Ana dilimiz - güvənc yerimiz  

 

Ana dili ana südüdür. Ana dilinin dadını-duzunu duymaq üçün zənnimcə, təhsilin, hansı peşənin sahibi olmağın fərqi yoxdur. Yüz illər boyu folklor incilərimizi - şifahi söz yatırımızı yaradan baba nənələrimiz ən həssas, ən mahir ədəbiyyatçılarımız, dilçilərimiz olublar. Dil mənəvi sərvətimizdir, xalqı, milləti tanıdan əvəzsiz xəzinəmizdir. Min illərdən bəridir ki, el-obamıza, xalqımıza xidmət edir, ünsiyyətimizi yaradır, nəsillər arasında varislik körpüsüdür. Dilin keşiyində durmaq üçün ilk növbədə onu sevmək gərəkdir. Onu sevənlərin isə, hər şeydən öncə, mənəvi haqları olmalıdır. Dilə sevgidən başqa heç ummaq olmaz. Axı bu, bizim ana dilimizdir, ruhumuzun tərcümanıdır. Dil uğrunda, onun yaşaması uğrunda çarpışmaq isə heç ilə əvəzedilməz xoşbəxtlikdir, fədakarlıqdır.

Dili göz bəbəyi kimi qorumaq gərəkdir. Dili qorumaq üçün gərək onun incəliklərinə bələd olasan. "Dövlət dili haqqında" qanunda deyilir ki, dilə qarşı açıq, ya gizli formada təxribat aparmaq olmaz. Hərdən bəziləri fikirləşirlər ki, dilimizdir , danışırıq. Bizə söyləyirlər ki, dünyada daha çox yayılmış dillər var. Ancaq bunu deyənlər ana dilimizin doğmalığını, zənginliyini dərindən dərk etmirlər, bəlkə duymurlar.

Dili sevmək vətənpərvərlik, yurdsevərlik tələb edir. Belə düşünməyənlər yalnız Vətənə sevgisi olmayanlar ola bilərlər. Elə xalqlar var ki, onların özünüifadəsi, mənəvi sərvətləri o qədər zəngin deyil, kasıbdır. Hər şeydən əvvəl, bu, həmin xalqların dillərinin qüdrətindən çox-çox asılıdır. Dilimizin qüdrəti, yenilməz gücü çox böyükdür. Bu, xüsusən şifahi xalq ədəbiyyatında əsrarəngiz ifadəsini tapıb. Zəngin xalqların həm təfəkkürü, həm ki şifahi ədəbiyyatı təsəvvürəgəlməz dərinliyi ilə seçilir. Xalqımızın folkloru hədsiz dərəcədə geniş əhatəlidir. Hələ bundan sonra çap ediləsi cild-cild dastanlarımız, nağıllarımız, bayatılarımız var. Şifahi ədəbiyyatımızın səviyyəsi dilimizin zənginliyinə ən böyük sübutdur. Dilimiz hədsiz dərəcədə zərifdir. Geniş imkanlara malikdir, asan anlaşılır, tələffüz zamanı problemlər yaranmır. Bir cəhəti nəzərə çatdırım ki, dil təfəkkürlə bağlı olan məsələdir. Əgər bir xalqın təfəkkürü zəngindirsə, deməli, onun dili zəngindir. Feillər, ümumən, türk dillərində çox mühümdür. Bu da bir növ hərəkətlə bağlıdır. Türk xalqları həmişə hərəkətdə olublar, böyük əraziləri fəth ediblər. Türk dillərinin zənginliyi, hər şeydən əvvəl, türklərin dünyagörüşünün zənginliyi ilə bağlıdır. Dilin zənginliyi həm xalqın müşahidə qabiliyyətinin zənginliyi deməkdir. Ən ustad yazıçının əsəri ona görə oxucular tərəfindən qəbul edilir ki, onun müşahidə qabiliyyəti hədsiz zəngin olur.

Dilimizin ruhunda qətiyyətlilik var. Lakin tarixin müəyyən dövrlərində ərəb, fars dilləri ana yurdumuzda hökmran dillər olublar. Adətən, imkanlı adamlar, hakimiyyətdə olan təbəqələr başqa dilləri öyrənməyə daha çox meyl ediblər. "Quran"ın ərəb dilində olması tədrisin də ərəbcə olmasına rəvac verib. Orta əsrlərdə ana dilimizdə məktəblər, universitetlər olmayıb. Dini təhsildə ərəb və fars dillərinə üstünlük verilib. Azərbaycanın tanınmış şairləri, alimləri, eləcə də türk dünyasının ünlü şəxsiyyətləri əsrlərlə ərəb-fars dillərində yazmağa məcbur olublar, qismən də Azərbaycan dilində əsərlər yaradıblar. Əslində, onların başqa çarələri də yox idi. Azərbaycanda ərəb xilafətinin hakimiyyətinə son qoyulandan sonra ana dilində yazmaq ənənəsi genişlənməyə başladı.

