HÜSEYNOV
ADPU Cəlilabad filialının
müəllimi, filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2023.- 16 fevral.- S.14.