Güney Azərbaycanda dilimiz dövlət səviyyəsində qəbul edilmədiyinə, ana dilimizdə məktəblər olmadığına görə burada daha çox şifahi ədəbiyyatımız inkişaf edib. Həmçinin, aşıq sənəti Güneydə çox intişar tapıb. Güneydə yaşayan şairlərimiz ana dilində də yazıb-yaradıblar. Xalq öz dilini daim qoruyub, ölməyə qoymayıb. Şəhriyarın "Heydərbabaya salam" poeması ana dilimizin ən gözəl ədəbi abidələrindən biridir. Şəhriyar yaşlaşandan sonra dərk etdi ki, o, yalnız ana dili ilə bir olduqda güclü ola bilər. Adətən, insan yaşlı dövründə Vətənə, yurda və dilinə daha çox bağlanır. Şəhriyar dərk edəndə ki, o, ana dilində möhtəşəm bir əsər yazmaq qüdrətinə malikdir, o zaman "Heydərbabaya salam" poeması onun milli ruhunun izharı oldu. Tarix boyunca, təəssüf ki, xalqımız birgə inkişafdan ayrı düşüb. Dilimizbu səbəbdən çox əzablar yaşayıb. Quzey Azərbaycanda rusAvropa sözləri, Güney Azərbaycana isə fars sözlərinin təsiri güclü olub. Bəlkə də dünyada ayrılıq sarıdan xalqımız qədər başı bəlalar çəkən başqa bir xalq yoxdur. Bu gün Güney Azərbaycanda ana dilində məktəblər yoxdur. Ancaq İranda yaşayan çox az sayda ermənilərin məktəbləri, qəzetləri var. Güneydə ana dilimiz hər cür təhdidlərə məruz qalır. Xalqımızın dili orada məişət dili səviyyəsinə endirilib.

Dilə qarşı laqeydlik ola bilməz. Əgər ana dilimizin keşiyində durmasaq, o zaman buradakı xaricilərdən dilimizə istənilən səviyyədə hörmət ummağa özümüzdə haqq tapmayacağıq.

Təəssüf ki, balalarını yalnız ingilis dilini, rus dilini bilmək yönündə oxudanlara bu gün Azərbaycanın bir çox ziyalılarının içərisində də rast gəlinir. Onlar bunu balaları üçün "çörək ağacı" kimi, vəzifə pillələrində ucalmaq xatirinə bilərəkdən, məqsədli şəkildə edirlər. Belələrinə cavabımız o olmalıdır ki, ilk növbədə ana dilimizi övladlarımıza öyrətməliyik, ona daha çox sayğı göstərməliyik, balalarımıza dilimizi cani-dildən sevdirməliyik. Bu məqsədlə də radio-televiziya kanalları ana dilimizdə daha çox millilikdən soraq verən verilişlər hazırlamalı, dilimizin hər mənada, hər səviyyədə başqa dillərdən üstünlüyünü göstərməlidirlər.

Bu gün dilimizdəki bəzi sözlərin yerinə ehtiyac olmadan xüsusilə rus, fars və ərəb sözlərinin işlənilməsi adət şəklini alıb. Son vaxtlar yarırusca, eləcə də yarıingiliscə danışmaq dəb olub. Vaxtilə - ötən əsrin əvvəllərində Azərbaycan ziyalıları dilimizi bu sayaq şikəst edənlərə qarşı mübarizə aparırdılar. Şəhriyar "Türkün dili" adlı məşhur şeirini yazmışdı. Xəlil Rzanın "Laylam mənim, nərəm mənim", "Mənim dilim" şeirləri hamının yadındadır. Mən həyata gözümü açandan, dünyanı anlayandan ana dilimi sevmişəm. Ana dilimiz həmişə məni sehirləyib, ovsunlayıb. Ağlım kəsəndən babamın, nənəmin, atamın, anamın doğma söhbətlərinə qulaq asmışam, onları böyük bir sevgiylə dinləmişəm. Bu söhbətlər çox zaman özüm də bilmədən ruhuma-qanıma keçib. Onların dilindən eşitdiyim şifahi xalq ədəbiyyatı nümunələri indi də yadımdan çıxmır. Bu o deməkdir ki, xalq ədəbiyyatının hikməti çox böyükdür. Dilimizdəki intonasiya zənginlikləri həmişə məni heyran edib. Uşaqlıqdan çalışmışam ki, savadlı danışam, yazam, nitqimi dilin normalarına uyğun şəkildə quram. Bu günbuna çalışıram. Çünki ana dilimizin norması pozulsa, dilə qarşı açıq, ya gizli hücum olsa, əsl alim ona qarşı biganə qala, reaksiyasız, sakitcə durub baxa bilməz.

 

İsmayıl MƏMMƏDLİ

AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Tətbiqi dilçilik" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Azərbaycan Prezidenti Yanında Dövlət Dil Komissiyasının üzvü

525-ci qəzet.- 2023.- 16 fevral.- S.13.